“Dostoyevskini oxuyanda intihar etmək istəyirəm”
9 iyun 2011
14:49
Gərdişi-dövran: LAYİHƏ
“Fələyin yazdığını mən poza bilsəydim həmən...
Onu arzumla, məramımla yazardım təzədən”.
Ömər Xəyyamın çox sevdiyim bu iki misrasını yeni layihənin giriş sözü kimi elə-belə seçmədim. Şan-şöhrət, var-dövlət elə bir magiyadır ki, onu hamı arzu edir.
Elə adamlar var ki, sənəti yalnız ona görə seçir ki, seçilənlərdən olsun. Bəlkə də hamısı ona görə seçir, amma hamısı seçilən, sevilən, şan-şöhrətli, var-dövlətli olmur. Olanlar da xoşbəxt deyil, çünki o yolda könüllü qurban verdiyi nəsnələrinsə yeri boş qalıb onu incidir. Parıldayan, cəlbedici həyata qovuşmadan sənətini davam etdirənlər də başqa sarıdan bədbəxtdir.
Bir sözlə, bu layihə bu sənətdə qalıb başqa həyat arzulayan, amma bu həyatından da qopa bilməyən və beləcə heç nəyin yiyəsi olmadan yarı yaşdan keçənlər haqqındadır.
İlk qonağımız bir vaxtlar Dövlət Gənclər Teatrında əsas rolların mahir ifaçısı olmuş, indi Gənc Tamaşaçılar Teatrının sıradan bir aktrisası Nəsibə Eldarovadır.
Qızılgül ətirli illər
Uşaqlığım Bülbülə qəsəbəsində, ata-baba yurdunda nənəmlə keçib. Həyatımın ən xoşbəxt vaxtları uşaqlıq illərim olub. Böyük həyətimiz vardı, yaşıllıq, çoxlu qızılgül kolları olardı, qoxusu həyəti başına götürürdü. İndiyə qədər o qoxu burnumdan çəkilmir. O qoxu dünyada mənim üçün ən əziz bir şeydir. Ondan əziz heç nə yoxdur. Həyatda sehr, möcüzə deyilən bir şey olsaydı, o illərə qayıdardım. Orda nənəmlə çox bəxtəvər yaşayırdım. Həyatım boyu gəldiyim qənaət yalnız bu oldu: kaş, ömür boyu o həyətin ala darvazasından kənara çıxmayaydım.
Ordan çıxıb iki addım kənardakı məktəbə, bir də kitabxanaya gedərdim. Nənəm məni hər şeydən qoruyardı, rəfiqələrim bizə gələrdilər, həmişə bizdə oynayardıq. Kaş, orda qalıb elə ömür boyu elə yaşayaydım. Həyət indiyə qədər də qalır, amma baxımsızlıqdan arzuolunmaz vəziyyətdədir.
Ərkəsöyün nəvənin həyatdan aldığı ilk zərbə
Nənəm rəhmətə gedəndə 17 yaşım vardı, məcbur olub anamın yanına şəhərə köçdüm. Anam tək yaşayırdı, onunla yox, nənəmlə mənə daha xoş idi. Atamı heç xatırlamıram, anam hikkəsindən məni ona göstərmirdi, belə biz heç vaxt görüşə bilmədik. Bülbülədə həyatım öz axarı ilə gedirdi, hər şey o qədər gözəl, insanlar saf, münasibətlər düzgün idi ki. Sonra ordan çıxmaq, şəhər həyatı, institut illəri, yeni rəfiqələr hamısı fərqli və xəyanətlərlə, əyriliklərlə dolu. Görünür, mənim saf mühitdə uşaqlıq illərimin keçməsi bünövrəmi elə qoymuşdu ki, bu həyata alışa bilmədim, bütün iç dünyam alt-üst oldu. Ətrafda özümə dost tapa bilmədim, kimə könül bağladımsa aldandım.
Vaqif müəllimimiz vardı, bizə sənətimizlə yanaşı insan psixologiyasını başa salırdı. Bir sözü heç yadımdan çıxmır, deyirdi ki, insan dolu butulka kimidir, əgər içini boşaltdınsa, həm səni açıqlığı ilə görəcəklər adiləşəcəksən, həm də səni asanlıqla sındıracaqlar. Mən də ünsiyyət quran kimi o adama sadəlövhcəsinə, bütünlüklə iç dünyamı açırdım, nəticədə sarsıntı qalırdı mənə.
Məktəbə tez getdiyimdən 16 yaşımda artıq ali məktəbdə oxuyurdum. Rza Təhmasib kurs rəhbərimiz idi. 70 yaşında yaşlı kişi idi. Mənə konfet verib başımı sığallayardı. Mən çox uşaq yaşımda, üstəlik də uşaq ağıllı, ağlıma heç nə gətirməzdim. Bir də gördüm ki, qızlar məni əxlaqsız qələmə veriblər. Hamı artıq mənə o gözlə baxır.
O dövrdə də institutda bir oğlandan xoşum gəlirdi. Onu özüm üçün ideallaşdırıb qəhrəmana çevirmişdim. Bəlkə də onun hisslərimdən xəbəri yox idi. Ona olan sevgim, ətrafdakı böhtan ərizə yazıb institutdan çıxmağımla nəticələndi.
“Kitablardakı həyata aludə olub real həyatda uduzdum”
Öz istəyimlə gəldiyim sənəti atmalı oldum. Nənəm əvvəldən o instituta girməyimi istəmirdi. İstəyirdi ki, mən elm arxasınca gedim. Özü təhsilli qadın idi, neçə dil bilirdi. İndi bu, məni çox incidir. İllərdən sonra gəldiyim nəticə odur ki, əzizlərinin əksinə gedib, onları incidim bu sənətin arxasınca düşməyə dəyməzmiş.
Çox illərdən sonra anladım ki, insanlardan daha çox xəyanət görmüşəm. Rza Təhmasib deyirdi ki, sən insanlara elə diqqətlə baxırsan, elə bil hamını öyrənmək istəyirsən. Bu sənətdə sənə kömək olacaq. İnstitutda məni müəllimlərim çox istəyirdi, qızlar düşürdülər üstümə ki, ayaqların əyridir, yerişin pisdir. Çəkilib bir kənarda büzüşürdüm, kompleks yaranırdı məndə. Sonralar anladım ki, bunlar hamısı onlarda olan qısqanclığın nəticəsi imiş. Nə isə, hər şeydən bezib institutu atmağım da taleyimdə bir dəyişiklik yaratmadı.
Sentyabrda kurs yoldaşım Nübar Novruzova gəldi arxamca ki, Rza müəllim deyir gəlsin dərsə. Gəldim, Rza müəllim dedi ki, indi gedərik rektorun yanına ərizəni geri götürərsən, ya da təzəsini yazarsan. O uzaqlaşan kimi qızlar yenə başladılar ki, hə...qaytardı səni, sən də gəldin...? Götürdüm çantamı çıxdım. Üç il yaxşı işlərdə işlədim. Nənəmin tanışları məni kadrlar şöbəsinin sədrinə qədər vəzifələrə çəkdilər. Yalnız diplom almaq üçün instituta qayıtdım ki, ali təhsilim olsun, vəzifəyə gedə bilim.
Gəldim və məni Nəsir Sadıqzadənin kursuna bərpa etdilər. Artıq nə Rza Təhmasib vardı, nə Adil İsgəndərov, amma rektor məni tanıdı və çətinliksiz götürdü.
O düşən düşdüm sənətin bataqlığına, getdim, işimdən də çıxdım. İnstitutu qurtaran kimi də səhnə, rollar, çox gözəl obrazlar, uğurlar və onların yaratdığı xoş ovqat.
Çox mütaliə etməyim də taleyimdə böyük rol oynadı. Real həyatdan uzaq oldum, hər şey mənim üçün əsərlərdə olduğu kimi qeyri-real idi. O həyata aludə olub real həyatda uğursuzluğa uğrayırdım. Həyatımı özüm uydururdum, nağıl, fantaziya qururdum, sonda uçuruma düşürdüm.
“O 12 ilin havası ilə yaşayıram”
Həyatımda uşaqlığımdan sonra yalnız Hüseynağa Atakişiyevlə olduğum 12 ili yaşadım. Onu mən uydurmamışdım, o, məni o qədər çox sevdi ki, axırda mən də sevdim. Çox çətin, imkansız yaşayırdıq, amma bir-birimizdən həyatdan bezmirdik.
12 il həmin uşaqlığımda yaşadığım xoşbəxt, qayğısız rahat həyatıma qovuşdum. O vaxtda başqa heç kim mənə dost, rəfiqə ola bilmir. Hamısını mənə Hüseynağa əvəz etdi. İndiyə qədər də o göz qırpımı kimi gəlib keçən 12 ilin havası ilə yaşayıram. Artıq mənə nə dost, nə sevgili lazım deyil. Heç ağlımızın ucundan keçmir. Elə bir zirvədə yaşadım ki, onunla, ya gərək ondan yuxarısı olsun, ya da olmasın. 6 ildir o, yoxdur, amma özümü tək, sərbəst hiss edə bilmirəm. Hələ də hansısa addımı atanda onun nə deyəcəyini götür-qoy edirəm. O, mənim üç dünyamı zorlamazdı, mən də onun. Bir-birimiz olduğumuz kimi qəbul edib, elə də sevirdik. Necə ki, nənəm mənə azadlıq vermişdi, elə də Hüseynağa ilə azad idim. Saatlarla susardıq, amma elə bil nə deyəcəyimizi, nə düşündüyümüzü duyurduq.
Həyatımın adi insanlar kimi öz axarı ilə getməsində sənət deyil, xarakterim mane oldu. Yəqin ki, bu xarakterdə olmasaydım heç bu sənəti də seçməzdim. Daha real düşünə bilsəydim məişətə bağlı olardım.
“Dostoyevskini oxuyanda intihar etmək istəyirəm”
Anam deyir ki, mən prinsipial deyiləm, hər şey üçün mübarizə aparmaq lazımdır. Mən elə düşünmürəm, bir dəfə sənə verilən həyatı niyə mübarizə ilə yaşayasan, rahat yaşamaq olmaz? Hamı belə düşünsə, olar. Kaş, hamı yaxşı mütaliə etməyi bacaraydı. Xoşladığım kitabları dəfələrlə oxuyuram. Yalnız Dostoyevskini oxuya bilmirəm. Onu oxuyanda intihar etmək istəyirəm. Mən süngər kimiyəm, nə oxudum özümə çəkirəm onu. Bu günlərdə dövlət televiziyasında “Cinayət və cəza” filmini dublyaj etmişik, hələ də özümə gələ bilmirəm.
Həyatımı dəyişmək lazım olsaydı, Bülbüləyə qayıdıb yalnız təbiətlə təmasda olardım. Amma nə bəladırsa ora qayıda bilmirəm. Bu həyata həm nifrət edirəm, həm də ondan ayrıla bilmirəm.
Bu sənət mənə nə var-dövlət verdi, nə şan-şöhrət. Bunlar mənə heç lazım da deyil, istədiyim də o deyildi. Bəlkə... yalan deyirəm, amma yox, bu sənəti sadəcə sevmişəm. Səhnədə müxtəlif talelər oynayıram, heç birinin də mənim taleyimə bənzəri yoxdur. Qismətə inanıram, yaşadığım tale hər necədirsə mənim taleyimdir.
Öz taleyimi yaşayıram.
Ramilə Qurbanlı

2650 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024