Qadın vəfasızlığından “Qadın corabları”nacan

Qadın vəfasızlığından “Qadın corabları”nacan
8 sentyabr 2014
# 13:38

Bu yaxınlarda dostlarla söhbət əsnasında ağzımdan qaçırdım ki, Cəlil Cavanşirin “Qadın corabları” romanı haqqında bir yazı yazacağam. Gördüm qımışdılar, - tərifləyəcəksən, yüz faiz. Bu önyarğı içimdə bir narahatlıq yaratdı. Evinizi Allah tiksin, içi mən qarışıq, hamımız yazırıq. Çay süfrəsi arxasında, yeyib-içmək məclislərində bir-birimiz haqda “filankəsin ədəbiyyata dəxli yoxdur”, “o, nəsr yaza bilmir” deyə əslində öz eqomuzu sığallayırıq. Desən ki, öz aramızdı, heç sən də yaza bilmirsən, burda məsələ qəlizləşəcək.

Mən həmişə bu fikirdə olmuşam ki, bir yazıçının digər yazıçının əsərini tənqid etməsi ədəbi cığallıqdan başqa bir şey deyil. Hər bir yazar öz dünyagörüşündən, öz mühitindən və təcrübəsindən çıxış edərək istedadının imkan verdiyi miqyasda ədəbi mətn yaradır. Axı ona necə demək olar ki, sən bunu pis yazmısan? Yazıçı sənin bəyənə biləcəyin əsəri yazmağa borclu deyil. O əsərin də mütləq öz oxucusu tapılacaq və tapılır.

Mənim Cəlil Cavanşiri nə tərif, nə də tənqid etmək fikrim var. Mən həmişə darıxan adamam və darıxmaq hissi içimi bürüyəndə ilk yadıma düşən adam Cəlil abi olur. Cəlil ədəbi mühitdə bəlkə yeganə adamdır ki, mən ən məhrəm sözümü ona deyə bilirəm. İnsanın həyatda mütləq məhrəm sözünü deyə biləcəyi bir həmdəmi, həyanı, ürək dostu olmalıdır. Müxtəlif situasiyalarda, çətin məqamlarda mənə arxa olan dostlarımın heç birinin haqqını itirmədən Cəlilin mənimçün məhz bu baxımdan müstəsnalığını xüsusi qeyd edirəm. Cəlillə bir kədəri arpa suyuna ( pivəyə) qatıb səhərəcən yavanlıq elədiyimiz günlərdən çox keçməyib. Həyatın amansızlığından, qadın vəfasızlığından, ədəbiyyatdan, kinodan, lap belə Nadir Qafarzadənin “Maral”ınacan hər türlü mövzuda onunla söhbətlərimiz olub. Cəlilin həlim təbəssümü canıma qəribə bir rahatlıq gətirib, ondan ayrılıb evə gedəndə içimdə təsəvvüredilməz dərəcədə yüngüllük hiss etmişəm.

Cəlil içi dopdolu olan bir adamdı, onun yazıları çoxillik şərab kimi həmişə adamın beynini dumanlandırır. Hər dəfə görüşəndə yeni yazdığı roman haqqında şövqlə danışırdı və məni də maraq hissi bürüyürdü. Bir gün nəhayət, “Qadın corabları”nı oxumaq üçün mənə yolladı və mən romanı, yalançıların sözü olmasın, iki-üç saata oxuyub bitirdim. Bu romanda yaşadığı bu az ömürdə neçə dəfə “intihar” etmiş Cəlilin özünü gördüm. Bu əsər oxucuya imkan verir ki, mətnin bir hissəsinə çevrilsin və oxucunun yorulanda çıxıb getməsi üçün çıxış nöqtəsi də qoyur.

Əsər Nicat Aslan adlı yazarın özünü qadın corabları ilə asması yaxud asılması ilə başlayır və sonrakı bütün hadisələr vaxtsız dünyasını dəyişmiş bu gəncin ətrafında baş verir. Dil və təhkiyə gözümüzün alışdığı ədəb-ərkanlı, ütülü-sığallı və bəzək-düzəkli deyil. Cəlil romanı cod və daranmamış dildə (qrammatik baxımdan deyil, leksik-semantik nöqteyi-nəzərdən ) yazıb, yeri gəldikdə epatajdan da istifadə edib. Əsərdə təsvir edilən mühit, Nicatın keçirdiyi qeyri-sağlam həyat tərzi bunu birbaşa tələb edir, qəhrəmanın içində sıxılmış enerji söyüş formasında püskürür.

Cəlil bu əsərdə bədii təsvir vasitələrindən istifadə etməyib, sadəcə, qələmin başını buraxıb. Əsərdə maraqlı müəllif müdaxilələri var ki, dostumuz bu ədəbi fənddən yaxşı faydalana bilib. Nicatın iztirabları, Könülün çarəsiz sevgisi və Orxanın dost itkisindən doğan üzüntüsü oxucunu gerçək və acı bir həyat hekayəti ilə üz-üzə qoyur. Romanın süjeti son dərəcə maraqlıdır, detektiv həvəskarları da oxuya bilər. Yazıçı bu əsərdə eyni zamanda öz müasirlərinin, həmyaşıdlarının faciəsini göstərir, cəmiyyətin və yaşamın sosial-psixoloji imajını təsvir edir. Əlbəttə, Cəlil istəsəydi, bu mövzuya daha geniş, əhatəli miqyasda yanaşa bilərdi, bütün tənqidçilərin könlünü şad etmək üçün ədəb-ərkanlı “yazıçı cümlələriylə” bol olan əsər də ortaya çıxara bilərdi. Ən azından, Cəlilin buna istedadı çatar. Amma onda “Qadın corabları” yox, dadsız-duzsuz bir əsər ortaya çıxacaqdı.

Bu əsərin hər cümləsində Cəlilin stixiyası hiss olunur. Onun jestləri, mimikası, əsəbi, çılğınlığı damar kimi cümlələrdə çırpınır. Bu, Cəlilin üslubudu, Cəlili başqalarından fərqləndirən də məhz bu azadəlikdi, üsyankarlıqdı, barışmazlıqdı.

# 2265 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #