Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video

Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı - Ən məşhur müharibə nəğmələri - Video
29 oktyabr 2020
# 09:01

Kulis.az “İllərin mahnısı” layihəsindən müharibədən bəhs edən ən məşhur mahnılarımız haqda maraqlı faktları təqdim edir.

Azərbaycanın ən gözəl müharibə mahnıları 90- cı illərdə baş verən Qarabağ müharibəsi zamanı yazılıb. Böyükdən kiçiyə hər kəsin dilində əzbər olan Cavanşir Quliyevin bəstələdiyi “Əsgər marşı” Laçın batalyonunun təşəbbüsü ilə ərsəyə gəlib. 1992-ci ilin fevral ayında Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də daxil olmaqla bir qrup incəsənət xadimi Laçına gələrək əsgərləri ziyarət edir. Əsgərlər batalyonun qurucusu Arif Paşayevin bəstələdiyi “Laçın batalyonunun marşı”nı ifa etdilər. Marşın sözləri bəstəkarın xoşuna gəlib. Bundan təsirlənən bəstəkar indiki məşhur əsgər marşını yazıb.


“İgid əsgər”

Azərbaycanın məşhur müharibə mahnılarından biri də Şahin Musaoğlunun bəstələdiyi “İgid əsgər” mahnısıdır. Müəllifin dediyinə görə mahnının sözləri və musiqisi ayrı-ayrı vaxtlarda yazılıb. Sözlərlə musiqinin yazılması arasından təxminən il yarım müddət var. Şahin Musaoğlu “İgid əsgər” mahnısının sözlərinin ilk versiyasını “Şıxov” batalyonu Şəhidlər Xiyabanında and içib cəbhəyə yola düşəndə yazıb. Milli Qəhrəman Yusif Mirzəyev mahnını çox bəyənib və əsgərlərinə bu mahnını öyrətməyə başlayıb. Müharibə yeni başlayanda
Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ilk ifa edəcəyi mahnısını ona həsr edəcəyinə söz verir. Və çox keçmir Yusif Mirzəyev döyüşlərin birində şəhid olur. Şahin Musaoğlunun bəstələdiyi və şer yazdığı "İgid əsgər" mahnısı Yusif Mirzəyevin qəhrəmancasına vəfatından sonra ona həsr olunur.


“Çanaqqala türküsü”

Daha bir maraqlı hekayət “Çanaqqala türküsü ilə bağlıdır. Bu mahnı haqqında ilk məlumat 1915-1916- cı illərdə Osmanlı ilə Antanta (İngiltərə, Fransa, Avstraliya) dövlətlətləri arasında baş verən müharibədə iştirak edən Əmrullah Nutku adlı bir əsgərin anasına yazdığı məktubda verilib. Məktubda “Çanaqqala türküsü”nün necə yaranmasından bəhs olunur. Əmrullah Nutkunun məktubunda bu sözlər yazılıb:
“Bir neçə gündür Çanaqqala küçələrində əsgərlər gəzir və

“Çanqqala içində Aynalı çarşı
Ana mən gedirəm düşmənə qarşı”

mahnısını oxuyurlar. At üstündə olan zabitlər, top arabaları, dəvə karvanları küçələrdə dolub daşır. Hamı müharibə olacağını söyləyir. Deyilənlərə görə ingilis və fransız hərbi donanmaları boğazdan kənarda görünüb. Buraları bomba yağışına tutacaqları söylənilir. Bu müharibəni görmək istərdim, amma yaxın zamanda Çanaqqaladan ayrılacağıq və mən sizə qovuşacam”.
Məktubdan “Çanaqqala türküsü”nün türk əsgərləri tərəfindən döyüşlər getdiyi zaman bədahətən dediyi sözlər sayəsində meydana çıxdığı məlum olur. Cəbhədə meydana gələn bu mahnı sonralar dildən-dilə dolaşaraq günümüzə qədər gəlib çıxıb. Mahnı döyüşlərdə şəhid olan əsgərlərə xitabən yazılan mahnıdır.

“Altı gün müharibədə”

Son günlərin ən məşhur müharibə mahnılarından biri də “Altı gün müharibədə” (Six Days War) mahnısıdır. Hekayəsini oxuduğunuz zaman “Altı gün müharibədə” sadəcə mahnı olaraq yaddaşınızda qalmayacaq.
1967-ci ildə İsrail ilə Ərəb qonşunları arasında müharibə başlamışdı. 3 ərəb ölkəsi və İsrail arasında gerçəkləşən bu müharibə uzun müddət unudulmayan qanlı bir mübarizənin fitilini alışdıran müharibə olaraq tarixə düşüb. Məşhur ingilis qrupu “Kolonel Baqşot” tərəfindən yazılan mahnıda Orta Şərqi caynağına alan 6 gün davam edən şiddətli döyüşlərdən bəhs olunur. Mahnı o dövrdə döyüşən, amma nə məqsəd uğrunda döyüşdüklərini bilməyən əsgərlərin dilindən sətirlərə köçürülüb. Mahnının ən çox diqqət çəkən cümləsi bu cümlədir:
“Sabah əsla gecikmədən gəlməz”.

“Lili Marlen”

Mövzusu Birinci Dünya Müharibəsindən götürülən “Lili Marlen” mahnısı da məşhur müharibə mahnılarındandır. Bu mahnının olduqca maraqlı hekayəsi var. Mahnıda Hans Leib adlı alman əsgərinin küçə işıq dirəyinin altında növbə tutduğu zaman sevgilisi ilə görüşməsi və kədər dolu vida səhnələrindən bəhs olunur. 1915-ci ildə Hans Leibin cəbhədə aşiq olduğu iki qadının bir şeirdə görüşməsidir. Yəni Lili və Marlen əslində iki fərqli qadındır, və onlar Hansın düşüncələrində bir qadına çevrilib. Rudolf Zink adlı bəstəkar tərəfindən bəstələnən mahnı əsgərlərə təsir edən ən kövrək mahnıya çevrilib.
Hər axşam saat 22:00-a 5 dəqiqə qalmış bütün cəbhələrdə yayımlanan Belqrad radiosunda bu mahnı səslənməyə başlayanda hətta qarşı cəbhədəki əsgərlər belə səngərlərində məst olurmuş. Hətta düşmən əsgərlər başlarını səngərdən çıxararaq almanlara “radionuza bir az da xod verin” deyə səslənirmişlər. Mahnı bitənə qədər hər iki cəbhədə heç bir əsgər bir mərmi belə atmırmış. Əsgərlər xəyallara dalıb onların yolunu gözləyən sevgililərini xəyal edərək mahnını bitməsini gözləyirmiş. Beləliklə də “Lili Marlen” mahnısı heç bir komandirin əmri olmadan döyüşü dayandıran yeganə mahnı olaraq tarixə keçib.

“Ay Karmela”

Bu mahnı İspaniyada vətəndaş müharibəsi zamanı milliyyətçilərin və Beynəlxalq Tuqayların dilindən düşməyən məşhur mahnılardan biridir. Mahnı azadlığın simvolu kimi qəbul olunur. Mahnıda adı keçən Karmela həm sevgili, həm vətən, həm azadlıq mənasını daşıyır. Müharibə zamanı sevgiliyə yazılan məktub kimidir. Mahnıda sevgiliyə qarşı hiss edilən həsrət, qovuşmaq istəyi, amma o xoşbəxt gün üçün əvvəlcə döyüşməyin vacib olduğu kövrək bir dildə dinləyiciyə çatdırılır:

Mən sənin qəhrəman kişinəm
Qarşımızdakılar güclüdülər
Və silahları var
Bizdə isə ürək və sevgi var
Qazanacağıq Karmela

# 8203 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #