Sənə deyiləsi deyil, sənə deyiləsi sözüm...

Sənə deyiləsi deyil, sənə deyiləsi sözüm...
8 avqust 2016
# 13:49

Salam Sarvanın şeirləri haqqında

Şeirin saflığı qəlbin odu ilə yoxlanılır

(R.Toqor)

Dünyada nə qədər şair varsa, şeirin nə olması haqqında da elə o qədər tərif, nəzəri - elmi fikir, poetik yozum var... Kimi deyir möcüzədir, kimi deyir eşqdir, kimi deyir vurğunluqdur, kimi deyir dərddir, kimi də deyir ovqat məsələsidir şeir və s. Amma, məsələn, maraqlı izahlardan birini J.lets yazmışdı vaxtilə: “Şeir səs və məna arasında titrəyişdir...”

Salam Sarvanın şeirlərini oxuyanda isə belə düşünmüşəm həmişə: Onun şeirlərində dərdin estetikası var. Ağ-qara misralardır, rənglilik yoxdur, amma bu "ağ-qara"da o qədər kəskinlik var ki, parodoksallıq kontrastı şiddətində əlavə rənglər olmadan da dünyanın çoxçalarlılığının fərqində ola bilirsən. Oxuyanda açıq-aydın rəng görürəm. Burda ağ-qara hərflər söz-söz dillənə bilir, qara-qara sözlər misra-misra mənalanır... Ağın 7, qaranın isə az qala 77 rəng çaları mənalılığında düşüncələrin durulur, kədərin dərinləşir, ruhun şair ruhu ilə doğmalaşır. Tanış ovqat, yaşadığın psixoloji hallar, tərəddüdlü məqamlar, fərqi yoxdur, hətta sosial-siyasi, maddi və s. bu kimi durumlarla bağlı düşüncə yaxınlıqları başqa bir adamın səsində sənə diktə olunur və sən ayılırsan, bəzən dik atılırsan, səni oxuyan var, səni tanıyan, səni qaranlıq gecələrdə, kimsəsiz küçələrdə öz-özünə danışdığın yerdə görən, eşidən olub. Deməli, hardasa sənin ruhuna qohum olan bir şair də var ki, onun özünüifadəsində sən də varsan. Çünki onun misraları içimizdən qopur sanki:

Bizim başımızın gülləsi ilə

kimsə baş qatmağa "tir"ə gedəcək.

xxx

İndi günün nə vaxtıdı,

gündüzdü, gecədi, zalım?

Bir kəsdiyin qoluma bax,

gör saat neçədi, zalım?

xxx

O ağ gün illərin lap altındadı -

kömək et boşaldaq çölə bu ömrü.

xxx

Mübarək, Tanrı bir gün verib sənə,

o da ki qaradı, rənginə düşmür.

xxx

Gör haçandı görüşmürük,

necəsiz, əziz dostlar?

İndi necə yaşayırsız,

necə ölürsüz, dostlar?

xxx

Öz oyuncaqlarımızı da özümüz düzəltdik –

taxtadan tapança, məftildən araba...

İndi kimik?

Təkadamlıq xaraba!

xxx

“İşıq pulu” bildirişlərinin qapımıza

qara kağızlar kimi gəldiyi bir zamanda

sənə bir vəsiyyətim var...

Bu azad dünyanın qurulmasında

qul əməyini də unutma...

Hər gün darıxmaq öz yerində,

gündə üç dəfə yeməyini də unutma...

Unutma ki,

buranın adamları adama etdikləri

yaxşılığın qisasını mütləq alırlar...

xxx

Həyatımıza o qədər adam yığdıq ki,

indi onların əlindən tənhalığa çəkilmək də olmur.

xxx

Min ildi qapım döyülür,

aç gör kimdi bu GƏLMƏYƏN?

Diqqət etdinizsə, dediyim rənglərdən başqa rəng görünmür. Bir də işıq-qaranlıq, sevinc-kədər, xoşbəxtlik-bədbəxtlik əksliyi var bu ağ-qaralıqda:

Baxdım, nə qapısı, nə bacası var,

baxdım çöl-bayırı görməyən evə:

bəs axşam haradan girir qaranlıq

gündüz gün işığı girməyən evə?

Qapısız-pəncərəsiz, dünyaya açıq olmayan, çöl-bayırı görə bilməyən evə işıq, sevinc, xoşbəxtlik yol tapa bilmir, qaranlıqsa hər axşam rahatca bu evin çağırılmamış qonağı olur. Bu ev obrazı sizə tanışdırmı? Bu bizim qapalı dünyamıza durmadan sızan kədərin, ağrı və nisgilin qaranlığına oxşamırmı? Dünyaya örtülürük, bağlanırıq, gizlənirik ondan bəzən, o isə işığını yox, qaranlığını qara rəng bükümündə göndərir bizə...Və beləcə, şair dərdin poetik obrazı ilə bizi elə doğmalaşdırır ki, dərdi çəkmirik, yaşayırıq, özü də zövq və həvəslə. Bayaq dediyim kimi, dərdin estetikasını...

Gecənin eyni vaxtında

oyaq qalanların gözlərində

cürbəcür yuxusuzluq var indi.

Mən bu sakit gecədə oturub

uzaqdakılarım barədə düşünürəm.

İndicə anladım ki, gün işığı yaxını,

gecə qaranlığı uzağı görmək üçündü.

Müəllifin icazəsi olmadan bu şeirin üzərində bir eksperiment aparaq. Məncə sərbəst şeirin klassik formalı nəzm mətni hesab etdiyimiz bu parça əslində modern poeziya örnəyidir. Dəyişilə bilir, yozula bilər, bəzən yeni, bəzən çoxdan oxuduğun kimi səslənir qulağında. Şeirdən ancaq söz birləşmələrini seçib yazaq:

Gecənin eyni vaxtı

oyaq qalanların gözləri

cürbəcür yuxusuzluq

sakit gecə

uzaqdakılar barədə düşüncə

gün işığı

gecə qaranlığı

uzağı görmək...

Xəbərlər və xəbərlilik (var, oturub, düşünürəm, anladım, görmək üçündür) özü də ayrılıqda bir poetik harmoniya yaradır. Oxucunun intellektual erudisiya və intuisiya ilə qavrama potensiyalını yoxlamaq üçün belə eksperimentlər də maraqlı olar bəlkə, modern şeir çeşidləri haqqında düşünəndə. Məsələn, əgər mən oxucu kimi bu şeiri belə də oxuya və başa düşə bilirəmsə, demək poeziyanın dilini bir az "çətinləşdirmək" də olar hərdən...

Elə poeziya var ki. "izm"lərin izi onun mətninin formasında yox, mahiyyətindədir. Modern düşüncənin klassik ifadəsi oxucunun, bəlkə şairin özünün də hiss etmədiyi bir orijinallıq yaradır. Obyektlə bağlı asan qavrama və yaddasaxlama, poetik ifadə tərzi, forma ilə əlaqəli olur, ənənəvi, şablon, yeknəsək və təkrarlarla düşünmək qəlibindən çıxmaq, obyektə sərbəst və erudisiya ilə yanaşma Salam Sarvan şeirinin özəlliyidir. Çox zaman onun şeirlərini ənənəvi, klassik üslublu poeziya nümunələri kimi təhlil edirlər, ancaq elə deyil. Şeirinə hədəf, mövzu ola biləcək istənilən bir təsvir obyekti (sevgilisi, anası, vətəni, dostları, obrazlaşmış ayrılıqları, doğma və yad insanlar) onun yozumunda yeni tərəfləri ilə üzə çıxır. Salam şeirindəki Ana obrazı bizim ədəbiyyatımızdakı şablon "müqəddəs sima" portretini, çərçivəsini dağıdır, daha səmimi, daha doğma, xatirələrimizi oyadan işarələrlə canlanır.

Ana, məni basdırarsan

boyumu soxduğun yerə

xxx

Baxtımızdan...

analarımız bizi 40 yaşımızdan sonra yetim qoyurlar –

get-gedə uşaqlaşan vaxtımızda...

xxx

Darıxan bu adam deyir:

sevgilimizin qolları arasında anamızın yada

düşməyindən məlumdu uşaqlaşmağımız.

Yalnız o, yalnız o rəhmətlik arvad bilərdi

bu dəhşətli sualın cavabını:

Ki, hansı istiqamətə hərəkətdi

getdikcə hər yerdən uzaqlaşmağımız...

Salamın şeirlərində elə misralar var ki, adam istəyir, əlini sözlərin altına tutsun, sanki qanı damır. Elə misralar var ki, getmək-tərk etmək deyil, ölüm-yoxluq yox, qovuşma məqamlarının tablosudur, böyümək-inkişafın, artımın yox, pis xəbər sürətinin ekvivalentidir.

Gir tabutum altına, çətirlən çıx gəzməyə

Qanımı üstünə səp, ətirlən çıx gəzməyə.

xxx

Yaman tez böyüdüm pis xəbər kimi…

xxx

Ölmək istəyirəm, bir az da sənə

qapanmış gözlərnən baxmağım gəlir.

xxx

Nifrət elədiyin ayağını da

bir addımdan uzaq tullamaq olmur.

xxx

Dünyadan evdən çıxan kimi çıxacaqsan –

işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:

heç nəyi unutmadım ki,

heç kimi unutmadım ki?!

Ayaq - hərəkət, irəliləmə simvolu ola bilər, amma yerində çarmıxa çəkilib donub qalmış, hərəkətsiz insan ağrısında nifrət elədiyin ayağını da bir addımdan uzaq tullamaq olmur...

Və ya: ölümə "işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:

heç nəyi unutmadım ki,

heç kimi unutmadım ki?!" - hazırlığı, ovqatı ilə gedəni gördünüzmü? Hara gedirsən?-Ölməyə. Bir şey yadından çıxmadı? Məncə yox. Amma görən kimisə unutmadım ki? Bu dialoqu biz düşündük şeirin təsirilə... Amma çoxlu suallar çıxdı bu misralardan. Görən bizi tərk edən insanlar gedəndə, "qapını bağlayıb" bu dünyadan çıxanda özləri ilə (yaddaşı və ruhu ilə) kimisə də aparmaq istəkləri olurmu? Biz kimi apara bilərik görən nə vaxtsa "qapını bağlayıb çıxanda" bu dünya evindən...

Salamın şeirləri ancaq oxumaq üçün yox, daha çox oradakı həyatla, oradakı səslər, rənglərlə, oradakı hissiyyatla, instinktlərlə, qavram və dərk intuisiyası ilə yaşamaq estetikasına sahib olmaqdır həm də... Şairin minlərlə hadisə, insan, nüans yanından keçib yaxaladığı bircə poetik məqamda biz də qərarlaşanda, duruxub anlamağa çalışanda o anın poetikasını, fəlsəfəsini sevinirik ki, həmin estetik duyum bizdə də varmış... amma onu bizə yaşadan şairdir... Bəlkə də xəbərimiz olmazdı bu qabiliyyətimizdən... O bizi də tərpədir, silkələyir, təsirləndirir, bəzən hətta titrədir diksindirici misraları ilə...

Başımı çırpıram dəmir qapına,

ağrıyır min illik zədə başımda.

Başımla döyürəm qapını, sevda,

nə evdən çıxırsan, nə də başımdan.

xxx

Burda tənhayam, qorxuram,

bilməm sığınım kimə.

Bir kimsə yanıma gəlmir,

hamı gəlir üstümə...

xxx

Falçının qarşısında açılmış

bu qoca əllərin içi

hələ də eyni şeyi göstərirdi:

"17 yaşında məhəbbətini tapacaqsan…"

Salamın sevgisi, sevgilisi, ayrılığı, vüsalı bizim tanıdığımız həmişəki "tanışlar" deyil. Hətta məcazları da... "Əl" obrazı diqqətimi çəkdi. Qocalmış, hökmünü itirmiş, əsən (kəkələyən) Əl vaxtilə "dil-dil" ötərdi:

Vaxt gələcək…

bir zamanlar kiməsə barmaq silkələdiyin,

kiminsə arxasınca yellədiyin,

kiməsə sığal çəkdiyin

əllərin qocalıb əsməyə başlayacaq.

Yəni, vaxt gələcək, bir zamanlar

işarələrlə dil-dil ötən əllərin topuq çalacaq.

Əldən pəltəklik daha dəhşətli.

Başqa bir şeirindəki "əl" -in də bir özgə obrazı var:

Qərib qardaşlar tək düşüblər ayrı,

ətəyində bir əl, yaxanda bir əl.

İnsanlar kimi ölənlərin (ölən zamanın) arxasınca kəfkiriylə "əl eləyən" bir obraz da var:

Gedən ömrə əl eləyir

saat öz kəfkiriynən.

Xalq deyimləri tərzindəki ifadələr (məsələn, frazeoloji birləşmələr) də maraqlıdır, əl obrazı ilə bağlı:

Əlimizi üzdük özümüzdən, “Qızım”,

adamların umuduna qaldıq.

Bu "əl" bəzən sevgidə uduzanların yarası da ola bilir, əli yetməyən sevginin hüznündə sanki "əl" də günahkardır. Niyə ona-sevdiyinə çatmır bu "əl", niyə belə qısadır?

əlimiz çatan qadın yarımız deyil,

ayağımız çatan torpaq yerimiz deyil!

"Sevdiyinə heç vaxt əli çatmamaq" ağrısı, nisgili bir çox misralarda "əl" ifadəsi işlənmədən də "əli yetməmək" "heç vaxt nail olmamaq" anlamını aydınca ifadə edə bilir. Misraların sinonimliyində bunu özümüz də təsəvvür və əlavə edə bilirik:

Yanımızdakı sevgililər

doğma gəlməz adama. (Əlimiz yetməyənlər daha doğma gələr.)

xxx

Üzümüzü üzünə söykədiyimiz

sevgilimizin çiyinləri üstündən

ayrıldığımız adamlara baxırıq əslində. (Əlslində əlimiz yetməyənlərə.)

xxx

Heç vaxt yanaşı yatmayacaqmış

bir-birini yuxuda görənlər. (Əslində bir-birinə əli yetməyənlər) və s.

Salam Sarvanın poetik obrazlılığında, bədii təsvir və ifadə vasitələrindən fərqli, orijinal tərzdə istifadə üslubu da maraqlıdır. Məsələn, onun antiteza yaratmaq məharətinə diqqət edək. Bu antitezalarda əkslik, antonimlik yalnız sözlər üzərində qurulmayıb, anti-məqam, anti-mövqe, anti-zaman. Anti-məkan və s bu kimi paradoksallıqların poetik şəkli də var:

Bir az da, bir az da məndən kənar dur

ki sənnən bir qoşa şəkil çəkdirək. (Kənar dur- qoşa şəkil çəkdirək!)

xxx

Yaxın gəl, bir görüm məndən

nə qədər uzaqdasan. (Yaxın gəl - uzaqlığını ölçüm!)

xxx

Bu kasıb evin kişisi

zülümnən tapdığı çörəyi hər axşam bölər evində

bir tikə hərəyə –

özünə, arvada, uşaqlara

və siçançün qurulmuş tələyə. (Çörək qayğı, şəfqət - çörək ölüm tələsində qəddarlıq və acımasızlıq!)

xxx

Görürsən, dostlar bir-bir çıxıb gedir səndən. (Dost yaxınlığı -tərk edilmək uzaqlığı!)

xxx

sənsiz yaşamaq mümkünmüş deyə

yavaş-yavaş düşürsən gözümdən. (Sevgini möhkəmlətməyə, ucaltmağa yox, gözdən salmağa çalışmaq!)

xxx

öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:

o dünyadan bu dünyaya hər gün bir az köçürəm. (Öldürdükcə dirilmək, o dünya-bu dünya qarşılaşdırılması!)

Sonrakı misallarda da diqqət etsək görəcəyik ki, ideya yükü məhz həmin əks, bir-birini inkar düşüncəsi üzərində qərarlaşıb:

Səni axtarmaq əbəsdi dünyadakı küçədə...

Zamanın harasındasan – gündüzdəsən, gecədə?

xxx

Böyük dərdlərdən büdrəyəndə

xırda sevinclər yıxılmağa qoymadı...

xxx

...bir tikə çörək dalınca qaça-qaça

Ceyhun yorulub öldü

xxx

Niyə mənə belə gəldi ki sən son itkim idin –

səndən sonra daha heç kim getməyəcək yanımdan.

xxx

Bir gözünü qıyıb şəklimi çəkən fotoqraf da

sanki qapının açar deşiyindən baxır mənə.

Ayrılığı adlatmağın, ovutmağın "əşyalarla baş qatmaq" üsulunu bilirdikmi? Əşyalara sarılmaq, əşyalardan istilik, nəfəs, təsəlli və ümid almaqla ayrılığın soyuğundan qorunmağa necə baxırsınız?

Bu ayrılığın soyuq kimsəsizliyində

isinməkçün soba, baxmaqçün televizor,

danışmaqçün pəncərə, qucmaqçün qapı:

əşyaların umuduna qaldıq, “Qızım”,

əşyaların umuduna qaldıq.

Salam Sarvanın mübaliğələrində bəzən də klassik bir məcazyaratma üslubu hiss olunur. Daha çox Füzulisayaq:

Qara hörüyünü döy kürəyinə –

zəncir vur, aşura günümdü bu gün...

Salam poeziyasındakı sevginin özünə gəldik çatdıq. Bu sevginin rəngi, səsi necədir? Bu sevgi də bizim tanıdığımız deyil. Gözəlin, sevgilinin vəsfi-filan görə bilmərik bu eşqdə. Emosionallıq, hissin əsiri olmaq və yerdən ayağı üzülmüş "pərilər", "mələklər", "su sonaları" və onlara yazılan atəşli misraları da... Amma bütün bunlardan yüksəkdə dayana biləcək bir məqamı var eşqin Salam Sarvan şeirində. Qocalmış, tavanı, döşəməsi, divarı sönmüş, amma böyük məhəbbətlə sevən insan durumunu belə anladır:

Qocalmışam:

otağımda tavanın suvağı sökülüb,

döşəmənin boyası tökülüb,

divar kağızı siqaret tüstüsündən saralıb ...

Əlbəttə, burda məhəbbət əlaməti yoxdur, amma bundan sonrakı misralarda ruh yenilənməsi, köhnə daxma əvəzlənməsi var, baxaq nələrlə:

Amma bu il göylərin rəngini, dənizlərin səsini,

dağların örtüyünü dəyişmək istəyirəm.

Sonrasa səni qonaq çağırmaq,

sənnən bu yenilikdə görüşmək istəyirəm.

Yenə kontrast, yenə parodoksallığın əksliyi yox, vəhdəti. Böyük eşqi sönük, ölü məkandan, cismən qocalmış bədəndən ilahi bir genişliyə çıxarmaq, orda ona yeni həyat vermək - sənnən bu yenilikdə görüşmək istəyirəm...

Bu poeziyada sevdiyinə "yolunda ölərəm" yox, ölüm nədir, yolunda ölümdən də keçib sağ qalaram - deyilir.

Yenə dilə məndən, sən dilə təkcə,

de nə qurban verim, de nədən keçim…

Candan keçmək nədi, sənin xətrinə

ölməyim – bir gözəl ölümdən keçim.

Bəzən də zarafatla: Dedim, dərdindən öləcəm, Aldatdım, zökəmdən öldüm- etirafını edir.

Ümumiyyətlə, Salam Sarvanın ciddi və kədərli misraları arasında ciddi yumorları da tez-tez qarşımıza çıxır:

Getmək lazımdı, şair:

buranın adamları təkcə şəkil çəkdirəndə

dayanırlar qol-boyun.

xxx

Ay mənsiz dözə bilməyən,

ay narahat, darıxma.

Səhər-axşam başına döy -

başını qat, darıxma.

xxx

Arzum yox, pulum yox, nəzir qutusu,

mən nə niyyət tutum, nə salım sənə?

xxx

Bir boş oturacaq olmayan vaqonda

ayaq üstə qalmış Sərnişin xanım…

Dünyada nə qədər yerim vardısa,

durdum hamısından, əyləşin, xanım.

Şeirlərinin birində iki qadın adı və özünün imzası, adı qarşılaşdırılır. Bu qadınlardan biri (Natavan) yanında, biri də belə demək mümkünsə, canında, ruhundadır (Nərgiz). Qeyri-ixtiyari əli hər yerə "Nərgiz" yazır, amma qorxusu da var. Təbii ki, yanındakı qadından. Ona görə də o adı qaralayıb üstündən "Natavan" yazır. Amma faydasızdır, çünki, ört-basdır etmək istədiyi qadının adı hər yerdən boy verir, ruhunda, canında, istəklərində:

...Nərgiz üstündən Natəvan yazmaqla

Nərgiz pozulmaz, Salam, sadəcə, görünməz olar.

Və qara-qura düşər, çətin oxunar Natəvan da.

Şairin sevgi dairəsindəki məhdudiyyətə kədərli reaksiyasında (Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə, öz şəhərimizdə gördüyümüz qızları sevdik.) da bir səmimiyyət var. Əsil sevgisini ahıl yaşında tapan şair utanır həm də... (Mən o qızı düşündükcə indi ahıl yaşımda, utanıram evimdə öz həyat yoldaşımdan.) Amma ömürlük təəssüf və kədər hissi ilə müşayiət olunacaq sevginin Yaradıcısı olması həqiqətinə tapınaraq, (Tanrı bir-biriyçün yaranmışların hamısını bir-birindən uzaqda yaradıb əslində...) bu gecikmiş sevgini susaraq yaşayır. Susa-susa yaşanılan sevgilərdə isə hər şey gecikir, hər şey tərəddüdlü, hər yan təhlükəli görünür. Bu sevgidə hər şey ağrılıdır, qorxaqdır, şübhələr, ehtimallar təzyiqi altındadır. Üzə çıxa bilməyəcək, doğulduğu yerdəcə səssizcə öləcək... Doğumundan xəbərsizlik ölümünün də taleyi olacaq... Bütün baxışlar, bütün sözlər, bütün davranışlar kamera nəzarətindəymiş kimi ehtiyatlılıq tələb edir. Hətta deyə də bilmir sevdiyini, maraqlıdır, bəs nə deyir? Bütün yazı boyu düşüncəmdə əks-səda verən bu misraları:

Sənə deyiləsi deyil

sənə deyiləsi sözüm...

Bəli, deməli, bu "nəzarətdə saxlanılan" zəmanəmizdə nəzarət kameralarının iti baxışları təkcə cinayətkarlara deyil, hiss və duyğulara da tuşlana bilərmiş. İnsanlar istəklərini sevdiklərindən də, bu təhlükəli müşahidəçilərdən də gizlətməkdə davam etməlidir... Hətta bəzən özündən də...

Biri maşının yan güzgüsündən güdür,

biri boynunun ardından baxır.

Biri sırğasından qulaq asır mənə,

biri saatından baxır...

Hamı xalqın adından dinləyir,

hamı xalqın adından baxır.

Polis də izləyir, vətəndaş da,

Bacı da izləyir, qardaş da.

Bircə böyük təsəlli var bu məqamda:

Bu kameraların arasında

həmişə gözü üstümdə olan

bir qayğıkeş qadın da baxır.

Gizlənirəm, gizlənirəm,

yenə də izlənirəm...

Salam Sarvanın şeirləri haqqında 15 il öncə də yazmışdım... "Azərbaycan" jurnalında... Nə yazmışdım, yəqin ki yadımda deyil, amma hansı misraları təhlil etdiyimi dəqiq xatırlayıram bu gün də... Salam Sarvanın şeirlərinə istənilən yaşda, istənilən məqamda qayıtmaq olur. Çünki, onun mövzusu əbədi, insanla bir doğulan, bir ölən əbədi hiss və yaşantıların, duyğuların poeziyasına aiddir.

Səndən vəfalıymış sənin yolların –

hələ də keçirlər baxdığım yerdən.

Ax, birin bilirsən sən də, birin yox –

daha yıxılıram, heç xəbərin yox...

Gördüm ki tutmağa başqa yerim yox,

tutdum yıxılmağa qorxduğum yerdən...

26.06.2016.

Kaspi.az

# 3624 dəfə oxunub

Müəllifin son yazıları

# # #