Namus keşikçiləri

Namus keşikçiləri
29 iyul 2023
# 13:00

Kulis.az İlkin Özün “Namus keşikçiləri” adlı yeni yazısını təqdim edir.

Qeyrətli danosbazlarımız iş bacararkən,
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?

Sabir

Bakıda məktəbli uşaq namus üstündə öz anasını amansızlıqla qətlə yetirib.

Açığı, xəbəri oxuyanda adamın damarlarında qanı donur. Axı bir övlad onu bəsləyib, boya-başa çatdıran, onun qayğısına qalan doğma anasına necə qəsd edə bilər?

Məlum məsələdir. Qeyrətli oğlanın əgər anası, bacısı və ya arvadı pis yola düşübsə, demək, namus ləkələnmişdir və bunu da yalnız bir üsulla təmizləmək olar – Amansızca, qəddarca öldürməklə! Bunu mən demirəm ha, mentalitet deyir.

Sözün düzü, oxşar xəbərləri az eşitməmiş, az oxumamışıq. Belə baxanda bizim üçün adiləşib, lakin adama daha çox təsir edən məktəblilər arasında cinayətə meyilliyin artmasıdır.

Bir dəfə qohumumuzgilə qonaq getmişdik. Tanımadığım orta yaşlı, iki tipik azərbaycanlı öz aralarında söhbət edirdilər. Yanlarında da dörd-beş yaşlı uşaqlar vardı.

Söhbətin təxminən, məğzi belə idi:
– Bilirsən də, qonşu, dünən filankəs arvadının başın kəsib.
– Yüz faiz namus üstündədir.
– Bəs nə? Kişi Rusyətə gedib, arvadı da altdan-altdan işini görürmüş. Axırda, kişi bilib hali-qəziyyəni, sonra da arvadını doğrayıb.

Boş yerə deməyiblər e, gizlində kəl alan, aşkarda doğar.
– Qonşu, lap əcəb eləyib, əlinə dönüm, eləsinə o da azdır. Mən olsaydım, lap dərisini soyardım.

Hə, düşünürəm ki, məndən başqa oradakı balaca uşaqların necə hisslər keçirməsi, danışılanların psixologiyalarına necə təsir etməsi ilə bağlı heç kim narahat olmadı. Əksinə, "düzgün təbliğat apardıqları üçün" hər kəs onlara ürəyində “əhsən” dedi, sözüm onda deyil.

Elə yenicə baş verənlər də buna çox oxşayır.

Demək, bir qadın ərinin xaricə getməsini fürsət bilib sosial şəbəkələrdə başqa kişilərlə intim söhbətlər edir, onlara erotik şəkillər yollayır. Bir müddət sonra hadisənin üstü açılır. Əri onu boşayır. Lakin oğlunun dost-tanışları başlayırlar onunla məzələnməyə, anasını və özünü təhqir etməyə. Əvvəllər dostluq edənlər daha ona yaxın durmurlar, yaxşı oğlan fəlsəfəsi işə düşür: “Yaxşı oğlanın anası fahişəlik etməz”...

Bütün bu mənəvi-psixoloji təsirlərə oğul dözmür və anasını bıçaqlayıb qətlə yetirir.

Əvvəla, azərbaycanlıların öz qadınını uca tutması, yüksək qiymətləndirməsi, onu qoruması çox yaxşı bir şeydir. Namuslu olmaq, kişi kimi yaşamaq lazımdır, bu heç. Amma məsələ burasındadır ki, həmin oğlana təsir edən adamların bəzilərinin, bəlkə də, elə bu işdə əli var idi. Adama deyərlər sən kişi ol, başqasının arvadını yoldan çıxarma da. Evlənmək vədilə qızları bişirən, istəyinə çatandan sonra ayrılan “oğlan”lar.

Yadıma İsmayıl Şıxlının “Dəli Kür” romanı düşdü. Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırır. Allahyar da eləmir tənbəllik, onun bacısını axundla birgə meyxanaya aparıb namusunu korlayırlar. Sonra isə Cahandar ağa olur “namus keşikçisi”. Bacısını öldürür, atını öldürür. Fəqət o, Mələyi qaçırmasa idi, bəlkə, bunların heç biri olmayacaqdı. Vallah, indi də Cahandar ağalar, Allahyarlar gəzir aramızda.

Xülasə, deməyim odur adətən “qeyrət keşikçi”lərinin çoxu elə qeyrətsizlik edənlərdir.
İkincisi, əgər bir insanın qanında mənfi xislət varsa, gec-tez özünü biruzə verəcək. Yəni belə insanlara görə kimsə məsuliyyət daşıya bilməz. Nə atası, nə qardaşı, nə həyat yoldaşı, nə də oğlu. Ona görə heç kimin qınamağa da haqqı yoxdur.
Üçüncüsü və ən əsası, NAMUS QANLA TƏMİZLƏNMİR! Bunu bir dəfəlik başa düşmək, dərk eləmək lazımdır. Konstitusiyada da, dində də buna icazə yoxdur! Orta əsrlər dövründə yaşamırıq.

Düşünürəm, namus üstündə törədilən qətlləri "yaxşı əməl" kimi təbliğ etmək, qatillərə "yaxşı oğlan" statusu vermək olmaz, ümumiyyətlə, namusu qanla yumaq mahiyyətli söhbətləri yığışdırmaq lazımdır.

Yoxsa hər gün bir nəfər qəbirə, bir nəfər də həbsə...

Baş verən situasiyada narahatlıq doğuran digər məqamlardan biri də sosial şəbəkə “virusu”dur. Dəhşətlisi isə, bu virus get-gedə daha da çoxalır və insanları quduzlaşdırır. Hüseynbala Mirələmovun sözü olmasın, tiktok-zad camaatın evini yıxır. Əxlaqsızlıqların, cinayətlərin və digər şər əməllərin əsas səbəbkarlarından biri də məhz sosial şəbəkələrdir. Əksər insanlar sosial şəbəkələrdən yerində və düzgün istifadə edə bilmirlər.

Vallah, tiktok hazırda açıq bazar olub. Qızlar orasını-burasını reklam edir, kişilər ağzının suyunu axıdırlar. Nəticədə, belə qanqaraçılıqlar, bədbəxtçiliklər baş verir.

Qərəz, belə hadisələrdən yazmaq mənə də xoş deyil, amma, ümidlə düşüncələrimi bölüşdüm.

Bəlkə, düzələr?

# 2603 dəfə oxunub

Müəllifin son yazıları

# # #