Ermənilər bu dəfə atəşkəsi Kann Festivalından pozdu: Bizimkilər hara baxır?! 

Ermənilər bu dəfə atəşkəsi Kann Festivalından pozdu: Bizimkilər hara baxır?! 
29 iyun 2020
# 12:12

Başımızda korona, ağzımızda respirator dolaşdığımız günlərin birində mədəniyyət beşiyi Fransadan bəd xəbər gəldi: nüfuzlu Kann festivalının proqramına erməni rejissor Nora Martirosyanın “Əgər külək əsərsə” (Si le vent tombe) filmi daxil edilib.

Xəbər ona görə bəddir ki, 73-cü Kann festivalında 56 filmdən biri olan həmin erməni filmi Xankəndində lentə alınıb, mövzu da Qarabağ!

Etiraf etmək zorundayıq ki, Kann ciddi tribunadır, bu yer zarafat götürmür. Kann festivalının siyahısına düşmək nəinki bir rejissorun, ümumilikdə ölkənin uğurudur. Ermənistan bu addımla təkcə ölkə mədəniyyətinin nüfuzunu dünya səviyyəsində tanıtmır, həm də Azərbaycanı Qarabağdan bir az da qoparır. Təəssüf ki, ermənilər illərdir qafqazlıların əldə edə bilmədiyi incəsənət silahına Azərbaycandan tez yiyələndi.

Uzun illərdir bağırırıq ki, növbəti illərin mədəniyyətini, siyasətini – ümumilikdə yaşam prioritetlərini müəyyənləşdirən mədəniyyətdir. Çağdaş mədəniyyəti formalaşdıran isə mədəniyyət layihələridir. Mədəniyyət davamlılıq tələb edən, dirçələnədək dəstək istəyən bir sahədir. Bu sahə diletantlara həvalə olunduqda gec-tez başımıza hardansa əsən bir yel kül ələyəcək.

Bu dəfə həmin külü “Əgər külək əsərsə” filmi gətirdi.

Bəs biz nə etməli idik?

Bu gün hərb meydanında ermənilərlə müqayisə olunmayacaq qədər güclü olsaq da, Müdafiə Nazirliyi fonundakı avantajımız Mədəniyyət Nazirliyi müstəvisində yerə çırpıldı. Mədəniyyət Nazirliyinin uzun illərdir həyata keçirdiyi effektsiz layihələr, boşa gedən milyonlarla pul bu gün dünyanın ən ciddi ideologiya silahına çevrilmiş sənətə yönəldilsəydi, analoji reallıqla qarşılaşmayacaqdıq.

Təəssüf ki, ölkənin mədəniyyət strukturları durmadan ölkədaxili tamaşaçıya hesablanmış ideoloji layihələrə dəstək verir. Doğrudanmı, bunlar düşünür ki, ölkəmizin vətəndaşları Qarabağın Azərbaycan torpaqları olduğunu bilmir? Bunu təkrar-təkrar özümüzə anlatmaqda nə məna var?

Dünya müstəvisində isə sənət ayrı meyarlarla ölçülür. Orda “saqqallı erməni obrazları”, pafos püskürən milli əsərlər işləmir. Dünya tamaşaçısına iki Qafqaz ölkəsində gedən torpaq savaşı insan taleyi üzərindən maraqlıdır. Hansısa bir avropalı üçün azərbaycanlı və erməninin çox da fərqi yoxdur. Necə ki bizim üçün Şimali və Cənubi koreyalı eyni dərəcədə insandır. Biz həmin ölkələrdəki insana münasibəti, siyasi durumu, ölkələrin bəşəri məsələlərə sayğısını Kim Ki Duk və digər rejissorların obyektivindən qəbul edirik.

Təəssüf ki, son 25-30 ildə ildə festival filmi anlayışı ölkənin mədəniyyət səlahiyyəti daşıyan insanlarına məlum olmadı, bu sektorun nə qədər önəm daşıdığının ciddiyyəti qəbul edilmədi. Nəticədə bu gün bir erməni qadın qondarma bayrağın dalğalandığı “Dağlıq Qarabağ”ı Kann festivalında nümayişə çıxarır.

Qocalardan ibarət mədəniyyət sektorumuzun ermənilərə cavabı isə Azərbaycan Yazıçılar Birliyi səviyyəsində heysiz etiraz məktubu ilə yekunlaşır.

Nəyə etiraz edirik?!

Ermənilərin Kanna yüksəlməsinə qarşı bizim ən uğurlu nümunəmiz zamanında mədəniyyət sahəsində tapşırılan işləri sona çatdırmaq ola bilərdi, onu da eləmədik. Bu məğlubiyyətə səbəb Mədəniyyət Nazirliyinin islahatlar bir yana, kino sahəsində imzalanan dövlət proqramlarını belə sonadək icra etməməsi oldu.

Azərbaycan prezidenti İlham Əliyevin 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiqlənmiş “2008-2018-ci illəri əhatə edən “Azərbaycan kinosu”nun inkişafına dair dövlət proqramının 2.6-cı bəndi bu tapşırıqdan ibarət idi:

“Dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı məqsədi ilə “Eurimages” Dəstək Fonduna üzvlüyün təmin edilməsi.”

Bu tapşırığın həlli uyğun olaraq aşağıdakı qurumlara həvalə olunmuşdu: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, (İndiki Mədəniyyət Nazirliyi) Maliyyə Nazirliyi. Proqrama uyğun olaraq tapşırıq 2009-cu ilə qədər icra olunmalı idi.

Təəssüf ki, həmin proqram çərçivəsində verilən infrastruktur, tikinti-təmir işləri üzrə tapşırıqları icra olunsa da, çox vacib məqamlardan biri olan “Eurimages” Dəstək Fonduna üzvlük təmin edilmədi. İndi isə Kann proqramına daxil edilən erməni filmi ilə maraqlandıqda biz filmin uğur qazanmasının məntiqi əsaslarından birini görürük: Ermənistan, Fransa, Belçika istehsalı olan filmin çəkilişlərində Ermənistanın üzv olduğu “Eurimages” də iştirak edib. Məncə, əsas məsələlərdən biri aydındır.

Sual oluna bilər: bu filmin uğur qazanmasında Ermənistanın hansı rolu var? Bu, bir rejissorun bacarığı deyilmi? Əsla! Filmin uğur qazanmasına səbəb olan ilk addımı Ermənistan 2016-cı ildə “Eurimages”ə üzv olmaqla atıb. Hərçənd, bir daha təkrarlayıram, yzuarıda sözünü etdiyim proqram müfəssəl icra olunsaydı, Azərbaycan bu addımı onlardan düz 7 il əvvəl atacaqdı və biz bu 11 ildə həmin şirkətin qatqısıyla analoji mövzularda festivallara çoxdan ayaq açaqdıq.

“Əgər külək əsərsə” filminin uğur qazanmasında Ermənistanın digər mühüm addımlarından biri ilk tammetrajlı filminə başlayan rejissora 100 min dollar pul ayırmasıdır. Düzdür, bu büdcə film üçün yüksək məbləğ sayılmır. Lakin nəzərə alaq ki, bu filmin çəkilişində 3 ölkə iştirak edib, eyni zamanda, Ermənistan bu maliyyəni debüt filmini çəkən bir rejissora verib. Bizdə isə debüt ssenarisi ilə nazirliyə müraciət edənləri geri qaytarırlar ki, get, müsabiqə elan olunanda gələrsən. Müsabiqənin sərhədləri və büdcəsi isə nəinki tammetrajlı bədii filmlə, ləyaqətli bir reportajın hazırlanmasına da bəs etmir. O da obyektiv seçilərsə...

Üçüncü məsələ hər il bağırmağımıza baxmayaraq aidiyyəti şəxslərin tükünü də tərpətməyən film festivalı problemidir. Kino festivallarının ölkə kültürünün inkişafına, ideoloji məsələlərin təkmilləşməsinə olan təsiri uzun illərdir nəzərə alınmır və neft ölkəsi olan Azərbaycanda tammetrajlı film festivalı yoxdur. Bəli, yoxdur! Ermənistanda isə 2004-cü ildə təsis edilən və bu gün də fəaliyyətinə davam edən “İrəvan Film Festivalı” mövcuddur. Festivalın baş mükafatı da ermənilərin milli meyvələri hesab etdikləri əriyin rəmzi olan “Qızıl ərik”dir.

Dünya hegemonu olan ABŞ-ın “Hollivud”u “Pentaqon”dan daha uzağı vurur. Təkcə bu nümunə bəs edir ki, günümüzdə filmin, təbliğatın effektini yüksək səviyyədə önəmsəyək.

Ümid edək ki, heç olmasa, bu hadisədən sonra, Qarabağın mədəni kimliyini qorumaq naminə mədəniyyət sahəsində ciddi islahatlar olacaq. Mədəniyyət Nazirliyi həqiqi sənətin yanında olacaq. Nəhayət, bu sahənin strateji əhəmiyyəti praktikada ciddiyə alınacaq.

Bizi qəflətdən oyanmağa səsləyən filmin adında da bir simvolik xəbərdarlıq var: “Əgər külək əsərsə...”. Vay o günə ki, külək əsə! Külək əssə, bizim üçün ağır olan bu tendensiya davam etsə, qarşısını top-tüfənglə ala bilməyəcəyik.

# 6090 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #