Bu gün bu janrı ədəbiyyatımızda kimlər yaşadır? - İlahi eşq yolçuluğu

Bu gün bu janrı ədəbiyyatımızda kimlər yaşadır?  - İlahi eşq yolçuluğu
26 dekabr 2023
# 13:30

Kulis.az İradə Musayevanın İlham Qəhrəmanın bayatıları haqqında yazdığı "Ömrüm bir qəmli bayatı..." adlı yazısını təqdim edir.

Türk folklorunda geniş yayılmış bayatı janrı müxtəlif zamanlarda həm də ayrı-ayrı şairlərin yaradıcılığında yeni məna və estetik çalarlar qazanıb. Aşıqlar, xalq şeiri üslubunda poeziya yaradan müəlliflər üçün bayatı rahat şəkildə özünüifadə imkanları ortaya qoyan forma kimi əvəzolunmazdır. Həyəcanlı, kədərli, sevgi və riqqət dolu ovqatın ən tez və qısa yolla ifadəsi üçün bayatı daha əlverişli janr hesab edilə bilər.

Şah İsmayıl Xətayi, Əmani, Sarı Aşıq bayatıları həm məhəbbət motivi, həm ictimai məzmunu, həm də poetik çalarları ilə janrın ifadə imkanlarını açıb göstərə bilib. Bayatı obrazları, bu obrazların ruhi-mənəvi aləmi adətən o qədər qüvvətli olur ki, oxucu yaddaşında dərin iz buraxa bilir. Təsadüfi deyil ki, layla və oxşamalar, ağılar çox hallarda məhz bayatı məzmunu üzərində qurulur. Dərd, kədər, ayrılıqlarla bitən sevgilər, qürbət, Vətən həsrəti, doğmaların itkisindən yaranan niskil, haqsızlığa etiraz kimi motivlər də bayatı qəlibi, bayatı forma və texnikası tələb edir.

Klassıklərin, el şairləri – aşıqların bayatı yaradıcılığında ata-babalarımızın estetik duyumu, poetik təfəkkür modeli, dünyagörüş və intellekti, dünyanı fəlsəfi dərki, kədəri, gözəllikləri və sevgini, xoşbəxtliyi qavrama, yaşama fəhmi ilə tanış oluruq. Bayatı dünənimizin ən rəngli, ən asan yadda qalan şeir şəklidir.

Bəs bu gün bu janrı ədəbiyyatımızda kimlər yaşadır? Onun məna-məzmun, poetik ifadə imkanlarını inkişaf etdirərək gələcək nəsillərə ötürmək qayğısına kimlər qalır?

İlk növbədə ağıla İlham Qəhrəman gəlir. Sözdən ən son həddə qənaətlə istifadə etməyi bacaran, az sözə çox məna yerləşdirmək istedadı olan, şeir texnikasına məsuliyyətlə yanaşan müəlliflərdə bayatı yazmaq uğurlu olur. İlham Qəhrəman bayatı qafiyələnməsi (a-a-b-a) üçün əsas şərt olan gözlənilməz açılış məqamını həssaslıqla işləməyi bacarır. Ən gözəli də odur ki, xalq şeiri üslubunda Aşıq Qurbani, Molla Pənah Vaqif, Aşıq Ələsgər gözü və ruhu ilə detalları, incə gözəllikləri, həyatın, məişətin poetik məqamlarını cilalayıb əlaqələndirməyi bacarır. Kəlmələr bir-birinə qoşulmur, bir-birinə sarılır, bir-biri ilə qohum kimi qaynayıb-qarışır. Məsələn, mey-məzə, qız-kuzə, qızıl-gümüş, sonda göz önündə canlanan bəzəkli, qızıl-gümüşlü və kuzəli gözəl yar portreti...

***

Mey məzəyə duranda,

Qız kuzəyə duranda.

Qızıl-gümüş sevinər

Yar bəzəyə duranda.

Müəllif burada “duranda” kəlməsini yeni məna çalarları ilə dolğunlaşdırıb. Məsələn, oxucu bu ifadəni şeirdə həm “qalxanda”, həm da “dayananda – söykənəndə” anlamında yoza, mənalandıra bilir.

***

Yazdan gəlib göy dağa,

Heyran qalıb Göy dağa.

Göründün köks ötürdüm,

Necə boz dağ göy dağa.

Bu bayatıda da məcazlar yenilənib, təzələnib və fərqli şəkildə ifadəsini tapıb. Yaz fəsli dağı elə gözəlləşdirib ki, Göylər belə ayağı altındakı dağa heyranlıqla baxır. Bu məqamda eyni situasiyalı başqa bənzətmə ortaya çıxır. Yar gözə görünməklə aşiq elə köks ötürür ki, həsəd obyekti sevgili (göy, yaz bəzəkli dağ), aşiqin özü isə qışdan qalan solğun rəngli boz dağ mənzərəli olur.

Növbəti bayatıda aforizmləşmiş ifadə “ürəyi gücə salma” misrası olur. Xalq arasında zorla evləndirmək, zorla ərə vermək, məcburiyyətlə sevgi ortamı yaratmaq deyimləri şeirdə konkret şəkildə “ürəyi gücə salıb sıradan çıxarmaq” məntiqinə söykənir:

Bir sallan, üç əs, alma,

Sallama küçə salma.

Sevgi könülsüz olmaz,

Ürəyi gücə salma.

“Taylı tayını tapmasa, günü ah-vayla keçər” atalar sözünün ekvivalenti isə bu bayatıda qarşımıza çıxır:

Qaş qara, tel çalam a,

Üz göstər maç alam a!

Rəbbim, duyğulu kəsi

Duyğusuza calama!

İfadələnin fonetik tərkibi ilə ustalıqla işləyən şair təkcə forma özəlliyini deyil, məna-məzmun, məntiq tamlığını da diqqətdə saxlaya bilir. Çox zaman həmin ifadələri yeni məzmunda təqdim edir. Məsələn, “baş atmaq” aşağıdakı bayatıda “baş yastığa qoymaq” hətta “baş çəkmək”, “yoxlamaq” anlamlarına da yozula bilir.

***

İş çatmayıb başa tam,

Ürək anam, baş atam.

Elə içimdən gəlir

Yar yanına baş atam.

Bir az diqqət yetirsək, cinas yaratma və cinasdan istifadə ustalığını da görə bilərik. Ədəbiyyatımızda daha çox qoşmalarda izlədiyimiz cinaslılıq bayatılarda bir başqa xüsusiyyətdə ifadəsini tapır. Bayatı cinasları konkret mətn situasiyasında daha qabarıq şəkildə hiss edilir.

***

Yol götürdün yara var,

Könlüm, səndə yara var.

Yazı yazana şükür,

Mən özüm türk, yar avar.

***

Mən görən güldən ağlar,

Şeh düşər gül dan ağlar.

Gülü bəsləyən ölmüş,

Gül ağlar, güldan ağlar.

***

Mən görən göydə tutdu,

Çəmən tut, göy də tutdu,

Yar sözüm söz eylədi.

Fürsəti göydə tutdu.

“Cinaslı olsa da, bayatı başqa şeir şəklidir, qoşma da bir başqa. Bayatılardan əlavə, digər xalq şeirlərində də ara-sıra cinaslara rast gəlirik” (Sədnik Paşayev. “Azərbaycan şifahi xalq şeiri və heca vəzninin inkişaf tarixi” Bakı, Təknur, 2013, 482 səh. s.208.)

İlham Qəhrəmanın bayatılarında təmiz bir təbiət, milli koloritli, nazlı-qəmzəli, saf üzlü, açıq sözlü gözəllər və aşiqlər var. Bəzən aşiqlərin uşaq kimi istəyi də olur. Məsələn, sevdiyi qızın buzdan sürüşüb yıxılması qorxusundan ondan qəflətən yapışması – arzusu kimi:

Gəl dırmaş taxtapuşa,

Gör nə yığılıb qışa.

Buzda sürüşüb qorxa,

Nagah səndən yapışa.

Bu situasiya da həmin təmiz və səmimi hisslərin yaşantılarını ifadə edir:

Ay yana, gün ağara,

Üfür ney, vur nağara.

Yarı gördüm dil batdı,

Nə ağ dindim, nə qara.

Lirik incəliklər silsiləsini həm məna, həm də qafiyə əlvanlığı zənginləşdirir. Aşağıdakı bayatıda hicran – sonda “divar”, maneə, əngəl sözü, anlayışı ilə əvəzlənir. Ayrılığa yox, aradakı divara ağlamaq lazım olduğu bildirilir: “Divarı ağla!”

***

Hicrana, ay qız, ağla,

Gizlində yalqız ağla.

Ortada divar var e

Onu bir ağız ağla.

Professor Asif Hacılı bayatı janrının potensial imkanlarını və Azərbaycan ədəbiyyatında tutduğu yeri dəqiqliklə ifadə edir. “Azərbaycan folklorunun ən qədim janrlarından olan bayatılar sadəlik və mürəkkəbliyin, aşkar və gizlinin, ilkinlik və çağdaşlığın qəribə vəhdətiylə müasir oxucunu heyrətə salır. Ancaq bu heyrətdən və bayatı müdrikliyinin ani dərkindən doğan hisslər ən munis duyğulardır. Bayatı təfsiri əslində mədəniyyət və dilimizin, özlüyümüzün dərki deməkdir. Etnik ruhumuzu yaşadan bayatılar buna görə milli filoloji fikri daim cəlb etmişdir” (Asif Hacılı. Bayatı poetikası. Bakı, Elm, 2000, 162 s.s.3).

Bəzən çox yayılmış qafiyə çeşidi bu bayatılarda yeni poetik mühit yaradır. Məsələn, “qaya-haya-aya” sadə, işlək qafiyə modeli olsa da, mətndə yeni rəngdə görünür.

***

Dağdan bir qaya düşüb,

Çobanlar haya düşüb.

Gecə ayamı baxdın,

İşığın aya düşüb?!

Sinonimlik antitezalarla bir kiçik şeir parçasında “barışa bilir”. Yaxşı olmaq rəhmət qazandırır, ədəbli olmaq isə hörmət. İşıq və kölgə əks məfhumlar olsa da, biri digərindən (kölgə işıqdan) doğur. Həsrət sevginin düşmənidir, amma o da sevginin bəhəri, övladıdır. Əksliklərin vəhdəti – gecə-gündüz, xeyir-şər, sevinc-kədər kimi ziddiyyətli və əksmənalı məfhumlar sanki bir kökdən, bir başlanğıcdan meydana gəlir:

Yaxşı rəhmətə səbəb,

Ədəb hörmətə səbəb.

İşıq kölgəni doğur,

Sevgi həsrətə səbəb.

Bəzən də daşlaşmış, sabitləşmiş aforizmlərə sanki düzəliş edilir. Məsələn, “dərdini sazla anlatmaq” ifadəsi “Dərdimi çal ney ilə” ifadəsi ilə əvəzlənir. Son iki açılış misralarında isə (Mənə dəymir, toxunmur, Yar can alır nə ilə?!) sevginin insana fiziki təzyiq olmadan, ruhən öldürməsi həqiqətinin şeirini oxuyuruq:

Dərdimi çal ney ilə,

Budaq bardan əyilə.

Mənə dəymir, toxunmur,

Yar can alır nə ilə?!

Və yaxud:

Usta hördümü deyim,

İşi gördümü deyim?!

Cibinə dəsmal qoy, gəl,

Sənə dərdimi deyim.

Bu poeziyada sözlər səs oxşarlığına görə bəzən bir-birini tapıb tanıyırmış kimi görünür. Alliterasiyalar, assonanslar, səs təqlidləri, fonetik səviyyədə poetikləşir. Görəvə, girəvə, gir evə – necə həmahəng olub bayatı yaradcaq diqqət edək:

Comərdi qoy görəvə,

Yada verməz girəvə.

Yar gözləmək də işdi –

Çıx eyvana, gir evə.

İlham Qəhrəmanın poeziyasında, xüsusən də bayatılarında sufi, ilahi eşq yolçuluğunun istiqaməti, xətti görünür. Klassik ədiblərimizin əruzda göstərdiyi ustalığı (məsələn, Nəsiminin “Al ilə ala gözlərin aldadıb aldı könlümü, Alını gör nə al еdər, kimsə irişməz alinə” misralarında olduğu kimi) sözün səsləri, misranın kəlmələri ilə zərgər dəqiqliyi ilə işləmək qabiliyyətini onun yaradıcılığında da müşahidə edirik. Bəzən sufi, bəzən batini eşq elminin mənalılığı bu poeziyada da açıqca hiss edilir. Yunis Əmrənin “Bir mən vardı məndə məndən içəri” fəlsəfəsinə bənzərlik də gözdən qaçmır.

***

Düz de, düzü bilənə,

Söz de, sözü bilənə.

Sevdim demək nə demək –

Səni özü bilənə?!

***

Ağladıb gülən qədər,

Gəz qapı dilən, qədər.

Məni özün bilmədin,

Mən səni bilən qədər.

***

Mən görən yuxa gərək,

Dürməyə yuxa gərək.

Dərdli ölsə, hal bilən

Ağlasın yuxa gərək.

***

Uzaqdan yaxın qaçır,

Az qalır, çoxum qaçır.

Məndən ayrılıb sənə,

Gecələr yuxum qaçır.

Məhəmməd Füzulinin aşiq obrazı qəzəllərinin çoxunda xəstə, məşuqə obrazı isə təbib rolunda təsvir edilir. Onun

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?

beytindəki yanğı İlham Qəhrəmanın bayatısında dərdinin əlacı, dərmanı zalım yarın səhəngində olan aşiqin istəyini xatırladır:

Mən dedim qadan mənə,

Dağ çəkdi ədan mənə.

Səhəng dolu, yar zalım,

Verərmi sudan mənə?!

Və ya:

Çıraq dərdi yağladı,

Bağban dərdi bağladı.

Bəxt məni sən zalımın

İnsafına bağladı.

Növbəti bayatıda “dilimdə bitib” məcazı “bostan” ifadəsi ilə məna əlaqəsinə girir:

Alma böldüm dilimdə,

Bal şirini dilim də.

Əcəb bostan tapıbdı,

Adın bitib dilimdə.

Yenə də çox işlək olan, şablon kimi görünən başqa bir qafiyə düzümünü “hara-xara-yara” qafiyələnməsini fərqli məqam və maraqlı ovqat yaradan situasiyada görürük:

Mən görən hara tərəf,

Gül bitər xara tərəf.

Mənim şax duran könlüm

Yıxılar yara tərəf.

Bəzən də bu bayatılarda yeni yaradılan ifadə və sözlər diqqəti cəlb edir. Özü də həmin ifadələr tam mətnə uyğun seçilir, qondarma xarakterli olmur. Məsələn, “göl”, “gölməçə” sözləri hamı tərəfindən qəbul edilir, ancaq bu bayatıda “gölmə” şəklində ifadəsini tapır:

Hana üstə ilmə bax,

Ortasında gölmə, bax!

Bir göz vurur, can alır,

Yar öyrənən elmə bax.

Müəllifin təbiət lövhələrindəki gözəlliyi şeirə çevirməsi istedadı da təqdirəlayiqdir. “Yağış” poeziyada yüzlərlə obrazda bədiiləşib. Bu misralarda isə bir rəssam qələminin əsəri kimi göz önünə gəlir: “Çölə çıx yağışa bax, Qoyduğu naxışa bax” və ya sevginin “naz “ adlı naxışı gəbə üzərində butatək mənalanır. Mən görən ata kimi, Qayıda tuta kimi?! Naz sevgi çeşnisidi, Gəbədə buta kimi”.

Göz də poeziyada həmişə sevgini dilləndirən, sevgi etiraf edən ifadə obyekti olub. Bu bayatılarda da göz dildən daha cəsarətlidir, dilin demədiyini göz deyir. Xəyallar da həmçinin...

***

Sağ-sola yellən gözüm,

Dost getdi, sellən, gözüm.

Görəndə dilim batır,

Yara sən dillən, gözüm.

***

Gül üstə yatan səni,
Saxlayar butan səni.
Məndə o ürəkmi var,
Gözümdü tutan səni.

***

Yeri dar, daşar gözlər,

Bəndini aşar gözlər.

Yarınan söhbəti var,

Səs salma, çaşar gözlər.

***

Dağların tar yanını,

Tutubdu qar yanını.

Xəyalım ürəklidi,

Kəsdirib yar yanını.

Bəzən isə ümumiyytlə, nə ürək, nə göz, eşqin dilbiləni, yurd-yuvası kimi ciyər poetik obyektə çevrilir:

Sinəndi müşkün yurdu,

Salaydım düşkün yurdu.

Ürəyin adı çıxıb,

Ciyərdi eşqin yurdu.

Ədəbiyyatın, xüsusən də poeziyanın tərənnüm motivi, hədəfi bütün dünyada həmişə adətən sevgi və sevgili olub. Amma sevgiyə mübtəla olmağın, eşqə düşməyin, aşiqliyin, vurğunluq və məcnunluğun çeşidi hər üslub və qələmdə bir başqa şəkil alıb. Məsələn, “arı şana bal hörən kimi eşqi könülə hörən sevgili” obrazı yeni deyilmi?

***

Şənbə, bazar ev günü,

Nağılların dev günü.

Arı şana bal hörər,

Sən könülə sevgini.

Yaxud Yoluna ürək sərdim, yumşaq ayaqqabı gey” poetik deyiminin yeni assosasiyalar yaratması gözdən qaçarmı?

***

Yaşıl üstdən abı gey,

Ya elə innabı gey,

Yoluna ürək sərdim,

Yumşaq ayaqqabı gey.

Xalq ədəbiyyatı, folklor poeziyasında təsvir olunan obyekt, hadisə və obrazları daima bir çöl, bayır, açıq səma, düzlər, aydın məkanlarda görürük. Həm də bir hay-haray, çağırış, səsləniş, sual intonsiyası qulağımızı oxşayır. İlham Qəhrəman şeirinin də çağırışlarında “çıx”, “bax”, “hardadır” və s. bu kimi kəlmələr emosional, təsirli səhnələr yaradır.

***

Dur o evdən çölə çıx,

Od tutmuşam, külə çıx.

Yaraşan ad de mənə

De, ay qul, ay kölə, çıx!

***

Gül üstə bu xara bax,

Gözəldi Buxara bax.

Cana od vurub gedən,

Tüstüyə, buxara bax.

***

Çayı keç o taya çıx,

Bir səmtə, butaya çıx.

Cana od salan qanlı,

Su götür ortaya çıx.

***

Nə sevdadı yasalı,

Göz yanağa su salı?!

Mən sayınca qeyb oldun –

Bir gizlənpaç misalı.

***

Qızılgülün gül vaxtı,

Gül üstündən gül baxdı.

Yara varmaq qorxulu,

Hər bir yanım çildaxdı.

Təbiətdə insan sevgilərinin mənzərələrini əks etdirən lövhələr də maraqlı təsvir olunub. Bütün nakam eşqlərin yuvada tək qalmış durna oxşarı varmış:

Teli əcəb burmadı,

Qəmzələri qırmadı.

Harda bir nakam eşq var

Yuvada tək durnadı.

Müəllif “mən”i çox zaman klassik bayatılardakı naməlum yaradıcı babaların portretini də göz önünə gətirir. Çünki çağdaş bayatı qəhrəmanlarının genetik kodunda dəyişməyən, daşlaşmış xarakterik cizgilər var ki, biz onu yüz illər öncə dillərə düşmüş xalq bayatılarında da görə bilirik. İstər indiki, istərsə də köhnə, keçmiş bayatılarda sevginin, həsrətin, qorxu və igidliyin, tənhalığın və vüsalın eyni poetik hava ilə əks olunması həqiqətini qəbul etməli oluruq. Bənzər ritm ilə çalınan poetik havada gözlənilməz açılışlar və fərqli şəkildə mənalandırmalar isə sonsuz imkanlar yaradır. Əsl hünər də odur. Yəni qəlib, şablon məhdudiyyətində azad, sərbəst, yeni ovqatlar yaradan şeir parçaları yazıb dillərə salmaq...

M.Füzulinin “Canım yolunda min qəmü dərdə nişanədir, Bir dəfə sormadın ki, bu qəm nə, bu bəla nədir?” beytinin müasir bayatıda yeni intonasiya ilə səslənişi klassika ilə çağdaşlıq bağının möhkəmliyini göstərir.

***

Mən görən cana candan,

Can doymaz can acandan.

Təki dərdə yarasın,

Qıyaram cana candan.

Yardan heç bir pay ummayan, almayan aşiq ondan gələn kədər payına “yox” demir və qapısını bu “pay” üçün həmişə açıq saxlayır. Necə ki, Füzuli qəzəlindəki aşiq canını yardan gələn qəm-kədər üçün nişangaha çevirib...

***

Yıxılmışam tar-maram,

Pay qoyma aparmaram.

Səndən gələn kədəri

Qapıdan qaytarmaram.

Və ya:

Mən görən yolla gəlsin,

Sağ gedən solla gəlsin.

Dərdinə mən müştəri,

Nə dərd var yolla gəlsin.

Halbuki yolunda baş qoyduğu sevgidən əldə qalan ancaq acı təbəssüm olur.

***

Gəl görüm, gülə gələn,

Bülbültək dilə gələn.

Acı təbəssüm olur

Sevgidən ələ gələn.

İlham Qəhrəmanın bayatılarındakı sevginin ünvanı çox zaman uzaqları göstərir, bəzən də qeyri-müəyyənliklərlə dolu olan, sanki daima qaçan, uzaqlaşan, ələ gəlməyən təxəyyül pərisini nişan verir.

***

Necoldu o çağ məndən,

Yanardı ocaq məndən?!

Mən elə sənə sarı,

Sən elə qaçaq məndən.

Hətta bütün ömrü boyu sevdiyinin yolunu gözləyən aşiq “qisas” alırmış kimi öz ölümü ilə yarının gözünü yolda qoymaq arzusundadır.

***

Bir də bura gəlməyəm,

Sən yerli, mən gəlməyəm,

Bağışla bir gün ölsəm,

Gözləyəsən gəlməyəm.

Və ya öz ölüm xəbərinin yara salam kimi yollanmasını arzuya çevirir.

***

Kövşəndə talam olsun,

Dağlarda qalam olsun.

Ölüm xəbərim sənə

Qoy yenə salam olsun!

Türk folklor poeziyası, həm də klassik Şərq şeiri üçün ortaq olan obrazların (gül, bülbül, yar, əğyar və s) hər yeni mətndə, hər yeni poetik mühitdə bir cür, fərqli təcəssümü ortaya çıxır. Çox zaman isə məsələn, gül və bülbül rastlaşması, qovuşması, ayrılığı bağ, bağça – məkanında rəsm kompazisiyası kimi epik lövhələr yaradır. Bağçada bülbülü gül üstündə, güllə bülbülün qovuşma, sevgi anını görən aşiq dərhal bu harmoniyada, ahəngli, qanunauyğun, nizamlı mənzərədə, təbiət fraqmentində bir detalın, bir zəruri enerji simvolunun (cananın) çatmadığını qeyd edir:

***

Mən görən diri məlum,

Biri sirr, biri məlum.

Bağça – gül üstdə bülbül,

Cananın yeri məlum.

Xalq məişətində “pencərə getmək” ifadəsi bir ritual, ənənə ilə əlaqəlidir. İlham Qəhrəman elat həyatının, məişətinin incəliklərini təkcə yaddaşına həkk etməyib, həm də onların ab-havasını, estetik cazibəsini ruhunda qoruyub saxlayıb. Özü də həmin məişətə uyğun leksika ilə birlikdə. Bu poeziyada sözlə elat həyatı, yaşantıları bir-birinə rəng ötürür sanki... Qadınlar bulaq başına, çaya paltar yumaq üçün birgə getdiyi kimi, toplaşıb pencər, göy-göyərti yığmaq üçün də gedirdilər ki, bu da bir əyləncə, gəzinti hesab olunurdu. Lakin bu bayatıda hədəf pəncərədir. Yar baxmayan pəncərəni əhəmiyyətsiz, mənasız bir məişət detalı hesab edir. Molla Pənah Vaqifin “Gərək” qoşmasında ifadə etdiyi – Bir evdə ki, belə gözəl olmaya, O ev bərbad olub talanmaq gərək – fikir yuxarıda dediyimiz məcazların işlənməsində genetik poetika yaddaşı məsələsini bir başqa bayatıda praktik olaraq sübut edir.

***

Çıxmadın qənşərə sən,

Getmədin pencərə sən.

Yar heç səndən baxmadı,

Səndəmi pəncərəsən?!

Digər bir bayatıda isə “pəncərə” ifadəsi tam əks anlamda, ayrılıq yox, qovuşma, ürək açma, hər vaxt yarı qəbul etmə – mənasında işlənir.

***

Könül evi uçuxdu,

Dam üstünə kim çıxdı?!

Ürək yay pəncərəsi,

Hər vaxt sənə açıqdı.

“Qapı” obrazı isə çox zaman ancaq yar evinin qapısı olur. Sanki bütün yollar o qapı üçün çəkilib. Amma həmin qapı yoluna üz tutacaq cəsarət, ürək olmur hərdən...

***

Qar yağıb kürək yoxdu,

Dam uçub dirək yoxdu.

Bu yol, o yar qapısı,

Aparan ürək yoxdu.

A.Hacılı da bu sahədə yaradıcılıq hünərini eyni texnika və hətta eyni simvollarla yeni ifadə, orijinal mətn ortaya qoymaq bacarığında gördüyünü bildirir. “Məhdud saylı poetik vasitələr qarşılıqlı əlaqəyə girərək orijinal kombinasiyalar yaradır və bu cəhət əsərin unikallığını, canlılığını təmin edir. Çox az miqdarda bədii vasitəylə faktiki olaraq sonsuz sayda orijinal mətn yaratmaq imkanı ortaya çıxır. Bayatılar təxminən eyni simvolların fərqli düzümündən və onlara yeni münasibətdən əmələ gəlir. Ənənəvi poetik sistem daxilində canlı, mütəhərrik, yeniləşən qavrayış mexanizmi fəaliyyət göstərir: şifahi yaddaşda “hazır əsərlər” yox, əsərin yaranma prinsipləri və “material” saxlanılır – müəyyən formul (söz) özüylə başqa sözləri gətirir, əsər öz-özünə “düzülüb-qoşulur”, şəbəkə kimi açılışır” (Asif Hacılı. Bayatı poetikası. Bakı, Elm, 2000, 162 s.s.9).

Müəllif yeri düşdükcə assonans və alleterasiyalarla poetik ahəngdarlıq yaradır. Aşağıdakı bayatıda y və d səsləri fonetik səviyyədə (alleterasiya) obrazlılıq yaradıb.

***

Ye, dedim yemir gedir,

De, dedim demir gedir.

Sən bunda, xəyal onda,

Arada ömür gedir.

İnsanla təbiətin təravətli, havalı, saf bir ortamda kompazisiya mövzusu olması isə folklor spesifikasını nümayiş etdirir:

Çay axar şırıltı var,

Qar yağar xarıltı var.

Yazıq, eşqə düşmüsən,

Gözündə parıltı var.

***

Bənna gözəl daş kəsir,

Çəkir karandaş kəsir.

Uzaq olsun! köydə qız,

Bir baxışa baş kəsir.

# 2675 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #