İsi Məlikzadə şedevri: “Cehiz güzgüsü” - Hekayə

İsi Məlikzadə şedevri: “Cehiz güzgüsü” - Hekayə
26 noyabr 2019
# 09:02

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə müəllifin şedevrlərindən hesab olunan "Cehiz güzgüsü"dür.

Toy gününə bir həftə qalmış Abdullanın evinə bərk qan-qaralıq düşdü. Abdulla eşitmişdi ki, qız köçürtmək ağır işdi, amma heç ağlına da gətirməmişdi ki, bu ağırlıq bapbalaca bir şeyin ucbatından olacaq. Qızın cer-cehizi çoxdan düzəlmişdi: iynə-üskükdən tutmuş mebeləcən hər şeyi vardı. Birdən duyuq düşdülər ki, güzgü yoxdu.

Abdulla rayon mərkəzindəki mağazalarda isbatlı, qiymətli güzgü tapa bilmədi. Kənd mağazalarını bir-birinə vurdu, iki qonşu rayonun dükan-bazarlarını ələk-vələk elədi, di gəl ki, evə əliboş, kor-peşman qayıtdı və artırmada oturub onun yolunu gözləyən qohum-əqrəbasını da peşman elədi. Dişlərini qıcıyıb:

- Əlacın ola, bu mağazaları od qoyub odlayasan, – dedi, – Əşi, day güzgü buraxmırlar yəni?! Yəni bu camaata fərli güzgü lazım döyül?! Bay atonnan, belə də iş olar? Zənənnərin ciblərində gəzdirdiyi güzgüdən savay güzgü yoxdu mağazalarda! Güzgü də mənə bir matah olub! Tfu, zalım uşağı!

Heç kim başa düşə bilmədi ki, Abdulla «zalım uşağı» deyib kimə tüpürür: güzgünü mataha döndərənlərə, yoxsa ayağını yerə dirəyib onu güzgü dalınca göndərən qohum-əqrəbaya?

Abdulla artırmanın qabağında sallağı oturub, yorğun-arğın dedi:

- Day güzgü-zad axtarmayacam.

Artırmada böyüklü-kiçikli, arvadlı-kişili on-on beş adam vardı, bu on-on beş adamdan kimsə – bir arvad xeylağı dodaqlarının altında mızıldadı:

- Güzgüsüz də gəlin olarmı, ay qağa?

Başqa bir arvad da onun sözünə qüvvət verdi:

- Güzgü adamın baxtıdı, qurban olum... Güzgü aydınlıqdı...

Abdulla hirsli-hirsli:

- Özümü güzgü qayırmayacam ha. – dedi.

Artırmadakı on-on beş nəfərin içində Abdullanın Nəsir adlı bir qohumu da vardı, Abdullanın rəhmətlik atası ilə Nəsirin rəhmətlik atası xalaoğlu idilər, elə Abdullayla Nəsir də bir-birlərinə «xalaoğlu» deyirdilər. Toya hazırlıq məqamında Nəsiri də məsləhət-məşvərətə, köməyə çağırmışdılar, ancaq bu neçə gündə Nəsirin məsləhətinə, köməyinə ehtiyac olmamışdı.

Nəsir hiss elədi ki, indi onun kara gələn vaxtı çatıb. Əvvəlcə yerində qurcuxub kətili cırıldatdı, sonra boğazını arıtlayıb:

- Güzgünün fikrini çəkməyin, – dedi. – Güzgü mənim boynuma.

Hamı başını döndərib, bir az qıraqda oturmuş Nəsirə baxdı. Nəsir də gözlərini zillədi Abdullanın istidən pörtmüş üzünə.

- Xalaoğlu, cehizin içində güzgü mütləq olmalıdı, – dedi. Birinci kərədir qız köçürdürsən, adəti-filanı bilmirsən. Mənim dörd qızım var – allah hamınınkını xoşbəxt eləsin – hələ balacadılar, vaxt yetişəndə onlar da köçəcəklər. Qoymaram bir şeyləri də əskiy olsun. Qız ata öyünnən çıxanda gərək ürəyiaçıq çıxsın, kəm-kəsirsiz çıxsın. Bildin, xalaoğlu?

Abdulla, Nəsirdən beş-altı yaş böyük idi, amma indi Nəsirin danışığına qulaq asdıqca ona elə gəldi ki, Nəsir dünyagörmüş, ahıl kişidi və bu kişi Abdullanı qabağına qoyub ağıl verir ona. Abdulla, Nəsirin qalın, şəvə bığına baxa-baxa başını yellədi.

- Güzgü qəhədə çıxıb, xalaoğlu, – dedi. – Haqqını dörtqat, beşqat verrəm, kimdə var gətirsin. Yerini bilirsənsə, de, bu dəyqa gedim alım.

Nəsir:

- Yerini bilirəm, – dedi və susdu. Susdu ki, burda oturanlar gözlərini onun ağzına dikib nigaran qala-qala fikirləşsinlər ki, «ayə, bu Nəsir allahın bəlasıdı, deyəsən. Abdulla neçə gündü həlak eləyib özünü, bir güzgü tapa bilmir, deyəsən, Nəsir tapacaq». Nəsir gördü ki, doğurdan da, hamı gözünü dikib onun ağzına, nigaran-nigaran gözləyir, dedi: – Güzgü Bakıda. Ola bilməz ki, o boyda şəhərdə güzgü tapılmasın. Gedib, Bakıdan gətirəcəm güzgünü.

Abdulla qulaqlarına inanmadı. Bilirdi ki, çayçı Nəsirin bu rayondan qırağa çıxdığını barmaqla saymaq olar və çayçı Nəsir heç qonşu rayonlara əməlli-başlı bələd deyil, gəl ki Bakı ola. Çayçı Nəsir camaatın xeyrinə-şərinə çox yaramışdı, toylarda, yaslarda səhərdən-axşamacan samovarın yanında ayaq üstə dayanmışdı. Abdullagilin xeyir işində də çay məsələsi onun boynuna düşürdü – bunu Abdulla da bilirdi, qohum-əqrəba da. Amma Abdullanın da, qohum-əqrəbanın da ağlına gəlməzdi ki, xalaoğlu Nəsir bir güzgüdən ötrü vurub Bakıya gedər.

Abdulla gözlərini döyə-döyə:

- Xalaoğlu, – dedi, – bilirsən burdan Bakıya nə qədər yoldu?.. Dörd yüz kilometr.

Nəsir bığını tumarlaya-tumarlaya gülümsədi.

- Samalyotun əlində bir saatlıq yoldu, – dedi. – Toya bir həftə qalıb, bir həftənin içində Bakıya beş dəfə gedib qayıdaram. Hələ günorta olmayıb, samalyot saat ikidə çıxır burdan. Allah qoysa, bu gün olaram Bakıda, güzgünü alaram, səhər tezdən də avtobusnan çıxaram ordan. Allah qoysa, sabah axşam üstü burdayam... Sağlıq olsun, xalaoğlu, inşallah, mən də birinci qızı köçürəndə onun cehiz güzgüsünü Bakıdan sən alıb gətirərsən.

Hamı dedi ki, əhsən Nəsirə. Nəsir kişidi, kişi oğludu, qohum yolunda malından da keçər, canından da. Sonra məsləhət belə oldu ki, Nəsiri Bakıya tək buraxmasınlar – bəlkə kömək-zad lazım oldu ona – Abdullanın yeddinci sinifdə oxuyan oğlu Əlibalanı qoşdular Nəsirə. Sonra da “yol gedəcəksiniz” deyib təzəcə dəmlənmiş aşdan ikisinə də «partladım» deyincə yedizdirdilər...

Əlibala ömründə birinci dəfəydi ki, təyyarəyə minirdi. Sevinirdi ki, göydə uçmağın, göydən yerə baxmağın ləzzətini duyacaq. Sevinirdi və sevindiyindən dil-dodağı əsirdi, danışanda səsi titrəyirdi, amma Nəsirə elə gəlirdi ki, Əlibala qorxur. Tez-tez Əlibalaya: “Qorxma”, – deyirdi. Əlibala da başını bulayıb: “Qorxmuram”, – deyirdi.

Görəndə ki, yan-yörədəkilər dirsəkliyin böyründən sallanan enli kəmərlə özlərini oturacağa bağlayırlar, Nəsir Əlibalanı dümsüklədi.

- Özünü bu qayışnan sarı, ə. Gərək sarıyaq, yoxsa tərpənəndə yıxılarıq. – Nəsir nə illah elədisə də, kəmərin uclarını bir-birinə bənd eləyə bilmədi. Başa düşə bilmədi ki, hansını hansının içindən keçirtmək lazımdı. – Bu andıra nooldu, ə? – dedi və başladı sağ-soluna boylanmağa ki, görsün camaat bu “andır” kəməri belinə nə təhər bağlayır.

Əlibala öz kəmərini çoxdan bağlamışdı. Əlini Nəsirin kəmərinin dilinə vurdu.

- Bunu keçirt o birisinin içinə, – dedi.

Nəsir çiynini çəkdi:

- Keçmir, axı.

- Yanpörtü elə, keçəcək, – deyib Əlibala qoruyucu kəməri Nəsirin belinə bağladı.

Nəsir gülümsəyə-gülümsəyə:

- Məndə günah yoxdu, – dedi. – Başımın tükü sanı samalyotda yol getmişəm. Günah qayış qayıran zalım oğlundadı.

Təyyarənin motorları işə düşdü, təyyarə başladı tir-tir titrəməyə. Nəsir əlini Əlibalanın əlinin üstünə qoydu:

- Qorxma ha, – dedi. – Düz qabağa bax, o yan-bu yana baxsan, ürəyin qalxar. Mən deyən kimi elə. Mən başımın tükü sanı...

Birdən təyyarə götürüldü. Yerlə getdi, getdi və qalxdı havaya. Elə bil Nəsiri kimsə başladı göbəyinin altından qıdıqlamağa. Təyyarə qalxdıqca Nəsirin ürəyi də yuxarı dartınırdı. Nəsir gözlərini «ne kurit» yazılmış işıqlı şüşə lövhəyə zilləyib bərkdən:

- Ya allah, sən özün saxla! – dedi.

Və Əlibala anladı ki, Nəsir təyyarəyə başının tükü sanı minməyib, Nəsir, bəlkə də, birinci dəfədir ki, təyyarəyə oturur. Nəsir gözlərini şüşə lövhədən çəkmirdi və hərdən: “Əlibala, bircə nöqtəyə bax ha, – deyirdi, – yoxsa qusarsan. Qabağa bax... Mənim kimi..”

Amma Əlibala qabağa baxmaq istəmirdi, yerə baxmaq istəyirdi; Vay dədəm vay! Evlər nə bapbalaca görünür. Maşınlar nə boydadı... Elə bil oyuncaq maşınlardı..

- Əlibala!

- Hə!

- Qorxmursan ki?

- Yox, Nəsir əmi, qorxmuram.

- Qorxma, gözümüzü yumub açınca Bakıya çatacağıq.

Əlibala üzünü təzədən pəncərəyə çevirdi. Təyyarə bir tərəfi üstə əyildi və Əlibalaya elə gəldi ki, yer də əyilib çəpinə dayandı.

- Əlibala!

- Hə!

- Ürəyin qalxmır ki?!

- Yox, Nəsir əmi, qalxmır!

- Qabağa bax ha!.. Mənim kimi!

Əlibala gördü ki, Nəsirin gözləri irilənib, rəngi-rufu avazıyıb, boyun-boğazından, alnından tər süzələnir, qalın bığının tükləri biz-biz dayanıb.

Nəsir iki-üç dəfə udqunandan sonra astaca öyüdü, o dəqiqə də əlilə ağzını qapadı. Yan tərəfdə oturmuş cavan oğlan:

- Əşi, ürəyin qalxır? – dedi.

Nəsir gözlərini şüşə lövhədən çəkmədən başını tərpətdi. Cavan oğlan:

- Çağır, gəlsinlər də, – dedi. – Onlarda kağız torbalar var, birini versinlər, tut ağzına.

Nəsir əlini dodaqlarından çəkib bərkdən çağırdı.

- Qrajdanka!

Əlibala başa düşdü ki, Nəsir təyyarə sürənlərdən birini çağırır. Bir az utandı. Əlibala bilirdi ki, təyyarə sürənlərin hamısı kişidi, onların içində “qrajdanka” yoxdu.

Nəsir bir də çağırdı:

- Qrajdanka!

Təzədən ağzını doldururdu ki, “qrajdanka” deyib qışqırsın, yanındakı cavan oğlan qoymadı.

- Əşi, sağ əliyin altındakı knopkanı bas, – dedi.

Nəsir gözləri şüşə lövhədə, sağ əlini irəli-geri nə qədər gəzdirdisə də, düyməni tapa bilmədi. Axırda cavan oğlan əyilib düyməni özü basdı.

Nəsirin dodaqlarında qan qalmamışdı. Əlibalanın yazığı gəldi ona. Əlini Nəsirin çiyninə qoyub:

- Qorxma, Nəsir əmi, qorxma dedi.

Nəsir bir gözünün ucuyla Əlibalaya baxıb, təzədən nəzərlərini şüşə lövhəyə zillədi.

- Qorxmuram, ə, – dedi. – Zəhirmar aşdan çox yemişəm, düyü ürəyimi bulandırır.

Təyyarəçi geyimində lap sütül bir oğlan gəldi – işini ehtiyatlı tutmuşdu – əlində kağız cürcənək vardı. Nəsir oğlanı görən kimi:

- Davay bumajnı meşok, – dedi və torbanı oğlanın əlindən qapıb, ağzına tutdu.

Təyyarəçi gedəndən sonra yanındakı cavan oğlan Nəsirdən soruşdu:

- Əşi, samolyota birinci dəfədi minirsən?

Nəsir başını tərpətdi, amma elə tərpətdi ki, bilinmədi “hə” deyir, yoxsa “yox”.

Bakıya çatanacan Nəsir çənəsini torbanın içindən çıxartmadı...

Təyyarə limanının qabağındakı balaca çayxanaya girəndə də Nəsirin rəng-rufu hələ üstünə gəlməmişdi. Nəsirin dodaqları səyriyirdi, deyəsən, gülümsəmək istəyirdi, amma ağıllı-başlı gülümsəməyə elə bil heyi, gücü çatmırdı.

Bir stəkan çay içəndən sonra Nəsirin rəngi də açıldı, dili də.

- Ölmüşdüm, ə, – dedi. – Neçə adamdan eşitmişdim ki samalyotda oturanda gərək düz qabağa baxasan, ha baxdım, genə əncam olmadı; başım gicəlləndi... Kişi də ayağını yerdən üzərmi, ə? Hayıf döyül maşın?

Amma təyyarədə uçmaq Əlibalanın xoşuna gəlmişdi. Əlibala bu gün quşlardan da yuxarı qalxmışdı. Həmişə altdan baxdığı ağappaq buludları yarıb keçmiş, yerin nə qədər böyük, ucsuz-bucaqsız, min rəngli olduğunu görmüşdü və bunun üçün Nəsirə minnətdar idi.

Nəsir çayı nəlbəkiyə töküb üfürə-üfürə içirdi və hər üfürdükcə qalın bığı quş qanadları kimi qalxıb enirdi. Əlibala fikirləşdi ki, bu qalın bığ Nəsirə qətiyyən yaraşmır; Nəsirin üzü bapbalacadır, arıqdır - bığ üzünü örtüb onun və yəqin ki, belə bığla Bakıya gəlmək ayıbdı.

Nəsir kepkasını çıxardıb dizinin kündəsinə qoydu, yaylıqla başının dazını, boyun-boğazını sildi. Birdən yadına, nəsə, gülməli bir şey düşdü və başladı astadan gülməyə.

- Qırx beş yaşım var, – dedi, – hələ belə qaravəlli işə düşməmişdim... Samalyotda ürəyim qalxanda fikirləşdim ki, ayə, görəsən neynəyim ki, ürəyim qayıtsın geri. Başladım yadıma turş şeylər salmağa. Öz-özümə dedim: turşu-lavaş. Zəhrimar yumurta qayqanağı gəlib durdu gözlərimin qabağında. Dedim: alça... adamın dişlərini qamaşdıran turş alça... Gördüm, yox, sən öləsən, qayqanaq gözümün qabağından getmir ki, getmir. Dedim: nar... turşməzə nar... Gördüm, yox ey, yumurta qayqanağı gəlib durub burnumun altında, yağın iyi vurur məni. Bildim ki, ürəyimin qalxmağını dayandıra bilməyəcəm. Dedim: əşi, cəhənnəmə ki, lap yumurta qayqanağı, özü də quyruğ yağıynan. Onda başladım öyüməyə.

Qalxmaq məqamı çatanda Nəsir çaypaylayan oğlanı çağırdı.

- Çayın dəmi ötüb, – dedi. – Samovarın dalında dayanan çayçı qardaşa yetirərsən gileyimi.

Oğlan dirənə-dirənə dedi.

- Dəmi ötməyib təzədi...

Nəsir bir əlini sinəsinə qoyub, boynunu bükdü.

- Mənə yox də... Mən bu işin professoruyam.

Nəsir stolun üstünə iki dənə şax təklik tulladı. Çölə çıxanda Əlibalaya göz vurdu.

- Qəsdən pulu artıq verdim ki, xəcalət çəksin, başa düşsün ki, bu, söyüşdü ona...

Çox axtarandan sonra köhnə univermaqdan ürəyinə yatan bir güzgü aldı Nəsir. Əsl cehiz güzgüsü idi; iri, dördkünc, qıraqları naxışlı. Nəsir güzgünü kağıza yaxşı-yaxşı bükdürüb, qucağına götürdü.

- Xalaoğlu – sevinəcək dedi. – Allah hamını sevindirsin.

Küçədə Əlibalanı arxada qoydu:

- Mənnən aralı yeri, – dedi. – Toxunub güzgünü sındırarsan. Dalımca gəl, mehmanxana yaxındadı. Orda işləyənlərin hamısı məni tanıyır. Paltarasandan tutmuş, ta müdirəcən.

Yalvar-yaxardan, xahiş-minnətdən sonra Nəsir bir gecəliyə yer ala bildi. Otaqları üçüncü mərtəbədəydi. Nəsir liftə minmədi.

- Buna çox etibar eləmək olmaz, – dedi. – Birdən başı üstə gələr aşağı, güzgü qırılar.

Nəsir güzgünü sinəsinə basıb ləhləyə-ləhləyə, ehmal-ehmal pilləkənləri qalxdı, Əlibala da onun dalınca. Üçüncü mərtəbədə növbətçi stolunun arxasında oturmuş ortayaşlı qadını görəndə Nəsirin gözləri işıqlandı.

- Ay salam-əleykim, ay salam-əleykim! – dedi. İstədi qadına əl versin, yan-yörəyə nəzər saldı, güzgünü qoymağa yer tapmadı, Əlibalaya baxdı, deyəsən, güzgünü ona da etibar eləmədi. Təzədən üzünü qadına tutdu. – Xoş gördük, bajı, nə var, nə yox, nə təhərsən?

Nəsir çox məhrəm danışırdı, köhnə tanış kimi, dost kimi, lap yaxın qohum kimi danışırdı və onun belə danışmağı qadını çaşdırmışdı. Qadın əlini səliqə ilə daranmış xına rəngli saçına çəkə-çəkə Nəsirə baxırdı, amma deyəsən, tanıya bilmirdi onu. Nəsir gördü ki, qadının üzünə, ağappaq boğazına təzə-təzə qırışlar düşür. Nəsir qayğılı görkəm aldı, qayğılı səslə soruşdu:

- Nə təhər dolanırsan? Qızın institutu qurtardımı?

Bayaqdan key kimi oturub qalmış qadının gözlərində təbəssüm dolandı, boyalı dodaqları tərpəndi.

- Qız institutu qurtardı, – dedi. – Ərə də getdi.

Nəsir:

- Xoşbəxt olsun, bajı, xoşbəxt olsun, – dedi, başıyla qucağındakı güzgüyə işarə elədi. – Elə biz də xeyir iş üçün gəlmişik. Allah hamının balasına toy qismət eləsin.

Nəsirin dilavərliyi, deyəsən, qadının xoşuna gəldi. Gülümsəyə-gülümsəyə:

- Bağışlayın, – dedi, – sizi tanıya bilmirəm, axı.

Nəsir qaldı udquna-udquna, elə bil bəd xəbər eşitmişdi. Handan-hana başını döndərib pərt-pərt Əlibalaya baxdı və hiss elədi ki, Əlibala ondan betər pərtdi. Təzədən üzünü qadına tutub çaş-çaş gülümsədi:

- Keçən dəfə Qaraşnan gəlmişdik, – dedi. – Şofer Qaraşnan... Yadına düşmədi?

Qadın başını buladı.

- Yox, – dedi. – Heç Qaraşı da tanımıram.

Nəsir güzgünü sinəsinə bir az da bərk sıxdı.

- Ola bilməz, – dedi. – Keçən dəfə şofer Qaraşnan elə bu mərtəbəyə düşmüşdük, sən onda da dejurnıydın. Biz keçən dəfə...

Qadın onun sözünu kəsdi:

- Keçən dəfə? Nə vaxt?

- İnişil... yayda...

Qadın elə güman elədi ki, Nəsir onu ələ salır. Nazik, aypara qaşlarını dartıb:

- Rəhmətliyin oğlu, – dedi, – xalq səhər yediyini günorta yadından çıxardır, sən də başlamısan... Mən də elə bilirəm keçən həftə olmusan burda... İnişil!.. İnişildən bəri, bilirsən bura nə qədər adam gəlib?.. İnişil ha! – Və qadın başladı çiyinləri atıla-atıla gülməyə...

Nəsir otaqda da özünə gələ bilmirdi. Oturmuşdu çarpayıda, güzgü də qucağında, utandığından Əlibalanın üzünə baxmırdı.

Nəsir qalxıb güzgünü usdufca qoydu çarpayının üstünə

- Nə təhər yəni “tanımadım”, ə? Keçən dəfə Qaraşnan... Qaraş hər düşüb qalxanda buna bir plitka şaqalad verərdi. Biznən nə qədər söhbət eləyib bu? Bəs mən hardan bilirəm ki, bunun qızı... Özü demişdi. Demişdi ki, qızım gələn il institutu qurtarır. Qəribə adamlar var dünyada... “Tanımadım”a bax ey... Burda məni hamı tanıyır. Burda başımın tükü sanı... Keçən dəfə Qaraşnan...

Şofer Qaraş yük maşını sürürdü və tez-tez Bakıya gəlib, hansı anbardansa rayona yük daşıyırdı. İnişil yayda şofer Qaraş Bakıya gələndə Nəsiri də gətirmişdi özüylə. Demişdi, armudu stəkan yeri bilirəm, balaca nəlbəki yeri bilirəm. Düzü, stəkan-nəlbəki Nəsirin eyninə deyildi – stəkan-nəlbəkini rayonda da tapmaq olardı. Nəsir Bakını görmək istəyirdi, “ölüm-itim dünyasıdı, – deyirdi, – qoy heç olmasa bircə dəfə Bakıya ayağım dəysin”. Amma Bakıda stəkan-nəlbəki tapılmamışdı. Əvəzində şofer Qaraş Nəsiri aparmışdı “Kubinka”nın yanındakı balaca həyətlərin birinə və Nəsir həmin balaca həyətdən bir çamadan hind çayı almışdı. Nəsir o çaydan çürcənəyə beş-altı dəmlik töküb vermişdi bax bu növbətçi arvada. “Yaxşı arvaddı, – demişdi, – mehriban arvaddı, ürəyi çay istəyəndə dəmləyib içər”.

- Nə təhər yəni “tanımadım”, ə? – Nəsir qapıya tərəf gedə-gedə: – Əlibala, burda ol, gəlirəm, güzgüyə də əl vurma, – dedi və otaqdan çıxdı.

Əlibala pəncərənin qabağında dayanıb, işığa qərq olmuş küçəyə baxırdı. Yorğun olsa da, bu yay gecəsində Bakını qarış-qarış gəzmək istəyirdi. Amma bilirdi ki, Nəsir mehmanxanadan çıxmayacaq, güzgünü burda qoyub heç hara getməyəcək.

Beş-on dəqiqədən sonra Nəsir gülə-gülə içəri girdi.

- Tanıdı, ə, yadına saldım. Qaraşı da tanıdı... Əlibala, dur, düşək restorana, öldürdüm səni acından.

Nəsir qapının ağzında dayanıb restoranın içinə diqqətlə baxandan sonra:

- Gəl, o dibdə oturaq, – dedi.

Yemək sifariş verəndə Nəsir gözlərini xörəkpaylayan kök arvadın üzündən çəkmirdi, elə bil menyu arvadın üzündə yazılmışdı və Nəsir xörəklərin adını ordan oxuyurdu. Amma arvad öz işində idi. Nəsirin ona zəndlə baxdığını ya görmürdü, ya da özünü görməməzliyə qoyurdu...

İşləri avand gətirdiyi üçün Nəsir yüz qram da araq içdi. Xörəkpaylayan qadın hər dəfə onların stoluna yaxınlaşanda Nəsir gözlərini arvadın üzünə zilləyib sirli, müəmmalı tərzdə gülümsəyirdi və Əlibala qorxurdu ki, Nəsir bu dəqiqə soruşacaq: “Məni tanımadın?” Amma Nəsir heç nə soruşmurdu, elə arvada zəndlə baxıb gülümsəyirdi.

Yaxınlıqdakı stolun arxasında iki yeniyetmə oğlan oturmuşdu. Ləng-ləng yeyirdilər, elə bil bura yeməyə yox, vaxt keçirməyə gəlmişdilər.

- Əlibala, bunları görürsən? Tələbəyə oxşayırlar, – Nəsir oğlanlara altdan-altdan baxıb köks ötürdü. – Allah bilir, hansı rayonnan gəliblər, – dedi. –Süfrələrində içki yoxdu. Kefə gələn olsaydılar araq-çaxır içərdilər... Tələbədirlər, o yan-bu yanı yoxdu.

Nəsir kök arvadı çağırıb yemək-içməyin pulunu verdi.

- Bu uşaqların da haqqını məndən al, – deyib başıyla yandakı yeniyetmələrə işarə elədi. – Amma demə ki, mən vermişəm ha, inciyərlər, denən, “haqqınız çatıb”, vəssalam.

Haqq-hesabı verib qurtarandan sonra Nəsir arvadın döşlüyünün cibinə bir beşlik basdı.

- Bu da sənin, bajı, halal-xoşun olsun, – dedi və bayaqkı sirli, müəmmalı təbəssümlə: – Mən səni tanıyıram, – dedi.

Əlibala elə bildi ki, xörəkpaylayan arvad təəccüblənəcək, soruşacaq ki, məni hardan tanıyırsınız. Amma xörəkpaylayan arvad zərrəcən təəccüblənmədi.

- Bura gələnlərin hamısı məni tanıyır, – dedi. Məni tanımağa nə var ki?

- Keçən dəfə Qaraşnan Bakıya gələndə həmişə bu restoranda çörək yeyərdik, həmişə də sən qulluq elədiyin stolu seçərdik. Bayaq içəri girəndə gennən baxdım, gördüm burdasan, bu tərəfə qulluq eləyirsən. Qəsdən gəlib burda oturdum ki, görüm məni tanıyacaqsanmı? Amma, deyəsən, tanımadın.

Qadın restorana yenicə girib nəzərləriylə yer axtaran iki kişiyə baxa-baxa:

- Yadıma gəlmir, – dedi.

Nəsir əl çəkmədi.

- Şofer Qaraşnan gəlmişdik, – dedi.

Əlibala ürəyində allaha yalvardı ki, Nəsir Bakıya inişil gəldiyini deməsin. Desə, bu kök arvad da o növbətçi arvad kimi başlayacaq gülməyə və güləndə bunun çiyinləri yox, göbəyi atılıb-düşəcək.

Xörəkpaylayanın fikri başqa yerdə idi, Nəsir də dediyini deyirdi:

- Biz Qaraşnan oturmuşduq burda – dibdə. Sənə əllilik verdik, xırdan olmadı, gedib bufetdə xırdaladın. İndi yadına düşdü?

Arvad gülə-gülə ona tərəf gələn iki kişini başıyla salamlaya-salamlaya:

- Malades səndəki yaddaşa, – dedi və gülümsəyə-gülümsəyə kişiləri qarşılamağa getdi.

Nəsirin matı-qutu qurudu. Başının dazında, çənəsinin altında tər damcıları göründü. Fikirli-fikirli:

- Dünyada qəribə adamlar var, – dedi. – Buna həmişə beş-altı manat artıq verərdik. Bir dəfə Qaraş onluq verdi. Bir adam mənə on qəpik verəndə on kərə “sağ ol” deyirəm ona. Amma beləsinə nə qədər verirsən, ver, sən demə, üzünü yana döndərən təkin səni yadından çıxardır. Burda işləyənlərə artıq vermək lazımdı, səhərdən axşamacan ayaq üstədilər, hamının nazını çəkirlər. Amma bunların içində nanəcibləri də var. Əlibala, çörəyi dizinin üstündə olanlar var. Elə bilirlər camaat buların dədələrinə borcludu... Gedək, Əlibala, əsas məsələ odu ki, Abdulla xalaoğlunun işi düzəldi. Qalx, yatmaq lazımdı, sabah uzun yol gedəcəyik...

Yol, doğurdan da, uzun idi və bu uzun yolda Nəsir bir dəfə də olsun oturduğu yerdən qalxmadı. Güzgünü qucağından götürmədi, Əlibalaya da vermədi, “sındırarsan” – dedi. Avtobus çala-çuxura düşüb silkələnəndə Nəsir azacıq dikəlirdi ki, güzgü tərpənməsin. Üz-gözünün tərini yaylıqla silmirdi; bir çiynini qaldırıb üzünu sürtürdü çiyninə, sonra o biri çiynini qaldırırdı.

Avtobus yeməkxananın qabağında dayananda da Nəsir yerindən tərpənmədi. Əlibala pendir-çörək alıb gətirdi, anası körpə uşağı yedirdən kimi, Nəsiri yedirtdi. Bir stəkan su gətirib öz əliylə Nəsirə içirtdi. Nəsir dodaqlarını yalaya-yalaya:

- Xalaoğlunun işi yaxşı düzəldi, – dedi...

Avtobus rayona çatıb dayandı, Nəsir yenə yerindən tərpənmədi.

- Qoy hamı düşsün, – dedi. – Toxunub güzgünü qırarlar.

Avtobus boşalandan sonra Nəsir hıqqana-hıqqana yerindən qalxdı. Nəsirin qıçları, qolları keyimişdi, beli zoqquldayırdı, bütün əzaları ağrıyırdı. Nəsir, qıc olmuş adam təkin ayağını qaldırıb bir addım atdı, iki addım atdı və birdən elə bil kimsə güzgünü Nəsirin əlindən alıb avtobusun döşəməsinə çırpdı. Nəsirin əlində güzgünün büküldüyü kağız qaldı. Nəsir gözlərinə inanmadı, inanmaq istəmədi. Qapının ağzında donuxmuş Əlibalaya baxdı, sonra ayaqlarının yanındakı güzgü çiliklərinə baxdı və ağlamsınan kimi oldu. Əlindəki kağızı şüşə qırıntılarının üstünə tullayıb, heysiz-heysiz böyründəki oturacağa çökdü. Üç dəqiqəmi keçdi, beş dəqiqəmi

keçdi – amma Əlibalaya elə gəldi ki, Nəsir düz bir ildi bax beləcə oturub güzgü qırıqlarına baxır.

Nəsir başını qaldırıb, batmış səslə dedi:

- Sən get evə, Əlibala. Denən, Nəsir məni yola saldı, özü qaldı Bakıda. Denən, güzgünü mütləq gətirəcək. Mən gedim Ağdama, Bakı poyezinə çataram. Allah qoysa, sabah tezdən Bakıdayam... Get, Əlibala, xalaoğluya denən, ürəyini buz təkin eləsin... Bax, mən sənnən gəlməmişəm ha, mən Bakıda qalmışam. Bildin?

Nəsir Əlibalaya göz vurub gülümsədi, elə gülümsədi ki, Əlibalanın da dodaqları qaçdı.

1980

# 6491 dəfə oxunub

Müəllifin son yazıları

# # #