Siqareti namus-qeyrət göstəricisinə çevirən Xəzər TV

Siqareti namus-qeyrət göstəricisinə çevirən Xəzər TV
25 may 2021
# 15:01

Kulis.az Sevda Sultanovanın “İncəsənətdə siqaret” yazısını təqdim edir.

“Xəzər” telekanalının “Səhər mərkəzi” proqramında bir süjetə rastladım. Şəhərdə keçirilən sorğuda vətəndaşlara belə bir sual ünvanlanmışdı: “Siqaret çəkən xanımlara münasibətiniz necədir”.

Sualın qoyuluşu yanlışdır və verilişin redaktorlarının konkret nəyə vurğu etmək istədiyi aydın deyildi: qadınların siqaretdən istifadəsinin mənəvi, əxlaqi dəyərlərə zidd olduğumu qəsd edilir, yoxsa sualın əsasında qadınlara qayğı, sağlamlıq amili dayanır?

Sorğuda iştirak edənlərin bir qismi qadına siqaretin yaraşmadığını və bunun milli dəyərlərə zidd olduğunu dedilər.

Əgər redaktorlar sualda cinsi faktoru qabartmaqla, qadının siqaretdən istifadəsinin mənəvi dəyərlərə yad olduğuna eyham ediblərsə, bu, təəssüf doğurur.

Birincisi, siqaretin əxlaqla, mənəvi dəyərlərlə bağlantısı yoxdur və heç vaxt da olmayıb.

Başqa tərəfdən, süjet müəlliflərinin məntiqindən belə çıxır ki, qadın üçün keçərli olmayan, əxlaqsızlıq sayılan kişi üçün keçərlidir.

İkincisi, milli kinomuzda təkcə kişilərin yox, qadınların da siqaret çəkdiyi kadrlar yer alır. Yadıma düşənlərdən, “Uşaqlığın son gecəsi”, “Qaynana”, “Bəxt üzüyü” filmlərinin adını çəkə bilərəm.

Səhər Mərkəzi 15.12.2020 - YouTube

Və rejissorlar burda siqareti qətiyyən mənəvi dəyərlərə əks amil kimi göstərmir. Misalçün, “Uşaqlığın son gecəsi” filmində Rüstəmin anasının qısa bir kadrda siqaret çəkməsi göstərilir. O, müharibədə həyat yoldaşını itirib, çətin şərtlərdə oğul böyüdüb və həmin səhnədə evdar qadının siqaret çəkməsi dərdinin ovutması, yüngülləşməsi kimi verilir.

Yaxud, “Qaynana” filmində Cənnət nənənin məşhur siqaret tüstülətməsi epizodu da təbii ki, əxlaq müstəvisində göstərilmir.

“Bəxt üzüyü” komediyasında Nuriyyə Əhmədovanın oynadığı obrazın “bacı, bunlardan çəkə bilmirəm, sinəmə düşmür e” ifadəsi ilə yaddaqalan səhnədə də həmçinin.

Azərbaycanda, xüsusən, müharibədən əri, övladı qayıtmayan qadınların siqaret çəkməsi adi hal idi. Mənim nənəm ərini erkən itirmişdi, evin qayğıları, övladlarının yükü onun üzərində idi. O, fikirdən tez-tez siqaret çəkirdi və buna görə kənddə kimsə ona əyri baxmırdı. Türkiyənin özündə hicablı qadından tutmuş açıq-saçıq geyinən qadına kimi siqaret çəkən var və bu, normal haldır.

Bəs onda niyə bizim cəmiyyətimizdə siqaretə qeyrət-namus anlayışı yükləyirlər?

Və niyə qadın siqaret çəkəndə əxlaqsız olur, amma kişi olmur?

Mən burda qadın haqlarından, feminizm dəyərlərindən çıxış eləmirəm. Siqareti əxlaqla, namusla eyniləşdirən əksər adamların məntiqini anlamaq istəyirəm.

Daha pisi odur ki, televiziya kanalları cinsi diskriminasiya üzərində qurulan sorğular yayımlamaqla bu absurd fikri gücləndirir.

Siqaret əlbəttə ki, ziyanlıdır.

Ümumiyyətlə isə həyatda çox şey ziyanlıdır. Ona qalsa, fast-food, müəyyən içkilər, meqapolisdə yaşamaq, gərgin həyat tərzi, tıxaclar siqaretdən daha təhlükəlidir. Mənim özümün siqaretdən heç də az ziyanlı olmayan qəhvə asılılığım var.

Biz insanlar nəyin zərər verdiyini şüurlu dərk edirik, amma yenə də buna gedirik. Bu, eyni zamanda, bir seçimdir, üstəlik, siqaretin, içkinin satışı leqaldır. Amma yazımda toxunmaq istədiyim məsələ başqadır, bəzi mövzular üzərindən cinsi-ayrı seçkilik salaraq bunun teleekrandan təbliğini nəzərdə tuturam.

Filmlərdəki siqaret kadrlarından söz düşmüşkən, bir neçə il əvvəl, Milli Məclisin iclasında teatr tamaşalarında və kinoda siqaretin məhdudlaşdırılması mövzusunda müzakirələr gedirdi. Sənət əsərində siqaret çəkilməsinə qadağa qoymaq, doğrudan da yaradıcılıq azadlığına ziddir. Siqaret varsa, demək o, bədii əsərdə vəziyyəti, personajın davranış modelini şərh edir və ya yaradır, konkret təyinatı var.

Rusiyada eyni məsələ müzakirə olunanda rus kinematoqrafçıları haqlı olaraq deyirdilər ki, Stalinin qəlyan çəkməsini necə göstərməmək olar? Yaxud, narkomandan bəhs edən filmdə narkotik maddənin göstərilməsi normaldır.

Andrey Zvyagintsev ustad dərsində kino təcrübəsindən maraqlı bir detalı bölüşür. Fransız distribütoru Erik Lajetsa hüquqlarını aldığı “Leviafan” filminə baxandan sonra uzun bir siyahı yazmışdı:

“Tələb yox, çox nəzakətlə yazılmış təkliflər siyahısı… Yazmışdı ki, nədənsə qəhrəman çox içir, alkoqol çoxdur, bəlkə filan epizodu çıxardasınız və sair və ilaxır. Mən sadəcə gülümsədim və Rodnyanskiyə dedim ki, Aleksandr Yefimoviç, mən davamını oxumayacağam, heç bir düzəliş siyahısı ola bilməz! Bu, necə ritorikadır? Filmin rejissoru var, o, özü üçün bu sualların hamısının cavabını tapıb, hər şeyi vicdanı ilə razılaşdırıb, neylədiyini bilir. Müqavilənin şərtlərində yazılıb ki, “final cut” rejissora məxsusdur. Başqa heç bir şərt ola bilməz”.

Onsuz da telekanallarda nümayiş olunan filmlərdə siqaretlə bağlı səhnələr nəzarətdədir. MTRŞ-in hesabatlarında - telekanalların fəaliyyətində hüquqa zidd məqamlarla bağlı aparılan monitorinqin nəticələrindən də anlaşılır ki, kanallar həm də audiovizual məhsullarda tütün istifadəsinin nümayişinə görə çox cəzalandırılıb.

Bəzən belə fikirlər səslənir ki, siqareti ekranda görən gənclər, yeniyetmələr ona meyllənirlər. Belə bir araşdırma doğrudan da maraqlı olar: ekranda gördükləri siqaret, içki səhnələrindən təsirlənmiş nə qədər adam var?

Hər halda, həyat təcrübəsi daha çox onu göstərir ki, bir qayda olaraq, zərərli vərdişlərə meyllənmək, məsələn, məhəllə çevrələrindən yaranır. Və kökləri müxtəlif olur. Əlbəttə, bəzi institutların daşımalı olduğu məsuliyyəti incəsənətə sırımaları daha asan başa gəlir.

# 5046 dəfə oxunub

Oxşar xəbərlər

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
# # #