Kulis.az Xalq yazıçısı Kamal Abdullanın "Şair sözü, əlbəttə, yalandır" adlı essesini təqdim edir.
Füzuli yazırdı:
“Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.
Şair sözü – özü də yalan?!
Bu fikrin poetik ifadəsi əslində, bizimlə, yəni, real aləmlə mahiyyətlər, harmoniyalar dünyası arasında bir maneənin olmasına, özü də bu maneənin məhz Söz olmasına işarədir. Füzuliyə görə, mahiyyətlər dünyası ilə üzdəki görümlü, yaşanan həyat arasında “yalan olan şair sözü” durur. Niyə bu söz yalan kimi təqdim edilir?
Bir qədər bizə tərəf və bir qədər yana – Rusiyaya gələk və XIX əsrin böyük şairlərindən biri Tütçevi xatırlayaq. Bu böyük estet şair “И мысль изреченная есть ложь” deyirdi. Füzuli ilə açıq-aydın fikir, məntiq əlaqəsi göz qabağındadır.
Bizim ətrafımızdakı reallığa, yəni, həqiqətə, beyin energiyası, beyində gedən proseslər çox yaxındır, bəlkə də, onun birbaşa inikasıdır, eynidir. Bizim fikrimiz, düşüncəmiz təmiz halda, yəni, hələ beynimizdə ikən mahiyyətlər dünyasının adekvat, başqa sözlə, həqiqi əksidir. Nə zaman ki, beynimizdəkilər söz halına düşür, ağızdan çıxıb deyilir, o zaman artıq düşüncədən sözə çevrilən energiya öz həqiqilik, reallığa, mahiyyətə uyğunluq ölçüsünü itirir – sözə dönmək artıq nəyinsə itkisi deməkdir.
Heç bir söz bizi öz fikrimizin, yəni, beynimizdəkinin tam adekvat ifadəsinə gətirib çıxarmır. Sözlər bizimlə dünya arasında labüd bir maneəyə çevrilir, sərhədə dönür.
Bu məqamda musiqi ilə analogiya aparmaq olar. Musiqiçi olmayanlar, yəqin ki, hər hansı bir melodiyanı öz içlərində (beyinlərində) təmiz şəkildə “çala bilirlər”. Amma səslə çalmağa gələndə məsələ qat-qat çətinləşir, çox vaxt bu heç mümkün olmur – melodiyanı “xatırlaya” bilmirsən. Harmoniyanı içindən buraxanda o dağılır.
Söz sənətində də, təxminən, belə olur. Harmoniyanın, mahiyyətin tapılması “sözləşən” zaman dağılırsa bu, şair şişirtməsində “yalan” kimi təqdim edilir.
Füzuli də, ondan bizə tərəf və bir qədər yanda yaşayıb-yaradan Tütçev də, neçə-neçə həqiqəti sözlər arasında axtarmağa çalışıb həqiqətin – mahiyyətin üzünə hopmuş təsadüfi cizgiləri silməyə çalışanlar da (Bloku xatırlayaq: “Сотри случайные черты, И ты увидишь: мир прекрасен!”), əslində, bütün yaradıcılıqlarını daxili əzabla yaşayıblar.
Bu əzab möhtəşəm bir sonluq kimi amerikalı Folknerin sözlərində öz məntiqi təbii nəticəsini tapıb. Folkner deyirdi: Ən böyük və ən gözəl məğlubiyyət nəyi isə həyata keçirmək cəhdi və bu cəhd üçün əlində olan imkanın uyğunsuzluğundan yaranır.
Əlbəttə ki, əgər “yalan olan şair sözü” bizimlə mahiyyətlər dünyası arasında sədd çəkirsə və onu olduğu kimi görməyə qoymursa, “beynindəkilər həyata gəlirsə, yalanlaşır” deyən şairə də o qalır ki, mahiyyətlər dünyasının bağlı qapısına gücsüz zərbələr vursun.
Və bütün bunları görüb dərk edən başqa bir sənətkar onların hamısının əvəzinə bu böyük və gözəl məğlubiyyəti boynuna alır.
Hansısa daha bir gözəgörünməz çevrə beləcə qapanmış olur.