Kann jürisi - DOSYE

Kann jürisi - DOSYE
26 aprel 2011
# 21:00
Kino aləminin ən nüfuzlu forumlarından biri- Kann festivalının startına iki həftədən az vaxt qalıb. Lakin o, artıq çoxdan dünya mətbuatında aktual xəbərlər sırasındadı. Zarafat deyil, Lars Fon Trier, Vudi Allen, Pedro Almodovar, Aki Kaursimyaki, Vonq Kar-Vay kimi kinometrlərin filmləri bir-birilə yarışacaq, mühakimə olunacaq və kinematorqrafik keyfiyyətlərinə görə fərqləndiriləcəklər.

64-cü Kann Festivalında bu çox ciddi işi, heyətin sədri, amerikalı məşhur aktyor Robert De Niro da daxil olmaqla səkkiz nəfərdən ibarət münsif öz boynuna götürüb. Festivalın ənənəsinə görə münsiflər heyətinin üzvləri, adətən, əvvəlki illərdə festivalda iştirak etmiş, bu və ya digər mükafat qazanmış şəxslərdən seçilir.

Bu il əsas müsabiqənin mühakimə edəcək heyətə argentinalı aktrisa və prodüser Martina Qusman, çinli prodüser Nansun Şi, amerikalı aktrisa Uma Turman, Norveç yazıçısı, ədəbi tənqidçi Linn Ulman, fransız kinorejissoru Olivye Assayyas, ingilis aktyoru Cud Lou, çadlı rejisor Məhəmməd Saleh Harun və honqkonqlu rejissor Conni To daxildi.

Argentina aktrisası Martina Qusman həm də prodüserləklə məşğuldu. 2002-ci ildə Pablo Trapero ilə müştərək “Matansa Cine” adlı prodüser Mərkəzi yaradıb, on ikiyə yaxın filmin prodüseridir. 2008-ci ildə çəkildiyi “Leonora” filmi elə həmin il Kann festivalının əsas müsabiqəsi çərçivəsində, “Caranco” filmi isə 2010-cu ildə “Xüsusi baxış” bölməsində nümayiş olunub. Hər iki filmin rejissoru Pablo Traperodur.

Çinli prodüser Nansun Şi film istehsalı ilə 1984-cü ildən məşğul olur. Həyat yoldaşı Tsui Harkla birlikdə yaratdıqları “Film Workshop Co.LTD” bir çox populyar Çin filminin həyata vəsiqə qazandığı yerdi. Məsələn, Martin Skorsezenin məşhur “Dönüklər”i də, bu mərkəzin istehsalı olan “İkiqat rokirovka” filminin rimeykidi.

Amerikalı aktrisa, Kventin Tarantinonun ilham pərisi Uma Turmanı “Kriminal qiraət” və “Billi öldürməli” filmlərindən yaxşı tanıyırıq. Lakin Uma aktrisa kimi filmlərə çəkilməklə yanaşı həm də ssenarilər yazır və bəzən də prodüserlik edir. Uma, aktyorluq sənətinin sirlərini öyrəndiyi “Professional Children s School”da Nyu-Yorklu impresarioların diqqətini cəlb edib, “Jonny, be Good” filmində oynadığı ilk rolu ilə tamaşaçıların rəğbətini qazanan aktrisa daha sonra Terri Gilliyamsın “Baron Münhauzenin macəraları” və Stiven Frirzin “Təhlükəli əlaqələr” filmlərində çəkilib, Filip Kaufman, Vudi Allen, Qas Van Sent kimi tanınmışlarla işləyib. Lakin dünya şöhrətini Kventin Tarantinonun filmlərindəki rollarında yaratdığı obrazlarla qazanıb. 1994-cü ildə Kannda “Qızıl palma budağı”na layiq görülmüş “Kriminal qiraət” filmindəki rəqs epizodu dünya kinosunun klassik epizodları sırasına daxil edilib.

Norveçli yazıçı, tənqidçi, “Sən yatmazdan əvvəl” (1999), “Mərhəmət” (2005) adlı romanların müəllifi Liv Ulman aktrisa Liv Ulmannla dahi skandinav rejissoru İnqmar Berqmanın qızıdı. İlk dəfə Kann Festivalında 1997-ci ildə iştirak edib: İnqmar Berqmana verilən “Qızıl Palma Budağı” nı atasının adından o alıb.

Məşhur sələfləri Jan-Lyuk Qodar, Fransua Trüffo kimi Olivye Assayyas rejissorluq fəaliyyətinə başlamazdan əvvəl kinotənqidçisi, ssenari müəllifi işləyib. İlk filmini 1986-cı ildə lentə alıb (“Desordre”). On beşdən yuxarı filmin müəllifidir. Onlardan “Soyuq su”, “İrma Vep”, “Sentimental talelər”, “İblis məşuq” müxtəlif illərdə Kann festivalında nümayiş olunub.

Məhəmməd Saleh Harun Çadın Abeş şəhərində dünyaya gəlib. Ölkəsində gedən arasıkəsilməz müharibələr onu 1980-ci ildə Fransaya mühacirət etmək məcburiyyəti qarşısında qoyub. Fransada kino institutunda oxuyub, eyni zamanda jurnalistliklə məşğul olub. İlk filmini 1994-cü ildə çəkib. “Əlvida, Afrika” və “Quraqlıq mövsümü” adlı tammetrajlı bədii filmləri Venesiya kinofestivalının mükafatını qazanıb. 2010-cu ildə Kannda “Qışqıran adam” filminə görə münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

Honqkonqlu rejissor və prodüser Conni To karyerasını televiziyada başlayıb, daha sonra «Enigmatic Case» filmilə rejissor debütünü eləyib. Dünya şöhrətini isə 2004-cü ildə Kann festivalında nümayiş olunmuş “Qaynar xəbərlər” filmilə qazanıb. Conni To sonrakı illərdə «Seçkilər» (2005), «Seçkilər-2» (2006), «Üçbucaq» (2007) və «Qisas» (2009) filmlərilə yenə bir neçə dəfə Kann festivalında iştirak edib.

Münsiflər heyətinin üzvləri arasında yalnız aktyor Cud Lounun (“Süni şüur”, “Soyuq dağ”, “Şerlok Holms”, “Şorgöz Alfi” vəs ) bundan əvvəl Kann festivalı ilə birbaşa təması olmayıb. Britaniyalı aktyor və prodüser C.Lou aktyorluq karyerasına teatrda başlayıb. Daha sonra kinoya dəvət alıb. 1997-ci ildə çəkildiyi “Qattaka” filmində diqqəti cəlb edib. Stiven Spilberq, Devid Kronenberq, Klint İstvud, Vonq Kar-vay və Entoni Minqella kimi məşhur rejissorlarla işləyib.
Qeyd edək ki, festivalın əsas müsabiqəsinin münsiflər heyəti bu il on doqquz filmə baxacaq.
# 1753 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #