Asılqansız Pantomima

Asılqansız Pantomima
6 aprel 2011
# 16:23
LAYİHƏ : Ramilə Qurbanlının yorumunda


Tamaşaçılar iki-bir, üç-bir teatrın qapısı ağzında durub söhbət edirlər. Əsasən tələbələrdir, yox, yalnız Mədəniyyət və İncəsənət Universitetindən deyil, başqa ali məktəblərin də tələbələri ilə burda rastlaşmaq olar. Xarici ölkə vətəndaşları da gözə dəyir, qadın qara dərilidir, kişi ağ dərili. Xısın-xısın söhbətləşirlər, hərdən nəzərləri bayaqdan hamının diqqətini çəkən olaya zillənir, amma görünür nə baş verdiyini anlamadan yenidən özlüklərinə çəkilirlər. Balaca bir qızcığaz atasının bütün üsullardan istifadə etməsinə rəğmən ondan qopmur.

Atası isə tamaşada rol alan gənc aktyorlardandır, tamaşanın başlanmasına sanılı dəqiqələr var, uşaq onu buraxmır ki buraxmır. Tamaşadan çıxacağı təqdirdə atasının onu bu məkanda qarşılayacağı vədi də kömək etmir... Bu “tamaşanı” dil bilmədiklərindən anlamayan xarici tamaşaçıları Pantomima teatrına gətirən yəqin orda dilin bir rol oynamamasıdır...

Sonra hamı asta-asta qapıdan binaya daxil olur. Bina köhnə “Şəfəq” kinoteatrının binasıdır, indi burda Dövlət Pantomima Teatrı yerləşir. Kiçik dəhlizdə teatrın kassasıdır, daxil olanlar əvvəlcə ordan bilet götürürlər, amma dəvətlilər daha çoxdur. Dəhlizin tən ortasından qapı tamaşa salonuna açılır.

Xudmani, isti mühit adamı ağuşuna alır, indi fərqinə varırsan ki, üst paltarla isti olacaq və onu soyunub qolunun üstündə saxlamalı olursan, çünki “Teatr asılqandan başlayır” kimi çeynənmiş ifadə bu məkanda əksinə deyilir, Dövlət Pantomima Teatrı asılqansız başlayır.

“Təkcə sən gəlib çıxmadın, harda qalmısan..?”

Üç xəbərdarlıq zəngindən sonra tamaşa başlanır. Hamı üçüncü zəngin olacağını və tamaşanın başlanacağını gözləyirkən pərdə arxasından həzin musiqi sədaları eşidilir

İlk bahar gəldi
Durnalar gəldi
Təkcə sən gəlib çıxmadın
Harda qalmısan..?

Nəhayət üçüncü zəngin vurulmağı ilə işıqlar ani yanıb-sönür və səhnədə, daha doğrusu tamaşaçı bərabərində və yaxınlığında olan məkanda bir şah oturub taxtı-tacında. Göydən düşən, yox, salladılan üç almanı isə üç gözəl alıb qaçır. Tamaşa beləcə başlayır. ..

“Yandı bağrım hicr ilə...”

Padşah dərd-qəm içində oturub və birdən “Yandı bağrım hicr ilə...”- deyə haray qoparır. Bıy, tamaşa səsli imiş ki, xarici tamaşaçıların bəxtləri gətirmədi. Əgər Azərbaycan mentaliteti, folkloru, dastanı ilə zəngin bu olaydan bir nəsnə başa düşməyəcəklərsə babalı öz boyunlarına. Bir qədər repvari yestləri, muğamımızın yerində canlı-ecazkar ifasını, bir də Gənc Tamaşaçılar Teatrının uşaq tamaşalarını xatırladan yersiz hay-küyü ancaq anlayalar. Hardan bilsinlər ki, Pantomima Teatrının üç uşaq tamaşası var “Balaca şahzadə, “Tıq-tıq xanım”, bir də bu “Məlikməmməd” , üçü də sözlüdür.

Nə isə keçək öz tamaşaçılarımıza. Azlıq təşkil edən azyaşlıların reaksiyaları daha maraqlı idi, nəinki çoxyaşlıların qəhqəhəsi. Uşaqların da arasında bərkdən qəhqəhə çəkənlər vardı, amma o gülüşdə bir saflıq, məsumluq duyulurdu. Gülüşün də məkrlisi varmış. Bəzisi isə tamaşaya o qədər qapılırdı ki, Məlikməmmədə yol da göstərirdi.

Bayaq atasını əldən buraxmayan qızcığaz indi qorxulu divin qiyafəsində olan atasına elə baxırdı ki, göz qırpmağı da unutmuşdu. O, özü üçün bu atasıdır, yoxsa div? – sualına cavab tapınca tamaşa başa çatacaqdı və bu bəlkə də hazırkı vəziyyətdə işin xeyrinədir. Bəlkə də o qızcığaz o suala ümumiyyətlə cavab tapmayacaqdı, böyüyüncəyə qədər...

Div isə əslində Bəxtiyar Xanızadənin quruluşunda nağılda olduğu kimi qorxulu verilməmişdi, əksinə “uşaq-muşaq” kimi canlandırılmışdı. Ümumiyyətlə, rejissorun mövzuya maraqlı yanaşma tərzi bu nağılın timsalında da özünü göstərirdi.

Bəxtiyar Xanızadə uşaqlara reallığı göstərmək üçün nağıldan gələn bəzi şişirtmələrə, millətin tarixi kökünə xələl gətirən yanlışlıqlara ustalıqla əl gəzdirib. Məsələn, qardaşlar kiçik qardaşın ipini kəsib onu quyunun dibində qoymurlar, Məlikməmmədin azad etdiyi qız bu situasiyanı düzüb-qoşur və qəhrəman kişi əslində qadının əli ilə quyunun dibindən çıxır. Qardaşlar yalnız qəhrəmanlığı bacarmayan oğlanlar deyil, onlar əslində kişiyə xas xarakterlərdən də uzaqdırlar.

Məlikməmməd özü də nağıldakından fərqli olaraq könüllü qəhrəman deyil, onu buna vadar edən məqamlar var. Sonluq daha maraqlı və düşündürücüdür. Div canı olan göyərçini Məlikməmmədin əlində görüb deyir ki, almanı da apar, ağac da sənin olsun, qızı da verirəm, amma o göyərçin həm də siz insanların sülh rəmzidir, ona qıyma, ver mənə. İnsan oğlu isə göyərçinin boğazını üzür. Div artıq başının üstünü kəsdirən əzrailə xitabən “rədd olsun içimdəki insan sevgisi, bir quru canım sənə fəda, apar məni”-deyir.

Tamaşa bitir. Əsas rolları oynayan gənc aktyorlar üçün isə bu hələ başlanğıcdır. Ceyhun Dadaşov, Əli Əlizadə, Bəhruz Əhmədli, Səbinə Hacıyeva. Teatrın veteranlarından Elman Rəfiyev, Nargilə Qəribova, Elnur İsmayılov da tamaşada var idilər. Bu teatrda daha bir məşhur deyimin düzgün olmadığının fərqinə vardım “əvəzolunmaz aktyor yoxdur”. Azər Şabanov, Pərviz Məmmədrzayev və Qurban Məsimovun yeri hələ ki gözəçarpacaq dərəcədə boşdur, hərçənd tamaşada istedadlı aktyorlar da var.
# 2234 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda VIII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı  keçiriləcək

Bakıda VIII ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək

15:00 14 avqust 2025
"Bəs arvadım Şövkət kimindir?.." - Azərbaycan kinosunun 70 illik incisi

"Bəs arvadım Şövkət kimindir?.." - Azərbaycan kinosunun 70 illik incisi

13:17 13 avqust 2025
"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər