Aztv-nin meyxana ehtiyacı

Aztv-nin meyxana ehtiyacı
1 iyul 2024
# 10:35


Kulis.az Mübariz İbrahimov haqqında çəkilmiş “Mübariz” filmi haqqında Ömər Xəyyamın təəssüratını təqdim edir.


Müharibənin mahiyyəti budur: sən zamanla düşməninə çevrilirsən, ona oxşamağa başlayırsan - qəddarlaşırsan, zalımlaşırsan, bayağılaşırsan...


Ləzgi atalar sözü



İstehsalçısı Azərbaycan Televiziya və Radio verilişləri QSC, ssenaristi, prodüseri görkəmli meyxanaçı Nicat Mənalı olan, Milli Qəhrəmanımız Mübariz İbrahimovun vətəndaş/döyüşçü ömründən bəhs edən “Mübariz” filmini izləyə/izləyə düşündüm:

“Yalana, həqiqətləri bəzəyib gizləməyə nə ehtiyac var? Axı həqiqət özü bizim tərəfdədir, axı bu bizim haqq davamız idi və elə haqq da qələbə çaldı... Üstəlik, biz Birinci savaşda məğlub olanda da haqlı idik... Yaxşı, bəs bunca pafos, plakat nidaları... saxtakarların, möhtəkirlərin dərisi olan - vətənpərvər qılafına bürünmək ehtirası nədən?..”

Bioqrafik/sənədli janrın əsas xüsusiyyəti məhz hadisələrin təzədən işlənməsi, canlandırılması, təbliğatı/təqdimatıdır.
Yəni protaqonistin uşaqlığı, yeniyetməliyi, gəncliyi və nəhayət, prosesin kulminasiyası.
Görkəmli ssenarist/meyxanaçı Nicat Mənalı mikrofonu götürüb deyə bilər ki, yox, bu videomaterial, əslində, fiksiyadır, uydurmadır, qəhrəmanın özü ilə birbaşa əlaqəsi yoxdur, sadəcə, faktın motivlərindən istifadə etmişəm, onda mənim əziyyətim heç olar.
Ki, mən bu filmkiminin sosial çarx, yaxud telereportaj elementlərini görüb də yazmağa qərar vermişəm. Üstəlik, adını, janrını hələ dəqiqləşdirə bilmədiyim material həm Türkiyədə, həm də ölkəmizdə film kimi təqdim edilib. Yoxsa, Allah şahiddir, ortada nə film var, nə sənət.
Bəs “Mübariz” nədir? Ən yaxşı halda əyalət meyxanaçılarının nakam tale haqqında klipi.

“Film” sonradan səsləndirilib və sinxronizasiya problemi var.

Erməni əsgərləri, erməni zabitləri heç biri ermənicə danışmır. Obrazlar ağızlarına gələni deyirlər. Yəqin, tapşırıblar ki, sözləri tərsinə deyin, sözün əvvəlinə, sonuna “ğ” hərfi artırın, beləcə, aktyorlar da bizim sözlərimizi əyib-qusurlar. Hətta şərab (konyak da ola bilər) içən erməni əsgərlərindən biri “həə, gedək” deyir.
Özü də, toplasan, ermənicə iyirmi/otuz cümləlik məqam ola/olmaya, görən, nə əcəb o sözləri, cəhənnəm, onlayn tərcüməçiyə verib ermənicəyə çevirməyiblər?

Erməni əsgərlərin hamısı içir, çəkir, hamısı saçlı/saqqalı əyyaşdır, sısqadır, cılızdır... Vecsiz əsgərlər səngərə candərdi çıxırlar.
Dialoqlar o qədər pafoslu, o qədər əttökəndir ki...

Bizim əsgərlərimizsə içmirlər, çəkmirlər, formaları çiçək kimi, saç/saqqal öz yerində. Ancaq idman edirlər. Hər an şəhid olmağa hazırdılar. Şəhid olmaq üçün ürəkləri gedir, burunlarının ucu göynəyir.
Hamısı idmançıdır, xüsusi təyinatlıdır, şirin ürəyin yeyirlər, aslanın biləyin. Biri Koroğludur, biri Babək, o biri də Cavanşir.

Mən bilən, Cavanşirin atası erməni olub.

Sıravi əsgərdən tutmuş, böyük zabitinə kimi hamı sərhədi keçmək, düşmənin başını əzmək eşqilə alışıb yanır.
Əlbəttə, bərbad ssenarini, alınmamış materialın bayağılığını ört-basdır etmək üçün, yoxdan dram yaratmaqdan ötrü, az qala, bütün kadrların üstünə musiqi qoyublar, - kaskanı göstərəndə də, əsgər çəkmələrini göstərəndə də, güllə açılanda da, qapı örtüləndə də nəsə bollivudsayaq musiqi başlayır.

Nəhayət, Mübariz nahaq yerə axıdılan qanlara dözmür, zalım düşmənin başını əzməyə qərar verir. Beləcə, bir gecə ansızın ermənilərin səngərinə tullanır və əsgərləri biçə/biçə - o tağım komandiridirmi, yoxsa bölük komandiridirmi, dəqiq bilinmir – saqqallı zabitin postunacan gedir. Hay/huy, qaraqışqırıq... düşmən meyitləri qalaqlanır, ordu ayaqlanır və adi əsgərlərdən biri Mübarizi güllələyir. (Mübariz həmin səhnədə təkrar/təkrar əlini yarasının üstünə qoyur, qanına baxır, - düzü, niyə elə eləyirdi, başa düşmədim.)

Klipin ikinci hissəsi Mübariz güllələnəndən sonra başlayır. O huşunu itirdikcə xatırlayır: ilk dəfə tank gördüyü çöllüyə düşür. Atasına suallar verir, atası da, maşallah, vətən üçün alışıb/yanır, fəqət niyəsə döyüşə getməyib, eləcə uşaqların əlindən tutub gəzdirir. Mübarizlə hospitala gedir, yaralılara kömək etmək istəyir və elə həmin gün yaralı zabitlərdən biri müqəddəs bayrağımızı Mübarizə təhvil verir.
Ən bayağı səhnələrdən biri də elə bu səhnədir.
Orda bir həkim var, - özü də, niyəsə mənə elə gəlir, o həkimin adı Ziyaddır, - dayanmadan can verən zabitin üzündəki qanı təmizləyir. Zabit can üstədir, ruhu dilinin ucundadır, Ziyad doktor dayanmır, quru pambıqla yaralının üzündəki qan ləkəsini silməyə çalışır. Təxminən, yeddi dəfə təkrarlayır bu mübarək əməli.

Bir qızcığazın dovşanını qaytarmayan yaşıdının ağzının payını verməyini müqəddəs bayrağı alan balaca Mübarizin ilk qəhrəmanlığı hesab etmək olar.
İlahi, həmin səhnəyə, azı, on yeddi dəfə baxdım. Uşaqların dialoqu, performansları... çoooox bayağıdı e. Heç bir köpəyuşağı elə danışmır, o cür dalaşmır...
Həyətdəki ilanı əlinə götürüb uzağa tolazlamağı da Mübarizin ikinci qəhrəmanlığıdır ki, o səhnədə öz üstümə hürdüm.
Beləcə, qəhrəman ruh yetişir, cəsarət formalaşır...
Məsələn, heç kim onun kimi qoyun otara bilmir, heç kim onun kimi dərslərini pis oxuya bilmir, heç kim onun kimi məşq eləmir.
Gecə/gündüz vətən eşqiylə alışıb/yanır, canını qoymağa yer tapa bilmir, bayraq çəkir, gerblə yuxulayır.
Belə günlərin birində Mübarizgilin kəndçisi şəhid olur... Məsələn, hüzrdə tək azyaşlı var. Adını çəkməyə ehtiyac yoxdur, məncə.
Hüzrdən sonra kənd kişilərinin söhbət səhnəsi...
Belənçi bayağı səhnələr nömrələnir, bilirsiniz, dünya kino tarixindən söhbət düşndə nümunə kimi göstərilir... Mediativ səhnədir. O səhnəni yeddi dəfə izləmək Həcc ziyarətinə bərabərdir. Dayı Puşkinin ermənilər haqqında yazdığı şeiri ki deyir... haman yerdən sonra nirvanadır.
Beləcə, o hələ uşaq ikən yaşıdlarından fərqlənir; hamı ona inanır, güvənir... və bir gün hərbi komissarlıqdan kağız gəlir.
Əsgərlik... hərbi xidmətdə də fərqlənir, fəxri fərman alır. Nəhayət, əsgərlikdən sonra Bakıya gəlir, mühafizəçi işləməyə başlayır.
Elə ən gülməli səhnələrdən biri də o, mühafizəçi işləyəndə baş verir: bir adama necə şillə vurursa... yazığın ayağı tutulur... axsaya-axsaya gedir, heç çevrilib Mübarizin üzünə də baxmır.
Belə isti günlərin birində, cəbhədən ardıcıl şəhid xəbərləri gəlməyə başlayanda Mübariz əsəbiləşir, yumruğunu stola vurur və birbaşa cəbhəyə yollanır.
Sonra da atışma, səs/küy, qan/qada və şəhidlik zirvəsi.
Sonluq lap dəhşətdi... Komandir Fərid Əhmədova Mübariz İbraimovun nəşini gətirməyi tapşırır, fəqət Fərid Əhmədov səngərə düşən kimi güllələnir.

Başa düşürəm, Nicatgilin niyyəti pis deyil, sadəcə, qeyri/peşəkar olduqlarına görə belənçi bayağı məzmun, biabırçı dialoqlar çıxıb ortaya.
Məni yandırıb/yaxan Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin bu işə qol qoymağıdır.
Başqa vaxt deyirlər, pulumuz yoxdur, nə bilim, texnikamız yoxdur. Yaxud milli/mənəvi dəyərlərdən danışırlar.
Sizi inandırım ki, əl/ələ verib istehsal etdiyiniz klipin milli/müstəvidə olsun, yaxud vətənpərvərliyin təbliği müstəvisində olsun – zərrə faydası yoxdur, üstəlik, ziyanı var.

Belənçi bayağılıq bizim haqq davamızı urvatdan salır.
Pah atonnan, ermənilərin hamısının burnu əyriymiş, hamısı saqqallı/saçlı dəliymiş, hamısı əyyaş imiş, qorxaq imiş... bir sözlə, ermənilər kakaşdı, pıxıdı, üəəədi...

Bəs yaxşı, biz bu ağılsızlara, şundullara məğlub olmuşduq? Tutalım, belə olub, olur belə, yaxşı, bu dəfə dədə/baba torpaqlarımızdan qovduqlarımız kim idi?
Başıxarablar, qorxaqlar?
Biz bu kakaşları, pıxılarımı öldürüb qalib olmuşuq?
Bu, qələbəmizi aşağılamaq deyilmi? Bu, o deməkdir ki, biz dağ boyda igidlərimizi beş/üç axmağa görə qurban vermişik...

Nədir bu ”Rembo” düzəltmək istəyi? Travma? Kompleks?

Bol tüstülü, bol işıqlı filmin texniki problemləri, aktyorların aktyorluğu – ki, niyəsə bizim aktyorlar obrazı təqlid edirlər, sözün pis mənasında aktyorluq edirlər, - ayrı mövzudur.

Məsələn, bu filmi götürüb dünyaya çıxsan, desən ki, bəs Qarabağ həqiqəti, bizim müqəddəs qələbəmiz haqqındadır, adamı urvatsız eləyib göndərərlər.

Bu teatral fışfışanın içindəki aqressiya, nifrət… film etikasından, sənət əxlaqından min köynək uzaq… bəşərilikdən iraq…

Müharibənin mahiyyəti budur: sən zamanla düşməninə çevrilirsən, ona oxşamağa başlayırsan - qəddarlaşırsan, zalımlaşırsan, bayağılaşırsan...
Təəssüf, heç kim öz yerində deyil.
Elxan Cəfərov, tut gəldi:


“Gelende ortaqvu gotur gelginen, solvu saxla saqvu gotur gelginen...”

# 5367 dəfə oxunub

Oxşar xəbərlər

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
# # #