Kiməsə pislik edən ağac görmüsənmi?

Kiməsə pislik edən ağac görmüsənmi?
4 sentyabr 2014
# 16:13

Kulis.Az İlqar Əlfioğlunun “Zülmətlərin ən gözəli...” novellasını təqdim edir.

- Deyəsən, dayandı ha!..

- ...

- Yaz yağışı belədi də... Başlayanda, deyirsən, qurtarmaz – tut ucundan, çıx göyə. Amma bir də görürsən ki, xırp, kəsdi... Yaxşı oldu dayanmağı, yoxsa, iliyimizə kimi islanacaqdıq. Hə, gedəkmi?

- ...

- Gedək, yoxsa arvadın yanında üzüqara olarıq. Deyər ki, qoca vaxtında da yalançılığından qalmırsan... Bu yalan məsələsindən sənə danışacam hələ. Amma indi yox, yolda – söhbət mənzili gödəldir. Sən çıx, mən də gəlirəm – işıqları söndürüm, qaza baxım, gəlirəm... Dayan, tək düşmə, gözlə... Hə, getdik – yolçu yolda gərək... Nədən danışırdım bayaq?

- ...

- Hə, yalan məsələsini deyirdim axı... Cavanlıqda, təzə evlənəndə, yeri gəldi-gəlmədi, yalan deyirdim ona. Adamın indi lap gülməyi gəlir: yalanın biri bir qəpiyə, gop məccani... Sən yalan bilməzsən, heç yaxşı şey deyil... Birdən elə bilərsən, onu aldatmaq ləzzət eləyirdi mənə ha?!

- ...

- Yox. Elə-belə deyirdim. Düzünə qalsa, özü məcbur eləyirdi - yaman qısqanc idi, mən də onu qorumaqçun deyirdim əsasən... Qısqanclıq da ki, yaman bəladır... Amma sən anlamazsan bunu, çün qısqanclıq bir bəla şeydür, giriftar olmayan, bilməz... Dəliydi zalımın qızı... Düzünü deyirdim, aləm dəyirdi bir-birinə, yalan deyirdim, sakitlik olurdu... Amma sonralar içindən bir qəmbərqulu çıxmasaydı da... Sən qənbərqulu da bilməzsən, elədir?

- ...

- Bir də görürdün, eyni şeyi bir ay sonra, beş ay sonra bir də xəbər alırdı məndən. Yalançının da yaddaşı gödək olar axı... Bir sözlə, paxırım açılırdı. O qədər davaya çıxmışıq... Kaş, o günlər olaydı... Deyirəm, adam cavanlığın qədrini necə bilmir e-e... Yavaş da, ay pir olmuş, suya niyə girisən? Sənin də, məndən beşbətər, hay-hayın gedib, vay-vayın qalıb ha... Bax, bu dəfə xəstələnsən, məndən hay yoxdu sənə - ötən ayınkını verdik bazarlığa, gələn ayın pensiyasına da hələ iyirmi gün qalır, keyfinə bax, xəstələnsən o yanlıqsan... Kim baxacaq sənə?..

- ...

- Mən? Mənciyəz özümü zorla hərləyirəm; ayağım da əməlli yerimir daha... Hə, arvaddan danışırdım axı... Sən onun cavanlığını görməmisən – onda yox idin hələ. Bilirsən necə gözəl idi?.. Gözəl deyirəm ey sənə! Adam üzünə baxanda, gözünü qırpmaq istəmirdin, deyirdin bir az da baxım... Sən onun axır vaxtlarını gördün – nəyi qalmışdı ki?.. Bircə gözləri... Heç fikir vermişdin gözlərinə?

- ...

- Bir fikir ver, bu dəfə mütləq fikir ver, onda biləcəksən ki, nəyinə aşiq olmuşdum onun... Yorulmamısan ki?

- ...

- Amma mən yoruluram axır vaxtlar... Deyirəm, bu yolu hər həftə gedirik, özü də piyada, amma heç cür öyrəşə bilmirəm ki, bilmirəm. Hər dəfə təzə bir şey tapıram bu yolda. Bax, indi mənə elə gəlir ki, o çinarın böyründən keçən dəfə bir şax qalxırdı. Sənə elə gəlmir ki?

- ...

- Bəlkə doğrudan varmış, təzə kəsiblər?.. Deyirəm, ağac da qəribə şeydir ha! Körpə vaxtı, pöhrə vaxtı, hamısı bir-birinə bənzəyir – ayıra bilməzsən. Amma elə ki, böyüdülər, hərəsi bir biçimə, bir qiyafəyə düşür... Lap adamlar kimi... Düz demirəm?

- ...

- Bir özün fikir ver də, gör körpə uşaqlar bir-birinə necə oxşayır... Onları səhv salmamaqçun doğum evində qollarına müşəmbə bağlayıb, üstündə anasının adını yazırlar... Bəs nə bilmişdin? Yoxsa onları ayırmaq olar? Hamısı uşaqdı da – bir-birindən gözəl, bir-birindən təmiz... Sonra düşür hərəsi bir sifətə. Bax, gör məni o qocayla səhv salmaq olar heç?

- ...

- O qocanı deyirəm ey, trolleybusa minəni... O hara, mən hara? Heç bir kilometrdən də səhv salmazsan... Ağaclar da elədi... Həyatımda beş-altı ağac var ki, yaddaşıma yazılıb şəkilləri. Rəssam olsaydım, bu dəqiqə çəkərdim. İstəyirsən, sayım onları bir-bir – sayım, qulaq as. Sayımmı?

- ...

- Biri kənddədi – dədə-baba həyətimizdə. Qollu-budaqlı tut ağacıdı. Alt budaqlarından biri əyilib, uzanmışdı. Anam da nehrəsin ondan asardı. Bir başından da biz asardıq - yellənçəyimizi... Koğuşu da vardı, dədəmdən tənbəki oğurlayanda, orda gizləyərdim... Bax, gözlərimi yumuram, o ağacı görürəm. Hərdən yuxuda əlimi salıram koğuşuna – içinin kələ-kötürü də yadımdadı... Sakitlik olanda yarpaqlarının səsi qulağımadır hələ... Sən olmayan səsi eşidə bilərsən?

- ...

- Amma mən eşidirəm. Bir ağac da vardı – Eldar şamı. Yekə bir şey idi, bunlardan yox. Kölgəsində, yalan olmasın, otuz-qırx adamlıq məclis qurmaq olardı. Gövdəsi, budaqları çat-çat idi, hər çatından da kəhraba kimi qatran axıb, qurumuşdu. Elə bil adama min dənə göz baxırdı ağacdan – sap-sarı pişik gözü. Mərdəkandaydı o ağac, Dendraridə. Həmidəylə ilk dəfə orda görüşmüşdük... Yenə o bağ olaydı kaş... Baxışlarımız toqquşanda canıma bir üşütmə düşdü ki, gəl görəsən. Deyirəm, camaat aşiq olanda qızır, mənsə üşüdüm onda... Amma bilmədim üşüməyim şamın sərinliyindən idi, yoxsa bu da bir növ eşq alovuydu – qızdırmaq yerinə üşüdürdü... Səncə hansıymış, görəsən?

- ...

-Nə qədər cavan idik, hər il həmin gün bir dəstə gül alıb, gedirdik dendrariyə, bizi görüşdürən ağaca borcumuzu verib, gəlirdik... Gül dedim, yadıma düşdü – mütləq gül alaq ha! Keçən həftə də almamışıq... Hə, ağacın biri də vardı... Bilirsən harda?

- ...

- Doğum evinin həyətində. O da qovaq idi. Gövdəsində adamlar şad günlərini, bəd günlərini bıçaqla qazırdılar... Deyirəm, nə qəribə adamlar var dünyada – istəyirlər onlar üçün əlamətdar olan tarix özlərindən sonra da yaşasın... O ağac yadımda qalmazdı, çünki bircə dəfə görmüşdüm onu, amma Həmidə başını onun gövdəsinə dirəyib, ağlayırdı. Onda elə mən də ağladım, nə gizlədim?.. Həkimlər ona demişdi ki, ana ola bilməyəcək... O, övladının olmayacağına ağlayırdı, mən də onun ağlamasına – çox istəyirdim onu, ağlamasına heç tabım yox idi... Hə, ağaclar başqa aləmdi. Heç kiməsə pisliyi dəyən ağac görmüsən?

- ...

- Görməmisən, əlbəttə görməmisən. Bəlkə görmüsən?..

- ...

- Dayan, girim gül alım – birdən o biri dükan bağlı olar... Amma yox, bununku deyəsən, köhnədi. Qoy o qoca arvaddan alaq, yazıqdı. Ehtiyacı olmasa, bu rütubətli havada nə işi var küçədə?..

- ...

- Necədir? Hamısı ağ! Bir az tələsək, axşam düşür... Amma güllər qiyamət oldu ha! Qocalıq sarsaq şeymiş, adam alatoranda heç nə görmür... Sən necə? Görürsən? Yavaş, maşın gəlir!.. Trolleybusdan sonra keçirik... Getdik!.. Lap ayaqdan düşmüşəm, ikicə addım tələsdimmi, nəfəs kəsilir də, zor deyil ki... Zalım uşaqları, elə sürür, elə bil dünyanın axırıdı... Amma onlarda günah yoxdu - cavandılar da, beyin hələ qandı... Deyirəm, görəsən bizim də oğuldan, qızdan bir şeyimiz olsaydı, onlar necə olardı?

- ...

- Bizi sevərdilərmi? Yəqin sevərdilər, mütləq sevərdilər... Biz də sevərdik onları. Yaxşı baxardıq... Mən heç, amma Həmidənin cavanlıqda burnunun ucu göynəyirdi uşaq üçün. Mən bilirəm o necə baxardı balasına... Vaxtında çox dedim ona gedək, doğum evindən götürək. Hər dəfə razılıq verirdi, gəlib çıxırdıq son mərhələyə, ağlayıb, özünü öldürürdü ki, istəmirəm, ürəyim götürmür, qəlbimə yatmır, nə edim? Mən də kirimişcə, qoluna girirdim, qayıdırdıq evimizə... Onda götürsəydik, indi neçə yaşı olardı? Otuz beş... qırx... Bəh-bəh-bəh! Ömrün ən gözəl çağı... Mənim otuz beşim olanda, müharibədən təzə gəlmişdim. Bəzənib, çıxırdım bulvara... Bəzək deyəndə, bircə kitelim vardı. Amma mənə elə gəlirdi ki, hamı boy-buxunuma, əyin-başıma baxır... Deyirəm, qəribə dövran idi... Bilirsən hərdən nə fikirləşirəm?

- ...

- Fikirləşirəm ki, müharibə yaman dərd oldu camaata, amma elə bil adamların ürəyindəki xıltı da təmizlədi, bərkə-boşa saldı, ürəyigenişlik öyrətdi... Bilirsən, qəribə çevriliş olur adamda. Almanların elədiklərini görə-görə gəlirdik. Elə bilirdim onların torpağına girən kimi, qanlarını ovuclayıb içəcəm... Amma olmadı... Hələ iki dəfə özümü oda atıb, nemes balalarını da xilas elədim. Onda belə şeylər heç qəhrəmanlıq sayılmırdı, gündəlik həyatımız idi... Bilirsən niyə?

- ...

-Heç mən də bilmirəm bunu. Amma eləydi... Hə... Belə-belə işlər... Çatmışıq, bir şey qalmayıb. Buralara gələndə, yaman yüngülləşirəm, dünyanın dərd-səri əfsanə görünür mənə... Fikirləşirəm ki, bu adamlar görəsən, niyə qarışqa kimi qaynaşır e-e? Nə istəyirlər bu həyatdan? Niyə rahatlıq tapa bilmirlər? Niyə can rahatlığı ürək rahatlığından qiymətli sayılır?.. Amma qayıdan ki, yenə köhnə hamam, köhnə tas... Özüm də oluram onlardan biri... Görəsən, hamı belədir?

- ...

- Çatdıq... Zülmətlərin ən gözəli sevgilimin gözündədir... Yaxşı-yaxşı bax. Gözlərinə, gözlərinə fikir ver... Təsəvvür elə ki, bu gözün yiyəsi həm də cavanıdır... Yaxşı görünmür deyəsən, dayan bir silim...

Qoca çəliyini daş hasara söykədi. Ayağı ilişməsin deyə, ehmallıca yaxınlaşdı, alaqapının buz kimi cəftəsini çəkib, içəri keçdi. Boz şalvarının sağ cibindən yaylığını çıxardı, qara daşdan gülümsünən nurani çöhrəni titrək əlləriylə yaxşı-yaxşı silib, dostuna tərəf çöndü:

- Necədi? Gözəldimi?

- ...

Sonra əlindəki bəyaz qərənfilləri səliqəylə daş güldana düzdü, dal-dala çəkildi, içəri girməyə sanki ürək eləməyən qoca köpəyin başını tumarlayıb bir də soruşdu:

- Necədi?...

Köpək danışa bilmirdi... Amma görürdü, kimsənin görə bilməyəcəklərini də görürdü. Hətta canlıymış kimi baxan bir cüt gözəl gözün bulaqlarında iynə ulduzu boyda iki gilə yaşı da görürdü...

Bakı, 1985

# 3303 dəfə oxunub

Müəllifin son yazıları

# # #