Vaqif Səmədoğlunun Rəsul Rzadan öyrəndikləri

Vaqif Səmədoğlunun Rəsul Rzadan öyrəndikləri
5 fevral 2018
# 16:20

Kulis.az İradə Musayevanın “Doğuldum 1939-da, 1937-də tutuldum...” yazısını təqdim edir.

Vaqif Səmədoğlunun yaradıcılığı haqqında

II məqalə

əvvəli burda

1996-cı ildə Vaqif Səmədoğlundan monoqrafiya üçün tərcümeyi-hal istədim. Vaqif müəllim belə yazmışdı:

“1939-cu ildə Bakıda doğulmuşam. On illik musiqi məktəbinin fortopiano sinfində oxuyub orta təhsilimi 1956-cı ildə başa vurmuşam. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, 1962-1964-cü illərdə Moskva konservatoriyasında stajor kimi təhsil almışam. 1964-1972-ci illərdə Bakı konservatoriyasında fortopianodan dərs demişəm. Amma ədəbiyyat musiqini üstələyib. Bir müddət Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri, “Yazıçı” nəşriyyatında redaktor işləmişəm. Bir neçə il Kinostudiyada ssenari emalatxanasında çalışmışam. 1992-1994-cü illərdə Azərbaycan yazıçılarının müstəqil qəzeti “Oğuz eli”nin baş redaktoru olmuşam.

Şeir yazmağa orta məktəbdə oxuduğum illərdən başlamışam. İlk şeirim 1963-cü ildə “Azərbaycan” jurnalında çap olunub. 1968-ci ildə “Yoldan teleqram”, 1992-ci ildə “Sfinksı noçi” kitabım rus dilində Moskvada nəşr edilmişdir. Hal-hazırda 12 çap vərəqi “Mən burdayam, İlahi...” adlı kitabım çapdadır.

Bir neçə dram əsərinin müəllifiyəm. Bertold Brextin “Üç quruşluq opera” pyesini azəri türkcəsinə tərcümə etmişəm. Son dram əsərim-“İntihar” bu il (1996- İ. M) səhnələşdirilmişdir.

Şeirlərim müxtəlif dillərə-ingilis, alman, fransız, İsveç, yapon, rus, Ukrayna, gürcü və s. dillərə tərcümə edilmiş və müxtəlif ölkələrin jurnallarında çap olunmuşdur”.

Bu yazı bəlkə də adi bir şairin, ziyalının həyatını, o qədər də diqqəti çəkməyən ömür yolunun tarixçəsini əks etdirir. Dramaturgiyadakı Vaqiflə poeziyadakı Vaqif bir-birinə oxşamadığı kimi, həyatdakı Vaqif də, görünür, bunların heç birinə bənzəmir. Şeirlərində insan və dünya üçün ağlayan, dramlarında insan və dünyaya gülən Vaqifdən fərqli olaraq həyatdakı Vaqif daha sadə, təvazökardır. Görəsən, nə üçün nə vaxtsa qazandığı təltifləri, mükafatları tərcümeyi-halına (filan ildə filan mükafata layiq görülmüşəm və s.) əlavə etməyib?

Pis olmazdı yavaş-yavaş

Əsl şöhrətə gəlmək,

Ölümlə təltif edilib

Yaddan çıxıb dincəlmək.

Əsil şöhrət, təltif əldə etmək, yaddan çıxıb dincəlmək üçün Vaqif poeziyasında kədər, matəm anlamından çıxıb sevinc, ümid, azadlıq rəmzinə çevrilmiş ölüm arzulanır. Hətta bəzi məqamlarda ölüm təqib olunur.

Şan-şöhrət həvəsindən uzaq olan müəllif, şair kimi oxunmaq, sevilmək, oxucunun yaddaşında, ruhunuda özünə yer eləmək arzusunu inkar etmir. “Başdan ayağa yadda qalmaq istəyirəm” –deyir. Buna onun mənəvi haqqı da var. Ən azı ona görə ki, o heç kəsin nə yaxşısını, nə pisini, nə düzünü, nə səhvini təkrar etmədi. Müasir Azərbaycan poeziyasında özünün və özlüyünün yeni, daha mükəmməl, təkrarsız ədəbi-əxlaqi və vətəndaş insan poeziyasını yaratdı. Bu poeziyada müəllifin poetik-fəlsəfi dünyası ilə yanaşı həm də mənəvi-əxlaqi dəyərləri də təqdim olunur.

Mənəvi müqəddəsliyin, əxlaqın ədəbiyyatda və sənətdə inikasını ədəbiyyatşünas alim Yaşar Qarayev belə izah edir: “Tarix-əxlaq tərbiyə edir. Məhz yüz illərin mənəvi dərsi və təcrübəsi kimi formalaşan milli, tarixi, ictimai əxlaq həyatın özündə real əməli işə, yüz minləri hərəkətə gətirən qüvvətə çevrilə bilir. Mənəvi müqəddəsliyə (əxlaqa) çevrilə bilməyəndə isə inamı da şüar kimi havadan, damdan və bacadan asmağa ehtiyac əmələ gəlir. Artıq neçə-neçə əsrdir ki, babaların əxlaqı bizim ən yaxşı xəlqi və milli ənənələrdə yaşayır: onlar ritorika ilə, şüarla yaranmadığı üçün şüarla da ötəri, konyuktur plakatla da məhv olmurlar”.

Vaqif zəmanəsini müasirlərindən daha doğru dərk edirdi. Mövcud gerçəkliyi düzgün təhlil edir, dövrün reallıqlarını olduğu kimi, və ya həqiqətə daha yaxın şəkildə əks etdirirdi. Bu poeziyanın siqləti, intellektual səviyyəsi imkan verir ki, Vaqif Səmədoğlu poeziyasını zəmanəmizin həqiqəti əks etdirən sənədi, səlnaməsi səviyyəsində qəbul edək. “Vaqif o dövrün amansız seçimini bir şair fəhmi ilə hamımızdan öncə və hamımızdan artıq duymuşdu”. Ədəbiyyat və sənət məsələlərində obyektivliyə, gerçəkliyə daha çox fikir verən və həmin mövqedə durmağa çalışan Anar, Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi...” kitabına yazdığı “ön söz”də şairin şəxsiyyətindən və poetik dünyasından süzülən işığın təsiri ilə düşüncələrini, rəy və fikirlərini daha səmimi və gerçək şəkildə təzahür etdirir. Təkcə dost kimi deyil, həm də yaradıcı adam kimi müqayisələr aparanda “hamımızdan artıq” etirafını cəsarətlə söyləyir.

Yuxularda,

bir də şeirlərdə

ayıq oluram həmişə...

Şair fəhmi, fəlsəfi uzaqgörənliyi Vaqifi insan kimi, vətəndaş kimi səhv etməkdən çəkindirib.

Vətəndə

nəğmə demə, qızım,

qar yağır...

Soyuq dəyər

“Vətən” sözünə

üşüyər dilimiz.

Bu misralara görə müəllifi hər cür damğa ilə -“Vətənini sevməyən, ona xor baxan vətəndaş”, “gələcək nəsli vətənpərvərlik ruhundan yayındirmağa çalışan pessimist” və s. ittihamlarla tənqid edə bilərdilər. Necə yəni “Vətəndən nəğmə demə?” Doğrudan da, bizim senzuranın, “fəal vətəndaş mövqeyi”ndən çıxış edən ədəbi tənqidin meyarlarını yada salanda həmin misranın doğurduğu əks sədanı –vahiməni duyuruq. Lakin, əksinə, müəllif əsl vətəndaş kimi vətən təəssübünü daha artıq çəkdiyi üçün onu ucuz tutmağı, qədir-qiymətini azaltmağı qəbul edə bilmir:

Gizlət,

təmiz dəsmala büküb,

oxuduğun nəğməni,

gizlət kuklalarının arasında...

Qoy “Vətən” anlamı sənin təmiz uşaqlıq aləmində qalsın.

Gəl, qızım, gəl,

Nağıl danışım sənə:

Biri vardı,

Biri yoxdu, qızım,

Bir nağıl vardı,

Uşaqlar ondan xəbərsiz...

Yəqin ki, bu nağıl həmin nəğmədəki Vətən haqqında əsil həqiqətdir. O həqiqət ki, onu həmişə gizlədib, əvəzinə nəğmələr oxumuşuq...

Müəllif 60-cı illərdə bu şeiri çap etdirə bilərdimi? Amma bu mümkünsüzlüyü bilə-bilə bu şeiri yazmışdı. Çap olunmaq üçün yox, səmimi etiraflara yol açmaq, əzabını azaltmaq üçün bu şeiri yazmalıydı... Vaqif mühitini qəbul etməyən və mühitin qəbul etmədiyi şairlərdən olub. Belə qarşılıqlı inikara baxmayaraq Vaqif dövrünün, ümumiyyətlə, XX əsr Azərbaycan poeziyasının ən uca zirvələrində duran şairlərdən biridir. Onun şair dünyasında əsrinin cinayət və günahları, tarixi səhv və ziddiyyətlərlə tərtib olunmuş qanunları və bütün bunlardan əzab çəkən insanın, XX əsr vətəndaşının kədəri, ağrısı əks olunub. Onun üçün şeir yazmaq həm əzab, həm də əzabdan, ağrıdan qurtarmaq, ürəyini boşaltmaq, ciyər dolusu nəfəs almaq, yüngülləşmək məqamıdır. Bu poeziyanın təbiətini xarakterizə edən milli-mənəvi əxlaq, humanizm və dünyanın fəlsəfi dərki, insan taleyinin aqibətində duran tragik bəşəri kədəri dərindən-dərinə duymaq və yaşamaq həqiqətidir. Bu həqiqətin izahı şairi formalaşdıran ədəbi - ictimai mühitin ümumi mənzərəsi ilə və tarixi gen, qan yaddaşının doğurduğu təsir ilə birbaşa əlaqəlidir. 1960-70-ci illər sosial-siyasi mühitinin cəmiyyətin ictimai-mənəvi həyatında doğurduğu sıxıntı və sərtliklə yanaşı ictimai-siyasi proseslərin özündən yaranan mübarizlik, tələbkarlıq, obyektivlik və barışmazlıq ruhu, havası da hiss olunmaqda idi. Bu mənada 1960-cı illəri cəmiyyətin tarixində oyanma, özünəqayıdış mərhələsi kimi təhlil edirlər. Vaqif də zaman etibarı ilə həmin dövrün yetirməsi idi. Ancaq yuxarıdakı müqayisə və yanaşmalarımızdan da gördük ki, Vaqif dövrünə yaxın və dövründən çox-çox uzaq olan bir şairdir. Şair fəhmiylə zamanı qabaqlayanda da, qan, gen yaddaşı ilə dövründən xeyli uzaq keçmişi hafizəsində, varlığında yaşadıb çözələyəndə də bütün zamanların fövqünə yüksələ bilib. Onun hissiyyatında gələcək nə qədər görünürdüsə, keçmiş daha artıq xatırlanırdı. Mənəviyyat və azadlıq qurbanlarını, 1937-də tutulanları unuda bilmədiyi üçün sovet hökumətinə, kommunist partiyasına şeirlər qoşa bilmədi. Şair kimi o ağrını, ləkəni, faciəni varlığında hiss etdiyi üçün əli gəlmədi azadlıq, istiqlaliyyət yalanlarını nəzmə çəksin. Gələcəkdən necə xəbərdar idisə ümid, arzu, fərəh dolu şeirlər yazmadı. Onu düşündürən, narahat edən problem mövzular bir çoxları üçün aktual olmadığı kimi ədəbi mühitin ortaya qoyduğu və göstərib yada saldığı mövzular da onun üçün əhəmiyyətsiz görünürdü. 1959-cu ildə yazdığı məqalələrindən birində ədəbiyyatşünas alim Cəfər Xəndan yazırdı: “Təəssüf ki, xam torpaqların istifadə olunması kimi nəhəng iş, komsomolçuların qurduğu domnalar, şaxtalar Şərqdə görülən böyük quruculuq işləri, habelə yerin süni peykləri və aya göndərilən raketlər ədəbiyyatda istənilən şəkildə öz ifadəsini tapmamışdı”. Müəllif bu mövzuları xatırlamaqla yanaşı, sanki tənqidə də göstəriş verir. “Bu işi” qaydaya qoymağı və nəzarət etməyi tapşırır: “Tənqidin konkret köməyi iki şəkildə olmalıdır: yaxşı əsərləri təbliğ, zəif və orta əsərləri isə tənqid etmək. Tənqidçi ayıq olmalı, yaddan çıxan mövzuları yada salmalı, qələmə alınan mövzuların nə dərəcədə düzgün ifadə olunub-olunmamasını müəyyənləşdirmək üçün özü də həyatı dərindən bilməlidir”.

Bu məqalənin tarixi ilə Vaqifin çap olunan ilk şeiri arasında 4 il zaman fərqi var. Vaqif ilk şeirini 1963-cü ildə çap etdirib. Sitat gətirdiyimiz bu fikir və onun doğurduğu düşüncə tərzi və təsəvvür, ideya qəlibi də Vaqif Səmədoğlunun formalaşdığı, görüb-götürdüyü, dərs aldığı ədəbi-ictimai mühitin bir mənzərəsidir...

Sosializm realizmi nəzəriyyəsi ədəbi prosesə “kommunistcəsinə yaşayıb-yaratmaq nə deməkdir?” və s. bu kimi tələblərlə yanaşırdısa, bu suallara istənilən cavabı verib canını qurtaranlar tapılır və “qiymətləndirilirdi”. Bu asan yol idi: həm vaxtlı-vaxtında çap olunur, lazımı qaydada təbliğ və tərif olunur, həm də “qiymətləndirilirsən”. Bu qədər qazancın qarşısında itirdiyin isə mənəvi azadlıq olur...

Ədəbiyyatın qarşısına qoyulan problem birbaşa İnsan və onun taleyi ilə bağlı deyildi. Yaranmış stereotip insanı özündən, həqiqi “mən”indən ayırmışdı.

Ayrılıqlardan ən pisi-

Özünlə ayrılıq başlanır indi...

1960-cı illər ədəbiyyatı ziddiyyətli, heç vaxt birləşə bilməyəcək iki yol ayrıcında idi: Birinci yol hakim ideologiyaya, siyasətə qulluq edirdi. İkinci yol mənəviyyata, əbədiyyətə aparırdı. Üçüncü yolu yaradanlar da oldu: birinci ilə ikincini “uyğunlaşdırıb”, “güzəştli ədəbi davranış”la hər iki tərəfdən müdafiə olunan, həm də irəliləyən tədbirli sənətkarlarımız da tapıldı. Vaqif Səmədoğlu çətin olsa da ikincini seçdi. Bu yolun başında isə ona və onun kimi bir çox istedadlı şairlərə böyük Azərbaycan şairi Rəsul Rza dayaq oldu. Bu gün Rəsul Rza məktəbinin yetirmələri kimi təqdim olunan Əli Kərim, Fikrət Qoca, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə o illərin ədəbi hücumlarından məhz ustadlarının qayğısı, cəsarəti hesabına qorunurdular. Yeniliyə, gəncliyə ümid bəslədiyi üçün və ədəbiyyatda artıq sözünü demiş cəsarətli şair kimi qətiyyətini, rəy və fikirlərini aşkar ifadə etdiyi üçün R. Rzanın özü də çox vaxt haqsız hücumlara məruz qalırdı. Ancaq çətin yaraddıcılıq yolu keçmiş şair H. Cavid, M. Müşfiq, Ə. Cavid itkisinin ağrısını hələ də yaşayan insan kimi yeni “yozum”larla aparılan yeni “budama”ların qarşısını almağı özünə borc bilirdi. R. Rzanın M. Müşfiqə həsr etdiyi “Qızılgül olmayaydı” poemasında oxuyuruq:

Vaxt oldu ki,

araya girdi qor-qoduqlar.

Sənəti yumruqla,

ilhamı zirzəmiylə qorxutdular.

Bir də gördün,

əldə möhürlü mandat,

gəldi ədəbiyyat darğaları.

Bağırdılar:

-Hey, fa-ra-ğat!

R. Rza 1964-cü il, 6 oktyabrda “İzvestiya” qəzetində “Müxtəliflər və yaxşılar” adlı məqaləsində bir neçə gənc şair haqqında fikir söyləmiş və onları ümumittifaq oxucularına təqdim etmişdir. Xalq şairi S. Rüstəm və N. Xəzri isə “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdikləri “Qayğı və tələbkarlıq” məqaləsi ilə R.Rzanın həmin məqaləsinin ziddinə fikirlər söyləmişlər. R. Rza da öz növbəsində qələm yoldaşlarının ittihamlarına konkret, dəlil-sübutlarla cavab vermiş və ürək ağrısı ilə onlara bir şeyi xatırlatmışdır: “...hər sözdə, hər ifadədə duman axtarmaq, çox zaman bu dumanı yoxdan yaratmaq nəyə lazımdır? Məgər bu dumanlar ittihamı nəticəsində vahiməli günləri keçmişdə qalmış, ağır illərin gedər-gəlməz yoluna azmı əziz qələm yoldaşımız yox oldu? Axı “dumanlı” sözü sadəcə anlaşılmaz demək deyildir. Bunu ki, təcrübəli qələm yoldaşlarımız yaxşı bilirlər”.

Vaqif Səmədoğlu yazır: “Rəsul Rza mənim ən çox sevdiyim şair deyil. Lakin onun öz yaradıcılığında həll etmək istədiyi məsələlərin bir çoxu məni də həyəcanlandırır. Mən bu suallara onun yaradıcılığında cavab tapıram. Şeir oxumağa başladığım vaxtdan onun poeziyasını sevmişəm. Elə həftə, elə ay olmayıb ki, Rəsul Rzanın şeirlərini oxumayım, hər dəfə oxuyanda, hətta məlum şeirlərdə belə yeni fikirlər, yeni həqiqətlər tapmışam.

1962-ci ildən şeir yazıram. Şeirlərimin ilk hakimi, onlara ilk qiymət verən Rəsul Rza olmuşdur. Əgər onlar gərəklidirsə, qorxunc yalan torundan uzaqdırsa, mən bunun üçün Rəsul Rzaya borcluyam. Çünki məsuliyyət hissi ilə şeir yazmağı mənə Rəsul Rza öz şeirləri və söhbətləri ilə öyrətdi. Onun estetik zövqünün yüksəkliyi, sadəliyi, pooetik söz üçün daşıdığı böyük məsuliyyət məndən ötrü həqiqi məktəbdir”.

Vaqif Səmədoğlunun və yuxarıda adlarını çəkdiyimiz bir çox şairlərin ədəbiyyata gəlməsində və yetkin şair kimi formalaşmasında Rəsul Rzanın rolu danılmazdır. Poeziyadakı yeniliyə sevinən və onu alqışlayan ustad bəzi hallarda bu yenilikdən bəhrələndiyini də etiraf edir. 1963-cü ildə yazdığı “Ümid və arzular” məqaləsində Rəsul Rza belə bir fikir söyləyir: “Onların yaradıcılığı birinci növbədə məni yeni şeir problemi nöqteyi-nəzərindən maraqlandırır. Bu şeirləri oxuyanda düşünürəm. İllərlə görüb yanından keçdiyim şeylər gözümdə yeni rənglərlə canlanır. Bu şeirləri oxuyanda özümü daxilən əvvəl olduğundan artıq zənginləşmiş hiss edirəm. Bəzi detallar gözümdə böyüyür, yeni məna kəsb edir. Onlar məndə riqqət ya təəssüf, həsrət ya ümid dolu xatirələr oyadır. Əgər şair qardan yazmışdırsa –qarda, ağacdan yazmışdırsa-ağacda, gözlərdən yazmışdırsa –gözlərdə nə isə bu vaxta qədər duyub dərk etmədiyim yeni çalarlar, qoxular, rənglər duyur, görürəm. Məncə həqiqi poeziyanın yolu budur”.

“Hər dəfə oxuyanda, hətta məlum şeirlərdə belə yeni fikirlər, yeni həqiqətlər tapmışam” –V. Səmədoğlunun bu fikri ilə R. Rzanın “Bu şeirləri oxuyanda düşünürəm. İllərlə görüb yanından keçdiyim şeylər gözümdə yeni rənglərlə canlanır” –fikri üst-üstə düşür. Ustad –şagird münasibətindəki bu yanaşmada böyük cəmiyyət, obyektivlik, sözə, sənətə pərəstiş duyğuları diqqəti çəkir. Əslində hər iki sənətkar böyük ədəbiyyat və sənət naminə həqiqət mövqeyində durmağı özünə borc bilir.

Yalandan uzaq, gərəkli şeirləri üçün V. Səmədoğlu özünü R. Rzaya borclu sayır, özü üçün həqiqi məktəb hesab etdiyi bu poeziyaya sənət mənbəyi kimi baxır. Bu böyük sənətin sahibi, ustad şair R. Rza isə poeziyaya yenilik, incəlik və daha artıq həssaslıq gətirən gəncliyi alqışlayır, onların yaradıcılığındakı müsbət keyfiyyətləri –“bu vaxta qədər duyub dərk etmədiyim yeni çalarlar, qoxular, rənglər duyur, görürəm” –tərifi, qiyməti ilə dəyərləndirir.

Ancaq o illərdə yeniliyə və onun müdafiəçisinə qarşı çıxanlar mövcud qadağalar əsasında daha artıq ittihamlar irəli sürürdü. “Yenilik hissi, novatorluq duyğusu nə qədər güclü olsa da o illərdə buna qarşı müqavimət hissi də zəif deyildi. Ancaq nə qədər qəribə olsa da Rəsul Rzanın poeziyada bir novator kimi yox, ənənələrə qarşı çıxan şair kimi tanıtmışlar. Azərbaycan sovet poeziyasında müəyyən xidmətləri qeyd olunan, indi adı az qala unudulmağa başlayan, lakin o illərdə hər kəlməbaşı xatırlanan Məmməd Rahimdən tutmuş demək olar ki, əksər tənqidçilər (buraya MK-nın bəzi rəhbər işçilərini də əlavə edirik) altmışıncı illərdə R. Rzanı nihillizmdə; partiyalılıq və xəlqiliklə daban-dabana zidd olmaqda günahlandırmışlar”.

Yeniliklə-yeni, ictimai-siyasi, fəlsəfi təfəkkür tərzi ilə şablonun-“göstəriş”ə xidmət edən trafaret təbliğ xarakterli düşüncənin mübarizəsi və eyni zamanda birinciləri alqışlayanlarla ikincilərin sadiq qoruyucuları arasındakı barışmazlıq 1960-cı illər ədəbi-ictimai mühitinin konkret şərhidir.

Lakin bütün bunlara baxmayaraq, həmin illər ədəbi-ictimai düşüncə tariximizdə tərəqqi dövrü kimi xarakterizə olunur. Siyasətə qulluq edən ədəbi qüvvələr ictimaiyyət tərəfindən daha alqışlanmır, əksinə yeni ədəbi-estetik düşüncənin təsiri ilə ictimai-siyasi oyanış mərhələsi başlayırdı. Ədəbiyyat artıq açıq fikirli, cəsarətli və daha artıq yeni insan tərbiyəsi ilə məşğul idi.

Düzlük, səmimiyyət və s. bu kimi yüksək əxlaqi dəyərlərlə ədəbiyyata gəlmiş 60-cılar 1937-də kəsilən ağacların pöhrələri kimi boy verirdi. Yeni obrazlar, ifadə tərzi, düşüncə və dünyaya, həyata, başlıcası insana yeni münasibət formalaşmaqda idi. Bu yeniləşmə prosesində Vaqif Səmədoğlunun poetik obrazı xüsusilə seçilirdi...

1999

Ardı var

# 1165 dəfə oxunub

Müəllifin son yazıları

# # #