Özünü qatardan atmaq

Özünü qatardan atmaq
29 may 2013
# 11:34

Biz hamımız Azərbaycan adlı qatarın sərnişinləriyik. Ona görə də bir-birimizi nədəsə ittiham etməyə haqqımız çatmır. Axı hamımızın yolu, istiqaməti birdir. İntihar edənlər özlərini bu qatardan atanlardır. Düzdür, dinimiz intihara qadağa qoyub, amma biz o zavallıları da qınaya bilmirik, heç təqdir etmək fikrində də deyilik.

Hərdən fikirləşirəm ki, deyəsən, onlar tələsdilər. Onlar sadəcə, həyatın nəbzini tuta bilmədilər. Sovet cəmiyyətində ədəbiyyat insanlara həyat dərsi keçirdi, azad bazar iqtisadiyyatı ədəbiyyatı zibil yeşiklərinəcən qovdu. İndiki ədəbiyyat həyatın amansız qanunları qarşısında aciz qaldı, addım-addım geri çəkildi və kürəyi zibil qutularına dəyəndə dizləri yerə gəldi...

Azad cəmiyyətin qarşılaşdığı sualların çoxu Kamyudadır, Sartrdadır, Soljenitsındadır. 1968-ci ilin mayında Parisdə tələbələr qiyam edəndə 63 yaşlı Jan Pol Sartr onlarla birlikdə barrikadalarda idi. XIX əsrin ortalarında mütləqiyyət üsul-idarəsinə qarşı mübarizəyə qalxan universitet tələbələri içərisində gələcəyin böyük yazıçı və filosofu A. İ. Gertsen də vardı. Bu yol onu əzablı sürgünə aparırdı və Sibir sazağı onun da taleyindən əsib keçdi. Çox sonralar, ailəsiylə birlikdə Rusiyanı birdəfəlik tərk etdikdən sonra Londonda qələmə aldığı “Olmuşlar, düşüncələr” əsərində yazıçı həmin dövrün ən mühüm tarixi hadisələrini bütün ayrıntılarıyla birgə təsvir edib.

Yaşadığı dövrün real faktlara, tarixi həqiqətlərə söykənən salnaməsini qələmə almağı yazıçı vicdan borcu bilməlidir. Təəssüf ki, ən yaxın tariximizi öyrənmək üçün Sabir Rüstəmxanlının “Xətai yurdu”, Ədalət Tahirzadənin ikicildlik “Meydan” kitablarından başqa istinad ediləsi ayrı bir mənbə yoxdur. Söhbət qəzet səhifələrindən yox, konkret salnamə tipli kitablardan gedir. Hər halda kitablar qəzetlərdən daha uzunömürlü və etibarlı olur.

Bizdə senzura yoxdur, heç bir yazara qadağa, hansısa məhdudiyyət qoyulmayıb. Hər kəs istədiyini yaza və çap etdirə bilir. Amma... bütün bu yazılanların təsir gücü sıfıra bərabərdir. Oxucu kitabdan deyəsən, biryolluq üz döndərib. O, ədəbiyyata donorluq eləmək istəmir, özünü qatardan atanların heyfini yazıçılardan çıxır.

Səhər evdən yüksək əhval-ruhiyyə ilə çıxıb axşam suyu çıxmış vəziyyətdə qayıdırsan. Cəmiyyətdə saysız-hesabsız enerji vampirləri peyda olub ki, bunlar metroda, avtobusda sənin sıxıb suyunu çıxarırlar. Bundan sonra gəl, otur, normal əsər demirəm, bircə cümlə yaz görüm, necə yazırsan!

Bir dəfə belə bir sual qoymuşdum ki, axı biz niyə yazırıq? Bir nəfər bu yazını oxuyub məndən soruşdu ki, səncə, bu sualın həqiqətə yaxın cavabı nədir? Dedim, bəzi şeylər var ki, onları yaşamaq azdır, gərək həm də anladasan, yəni, yazasan. Biz əvvəl-axır indiki durumumuzun izahını axtarıb tapmalı və onu yazmalıyıq. Çaşqın vəziyyətdə olan insanımıza öz vəziyyətini anlatmalı və çıxış yolunu göstərməliyik. Bunu edə bilməsək, ədəbiyyat bizi yazıçı kimi qəbul etməyəcək.

O zaman tək bircə yol qalır – özünü qatardan atmaq!

# 2592 dəfə oxunub

Müəllifin son yazıları

# # #