O hamımızı zorlayacaq

O hamımızı zorlayacaq
16 may 2014
# 16:46

Jalə Mütəllimova yazır

Sevmədiyin kişiyə ərə getmək kimi bir şeydir ölmək. İnanmırsız? Mən inanıram həm də çoxdan...

Adamı özünə tabe eləməkçün min hoqqadan çıxır ölüm. Sevdirə bilmir özünü. Zorlayır insanı.

Hərdən o zorlamalar elə güclü olur ki, insanların hamısı zəif qadın, ölümsə güclü kişi təsiri bağışlayır adama...

Ölümün zorlamasıdır bütün xəstəliklər. Bir az-az, bir az çox, hər nə qədər hiss eləsə o qədər zorlanmış sayılar adam...

Ən çox sevdiyinə, umduğuna əziyyət verər ölüm. Nə umur? Sevgi. Siz inanmayın. Amma mən əminəm, Ölümə sevgi lazımdı. Sevə-sevə qəbullanasan, sarılasan. Qollarında xoşbəxt, ehtiraslı görə səni. Heç necə öləcəyini də bilməyəsən. Ölümünü sevən adam görmüsünüzmü?....

Mən gördüm. Amma hələ də bilmirəm hansı daha çox sevdi. Bircə onu bilirəm ki, təkcə o kişi yaşadı. Bəlkə də oynadı. Yəqin ömrünün sonunda özünə edəcəyi son etirafı da bu olacaq: Yaxşı oynadım. Çox uzağa getdim deyəsən. Qəribədir o ev də uzaqdadı...

...Otağının bir küncü onların idi. O küncə qısılıb otururdular həmişə. Köhnə əşyaları, təmirsiz divarları ikisinə aid idi həmin evin. Bir köhnə çarpayısı, çiyinlərinə atıb oturduqları köhnə gödəkcələr, üşüyəndə isinmək üçün yandırılan soba vardı orda. Onlardan başqa hər şeyi köhnə idi o evin. Dərdləşməkçün görüşürdülər əvvəl.

Sonra sevgisizlik yaxınlaşdırdı. Sonra darıxmaq. Sonra tənhalıq. Və bir gün hər şey sarmaş dolaş oldu həmin küncdəki köhnə çarpayıda. O dolaşıqdan çıxmaq asan olmadı. İkisi də bilirdi ki, bircə ayrılığın qapısı açıqdı üzlərinə...

Evlilərin sevgisi o qapıyacan ola bilər ancaq. Kişi susmuşdu. Qadından gözləyirdi nəyisə. Ya da o qadın elə bu köhnə çarpayıya gələn yolacan lazım idi ona. Onda belə düşünürdü qadın. Bir də düşünürdü ki, tənhalığın qalibiyyətidi bütün ayrılıqlar və məğlubdur sevgisini evliliyində yaşayan bütün insanlar. Hər şeyi o küncdə qoydu. Hislərini, ruhunu, sevgisini...

Ölümünü sevə-sevə gözləyən yeganə qadın oldu beləcə. Nə zamansa o kişinin məndən başqa həyatında kim olasıdır, sualına, sədaqətini ifadə eləmişdi: Elə sən, ya da ölüm – demişdi axı...

Elə həmin gündə qaldı o qapıdan çıxandan sonra. Yaşamağa başqa günü olmamışdı, nə o kişiyəcən, nə də ondan sonra...

Bəlkə də ölümün ona sarı könüllü getməyəcəyi yeganə qadın idi. Ölümə də təkcə bədən yox, ruh lazımdı. Ruhu başqa evdə, başqa küncdə, başqa çarpayıda qalan qadın nəyinə gərəkdi onun...

Həmişəlik bir küncə, it kimi sədaqətli qalan qadınlardan ancaq heyf çıxar ölüm. Onları yaşadar. Laaap sona qədər həm də. O qadınlar ölməz ki, canları çıxar. Ruhsuz bədəndə başqa nə qalar ki?

Və o ev... O ev hələ ordadı, uzaqlarda. Divarları təmirlidir. İçində adamlar da yaşamağa hazırlaşır deyirlər. Amma hərdən o küncə baxıb gülümsəyir o kişi. Üzünə vurmasalar da dəli olub bu deyirlər hərdən ardıyca. Nə balasının, nə qadınının xəbəri var küncdəki xatirələrdən. Bir də deyirlər ki, hərdən həmin küncə sığınır. Bəlkə də küncdəki o qadına, bilmirəm. Amma bacarsan qucaqla onu deyərdim, həmin qadına. Kimsəyə sığınmazdı qürurundan o kişi. Bəlkə həmin qadının ağlının o küncdə qaldığını ağıl eləsə, heç o küncə də sığınmaz...

O künc...Ora hələlik boşdur deyirlər. Nə zamansa bir mətbəx stolu, ya da bir kitab şkafı qoyulacaq ora. Hər nə qoyulsa xatirələrin üstündə duracaq. Bir buna əminəm. Və o qadın və o kişidən başqa kiməsəyə yük olmayacaq o əşya. Çiynindəki o yüklə dizin-dizin sürünüb ölümünə it kimi, yalvarana, ulayanacan gözləyəcək ikisi də ayrı-ayrı evlərdə...

Bəlkə ölsələr yenidən doğulacaqlar? Bəlkə ölüm elə qovuşmaqdı? Bəlkə doğulmağın başqa adıdır ölmək, bilmirəm. Bir bəlkə də qaldı. Bəlkə dünya bizi hamilədir, ölsəydik doğulardıq. Ölsəydik qovuşardıq....

# 8082 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #