Polad Bülbüloğlunu məşhurlaşdıran Azərbaycan filmi

Polad Bülbüloğlunu məşhurlaşdıran Azərbaycan filmi
29 fevral 2020
# 08:59

Kulis.az “Uşaqlığın son gecəsi” bədii filmini təqdim edir.

Vikipediya məlumatına görə, Arif Babayevin 1969-ci ildə ekranlara çıxan “Uşaqlığın son gecəsi” Maqsud İbrahimbəyovun eyniadlı hekayəsinin əsasında çəkilib. Əslində isə ssenarinin (ssenari müəllifi Maqsud İbrahimbəyovdur) həmin hekayə ilə əlaqəsi yoxdur. “Uşaqlığın son gecəsi” hekayəsi Pirşağıda yay tətilini keçirən iki yeniyetmədən bəhs edir.

“Uşaqlığın son gecəsi” milli kinematoqrafiyamızın maraqlı, kult filmlərindən biridir. Kriminal və komediya elementlərinin yer aldığı melodram (gənclik dramı da demək olar) o vaxtadək kinomuza xas olmayan təsvir həlli, cəsarətli operator işi ilə maraqlıdır. Ki, bu haqda az sonra danışacağıq.

Gallery

Filmdə mərkəzi fiqurlar Murad (Ənvər Həsənov) və Rüstəmin (Səyavuş Şəfiyev) hekayəsi danışılır. Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir. Murad və Rüstəm obrazlarının xarakterindəki əksliklər süjeti daha da dinamikləşdirir, bəzən komik ziddiyyətli situasiyalar yaradır.

Rejissor Arif Babayevin yaradıcılığında (“Gün keçdi”, “İnsan məskən salır”) lirik intonasiyada urbanistik təsvirlər üstünlük təşkil edir: İçərişəhrər, dəniz, şəhərdən müxtəlif görüntülər. Elə qəhrəmanları da əsasən şəhərin yetirmələridir.

Natura çəkilişlərinə üstünlük verilməsi, vizual materialın falşdan, ştamplardan arındıraraq savadlı, sərbəst, ifadəli təqdimatı, səmimi, təbii aktyor ifası, real lokasiyalarda sakinlərin gündəlik həyatından epizodik, dolğun təsvirlər və əhvalatın canına hopan musiqi həlli filmin uğurlu tərəfləridir.

Gallery

Əsas xətti müxtəlif xarakterli, koloritli obrazların yer aldığı xırda süjetlərlə bütövlənir. Ümumi dramaturgiyada hər bir detal, hərəkət yerinə oturur. Nənə (Törəxanım Zeynalova ) obrazından tutmuş Davuda (Məmmədsadıq Nuriyev), epizodik görünən məhəllə cavanlarınadək. Film həm məkan, həm problem anlamında reallığın içinə girir: Içərişəhərdə tikinti işləri, (bu məsələ “Gün keçdi” filmində də aktuallaşır), təhsildə rüşvət amili, təqaüd azlığı. Sosial tənqid, sosial reallığın təsviri italyan neorealizmini, sevgi əhvalatı, yumşaq musiqi, ziyalı personajlar, burjua mühiti 60-cı illər fransız melodramaları ilə assosiasiya doğurur.

Sözsüz, filmin uğurlu alınmasında rejissor - operator tandemi də böyük rol oynayıb. Filmin operatoru Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsinin məzunu Zaur Məhərrəmlidir. O, milli kinooperatorluq sənətinə poetik dəsti xətti gətirən ilk operator idi. Film boyu köhnə evləri damlarına özəlliklə vurğulanması da Z. Məhərrəmlinin ideyası idi. Bir neçə ilə öncə kulis.aza verdiyi müsahibəsində operator deyir: “Tofiq Mirzəyevi küçədə, kütlənin içində statistlər istifadə edilmədən və əl kamerası ilə çəkdiyim səhnə tam həyatın içindən alınmış bir səhnədir. Arif Babayev kinematoqrafik rejissor, romantik və yaradıcı bir adam idi. O, Azərbaycan kinosunda “Yeni dalğa”nın nümayəndəsi kimi dəyərləndirilə bilər. “Uşaqlığın son gecəsi” Arifin filmidir, amma mənim iştirakımla. Ona görə də filmi özümə daha yaxın hiss edirəm, elə “uşaqlığımın” filmi sayıram onu. Onda institutu yeni bitirib gəlmişdim, istədiyim yenilikləri bu filmdə gerçəkləşdirdim”.

Gallery

Bundan başqa filmin memə çevrilmiş ifadələri var: “Məsələ sosiskada yox, “vnimatelnıy” olmaqdadır. Sovet sənayemiz nə istehsal edirsə ondan içirəm”.

Gənc aktyorların baş rol aldığı filmdə kinomuzun iki böyük aktyoru epizodlarda çəkilib: Məlik Dadaşov sahə rəisi, Yusif Vəliyev isə böyük iş icraçısı obrazını ifa edib.

Murad roluna xeyli gənc sınaq çəkilişlərinə dəvət olunsa da, son nəticədə Ənvər Həsənov seçilib. Aktyor filmə çəkiləndə orta məktəb məzunu olub və Adil İsgəndərovun kursunda oxuyurmuş.

Moskva Dövlət Sirkində çalışan Səyavuş Şəfiyev sirk artisti və rejissoru idi. Filmdə olduğu kimi real həyatda da boksla məşğul idi və müxtəlif yarışların qalibi olub. 2001-ci ildə Moskvada vəfat edib.

Gallery

Elya rolunun ifaçısı Megi Kejeradze Tbilisi Xarici Dillər İnstitutunda oxuyub. Onun ən məşhur rollarından biri Nikolay Sanişvilinin “Kuklalar gülür” (1963) komediyasındakı ifasıdır.

Məcnun rolunun ifaçısı Xosrov Abdullayev da sirk artisti idi. O, Həsən Seyidbəylinin “O qızı tapın” filmində də oynayıb. Aktyor 1980-ci ildə dünyasını dəyişib.

Sevda rolunun ifaçısı İnsaf Məmmədova filmə çəkiləndə 189 saylı məktəbin 8-ci sinif şagirdi idi.

Rüfət rolunun ifaçısı Tofiq Mirzəyev çox filmdə rol alıb və hazırda İsraildə yaşayır. O, “Qaya” qrupunun yaradıcılardan biri Teymur Mirzəyevin qardaşı və yazıçı Anarın yaxın qohumudur. T. Mirzəyev ilk dəfə "Uşaqlığın son gecəsi" filmində çəkilib. Onun rolunu Adil İsgəndərov bəyənib və bundan sonra aktyor 30-dan yuxarı filmdə oynayıb.

Gallery

Zaur rolunun ifaçısı Qorxmaz Atakişiyev elmi fəaliyyətlə məşğul olub. Ömrünün son illərini ağır maddi durumda yaşayan Q. Atakişiyev 2019-cu ilin dekabrında vəfat edib.

Nənə obrazının ifaçısı Törəxanım Zeynalova Musiqili Komediya Teatrında kostyumçu işləyib. O, “Şərikli çörək”, “Gün keçdi” filmlərində epizodlarda çəkilib. Aktrisa 1974-cü ildə vəfat edib.

Çəkilişlər İçərişəhərdə, Çəmbərəkənddə, ət kombinatında, “Yaşıl teatr”da, bulvarda aparılıb. Tikinti səhnəsi Milli Məclisin indiki binasının yerində yerləşib. Yeməkxana səhnəsi kinostudiyanın yeməkxanasında nahar vaxtı çəkilib ki, təbii alınsın.

Filmin bir epizodunda ayaqqabı ustası (Dadaş Kazımov) köşkündən çıxaraq Muradı səsləyir ki, ayaqqabılarını aparsın. Həmin köşk uzun illər İçərişəhərdə yerləşib və şəhərdə çoxlarının müraciət etdiyi ayaqqabı ustası Məmməd kişi populyar müğənni Elarizin atasıdır.

Gallery

Arif Babayevin dediyinə görə, Davud öz qardaşı Akifin prototipidir. Akif quş saxlayan və baməzə adam olub.

Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. Final səhnəsindəki "Gəl, ey səhər!” rejissora elə təsir etmişdi ki, bəstəkara "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək” deyib. Filmdə eyni zamanda “Bitlz” qrupunun məşhur "In My Life", "Michelle" mahnılarından istifadə edilib.

Operator Zaur Məhərrəmli hazırda Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində dərs deyir. O, ölkədən 1995-ci ildə gedib. Z. Məhərrəmli “Dərviş Parisi partladır”, “Ad günü”, “Uzun ömrün akkordları” və başqa filmlərin quruluşçu operatoru olub.

Film 1969-cu ildə Kiyevdə keçirilən Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalının “Gənclik üçün ən yaxşı film” mükafatını alıb. Bəstəkar Polad Bülbüloğlu ən yaxşı musiqiyə görə xüsusi diplom alıb.

# 7593 dəfə oxunub

Oxşar xəbərlər

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib

10:38 11 dekabr 2024
“Siyah kalp”ın çəkilişində gərginlik

“Siyah kalp”ın çəkilişində gərginlik

09:15 11 dekabr 2024
"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

"Qızıl Qlobus 2025"ə namizədlər açıqlandı - Siyahı

10:12 10 dekabr 2024
“Boni”  filminin təqdimatı keçirildi

“Boni” filminin təqdimatı keçirildi

18:40 9 dekabr 2024
Aktyor yeni serialda rol alacaq

Aktyor yeni serialda rol alacaq

09:15 5 dekabr 2024
# # #