Bir batalyonu ölümdən xilas edən əsgər - Vüsal Bağırlı

Bir batalyonu ölümdən xilas edən əsgər - Vüsal Bağırlı
14 oktyabr 2024
# 11:15

Kulis.az Vüsal Bağırlının "“1917” – bəxt, təsadüf və qəhrəmanlıq eposu..." yazısını təqdim edir.

Bu il Birinci Dünya Müharibəsinin qurtarmasının 110-cu ildönümüdür. 1914-cü ilin 28 iyulunda Sarayevoda serb Qavrilo Prinsipin ertshersoq Frans Ferdinandı və onun arvadı Sofiya Hoteki qətlə yetirməsi ilə başlayan qanlı konflikt noyabrın 11-də Kompyen yaxınlığında Almaniyanın təslim olması ilə sona çatdı.

Müharibə dünyanın xəritəsini, dövlətlər arasındakı güc nisbətini büsbütün dəyişdi, əlamətləri, təsirləri indi də davam edən yeni iqtisadi münasibətlər ortaya qoydu.

Mövzu ilə əlaqədar həm internet resurslarında, həm də televiziya kanallarında çoxlu tarixi verilişlər, sənədli və bədii filmlər göstərilir, araşdırmalar aparılır, məqalələr yazılır.

Son aylarda mən Birinci Dünya Müharibəsindən bəhs edən iki möhtəşəm roman (Riçard Oldinqtonun “Qəhrəmanın ölümü” və Yozef Rotun “Radetski marşı” romanlarını) oxudum və mövzuya həsr olunmuş üç bədii film (“Döyüş atı”, “Qərb cəbhəsində yenilik yoxdur”, “1917”) izlədim.

Həm oxuduğum əsərlər, həm də baxdığım filmlər haqqında publisistik qeydlərim Kulis.az ədəbiyyat saytında dərc olundu. Bu yazımda mən “1917” filmindən bəhs edəcəm.

***

Hərbi dram janrı – kinoda ən populyar janrlardan biridir və bəşəriyyət həmişə, hər dövrdə müharibə, hərb-zor içində çabaladığına görə mövzu heç vaxt aktuallığını itirmir. Gündəmdən düşmür.

Britaniyalı rejissor Sem Mendesin Birinci Dünya Müharibəsi dövründə yerinə yetirilən bir döyüş tapşırığına həsr olunmuş “1917” filmi ön cəbhədə düşmənin geri çəkilməsindən istifadə edərək, hücuma hazırlaşan hərbi dəstənin tələyə düşməməsi naminə onları bu fikirdən daşındırmağa çalışan iki əsgərdən bəhs edir.

Əsgərlərin adı Cozef Bleyk və Uill Skofilddir.

Onlar ölüm təhlükəli və olduqca məsuliyyətli əməliyyatı mütləq yerinə yetirməlidirlər. Nəyin bahasına olursa-olsun. Əgər bunu bacarmasalar, 1600 ingilis əsgərindən ibarət batalyon məhvə məhkumdur.

Film necə başlayır?

Skofild tapşırıq arxasınca göndərildikləri elə ilk epizoddanca təhlükələrlə baş-başa qalır. Əvvəlcə əlini yaralayır, sonra blindajdakı partlayışdan möcüzə sayəsində sağ çıxır, nəhayət, dərin torpaq qatı altında qalsa da həlak olmur, dostu tərəfindən xilas edilir.

Biz Skofildin nə qədər bəxtsiz, dostunun isə şanslı biri olduğunu və bütün maneə və təhlükələrdən sağ-salamat çıxdığını düşündüyümüz an, qəflətən hər şey 180 dərəcə dəyişir. Bəxtəvər Bleyk tamaşaçıya sırf təsadüf kimi görünən vasvası bir hadisədən həyatını itirir.

Skofild isə təhlükəli sınaqlardan, ölüm tələləri və gülləboranlardan, yağış kimi yağan top mərmilərindən, əlbəyaxa döyüşlərdən yenə də sağ qurtulmağı bacarır və ən nəhayət, tapşırığı yerinə yetirərək onu uğurla sona çatdırır. Beləliklə, ingilis batalyonu labüd ölümdən xilas edilir.

***

Film nəyi çatdırır?

Tamaşaçı müharibəni, sərt hərb qaydalarını, mərmi-atəş yağışını, göydən dolu kimi yağan güllələri seyr etdikcə həyatın qəribəliklərini, təzadlarını dərindən hiss edir. Axı hər birimiz bu hissləri yaşayırıq. Elə deyilmi? Bəzən, üzərimizə yönəli kəskin zərbə anında, keçilməz çətinliklə rastlaşacağımız məqamda bir də görürük qorxulu heç nə baş vermədi, xəta sovuşdu. Məqsədə gözləmədiyimiz halda asanlıqla nail olduq.

Bəzən isə yolda rəvan getdiyimiz halda, axmaq bir çökəyə düşüb qıçımızı sındırırıq. Yaxud, üfüqdə düzənlik görünür, yol açıqdır, fəqət duman içərisindən qəfil peyda olan zirvə qarşımızı kəsir. Aşağıdakı dərin uçurumu görüncə irəli addım belə ata bilməyəcəyimizi anlayırıq.

***

Filmi seyr edərkən istər-istəməz onu məşhur “Sıravi Rayanı xilas edərkən” filmi ilə müqayisə etdim və bəzi oxşarlıqları gördüm. Belə ki, “1917” filmində iki əsgər düşmən arxasındakı böyük batalyonu xilas edirsə, ikinci filmdə sıravı əsgəri qorumaq üçün ön cəbhəyə bütöv bir rota göndərilir.

Tarixin bəlli anını təsvir edən “1917” filmi istər əsgərlərin geyimi, silah-sursat və dekorasiyaların düzgün seçilmə bacarığı, hərbiçilərin vizual görünüşü, xüsusi effektlərin, operator işinin səviyyəsi, istərsə də təbiət mənzərələri cəhətdən Birinci Dünya Müharibəsinin döyüş, savaş abu-havasını canlı şəkildə tamaşaçılara çatdırır.

Elə ilk kadrlardan adama elə gəlir ki, sanki səni qorxudan titrəyən əsgərlə dolu soyuq, rütubətli səngərə tullayıblar. Tamaşaçı özünü sözün əsl mənasında murdar, qanla qarışmış palçıqlı səngərlərdə öz gündəlik rutin işlərinə qərq olmuş əsgərlərin arasında hiss edir. Rejissor Mendes irimiqyaslı döyüş səhnələrindən yayınmağı və bu dəhşətli adiliyi, müharibənin ölüm-dirim adiliyini göstərməyi bacarıb. Bulanıq maye və keçilməz palçıq dolu yollar, tikanlı məftillərə ilişmiş cəsədlər bizə müharibənin suda qalmış çirkin aysberq tərəfini göstərir.

Bütün film bir uzun kadrda çəkilib (ən azında, təcrübəsiz tamaşaçıya belə görünür). Montaj hissələrinin olmaması, kadrların kəsilməməsi, vahid dubl janrın təsirini birə-beş artırır. Baş verən hadisələrin əzəməti altında əriyən tamaşaçı özünü kiçik və əhəmiyyətsiz, əbədiyyət tərəzisindəki qum dənəciyi kimi hiss edir. Sual yaranır: bəs rejissor niyə məhz 1917-ci ili seçib? Məsələn, 1914-cü ildə (müharibənin birinci ili) vizual səhnələr üçün çoxlu imkanlar var. Yaxud o, niyə hadisələri 1918-ci ildə, müharibənin son ilində təqdim etmir? Məncə, burda ortaya tarixi reallıq çıxır.

1917-cil il müharibənin dönüş ilidir. Məhz həmin ildə almanlar Qərb Cəbhəsində hücum əməliyyatlarını dayandırırlar və ABŞ-ın müharibəyə girməsi ilə qüvvələrin balansı dəyişir. Bu da Antanta ölkələrinə iqtisadi üstünlük və yekun uğur gətirir.

Epizodik rollarda iştirak edən Kolin Fört, Mark Stronq, Endryu Skott, Benedikt Kamberbertç və Riçard Medden kimi tanınmış aktyorlar filmin koloritini artırır. Bu cür əfsanəvi aktyor heyətinin arasında olmasına baxmayaraq, filmin qəhrəmanı olan gənc aktyor Corc Makkey (Uill Skofild) sonadək diqqət mərkəzində qalmağı bacarır.

Fikrimcə, “1917” filmi səviyyə və keyfiyyətinə görə, bu janrın etalonu və klassikası hesab edilən “Nazik qırmızı xətt” və “Sıravi Rayanı xilas edərkən” filmləri ilə eyni cərgədə dayanmağa layiqdir

# 864 dəfə oxunub

Oxşar xəbərlər

“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
#
#
# # #