#

“Demokratiyadan danışmaq ədəbsizlikdir”

“Demokratiyadan danışmaq ədəbsizlikdir”
23 yanvar 2013
# 16:08

Kulis.az Portuqaliya yazıçısı, şairi, Nobel Ədəbiyyat Mükafatı laureatı Joze Saramaqonun 2001-ci ildə “Nezavisimaya qazeta”ya verdiyi müsahibəsini ixtisarla təqdim edir

- Portuqaliyalı yazıçının artıq neçə illərdi qonşu İspaniyada, Kanar adalarında yaşamasını necə izah etmək olar?

- Mənim Lansarote adasına köçməyimin səbəbi sirr deyil. 1992-ci ildə portuqal hökuməti “İsanın İncili” romanımı özünəməxsus senzuraya düçar etdi. Mədəniyyət Nazirliyinin göstərişinə əsasən, artıq onlarla dilə tərcümə olunmuş əsəri Avropa ədəbiyyat mükafatına təqdim olunmuş siyahıdan sildilər. Və bu hərəkətlərini romanda “xristian prinsiplərinə” hücumların olması ilə əlaqələndirdilər. Bir sözlə, sağ mərkəz hökumət burnunu lazım olmayan yerə soxdu. Bu məni əməlli-başlı qeyzləndirdi.

Kanar adalarında qohumlarımız yaşayır ki, bu da yeni yaşayış yerinin seçilməsinə öz müsbət təsirini göstərdi. Beləcə, arvadım Pilarla – o, ispandı – 1993-cü ildə Lansarote adasına köçdük. Artıq 8 ildi ki burdayıq və bundan çox məmnunuq.

- Vaxtınızı yalnız əsər yazmağa sərf edəndə iş gününüz necə keçir?

- Nahardan sonra işləməyə üstünlük verirəm: axşam saat beşdən doqquzadək. Bəzən səhər. Amma ümumilikdə səhər saatları digər yazıçılar və oxucularla yazışmaya, mütaliəyə və digər buna bənzər işlərə gedir.

Hərçənd bəzən şərait gündəlik rejimi pozmağa məcbur edir. Məsələn, kitabı təcili nəşrə təhvil vermək məcburiyyəti yarananda, hər şeyi bir kənara tullayıb gecə-gündüz işləyirəm.

- 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını aldınız. Bu hadisə yaradıcı və ictimai həyatınızı nə dərəcədə dəyişdi?

- Unudulmaz anlar idi, bunu danmaq günah olardı. Amma hadisə ümumilikdə yaradıcılığımda heç nəyi dəyişmədi. Yalnız vaxtımı aldı. Bu cür mükafatın ardından həmişə cürbəcür dəvətlər gəlir. Bu da azmış kimi, nəşriyyat yeni tirajların oxuculara təqdimatında şəxsən iştirakımı tələb edir.

O ki qaldı ictimai həyata, burda da çox şey dəyişmədi. Kübar ziyafətlərdə, qonaqlıqlarda iştiraka birmənalı şəkildə yol vermirəm.

Bu məsələdə baxışlarımız tam üst-üstə düşdüyündən, Pilarla həyatımız elə əvvəlki axarıyla gedir.

- Müasir dövrümüzdə KİV, xüsusən televiziya sözün hərfi mənasında planetin hər nöqtəsinə yayıldığından, bədii ədəbiyyatın mövqeyi laxlayır. Sizin KİV-ə bütövlükdə, o cümlədən televiziyaya münasibətiniz necədi?

- Televizora getdikcə daha az baxıram. Televiziya keçmişdə nisbətən keyfiyyətli olduğu halda, indi ümumiyyətlə, yoxa çıxıb. Tamaşaçı uğrunda mübarizə əks-effekt yaradıb. Hamı kanallar arasında rəqabətin televiziyanın xeyrinə olacağını düşünürdü. Televizor və televiziya mədəniyyət daşıyıcısından kütlənin yadlaşmasına yönəldilmiş silaha çevrilib.

- Sözlərinizdən belə çıxır, televiziyaya tamamilə etinasızsınız.

- Yanılırsınız, əksinə, çox həssasam. Axı televiziyanın gətirdiyi neqativ nəticələri görürəm. Şəxsən özümü teletamaşaçı saymıram, çünki, demək olar ki, televizora baxmıram. Bəlkə maraqlı bir film, ya da məni çox maraqlandıran hansısa bir hadisənin işıqlandırılması istisna təşkil edə bilər. Bir daha söyləyirəm, müasir televiziya aşağı keyfiyyətlidi. Bu həqiqəti həm tamaşaçılar, həm də proqramları ərsəyə gətirənlər gözəl bilir.

- Mətbuata inansaq, “İsanın İncili” romanı yaradıcılığınızda xüsusi yer tutur.

- Zənnimcə, burda bir tarixi fiqur kimi İsa Məsih mövzusunun özünə diqqət çəkmək lazımdı. Onun məşhurlaşmasında əsərə senzura qoymaq istəyən portuqal hökumətinin də rolu az olmayıb. Bir də ki “İsanın İncili” ən çox xarici dilə tərcümə olunan romanım oldu (birinci yerdə “Monastır haqda xatirələr” kitabı durur – red.). Hökumətin əsər ətrafında yaratdığı qalmaqal onun daha da populyarlaşmasına səbəb oldu. Hətta oxucular belə iki yerə bölündülər: bir cinah kitabın senzurası ilə razılaşdı, daha böyük qisim hökumətin ədəbiyyat sahəsinə dəxilsiz müdaxiləsinin əleyhinə oldu.

Əslində on illər öncə kitab ətrafında alovlanan polemika hələ də davam edir. Katoliklər onu dəhşətli bir şey sayırlar. Amma onu da qeyd edim ki, ağıllı katoliklər romanı bəyəniblər. Çoxu bu mövqelərini yazdıqları məktublarda açıq-aşkar bildirib.

Mənim İsa Məsihim sadəcə insan olub. O insan ki inandığı Allahın seçimi onun üzərinə düşdüyünə görə ya bəxti gətirib, ya da gətirməyib. Məsələn, mən Allahın varlığına inanmıram. O isə seçildiyinə inanıb və sonu da məlum. Axı biz bilirik ki, bəzi hərəkətlər qurban tələb edir, bu da elə həmin əməllərdəndi.

- Adətən, müəlliflər öz həyat fəlsəfələrini əsərlərində əxz edirlər – dünyaya baxışlarını, siyasi məsləklərini və s. Bu sizin də yaradıcılığınıza aiddi?

- Zənnimcə, hə. Hərçənd ədəbiyyatı kateqoriyalara ayırmıram. Məsələn, əyləncəli ədəbiyyat mövcuddu. Və o zəruridi. Vaxtaşırı bəzi fikirlərdən uzaq durmaq üçün bu cür kitabları əlimə götürürəm.

Lakin düşünməyə, fikir yürütməyə sövq edən digər ədəbiyyat da var. O ki qaldı bəndənizə, heç olmasa məni narahat edən bir məsələyə toxunmayacağım roman yaza bilməzdim. Mənim üçün kitab – dünya, cəmiyyət, tarix, zaman, keçmiş və gələcək barədə düşüncələrimdi.

- Son on ildə dünya irimiqyaslı dəyişikliklərə məruz qaldı. SSRİ-nin dağılmasını, Avropa Birliyinin Avropa ittifaqına keçidini, Afrikada, Asiyada hərbi münaqişələri necə qəbul edə bildiniz?

- Dünya hazırda iqtisadi qloballaşma fenomeni yaşayır. Məncə, bu, totalitarizmin yeni formasıdı. Biz ideyaların mövcud olmadığı bir dönəmdə yaşayırıq. Dünyada yeni düzgün siyasi ideyalar yoxdu, köhnələrə qarşı çıxış etməyə isə heç kəsin cürəti çatmır. Biz beynəlxalq həmkarlar ittifaqının sifəti, çəkisi, əhəmiyyəti olmayan bir dövrdə yaşayırıq. Biz çoxlarının demokratiyadan dəm vurduğu, amma əslində onun mövcud olmadığı bir dönəmdə yaşayırıq. Real hakimiyyətin vətəndaşlar tərəfindən seçilmiş hökumətin əlində deyil, transmilli monopoliyaların ixtiyarında olduğu bir vaxtda heç demokratiyadan söhbət salmağa belə dəyməz.

Məsələ absurd həddə çatıb. Biz demokratiyadan nəsə hiss olunan, əhəmiyyətli bir şey kimi danışırıq. Baş verənləri ayıq və soyuq ağılla müşahidə edəndə isə indiki zamanda demokratiyadan danışmağın sadəcə ədəbsiz olmağı qənaətinə gəlirsən. Dünyadakı iqtisadi hakimiyyət demokratik deyil, çünki transmilli şirkətlərin başçılarını heç kəs seçməyib. Faciə də məhz bundadı.

Digər tərəfdən, sollar, ya da vərdişlə “sol” adlandırdıqlarımız, nadir müstəsnalar olmaqla, artıq çoxdan sol deyil. Sollar praqmatik olublar. Bu gün sollar – siyasi “mərkəz”in yeni formasıdı. Sol hökumətlərinsə heç bir hakimiyyəti yoxdu. Hərçənd vətəndaşlar hələ də sadəlövhcəsinə səsvermədə iştirak etməklə nəyisə dəyişə biləcəklərini düşünürlər.

Hə, düzdü, onlar hökuməti dəyişə bilərlər, prezidenti aşıra bilərlər və s. və i. Amma biz reallıqda həyatımızı idarə edən iqtisadi hakimiyyəti nəinki dəyişə, ona hətta toxuna belə bilmərik. Və bu, insanları bir yumruq kimi birləşdirən yeni ideyalar yaranmayınca, elə belə də davam edəcək. Ya da ki yeni iqtisadi böhran baş verəcək və insanlar yer üzündəki həyatı hara gətirib çıxardıqları üzərində düşünəcəklər.

- Yenə də, sizcə, yaxın gələcəkdə dünyanı nə gözləyir?

- Şəxsən mən yaşadığım sürəcə yeni heç nə gözləmirəm. Mən nə bədbinəm, nə də nikbin. Üstəlik bu bədbin-nikbin söhbətlərinin bir qara qəpiklik qədər əhəmiyyəti olmadığını düşünürəm.

Mühüm olansa faktlardı. Faktlarsa onları gördüyümüz və bildiyimiz kimidi. Məhz bu faktların ucbatından bəziləri yetərincə yaxşı yaşayır və elə həmin faktlara nikbinliklə yanaşır. Amma axı biz bilirik ki, bu gün dünyada üç milyarddan artıq adam günə bir dollara yaşayır. Bu gün dünyada bədbəxtlik heç olmadığı qədərdi. Siyasətçilər boş-boş söz oyunu oynayırlar, hökumətlərsə real iqtisadi hakimiyyətin sıradan komissarlarından savayı bir şey deyillər.

ABŞ-ın prezidenti Klinton, ya Buş olsun, nə fərq edər ki? Buşun nümunəsində onun iri neft və dağ mədənləri firmaları və monopoliyalarının siyasətini yürütdüyünü rahatlıqla görmək mümkündü. Onu prezident kürsüsünə oturdanlar da elə onlardı.

Burdan belə bir sual meydana çıxır: bəs biz nə edə bilərik ki? Çox cüzi bir şeylər. Bizim cəmiyyətdə şəxsi uğur, şəxsi zəfər ideyası üstünlük təşkil edir. Axı biz bu və ya başqa dərəcədə eqoistik, cəmiyyət özü daima hər kəsə təlqin edir: “inanma və heç kəsə etibar etmə”, “şəxsi uğurunu əldə et”, “öz zəfərini bayram elə, hətta başqalarını məhv etmək naminə”.

İndi məhz bu əxlaq normaları ilə yaşayırıq. Və KİV hər vəchlə buna kömək edir. KİV dünyanı başdan-başa bayram kimi təqdim edir. Həqiqətən də, pultun düyməsini basmaq kifayətdi ki, rəngli şəkil gözlərinin qarşısında canlansın – lap Hollivud filmlərində olduğu kimi. Halbuki kadr arxasındakı reallıq dəhşətlidi. Afrikanın məhvə sürüklənən materik olması heç kəsin vecinə deyil. Ya da ADİS dünyanı başına alıb, hər kəs bunu qulaqardına vurur.

Bəşəriyyətin həyatını dəyişəcək yeni siyasi ideyalar görmürəm. Hələ ki fundamentalizm alaq otu sayağı hər yeri basıb: yeni siyasi və sosial təfəkkür və davranış növü kimi. Müəyyən edilmiş ölçülərə sığmayan hər şey kəskin şəkildə mühakimə edilir və qadağan olunur. Elə götürək siqaret çəkməyi. Dini fundamentalizmin bizləri hara aparıb çıxaracağını heç ağlımın ucundan belə keçirmək istəmirəm. Əfqanıstanda baş verənlərə diqqət yetirin. Və başqa yerlərdə həmçinin.

Bizlərsə bir səhər oyanıb, özümüzə “daha belə yaşamaq olmaz, nəyisə dəyişmək lazımdı” söyləyə bilmirik. Və gücsüzlüyümüzün əsas səbəblərindən biri vətəndaşların siyasi həyatda real iştirakının mövcudsuzluğudu. Çünki getdikcə daha çox insan onun səsinin bir qara qəpik qədər əhəmiyyəti olmadığını dərk edir...

# 3605 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #