İmtahana soyuq silah keçirən, “oğru” olmaq istəyən gənclərimiz

İmtahana soyuq silah keçirən, “oğru” olmaq istəyən gənclərimiz
6 aprel 2023
# 15:00

Kulis.az İlkin Özün “İmtahana soyuq silah keçirən yeniyetmələr” adlı yazısını təqdim edir.

Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Hüseyn Cavid

Baxıram, son zamanlar ictimai prosesləri kənardan müşahidə edərkən adamın dərindən köksünü ötürüb cəmiyyətin gələcək taleyi barəsində acı-acı təəssüflənməkdən başqa çarəsi qalmır. Nə edəsən, necə edəsən ki, biz də digər mədəni insanlar kimi normal şəkildə həyatımıza davam edək? Nə etməliyik axı bəzi nöqsanlı düşüncələri müalicə etmək mümkün olsun?! – Vallah, cavabı mənə də bəlli deyil. Hərdən düşünürəm, biz nədən də yoxsul olsaq, problemlərdən, dərd-bəlalardan varlı toplumuq. Buna görə sevinməliyik, məncə...

Elə dərd-sərimizdən danışmışkən, yadıma son vaxtlar məktəbli yeniyetmələrin dərdi düşdü. Gözlərim doldu, kədərləndim. Düşünürəm ki, onların vəziyyətinə hamı kədərlənməlidir.

İndi sizə hansı şagirdlərdən danışım? – O şagirdlərdən ki, dərs oxuyan, əlində kitab-dəftər olan vaxtı ətraflarına üç-dörd uşaq yığıb məhəllənin “polojeniyası”na baxarkən, eyni zamanda "Dolya"ya qulaq asır, cibində bazardan 3 manata aldığı bıçaq, əlində 2 manata aldığı təsbehlə avaralanır, "ştuçnı" siqaret alıb çəkir və özünü “vorovskoy” hesab edirlər. Məsələnin daha ağrılı tərəfi ondadır ki, belə məktəblilərin sayı parazit kimi günü-gündən artmaqdadır.

Düzü, bir sual bu baxımdan çoxumuzu narahat edir: “görəsən, niyə axı şagirdlər “oğru aləmi”nə bu qədər böyük maraq göstərirlər? Səbəbi nədir bu zon sevdasının?” – Bilən varsa, bizə də desin, biz də bilək.

Təkcə şagirdlər olsa, dərd yarı, hətta ağlı kəsən tələbələr də oğru dünyasına can atırlar. Bu yaxınlarda ADNSU və ADU-da təhsil alan tələbələrin Novruz bayramı şənliyi zamanı universitet həyətində məhz oğru dünyasının məşhur simalarından birinə həsr olunan mahnı sədaları altında rəqs etməklə öz zövqlərini, daxili dünyalarını, maraqlarını ifadə etmiş oldular. Bütün bunlar isə gələcəyimizi uçurumun bir addımlığında olduğu və vaxtında müvafiq tədbirlər görülməzsə, o uçurumdan yerə çaxılacağı gerçəyini açıq-aydın göstərməkdədir.

Yeri gəlmişkən, yuxarıda qeyd etdiyim məsələlər indicə deyəcəklərimin yanında hələ heç nədir. Onu deyirdim axı, yaxın günlərdə DİM tərəfindən ümumtəhsil məktəblərinin XI sinifləri üçün buraxılış imtahanları keçirildi. Abituriyentlər də imtahana nə keçirsələr, yaxşıdır?! – Soyuq silahlar! Bəli, düz oxudunuz, təkrar edirəm: abituriyentlər imtahan zalına SOYUQ SİLAHLAR KEÇİRİBLƏR.

Vay–vay, görəcəkli günlərimiz varmış, ölmədik bunu da gördük! Vallah, halımız olduqca acınacaqlıdır. Nolar, biri mənə başa salsın şagird hara, soyuq silah hara?!

İlk dəfə imtahana getdiyim vaxtları xatırlayıram. Bir gün əvvəl həyəcandan gecəni yatmamışdım. Səhəri imtahana gedərkən də özümlə 5-6 qələm, şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi aparmışdım. İndiki abituriyentlər imtahan zalına siqaret paketi, əl qumbarası, soyuq silah (bıçaq, kəpənək, beşbarmaq) keçirməyə çalışırlar.

Baxın, faciələrin ən böyüyü elə budur. İndiyə qədər eşitdiyiniz, rastlaşdığınız bütün faciələri unudun! Niyə axı bir məktəbli öz taleyinin həll olunduğu yerə bıçaqla girməyə cəhd etsin ki? Məncə, bunun yalnız bir açıqlaması ola bilər: öz gələcəyini bıçaqla öldürmək, məhv etmək üçün... başqa bir şey ağlıma gəlmədi. Nə isə...

Viktor Hüqo deyirdi ki, bir məktəbin açılması bir həbsxananın bağlanılması deməkdir. Bizdə isə tərsinədir. Bəzi "vorovskoy" aləmə həvəs göstərən şagirdlər məktəblərin bağlanılmasını və həbsxanaların artırılmasını arzu edirlər.

Elə bütün bunların nəticəsidir ki, şagirdlər arasında kütləvi davalar, bıçaqlanma, ölüm hallarının sayı günü-gündən artır, təəssüf.

Əfsus ki, qeyd etdiyim bu problemlər hazırda ölkəmizin müxtəlif yerlərində qeydə alınır. Amma biz də buna laqeyd qalmayıb öz üzərimizə düşən vəzifəmizi dərk edərək məsələnin kökünü, mənbəyini aşkarlayıb həlli üçün mübarizə aparmalıyıq!

Zənnimcə, hardasa yeniyetmələrdə də günah görməli deyil, çünki gözünü açandan çöldə Mahir Ay Bratın mahnıları, Baləlinin meyxanalarını eşidir, evdə "Arka Sokakları" görür. Və bütün bu xarici basqılar onlara müəyyən mənada psixoloji təsir edir, zövqlərini formalaşdırır. Özüm şahidi olmuşam e, dörd-beş yaşlı balaca Rəşad Dağlının “şir həmməşə şirdi, mənim qərdeşim” kupletini (şərti mənada) əzbər səsləndirirdi, digər müşahidəmdə isə başqa bir uşağın Baləlinin məşhur meyxanalarından birini zümzümə etdiyini görmüşəm. Həmin uşaqlara inanmıram ki, kimsə Məhəmməd Füzulini, Əliağa Vahidi, Cəfər Cabbarlını sevdirsin. Çünki onlar artıq öz kumirlərini seçiblər.

Düşünürəm ki, yeniyetmələrin yalnış maariflənmə səbəbi sosial mediadan məqsədyönlü və səmərəli istifadə etməyi bacarmaması, valideyn və müəllim nəzarətsizliyindən də irəli gələ bilər. Odur ki, həm valideynlər, həm də müəllimlər çox diqqətli olsalar, kütləvi şəkildə də olmasa, müəyyən mənada belə yeniyetmələri düzgün istiqamətdə tərbiyə etmək olar – məhz yol budur, iz budur, sən şagirdsən, sənin yerinə yetirməli olduğun öhdəliklərin, vəzifələrin var.

“Əslində, kitabxanalardan kənarda hansısa bir dünyanın mövcud olmaması, kitablardan başqa insana daha yaxın dost tapa bilməyəcəkləri” – gerçəyini dərk etmələrində xüsusi yardımçı olunmalı, onlar mütaliəyə cəlb edilməlidirlər. Məsələn, məktəblərdə müəyyən ekskursiyalar təşkil edilərsə, ədəbi-mədəni xadimlərimizin əyani tanıdılıb, sevdirilməsi mümkün ola bilər. Yalnız bu üsullarla şagirdləri yalnış yollardan çəkindirmək olar.

Açığı, sözü çox uzatmaq fikrim yoxdur, amma nəzərə almaq lazımdır ki, eyni fikirləri dönə-dönə Axundzadə də, Mirzə Cəlil də, Sabir də... təbliğ etdi, elə biz də yazırıq: “Cəmiyyətimizin inkişafı uğrunda, Hadinin təbiri ilə desək, dünya xalqları içərisində imzamızın olması üçün yalnız müsbət mənada maariflənməli, daim oxumalı, oxutmalı, öyrənməli və öyrətməliyik!”.

# 2469 dəfə oxunub

Müəllifin son yazıları

# # #