Puşkin meydanında yandırılan nobelçi – İradə Musayeva yazır...

Puşkin meydanında yandırılan nobelçi – <span style="color:red;">İradə Musayeva yazır...
3 iyul 2017
# 11:03

Kulis.az tənqidçi İradə Musayevanın “XXI əsr, Puşkin meydanında yandırılan kitablar” yazısını təqdim edir.

Bütün yandırılan, asılan, boynu vurulan,

senzuralarda qayçılanıb ölən

azad düşüncələrin əziz xatirəsinə ithaf edirəm...

İndicə oxudum ki, Rusiya ilə bağlı tənqidi fikirlər söylədiyinə görə Arbatdakı Mərkəzi kitab evində Nobel mükafatçısı belarus yazıçı Svetlana Alekseyeviçin bütün kitabları müsadirə olunub, bütün Moskva kitabxanalarında onun kitablarının alınması qadağan edilib.İstintaq komitəsinin açıqlamasına görə buna səbəb Svetlana Alekseyeviçin “Rus dünyasının şərəf və ləyaqəti haqqında yalnış məlumatlar yayması”dır. Onun adı Rusiyanın rəsmi düşmənlərinin arasında olacaq” – bu sözləri Dövlət Dumasının vitse prezidenti Pyotr Tolstoy deyib. Onun sözlərinə görə, belarus yazıçısı Rusiyada persona non qrata elan olunub. Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy vətəndaşları yazıçının bütün kitablarının yandırılmasına çağırıb: “Gəlin, bunu ibrət üçün Puşkin meydanında eləyək. Bütün dünya görsün ki, əsl incəsənət nədir, saxta təbliğat nə” – bu sözləri deyən nazir canlı efirdə yazıçının kitabını kiçik hissələrə bölüb”.

Fikir məni apardı... İlk yadıma düşən B.Brextin bu misraları oldu:

Rejim, zərərli kitablar yandırılacaq deyə, əmr edəndə

və öküz arabalarına doldurulan kitablar yanğın yerinə aparılanda

bir şair dəhşətə gəldi yandırılan kitabların istisinə baxıb

orada öz adını görməyincə.

Masa arxasına keçdi qəzəblə

və bir məktub yazdı iqtidardakılara:

“Məni gözdən sala bilməzsiniz,

məgər mən hər zaman gerçəkləri yazmadımmı?

İndi mən necə zərərsiz ola bilərəm

Nə olar mənim də kitablarımı yandırın!”

Sonra öz nizam-intizamlı, səliqə-sahmanlı, başıaşağı, “ədəbli” ədəbiyyatımız haqqında bir xeyli düşündüm…

Yaxşı ki, bizdə dumanı, milli məclisi, nazirlikləri, nazirləri, deputatları əsəbiləşdirən belə yazıçılar yoxdur… Bəlkə də var, sadəcə, parlamentin, nazirliklərin ədəbiyyat oxuyan imtiyazlıları yoxdur… Bütün hallarda adamın düşüncəsindən bu “nə yaxşı ki” ifadəsi keçir… Nə yaxşı ki…

Kitablar oxunmaq, fikirlər düşündürmək üçündür. Bu nə barbarlıqdır? XXI əsrdə nobelçi bir yazarın kitabı böyük bir dövlətin nazirinin çağırışı ilə yandırılmalıdır. Hansı nazirin? Mədəniyyət nazirinin… Harda yandırılacaq nobelçi dünya yazarının kitabı? Puşkin meydanında… Dekabristlərin dostu, böyük rus ədibi Puşkinin adını daşıyan meydanda düşüncələrinə görə yazıçını orta əsrlər formatında “yandırırlar”. Doğrudanmı, Rusiya öz inkivizasiya mərhələsini demokratik idarəetmə, sivil mədəniyyət səviyyəsi ilə əvəzləyə bilmədi? Zaman-zaman qılınc, balta, edam və repressiyalarla, mənəvi həbs çeşidləri ilə insanın düşüncələrinə qadağalar qoymaqda davam etdi…

Yenə məni fikir apardı… Bu hadisə Allah eləməmiş kimi, bizdə olsaydı, o yazıçını bizim, məsələn, mədəniyyət nazirimiz harada asdırardı? Hansı meydanda, hansı ədəbiyyat, sənət ehramının qarşısında? Müqayisədə özümüzü çox sivil, mədəni bir cəmiyyət kimi gördüm… Nə yaxşı ki…

Təsəvvür edin, nazir canlı efirdə deyir: “Gəlin, bunu (nobelçi yazarın kitablarını yandırmaq mərasimini –İ.M.) ibrət üçün Puşkin meydanında eləyək. Bütün dünya görsün ki, əsl incəsənət nədir, saxta təbliğat nə” ...

Bilmirəm S.Aleksieviç Rusiya haqqında nə deyib. Amma onu bilirəm ki, vətəndaşlarını kitab yandırmaq üçün meydana səsləyən Vladimir Medinskiy kimi mədəniyyət naziri olan ölkə bəlkə də daha kəskin tənqidə layiqdir bu gün...

Svetlana Aleksieviç sıradan bir yazar deyil, əlbəttə və mən onun yaradıcılığına az-çox bələd olan bir adam kimi, bilirəm ki, o Rusiyanı və rusları tənqid, təhqir etməz. O, sovetizm simasını hələ də qoruyub saxlayan çinovnik Rusiyasını tənqid edə bilər, ancaq... insanlarını kitab yandırmaq həmrəyliyinə səsləyən müasir Rusiya mədəniyyətsizliyini...

Rusiyanın insanlarını və ümumiyyətlə, insanları və insanlığı, sülhü sevən bəşəri duyğularla yaşayan, romanlarından da gördüyümüz kimi, humanist bir yazar necə ola bilər ki, ağa qara desin? Olmaz! Onun bu mövzu ilə bağlı ideoloji mövqeyini bir balaca işıqlandırmaq istəyərdim. Vaxtilə məsafəcə bizdən çox uzaq olan, mahiyyətini anlamadığımız sovet-əfqan müharibəsi, daha sonra Çernobıl faciəsi haqqında əsil həqiqətləri yazan jurnalist Svetlananın cəsarətini, görünür, Rus məmur –siyasiləri bu gün də unuda bilməyib...

S.Aleksieviç yazırdı: “Əfqanıstana qədər mən insan simalı sosializmə inanırdım. Oradan qayıdanda öz illüziyalarımdan azad olmuşdum. “Bağışla, ata, sən məni kommunist ruhunda tərbiyə etdin, amma sənin və anamın dərs verdiyiniz kənd məktəblilərinin başqalarının torpağında tanımadıqları insanları necə öldürdüklərini görəndə sizin bütün sözləriniz puç olur. Biz – qatilik, ata, başa düşürsənmi?” Atama belə deyəndə o, ağladı...”

Biz unutsaq da, S.Aleksieviç nə Qarabağ sindiromlu siyasətləri, nə sovet-əfqan münaqişəsindən və Çernobıl faciəsindən doğan ağrıları unutmadı... Tədqiqatçı jurnalist, həssas yazıçı kimi yazdı bu sadizmdən... O bağışlamadı anti-humanist siyasətləri... Ona görə də onu da unutmurlar... S.Aleksieviç öz analitik və ədalətli təhlilləri, “geri dönmə”, xatırlatma mahiyyətli əsərləri ilə çox vaxt ən böyük cəsarəti nümayiş etdirə bilib. Minlərlə adamın təkidlə “hə” dediyi məsələyə inadla “yox!” deyə bilmək cəsarəti var onun xarakterində. Bu barədə müsahibələrimin birində vaxtilə də demişdim. S.Aleksieviç bir çox yazıları və eləcə də məşhur “Müharibənin qadın üzü yoxdur” romanı ilə müharibə (1941-1945) ilə bağlı bütün tarixi-sənədli, ədəbi-bədii materiallardakı “köpüyü” götürdü. Düşüncələrdə və xatirələrdə bir “format” əməliyyatı apardı...

Yenidən baxmaq, yenidən analiz etmək, hər şeyi öz adı ilə çağırmaq, hər şeyi öz yerinə qoymaq... Zərgər dəqiqliyi ilə hərbin, hərb ədəbiyyatının səs-küyünü, şüarlarını, top gurultusunu “susdurmaq” və sözlə, bədii sözün qüdrəti ilə o ədəbiyyata-hərb ədəbiyyatına “bədii sima” vermək, ona obrazlı, ancaq əslinə uyğun bir don biçmək qabiliyyətini göstərdi bu xanım yazar... Hər müharibənin öz siması olur, lap insanlar kimi... II Dünya müharibəsinin simasını, SSRİ müharibəsinin xarakterini və mahiyyətini S.Aleksieviçin əsəri qədər həssaslıqla açan başqa əsər adı çəkmək çətindir. O, özünə qədər bu müharibə haqqında yazan bütün müəlliflərin ideyasına “redaktələr” etdi. Başqa bucaqdan baxdı bu müharibəyə. O biri əsərlərdə və filmlərdə insanlar texnika ilə bərabər addımlayan “güc” idi. Sadəcə müharibədən qalib çıxmağın səbəblərindən biri idi. Amma Svetlana Aleksieviç o qarışıqlığın, hay-küyün, xaosun içərisindən İnsanı çəkib çıxardı. İnsanın nəbzinə qoydu barmağını, qulağını onun sinəsinə dayadı və orda, o İnsanın içindəkiləri, bütün hiss və duyğuları o qədər insancasına duydu ki, Stalinin qalibiyyət paradlarını unutdu...

Diktatorların müharibəsi naminə deyil, insan naminə mübarizə apardı. Allahın yaratdığı İnsanın tərəfində dayandı. Onun faciəsini, itirilmiş xoşbəxtliklərini “vəsf” etdi, yazıya, tarixə gətirdi... S.Aleksieviç öz balaca vücudu, böyük istedadı və ədəbiyyatın, publisistikanın, həqiqi sözün qəhrəmanı kimi tarixdə yaşayacaq... Bu günün “Yandlırılsın!” hökmü onu daha uzunömürlü edəcək. B.Brext boş yerə yandırılmaq istəməmişdi, vaxtilə:

Məni gözdən sala bilməzsiniz,

məgər mən hər zaman gerçəkləri yazmadımmı?

İndi mən necə zərərsiz ola bilərəm

Nə olar mənim də kitablarımı yandırın!

S.Aleksieviç haqqında məlumatı Kulis.az saytında oxudum. Ah çəkib ikinci yazıya - M.Ağaoğlunun “Əziz Nesinin ölüm qorxusu və ya Sivas qətliamında yaşananlar” məqaləsinə üz tutdum. Yenə cəhalət, edam, sözün, düşüncənin qətliamı...

Yenə inkivizasiya...

1993-cü ildə, iyulun 2-də Sivasda Ə.Nesinin də daxil olduğu bir qrup yaradıcı insanların yerləşdiyi “Madimak” otelini nümayişçi qaragüuh yandırır. “Qəzəbli dindarlar otelə sığınmış, əksəriyyəti yazıçı, şair, aşıq olan qrupa cəhənnəm əzabı yaşatmaq fikrindədirlər. Otel qaranlıqdır. Yalnız aşağıdan qalxan qan kimi qırmızı alov dilimləri ara-sıra ətrafı işıqlandırır, divarlarda xilas üçün çarpışan həyəcanlı insanların qaçan kölgələri əks olunur... Lütfi Kaleli həyəcanla “ölürük, abi, ölürük, abi” deyir. Əziz Nesin də təmkinlə “Öləcəyiksə, öləcəyik!” - cavabını verir. Lütfü Kalelidən xahiş edir ki, onu çarpayıya uzandırsın: “Sayın Kaleli, məni bu yatağa uzat, cəsədimizi bu qaragüruh yaraşıqlı görsün”. Yazıçı istəmir öləndən sonra büzüşmüş, əl-qolu qatlanmış, bir küncə sığınmış cəsədini görüb “qorxaraq öldü” desinlər”...

Bu nə vəhşilik? Deyilmi? İnsanı da əqidəsinə, azad düşüncəsinə, inancına görə belə abdalcasına cəzalandırarlarmı? Bu günün böyük dövlətlərindən birinin mədəniyyət naziri ilə, 25 il öncənin qaragüruh “dindarları” arasında fərq o qədərmi azdır? Ya Nəsiminin dərisini soyanlar, ya dünya elminin atası hesab edilən Qalileo Qalileyi yer kürəsinin fırlanması fikrinə görə məhkum kimi məhkəmələrdə sorğu-sual edib cəzalandıranlar heç ölmədimi?

“Tövbə et!” əmrləri, tövsiyələri ilə guya haqqa səsləyən cahillərin qiyafəsi istər Avropa, qərb, istərsə də şərq modelli olsun, istər Roma papası, istər müsəlman şeyxi obrazında, fərq etmir... İnsanı ali məqamından, ali inancından, mötəbər kürsüsündən salanlar dinin də, elmin, mədəniyyətin, irfanın da qənimidir.

Ə.Nesin heç vaxt ən cahil dindarı belə binaqarışıq, adamlarla birlikdə yandırmaq fikrinə düşməzdi. Amma özünü Allahın dostu hesab edən 1500 nəfərlik qaragüruh öz dünyaca məşhur yazarını bir otel insanla bərabər atəşdə yandıra bilirdi. Hansı daha çox iman, vicdan sahibidir, görən? (“Tarixə Sivas qətliamı kimi düşən həmin faciədə 33 yazar, şair, aşıq, 2 otel işçisi və 2 nümayişçi olmaqla 37 nəfər yanaraq və tüstüdən boğularaq öldü, 60-dan çox adam yaralandı”.)

Çox kədərləndim bunları düşündükcə və yazdıqca...

Amma yaxşı ki, yaddaşımda bayaqdan ilişib qalmış bir “nə yaxşı ki” təsəllisi var. Nə yaxşı ki, bizdə belə hadisələr olmur bu gün. Nə yaxşı ki, bizim Nəsimimiz, Qalileyimiz, Ə.Nesinimiz və Svetlana kimi düşünənlərimiz yoxdur bu gün, nə yaxşı...

Yaxşı ki, belə ürəkparçalayan olaylar zaman və məkan etibarilə bizdən çox uzaqdadır, çox...

Yaxşı ki...

Image result for İradə musayeva kulis

# 1082 dəfə oxunub

Müəllifin son yazıları

# # #