“Mən “Cavad xan”ı çəkməkdən imtina edərdim”

“Mən “Cavad xan”ı çəkməkdən imtina edərdim”
10 iyun 2011
# 12:16
Gənc kinossenarist İntiqam Hacılının Kulis.az-a müsahibəsi


- Bu gün bir gənc rejissor üçün Azərbaycandakı kino industriyası nə dərəcədə cazibədardır?

- Bu sahənin başında duran adamların “durğunluq dövrü” adlandırdıqları dönəmin başa çatmasından sonra, 2001-ci ildə proses başladı. Ona qədər arada-bir film çəkilirdi. “Vahidbank”ın və başqa şirkətlərin sponsorluğu ilə bir neçə film çəkilmişdi, onların sayı az olsa da, prodüser kinosunun yaranması baxımından daha real hesab oluna bilərlər. Özəl şirkətlər o filmləri alırdılar, məsələn, Ayaz Salayevin “Yarasa” filmi, “Yuxu”... Bank dağıldı bir sıra işləri qaldığından film 7-8 il yubandı. 2001-ci ildən sonra Hüseyn Mehdiyev və Nicat Feyzullayevin tammetrajlı filmləri ilə proses yenidən başladı. Həmin filmləri çəkən rejissorlar da sovet dövründə istehsalatla məşğul olanlar idi. Məsələ bundadır ki, həmin illərdə artıq gənc rejissorlar da var idi, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsi də. Bu gənc nəsil gələndə dövlət hansı formanı tapmalıdır, bunu fikirləşdi. İlkin olaraq, dövlət maliyyələşdirdiyi layihələri siyasətinə uyğun qurdu. Bütün dünyada bu belədir, dövlət özəl kinoya qarşı çıxmır. Belə filmlər ortaya qoyan gənclər də var idi. Amma maliyyə problemlər vardı və şirkətlər daha gəlirli sahələrə sərmayə qoymağa üstünlük verirdilər. O zamanlar filmlərin gəlir gətirməsini gülüşlə qarşılayırdılar. Kino-teatr, kinoprokat yox idi; filmin maliyyəsini çıxardacağı məlum deyildi. Amma dövlətin maliyyə ayırdığı qısametrajlı filmlər gənclərin seçilməsi və daha sonra tammetrajlı filmlərə təklif almasında rol oynadı. Dövlətin seçdiyi ssenari həmin rejissora təqdim olunur və filmi həmin rejissor çəkir. Bu proseslə istehsalat uğur qazana bilər, amma yaradıcılıqda istədiyimiz uğuru əldə edə bilmərik.

- Böyük büdcəsi olan özəl şirkətlər niyə mədəniyyətə, incəsənət bu qədər biganədirlər? Bəlkə, siz də təklif irəli sürmürsünüz?

- Müxtəlif şou-layihələrə vəsait ayıran şirkətlərin qarşısına layihələrlə çıxmışıq, mədəni formada müxtəlif layihələr təklif etmişik. Biz qısametrajlı film layihəsi təqdim edəndə, həm də onlara filmdə müxtəlif reklam imkanları da təqdim edirik – istər geyimlərdə, istər elektron və görüntülü mətbuatda gedən məlumatlarda və s. Vasitələrdə şirkətin adının hallanmasını da təklif edirik. Bunu biz edirik, amma ortada belə təcrübə olmadığından onlar inanmırlar. O prosesə gəlmək üçün gənc nəslin əlində gərək çox film olsun, dünya bazarına çıxaq, imicli festivalda uğur qazanaq və bundan sonra maliyyə məsələlərində dəstək olacaq şirkətlər tapmaq asan olacaq. Hazırda inam yoxdursa, bu o demək deyil ki, işləmək lazım deyil. Özəl şirkətlərə bu cür layihələr təqdim etmək lazımdır. Dünyaca məşhur prodüserlərin döydüyü bütün qapılar onlara “hə” demir. 20-30 qapıdan sonra müsbət cavab əldə edirlər.

Başqa tərəfdən baxanda da təkcə maliyyə məsələsində deyil, kino sahəsində çalışan adamlarda da problem üzə çıxır. Axı yaxşı ssenarilər, yaxşı layihələr olmalıdır, bu da yoxdur. Mən rejissorlar tanıyıram ki, maraqlı ssenari yazdırmaq üçün adam-adam gəzir. Maraqlı ssenari yazan tapılanda da avans istəyir.

- Təcrübə göstərir ki, nüfuzlu festivallarda qalib olan filmlər hamının bildiyinin əksinə olaraq heç də böyük büdcəyə malik deyillər. Bizdə də təxminən həmin büdcə ayrılır. Nəyə görə nazirliyin əkdirdiyi filmlər mükafat ala bilmir, amma türk kinorejissor Ceylan 200-300 min $-lıq büdcəsi olan filmi Kannda mükafat alır?

- Söhbət bundadır ki, indi 800 min, 1 milyon, hətta tarixi filmlərə 1,5 milyon $ büdcə ayrılan filmlər həqiqətən də var. Əsas məsələ bundadır ki, baxış dəyişməlidir, ortaya qoyulan təfəkkür dəyişməlidir. Götürək elə bu yaxınlarda ekranlaşdırılan “Cavad xan” filmini. Dövlət əlindən gələni etdi, amma nəticəsi? Bilirik ki, Gəncə xanlığı kiçik feodal dövlət olub. Öz ərazisi uğrunda Rusiyaya, onun generalı Sisianova qarşı mərdcəsinə mübarizə aparıb. Məktublarında da görünür ki, Cavad xan Gəncəni qorumaq üçün çalışıb. Amma filmdə Azərbaycançılıq ideyaları, Gürcüstanla münaqişələr, oradakı torpaqların xatırlanması və s. pafoslu vətənpərvərlik detalları var. Amma Mel Gibsonun “Cəsur ürək” filmində qəhrəman Şotlandiya uğrunda deyil, sevgilisinə ingilis əsgərlərinin toxunmasına görə mübarizəyə başlayır. Yəni xırda detaldan mövzuya baxış dəyişir. Bu bizdə baş verərsə, onda beynəlxalq festivallarda uğur qazana bilərik. Yox, belə davam edəcəksə, heç vaxt bizim filmlər uğur qazana bilməyəcək. Baxışdan əlavə həm də istehsalatın forması dəyişməlidir. Prodüserlər meydana çıxarılmalı, onlar kinomarketinqi formalaşdırmalıdırlar. Hamı anlamalıdır ki, kino biznes sahəsidir, ekran isə sənətdir. Hazırda maliyyə çatışmazlığı səbəbindən Azərbaycan filmlərinin titrlərində bəzən bir nəfər 4 vəzifə icra edir. Bu hər zaman uğurlu olmur...

- Maraqlıdır, kino necə çəkilir. Məsələn, “Cavad xan” üçün Sabir Rüstəmxanlı Mədəniyyət və Turizm Nazirliyə müraciət edir, büdcə ayrılır, ssenari yazır, sonra rejissor tapılır? Proses bu cürdür? Filmin müəllifi rejissor olmalı deyil?

- Proses belədir: ötən il müsabiqə elan edildi, filmin qısa məzmunu təqdim olundu, bu ssenarilər yığıldı, sonradan rejissorlara təqdim olundu. Hətta bir il sonra da istifadə olunan ssenarilər oldu. Bizim rejissorlara ssenari təklif olunanda onlar düşünmürlər ki, bu onlara görədir, yoxsa yox. Nə təklif olunsa qəbul edirlər. Bu gün mənə “Cavad xan” təqdim olunsa, imtina etməliyəm: mən onu necə çəkə bilərəm ki?! Amma nazirlik hansı formada təqdim edir, onu bilmirəm. Sadəcə, bir şeyi bilirəm ki, o, öz borcunu yerinə yetirib builki üç rejissora gələn il film vermir, növbəlilik prinsipini qoruyur. Yəni özəl kinolar üçün ən əhəmiyyətli məqam prodüser məktəbinin formalaşmasıdır.

- Elə bil Azərbaycan kinosunda ssenari yazanın ağırlığı çoxdur...

- Filmlərimizin titrlərində görünür ki, birinci ssenaristin adı yazılır. Bizdə ssenaristlə yazıçının ciddi mənada ayrılması da yoxdur. Bəzi yazıçılarımız ssenaristlik kursları keçsələr də, bu o demək deyil ki, onlar ssenaristdirlər. Məsələn, Anar, Elçin, Maqsud İbrahimbəyov və s. Yəni yazıçılarımız həm də ssenaristlərimiz idi. Amma dünya təcrübəsində rejissor və prodüserdən sonra ssenaristlərin adı yazılır.

- Bakıda aktiv fəaliyyət göstərən neçə kino-teatr var?

- Hazırda aktiv olaraq ancaq “Azərbaycan” kino-teatrı fəaliyyət göstərir. “Nizami” təmirdədir, “Nərimanov”, “Təbriz”, “Araz” da hansısa formada filmlər nümayiş etdir... Kinoteatrlar fəaliyyətə düşsə, böyük şəhərlərdə zallar təmir olunsa, kino sənəti dirçələr, gənc rejissorlara yol açılar...

Vüqar QURDQANLI
# 1396 dəfə oxunub

Oxşar xəbərlər

Tom Kruz 34 ildən sonra eyni rolu oynayacaq

Tom Kruz 34 ildən sonra eyni rolu oynayacaq

09:47 4 noyabr 2024
O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

O, qadın deyil, eləcə anadır... - Mətbəxdə cazibəsini itirən Həmidə xanım

12:00 1 noyabr 2024
Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

Türkiyəli aktyorun serialının yayım tarixi bəlli oldu

11:15 1 noyabr 2024
O ölsə də, qadağası qüvvədə olacaq

O ölsə də, qadağası qüvvədə olacaq

10:56 1 noyabr 2024
80 yaşlı aktyoru filmə çəkmirlər

80 yaşlı aktyoru filmə çəkmirlər

18:17 31 oktyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
# # #