Özünə qəsd edən hamilə qadına ölən uşağın beynini köçürürlər... - Ülvi Babasoy

Özünə qəsd edən hamilə qadına ölən uşağın beynini köçürürlər... - Ülvi Babasoy
12 noyabr 2024
# 12:00

Kulis.az Yorqos Lantimosun “Yazıq şeylər” filmi haqqında Ülvi Babasoyun "Travmadan sonrakı stres pozğunluğu" essesini təqdim edir.

Sənətin entropiyası” silsiləsindən I esse



Dumanlı London gecəsi.

Özünü körpüdən atan hamilə qadının ölümü.

Leprensin Bədheybətinə bənzəyən doktor Qodvin Baksterin qadını sudan çıxarıb belinə şəlləməsi.

Doktorun qadını evinə aparıb qarnını yarması.

Uşağın beynini qadına köçürməsi.

Dünyaya yenidən gələn uşaq-qadının böyümə və inkişaf prosesi keçməsi.

Bu hadisələr Yorqos Lantimosun “Yazıq şeylər” filmində baş verir.

Film Aleksandr Qreyin eyni adlı romanının ekran işidir. Rejissor Bella Baksterin böyümə macərasını XIX əsrin Londonunda başladır. Doktor Qodvin Bellanı elminə və gələcəyinə inandığı Maks Makkandleslə nişanlayır. Ancaq Bella vəkil Dunkanla dünya səyahətinə çıxmağı seçir. Səyahət Lissabondan İskəndəriyyəyə qədər uzanır. Bütün etdiyi hərəkət və davranışlar onun üçün bir təcrübədir. Donuq sifəti, bərəlmiş gözləri ilə Bela Bakster hər bir şən, acı təcrübəni heyrət və çaşqınlıqla qarşılayır.

Emma Stonun canlandırdığı Bella yaddaşsızlıqdan yaddaşa, şüursuzluqdan şüuraltına doğru səyahətin uşaq-yetkinidir. Postmodern bir üslubda təqdim edilən film Leprensin “Gözəl və Bədheybət”i ilə sənətlərarası əlaqə yaradır. Həmçinin Luis Bunyuelin “Əndəlüs köpəyi” filmindən süreeal elementlər, Merri Şellinin “Frankanşteyn” əsərindən qorxu, vahimə və qotik bir vizuallıq alır. Luis Kerrol və Nik Uillinqin “Alis möcüzələr diyarında” əsərləri ilə də qohumdur.

Stenli Kubrikin “2001: Kosmik Odissey” filminə də bir köynək doğmadır. Martin Meyzel qeyd edir ki, Kuantum inqilabı işıq və maddəni, hətta gerçəklik anlayışını dəyişdirəndə Albert Eynştyen və Maks Plank narahat olmağa başladılar, elmdə entropiya yarandı. Buradan da sənətə sıçradı. Nizam xaosla yer dəyişdi. Lantimos kinematoqrafiyasında isə işıqla maddənin tandemi və nizamsızlığı rəsm kompozisiyası yaradır. Rəngi və maddəni, yaxud da əşyanı (bura insan da daxildir) öz çərçivəsinə salır. Kinoda çərçivələmə metodu və ya sənəti deyilir buna. Lantimosun çərçivəsi insanı donuq, hissiz təqdim edir. Distopik bir mühit canlanır.

“Köpək dişi” filmində ailə və uşaq tərbiyəsindəki iyerarxiyanın antiiyerarxiyası, “Lobster”də cütlük tapmaq məcburiyyəti də eyni çərçivə estetikasından qidalanır. “Yazıq şeylər” (“Yazıqlar”, “Zavallılar” da ola bilər. Ancaq Lantimosda insan və əşya arasında heç bir fərq yoxdur) filmində işıq və kameranın mövqeyi qotik bir reallıq yaradır. Filmin duyğu qatını isə işıq fonunda kölgə effekti formalaşdırır. Hər bir səhnədə kameranın və ya kameraların fərqli aspektlərdən yer dəyişdiyini görürük.

Kinonun texniki, praktiki və yaradıcı tərəflərini niyə danışıram? Çünki “Yazıq şeylər” filmində qotik və futuristik kino dili vardır. Lantimos karnaval estetikasından istifadə edir. Fərqli və çoxsəsli bir narratologiya ilə həm sənətlərarası, həm də bədənlərarası ünsiyyət yaradır. Hətta bədənsizlərarası əlaqə var “Yazıq şeylər”də. Çünki qadın tam olaraq ölərkən onu dirildən doktor Qodvin bədənə yaddaş-beyin verməklə onu cəsədsizləşdirir. Bella Dunkandan cinsi impulslar alır. Hər dəfə yeni bir cinsi və psixi təcrübə yaşayır.

Lissabonda həyat və seks nə qədər gözəl, şəndirsə, İskəndəriyyədə ölüm və aclıq bir o qədər acıdır. Burada artıq sosial bərabərsizlik araya girir. Girməklə də insan yaddaş səhnəsinə çıxır. Lantimos demək istəyir ki, sosial bərabərsizliyin tarixi şüuraltını ortaya çıxarıb. İnsan təbiətdən, öz naturasından ayrılıb mifik yaddaşı tərk edib. Əvəzində tarixi yaddaşa məhkum olub. Seks və ölümü saxta sonsuzluq, rəqəmsallıq və karyera əvəz edib. İskəndəriyyədəki insanların səfil, ac və yoxsul halları Bellanı kədərləndirir, ağladır. O ana qədər hər şeyə uşaqcasına heyrətlənən bu uşaq-qız yaşamaq yorğunluğu və durğunluğuna məruz qalan qadına çevrilir. Doktor Qodvin Baksterin üzündəki çapıqlar, yaralar atasının onun üzərində apardığı eksperimentlər nəticəsində yaranıb. Və Lantimosun film dünyasında insan bir təcrübə siçanı kimi yaşayır həyatı. Həyatın özü isə kənarda qalır.

Bellanın heç nə bilməməsi həyatdakı hər şeyi sıfırlayır. Cinsi əlaqənin nə olduğunu bilməyən Bella yeni bir təcrübə yaşayır, Dunkan tərəfindən istismara məruz qalır. Sevgini də Dunkanla kəşf edir, lakin onu tanıdıqca uzaqlaşmağa, sevgisizliyə doğru addımlayır. Cəmiyyəti bilməyən Bella haqsızlıq və ədalətsizlikləri gördükcə fərd olmağa üz tutur. Fərd olmaq isə ona yaddaşlı və qalıcı bir əzab daddırır. Bella fərd kimi böyüyür və ayaq üstə tək durmağı bacarır. Bu da kişilər üçün təhlükə deməkdir. Qadın güclü bir fərd olduqda kişi onu idarə edə bilməməyin qorxusunu yaşayır. Məlum məsələdir ki, kişi güclü və əldə edilməyən qadından qorxur, çəkinir, hətta nifrət edir. Lantimos isə insanı, qadını əşya kimi əldə tutmaq çabasının lənətini göstərir.

Bella Dunkanı və insanları tam şəkildə dərk etdikdə Londona geri qayıdır. Maksla evlənərkən Dunkan onun əvvəlki əri Alfini gətirir. General Alfi güc və şiddəti simvolizə edir. Qadın məhz həmin şiddəttə dözmədiyi üçün intiharı xilas yolu seçib. Köhnə əriylə onun malikanəsinə gedən Bella insanları şiddət, güc və qorxu ilə idarə edən ağalığın, iqtidarın iç üzünü dərk edir. Güc və iqtidar demokratiyanın maksimal həddini aşdıqda bir Frankanşteyn məxluquna, bədheybətə və ya Lantimosun robotvari qəhrəmanlarına çevrilir.

Filmin yaddaş səhnəsi yaddaşsızlığın rəmzidir. Hər bir təcrübə unudulur. “Yazıq şeylər”dəki bütün obrazlar və əşyalarda cizgilər solğundur. Lakin solğunluğun cizgiləri, şəkilləri, formaları və motivləri məna yaratmaq üçündür. Filmdəki şaquli və üfüqi kadrlar çarpaz bir dinamizm yaradır. Ona görə də bütün kino tarixinə eyham var. “Yazıq şeylər”də elmi fantastik janrdakı bədii mətn və kinoların silüeti görünür. Bu siluet gərginlik və stres verir izləyiciyə. Eyni zamanda düşündürür. Sənətin entropiyasıdır bu.

Filmin sonunda doktor Qodvin Bakster ölür. Və onun yeni bir Bella yaratdığını görürük.

Bu səhnə yaddaş səhnəsinin durmadan dövr elədiyini və insanın yaşadıqlarından heç bir nəticə çıxarmadığını göstərir. Elə hamımız Bella deyilikmi? Həyatımız iki yerə bölünür: Bu dünyaya gələndə və “yaşayıb” arsızlaşandakı mərhələlərə. Yaşamağa və gözəl nəğmələr oxumağa can atırıq. Lakin yaddaş hər şeyi üstələyir. Bunun müasir adı belədir: PTSD – Post-Traumatic Stress Disorder – Posttravmatik Stres Pozğunluğu. Bəs “PTSD”-dən necə xilas ola bilərik?

Lantimos Bella Baksterin qəribə həyatı və macəralarıyla travmadan sonrakı stres pozğunluğuna sənətin diliylə estetik etiraz edir.

Axı Lantimos filmləri hər bir distopiyanın antitezasıdır. Bu estetik etiraz “PTSD”-ni yaşamamağımız və gözəlliyi duymağımız üçündür.

# 2008 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #