“Körpü”nün açdığı yeni cığır - Hacı Səfərov yazır...

“Körpü”nün açdığı yeni cığır - Hacı Səfərov yazır...
30 dekabr 2022
# 17:00

Kulis.az Hacı Səfərovun "Körpünün açdığı yeni cığır" adlı yazısını təqdim edir.

Emil Quliyevin rejissor, Vüqar Hüseynov və Talıb Əhmədovun isə ssenari müəllifləri kimi çalışdıqları “Körpü” teleserialı “İctimai” telekanalında yayımlanmağa başlayıb. Emil Quliyevin “Pərdə” triologiyası ilə tamaşaçılar arasında yaratdığı ajiotaj onun serialda da uğurlu olacağına dair müəyyən gözləntilər yaratmışdı. Nəzərə almaq lazımdır ki, Emil Quliyevin daha bir teleserialı “Əqrəb mövsümü” də bu yaxınlarda yayımlanacaq, üstəlik, “İctimai” telekanalı serialın ərsəyə gəlməsi üçün kifayət qədər maliyyə və texniki resurs da ayırıb. “Əqrəb mövsümü”nün necə olduğunu demək hələlik mümkün deyil, çünki nümayiş olunmayıb, amma mən bu yazımda dörd seriyasını izlədiyim “Körpü” barəsində öz düşüncələrimi bölüşəcəyəm.

“Körpü”yə serial demək nə qədər düzgündür bilmirəm. Buna əsas səbəb isə yaradıcı heyətin işi “çoxseriyalı film” olaraq adlandırmasıdır. Bu cür azseriyalı ekran işləri dünyada da son illərdə kifayət qədər populyarlaşdı və termin olaraq “mini serial” adını aldı. Bizdə hələ bu cür təcrübələr yeni-yeni başlayır deyə terminoloji baxımdan qarışıqlıq yarandığı şübhəsizdir, lakin “Körpü”yə mini serial daha uyğun təsnifləndirmədir.

Yazının girişində İTV-nin resurs ayırmasını vurğulamağım təsadüfi deyil. Filmin baş qəhrəmanı Mamedlə ilkin tanışlığımız serial setində baş verir və aydın olur ki, o, mindən çox seriyası olan bir teleserialda aktyor rolunu oynayır. Bu səhnənin pafosu və seriya sayının qabardılması ölkəmizdə yayımlanan digər seriallara bir növ satirik yanaşmadır. Bununla Emil Quliyev həm ölkədəki serial sektorundakı problemləri qabartmaq istəyir, həm də bizə birbaşa obrazın içində olduğu çıxılmaz vəziyyəti göstərməyi arzulayır. Təəssüf ki, “Körpü”nün bu satirası çox səthi mahiyyət daşıyır və problemin köklərinə enə bilmir. Əvəzində, kommersial işlə məşğul olan, sadəcə reytinq qazanacaqları, sponsor tapa biləcəkləri halda fəaliyyətinə davam edə biləcək serial sektorunda işləyənləri haqsız tənqid etmiş olur. Heç də hər kəsin İTV böyük maddi dəstəyi ilə dron uçurdub, müəyyən qədər səhnə dizaynı edərək, ənənəvi səkkizlik çəkilişdən fərqli bir stildə iş ortaya qoymaq imkanı olmur. Üstəlik, bu tənqid bir dəfəlik, ötəri bir tənqid deyil, baş qəhrəman vasitəsilə təkrarlanır, tez-tez “Bu nə ssenaridir”, “Bu nədir biz çəkirik” kimi suallar eşidilir. Beləliklə, dəfələrlə eyni şeyi göstərərək “Körpü” özünü digər seriallardan fərqli bir yerə qoymaq istəyir.

Mamedlə tanışlıq zamanı da müxtəlif təkrarlar baş verir, eynilə mənim “təkrar” sözünü dəfələrlə işlətməyim kimi. Onun qarşısına çıxan bütün obrazlar ondan borcunu geri verməsini tələb edir, yaradıcı heyət bu yolla qəhrəmanın necə çıxılmaz vəziyyətdə olduğunu bizə inandırmağa çalışırlar. Lakin bütün obrazların az qala eyni perspektivdən Mamedə yanaşması sözügedən tanışlığın çox səthi olmasına gətirib çıxarır ki, bu da yaradıcı kasadlıqdan xəbər verir. Bu tərz təkrarlar ən çox Elnur Hüseynovun canlandırdığı Süleyman obrazının Mamedlə olan dialoqlarında “Yorma məni”, “Yorursan məni”, “Yorma” deməsi ilə ortaya çıxır. İnsanda sanki ssenaristlər obrazı açmaq cəhdi ilə söz tapa bilmədikləri üçün tutuquşu kimi eyni ifadələri dedizdirirlər. Nəticədə isə yorulan tamaşaçı olur.

Mamedlə tanışlıq bitəndən sonra filmin əsas konsepti açıqlanır – Mamedin borclarını ödəmək üçün bir fürsəti var – bu dünyada ilişib qalmış narahat ruhları digər dünyaya ötürməyə kömək etsə, ona ödəniş ediləcək və borcları yavaş-yavaş bağlanacaq. İlk baxışda bu konseptin özü müxtəlif həyatlara, hekayələrə qapı açmaq üçün maraqlı yaradıcı həlldir və potensialı böyükdür. Filmin yaradıcı heyəti isə bu fürsətləri boşa verərək sosial çarx səviyyəsinə salırlar. Başqalarının bitmiş həyatına epizodik baxış, onların vicdanları ilə olan mübarizələri, etdikləri haqsızlıqlar və yaşadıqları qəliz potensiallı hekayələrdir. Mamedin ilk tapşırığı iş gördüyü evin divarına yumurta qoymuş ustanın ruhunu xilas etmək olur. Hər halda, bəlkə də bu obrazın yerinə yetirdiyi ilk tapşırıqdır deyə, bu cür hekayəyə göz yummaq olar.

“Körpü”nün yaradıcı konsepti öz potensialını üçüncü seriyada açmağı bacarır. Bu seriyada məktəbdə qısnamaya məruz qalmış bir uşağın ona qarşı bu hərəkəti edənlərdən qisas almasını görürük. Burada mövzunun aktuallığından əlavə, seriyanın janrı da fərqlənir. Hekayəyə qorxu elementləri əlavə edilir, forma ilə məzmun birlikdə irəliləyir. Bu seriya ilə aydın olur ki, hər seriyanı ayrı janrda, hər hekayəyə uyğun forma ilə birləşdirərək daha unikal iş ortaya qoymaq olar. Üçüncü seriya istisna olmaqla, digər seriyalarda bunu görmək olmur.

Digər tərəfdən, yaradıcı heyətin ölkədə baş verən ictimai-sosial hadisələrə qarşı həssas olduğunu görmək olur. Şosselərdə süpürgəçi qadınların can verməsi də, məktəblilərin qısnama səbəbindən intihar etməsi də, insanların bir günün içində kütləvi linçə məruz qalaraq rəzil edilməsi də müasir Azərbaycanın reallığıdır və nə yaxşı ki, bu cür mövzulara müraciət edilir. Mövzuların seçilməsi uğurlu olsa da, serial sektoru barədə satiralarında olduğu kimi, burada da problemin alt qatlarını aça bilməyib sadəcə üstündən səthi keçirlər. Məsələn, ikinci seriyada yerə siqaret atan sərnişin süpürgəçi qadının ölümünə səbəb olur və narahat ruhu dünyada ilişib qalır. Halbuki süpürgəçi qadınların ölümünün əsas səbəbi yerə siqaret kötüyü atanlar deyil, onlar üçün lazımi təhlükəsizliyi təmin etməyən qurumlar, yoldakı sürət həddini düzgün nizamlamayan mütəxəssislərdir.

“Körpü”nün aktyorları arasında müsbət mənada fərqlənməyi ən çox bacaran şəxs Nofəl Şahlaroğludur. Serialı izləyərkən ən yaxşı dialoq və səhnələrin məhz onun üçün yazıldığına əmin olursan və o da bu rolun öhdəsindən gəlməyi bacarır. Digər obrazların zəif dialoqları isə aktyorların ifasını görmək üçün yetərli material vermir. Elnur Hüseynovun performansı bəzi səhnələrdə gülüş yaratmağı bacarır.

Mamedin və ətrafındakı insanların, ruhların hekayəsi isə ya inkişaf etmir, ya da çox gec inkişaf edir. Mamedin əsas borclu olduğu şəxs Məhərrəm, onu bir dəfə oğurlayır, pulunu tələb edir. Hekayə dinamizmi yaxşı qurulmadığı üçün dördüncü seriyada Mamedi yenə oğurlayır, yenə söhbət edib buraxırlar. Köməkçi hekayələrin inkişaf etməməsi davamlılığı axsadır və “görəsən, növbəti seriyada hansı problemə toxunulacaq” sualı yaranır. Hekayənin özü yox, onun içindəki sosial mesajlar əsas diqqət mərkəzinə gəlir.

Ümumiyyətlə, “Körpü” özü də sanki müxtəlif elementlər arasında ilişib qalmış serial ruhunu xatırladır. Dram adlandırılacaq qədər özünü ciddi qəbul etmir, komediya qədər qeyri-ciddiləşmir, sosial dram qədər problemlərin kökünə enməyi bacarmır. Nəticədə, hərəsindən az-az qarışdırıb, əsas sosial mesajları ilə yadda qalmağa çalışır.

Azərbaycan serial sektorunun mövcud vəziyyətini nəzərə alsaq, Emil Quliyevin bu işi digərlərindən fərqlənməyi bacarır. Buna baxmayaraq, bir çox əskikləri də mövcuddur ki, işin ümumi dəyərini aşağı salır. Hər halda, bütün çatışmazlıqları ilə birgə, “Körpü” kimi işlərin sayı artmalı, mədəni həyatımıza müsbət töhfə verəcək seriallar çoxalmalıdır. Əks halda, yerimizdə saymağa davam edəcəyik. Ümidvaram ki, bu serial daha yaxşı seriallar üçün bir körpü rolunu oynayacaq.

# 4590 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
#
#
# # #