Vüqar Van: "Azərbaycan Yazıçılar Birliyi qəbiristanlıqdır" - Müsahibə

Vüqar Van:  "Azərbaycan Yazıçılar Birliyi qəbiristanlıqdır" - Müsahibə
24 iyul 2023
# 15:00

Kulis.az Vüqar Vanla müsahibəni təqdim edir.


– Ədəbiyyat yazıçının məhsuludur, yoxsa yazıçı ədəbiyyatın?

– Təbii ki, ədəbiyyat yazıçının məhsuludur. Yazıçı, şair olmasa, ədəbiyyat da olmaz.

– Ədəbiyyat sənin üçün nə dərəcədə əhəmiyyətlidir?

– Bilmirəm. Yaş ötdükcə görürsən ki, sənə yoxdan həyat verilib və bu həyatda bir işlə məşğul olmalısan.
Fikirləşirsən, görəsən, həyatıma necə davam edə bilərəm, necə xoşbəxt ola bilərəm? Ailəyə sədaqət? Xeyirxahlıq? Yaradıcılıq həzzi? Hedonist vərdişlər? Eqoizm? Kariyera uğrunda özünü qurban vermək? Gecə-gündüz pul qazanmaq haqqında fikirləşmək? Yaxşı dostluqlar qurmaq?
Bunların hamısı, yoxsa heç biri?
İstənilən peşəylə məşğul ola bilərəm. Əlimdən hər şey gəlir. Amma yazmağı seçmişəm. Haçansa yazmadan yaşaya bilsəm, onda yazmaram.
Herman Broxun “Vergilinin ölümü” romanındakı şair də ömrünün 18 saatını bu sualları düşünərək keçirir. İnsanlara baxır və fikirləşir:
“Axı mənim yazdıqlarımın kimə nə xeyri oldu?”

– Məşhur türk yazıçısı Orhan Pamuk deyir, bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi. Sənin fikrincə, hansısa kitab kiminsə həyatını dəyişə bilərmi?

– Qabırğası standarlarından qat-qat qalın adama milyon dəfə söz desən də, yenə başa düşməyəcək. Həssas, hissləri itiləşmiş, quşu ayağından tanıyan, arif adamın həyatını isə bir işarə ilə dəyişə bilərsən. Bu fenomen insandan asılıdır.
Pamuk “Yeni həyat” romanına bu cümlə ilə başlayır. Oradakı qəhrəman, doğrudan da, oxuduğu kitabdan sarsılır, yeni həyat axtarışına başlayır, sevir, yerini tərk edir.
Müəllifini dəqiq xatırlamıram, kimsə deyib ki, insan istənilən üç kitabı yaxşı oxusa, alim ola bilər, əlbəttə, söhbət çox yaxşı oxumaqdan gedir.
Qaldı ki, bunun nə qədər real olub-olmadığına, - açığı, mən belə şişirdilmiş, mistik şeylərə inanmıram. Bir kitab heç vaxt insanın həyatını dəyişə bilməz. Bir kitab oxuyub başqa kitabları sevə bilərsən, amma həyatın dəyişməyi bir az inandırıcı məsələ deyil.

– Yerli müəllifləri çox oxuyursan ya xarici?

– Çalışıram paralel oxuyum, amma əsasən yerli yazıçılara üstünlük verirəm. Məsələn, keçən ay ancaq Həmid Herisçini oxumuşam. Ondan qabaqkı ay isə Əli Əkbərin bütün romanlarını oxudum.
Günlərin bir günü Əli Novruzov mənə dedi ki, meymunluq etmək istəyirsən, amma yaxşı alınmır. Çünki özündən əvvəlkiləri oxumamısan. Mənim də gözüm açıldı. İndi bir dənə dünya ədəbiyyatından oxuyanda, üç dənə yerli ədəbiyyatdan oxuyuram.

– Ən çox sevdiyin yerli yazıçılar kimlərdir?

– Mətni yaxşı olan bütün yazıçıları sevirəm.

– Oxuculara hansı kitabları oxumağı məsləhət görürsən?

– Bir sinif yoldaşım var, heç vaxt kitab oxumamışdı. Mən ona, asan oxunan, daha çox serial estetikasında olan bir kitab verdim ki, darıxmasın, rahat oxuya bilsin, zövq alsın. Dedim ki, bitirəndən sonra gələrsən yanıma, təəssüratlarını bölüşərsən. Söhbətin üstündən dörd-beş ay keçdi.

Dostum yanıma gəlib dedi ki, oxudum. Soruşdum, bəs xoşuna gəldi? Başladı romanı danışmağa. Birinci cümləsindən axırıncı cümləsinə kimi romanı əzbər danışdı. Dedim ki, niyə əzbərləmisən? Romanı əzbərləməyə ehtiyac yoxdur axı.
Təəccübləndi, dedi ki, necə yəni əzbərləməyə ehtiyac yoxdur? Əzbərləməyəcəmsə, niyə oxuyuram? Heç nə yadımda qalmayacaq axı...


Bu hadisədən sonra kiməsə, xüsusən, təzə başlayanlara kitab tövsiyə etmirəm. Azərbaycanda elə adamlar ki, hər şey bir qırağa, kitabı necə oxumaq lazımdır, onu bilmirlər.

Nəsə, sualdan çox kənarlaşmayaq. Əgər cavab istəyirsənsə, dediyim kimi, süjeti sadə, rahat oxunan, yerlə-göylə əlləşməyən, bir sözlə, çox yormayan kitablar oxusalar, daha yaxşı olar. Yerli yazıçılardan olsa, lap yaxşı. Detektiv, sevgi, macəra və digər janrlarda. Heç kim doğulan kimi Balzakın epik romanlarını, Hötenin “Faust”unu, Tolstoyun psixoloji dastanlarını, Rablenin öldürücü sarkazmlarını oxumur.

– Məlumdur ki, oxucular adətən xarici yazıçılara üstünlük verirlər. Necə düşünürsən, yerli yazıçılarımız zəif yazır ya başqa səbəblər var?

– Oxucu bizə inanmır, paxıllıq edir. Çünki hamı yazmağı bacarır. Hər azərbaycanlı kompüter ustası ola bilməz, bina tikə bilməz, yaxşı yemək bişirə bilməz, hansısa musiqi alətində ifa edə bilməz. Amma hamı yaza bilər. Bu mənada oxucu fikirləşir ki, “mənim azərbaycanlı yazıçıdan heç nəyim əskik deyil, istəsəm, öz həyatımı yazaram, super roman alınar. Amma vaxtım yoxdur”. Halbuki yazmaq dünyadakı ən çətin peşələrdən biridir.
Azərbaycanlılar üçün yazıçı pis gündə yaşayırsa, diqqətə, “mərhəmət”ə layiqdir. Nə qədər pəjmürdədirsə, bir o qədər “istedadlı”dır. O sanki belə deyir: “Acından öl, dilən, yalvar, pis günə qal, alkoqolik ol, xəstəxanaya düş, oxuyum səni ”.
Azərbaycanlıların paxıllığı qədər irrasional paxıllıq təsəvvür etmək mümkünsüzdür. Yalnız azərbaycanlı bənna azərbaycanlı həkimə, azərbaycanlı qəssab azərbaycanlı dülgərə, azərbaycanlı tibb bacısı azərbaycanlı mühəndisə, azərbaycanlı kompüter ustası azərbaycanlı pilota və azərbaycanlı hər kəs uğurlu, oxunan, cibində beş-üç manat pulu olan yazıçıya nifrət edə bilər.

– Qəsdən üsyankar obraz yaratmağa çalışırsan, yoxsa doğrudan, beləsən?

– Əslində, üsyankar deyiləm, sadəcə azərbaycanlı gənclər çox mütidir. Sən bir az fərqli olanda istər-istəməz üsyankar kimi görünürsən. “Planka” çox aşağıdır. AYB-ya üzv olmasan, kiməsə yaltaqlanmasan, öz fikirlərini ifadə etməkdən çəkinməsən, “üsyankar” olursan.

– Sənə “Xalq yazıçısı” fəxri adı verilsə, imtina edəcəksən?

– İnsan gərək özü-özünə qiymət verməyi bacarsın. İnsan özünə dəyər vermirsə, heç kim ona dəyər verməyəcək.
Fəxri adlar-filan da qaldı keçmişdə. Sözügedən mükafatlar məndən ötrü əhəmiyyətini itirib.

– Belə çıxır ki, fəxri adı kimsə verməməlidir, insan özü qazanmalıdır?

– Azərbaycanlı yazıçının ən böyük problemi Fəxri xiyabanda dəfn olunmaq və Xalq yazıçısı olmaqdır. Yəqin bilirsən, yazıçı, şair əgər ölsə, avtomatik bu adlardan məhrum olur. Xalq yazıçısı, Xalq şairi olmaq üçün, mütləq yaşamalısan. Yəni bu adları yaşayan adamlara verirlər. Elə “yazıçı, şair”lər var ki, Xalq yazıçısı, Xalq şairi adını almaq üçün ölmürlər. Ciddi sözümdür, bu yalnız bizə xas fenomendir. Ölmürlər. Ölümə meydan oxuyurlar.

– Elza Seyidcahanın AYB-yə üzv olmasını necə qiymətləndirirsən?

– Azərbaycan Yazıçılar Birliyi qəbiristanlıqdır, qəbiristanlıqla danışmazlar. Məncə, Elzanın üzvlüyü məsələsi də onların öz strategiyalarıdır. Demək istəyirlər ki, baxın, hələ də hərəkətdəyik. Məhv olmamışıq, bura qəbiristanlıq deyil. Şübhəsiz, Elza müzakirə edilir. Elza postmoderinistdir, onlar klassik. İstəyiblər ki, ittifaqa yeni nəfəs gətirsinlər. Düşünürəm ki, Elzanın üzvlüyü AYB-nin mahiyyətini dəyişmir.

– Yazı prosesindən zövq alırsan?

– Deməyə sözüm varsa, yazıram. Yazı prosesinin özündən zövq aldığım məqamlar olub. Amma əsasən əzab çəkirəm, canım çıxır bir səhifə yazıb-bitirənəcən.

– Seyran Səxavətə görə, “cümlə qurmaq dövlət qurmaqdan çətindir”. Razısan bu fikirlə?

– Razı deyiləm, pafosdur, həqiqəti əks etdirmir.

– Azərbaycanda yazıçı olmaq necə hissdir?

– Hərdən qohum uşaqlara kitab verirəm. Valideynləri elə fikirləşirlər ki, onları yoldan çıxarıram, tərbiyəsini pozuram, uşaqları ateist olacaqlar, şortik geyinəcəklər.
Təkcə Azərbaycanda yox, hər yerdə, yazıçı olmaq bir az da səhrada qışqırmağa bənzəyir. Kimsə eşitmir, boş yerə qışqırırsan. Bizdəki səhranınsa ucu-bucağı yoxdur. Bu haqda çox danışıblar, mən də çox danışmışam.

– Kitab oxunmursa, kitab oxuyana da pis baxılırsa, bu, səncə, faciə deyilmi?

– Bilirsən, heç kim kitab oxumağa məcbur deyil. Soruşsan, niyə kitab oxumursan. Deyəcək, yaxşı eləyirəm.
85 milyonluq Türkiyədə “Nobel” mükafatçısı Orxan Pamuk 3-5 min tirajla çap olunursa, Azərbaycanda əhalinin sayını nəzərə alsaq, maksimum 300-500 tirajla çap oluna bilərsən. Təbii ki, Pamukla özümü müqayisə etmirəm. Bulvar ədəbiyyatı hər yerdə gedir. Bizdə də buna nail olanlar var. Axır gəlib çıxırıq, klassik suala. Bunlardan hansı ədəbiyyatdır? Yüksək tirajla çıxan, çoxlu oxucusu olan, müəllifinə yüz minlər, milyonlar qazandıran kitablar, yoxsa yalnız dar sənət çevrəsində oxunan, ədəbiyyat tənqidçiləri tərəfindən qəbul edilən, müəllifi acından ölən kitablar? Bu sualın konkret cavabını bilmirəm.


– Qələminin formalaşmasında, tanınmasında “Kulis”in böyük rolu oldu.

– "Kulis"də daha yaxşı yazmağı öyrənmişəm. Bir qızıl dövrümüz də olub. Hərdən o günlər üçün darıxıram.
Rəvan Cavid, Ayxan Ayvaz, Ulucay Akif, Samirə Əşrəf, Mehdi Dostəlizadə ilə doğrudan, çox maraqlı günlərimiz keçib. Hamımız yazırdıq, gündəm yarada bilirdik, eyni vaxta bir nöqtəyə vururduq. Əməkdaşlığımız çox yaxşı idi. Bir yerdə yazıb, bir yerdə yeyib, bir yerdə yatırdıq. O dövrlərdə çox şey öyrənmişəm, daha çox tanınmışam. "Kulis"i dana bilmərəm. Ən azından, bu, mənim üçün belə idi. Zənnimcə, "Kulis" bir məktəb idi, mən də o məktəbi yaxşı bitirdim.


– İndi harada işləyirsən? Gündəlik xərclərini necə qarşılayırsan?

– İndi heç yerdə işləmirəm, işsizəm. Anam təqaüd kartını mənə verib. Onunla dolanıram. Bəzən əlavə işlərim də olur. Redaktə, korrektə edirəm, yazı yazıram. Sözün düzü, böyük məbləğə ehtiyacım yoxdur, minimal məbləğ də məni qane edir.
Yaxşı mətnlər yazmaq, yaxşı kitablar oxumaq, yaxşı dostlar qazanmaq, əzizlərimin itkisini görməmək, sağlam yaşamaq istəyirəm. Qısası, dünya malında gözüm yoxdur.

– İki kitab müəllifisən – “Degenerasiya” və “Arxalardakılar”. Kitabların haqqında nə düşünürsən? Bu kitablar ürəyin istəyən kimi alınıbmı?

– “Degenerasiya”nı hər yerdən yığışdırmışam. Mən heç vaxt pis yazdığım şeyə görə utanmamışam, yaxşı yazdığım şeyə görə isə fəxr eləməmişəm. Amma “Degenerasiya” sadəcə dəhşətdir.
İlk romanım “Arxalardakılar”dır. Bu kitabda böyük zəhmət, əmək var. Qarışqa kimi işləmişəm. Amma onu yazanda mütaliəm az idi. Heç nə bilmirdim, sadəcə yazırdım. Düzdür, Şərif Ağayar, Seymur Baycan haqqında müsbət fikirlər yazmışdı. Təbii ki, əksərən, ilk romanlar uğursuz olur. Amma “Arxalardakılar” çox yaxşı təcrübə idi. Yaza-yaza prosesin özü haqda xeyli şey öyrəndim. İndi ondan daha yaxşısını yazaram.

– Hətta Seymur Baycan “Arxalardakılar” əsəri ilə bağlı “Gələcəyin güclü yazıçısı haqqında” adlı bir yazı da yazmışdı.

– Seymur, açığı, həmin yazıda mənə bəy tərifi vurub, obrazlı desək, faizsiz kredit verib. Bəlkə, belə olmasa idi heç yazmazdım. Seymura buradan öz minnətdarlığımı bildirirəm. Çalışıram ki, haqqımda müsbət şeylər düşünən adamları yanıltmayım. Öz üzərimdə işləyirəm.

– Səni plagiator adlandırırlar. Deyəsən, özün də etiraf etmişdin.

– Hə düzdür, oğurluq etmişəm. Hərdən abzası götürüb olduğu kimi öz mətnimə yerləşdirmişəm. Düşünürəm ki, hansı yazıçını sevirəmsə, onun yaradıcılığı mənə halaldır. Təbii, özün də orijinal olmalısan.
Məsələn, elə olub ki, hansısa çox yazılan mövzuda yazmaq lazım gəlib. Görmüşəm ki, bunu məndən qabaq yüz nəfər yazıb. Mən də yazsam, onlar kim yazacam. Ona görə də bütöv mətni öz adımdan vermişəm, özümü əziyyətə salıb təzədən yazmamışam. Bu, əsasən, publisistik mətnlərimə aiddir. Bədii mətndə çox az oğurluq edirəm. Oğurluq edəndə, özüm yaza bilmirəm.
İstedadla oğurlamaq günah deyil. Bu, istisnasız olaraq bütün yazıçılarda olub, sadəcə mən səmimi olmuşam, bir az da bunu dananları lağa qoymuşam ki, baxın mən bunu edirəm və boynuma da alıram. Kompleksim yoxdur.

– Feysbukda maraqlı statuslar yazırsan. Bəzən də yazdıqlarına görə təhqir olunursan. Bunu qəsdən edirsən?

– Mən ağıllı adamam. Əlbəttə, heç nə kor-təbii baş vermir. Hər şeyi qəsdən edirəm. Yazıçı “julik” olmalıdır. Həmişə oxucudan, “izləyicidən” bir addım qabaqdayam. Ədəbiyyat ağlamaq sənəti deyil, lotuluq sənətidir. Yazmaqla lotuluq edirəm. Oxucunu sevindirmək olmaz, o ancaq tikan üstündə olmalıdır ki, vərəqləri çevirsin.


– Həmişə deyirsən ki, azərbaycanlılar özünə hörmət etmirlər.

– Azərbaycanlılar deməyək. Bu, bir az böyük anlayışdır, həm də bunu demək doğru olmaz. Konkret adamları nəzərdə tuturam. Məsələn, küçədə “vyetnamka” ilə gəzən, enerji içkisi içə-içə yeriyən, çolkalı, kepka taxan adam görsəm, düşünürəm ki, bu qeyri-ciddi adamdır. Bu da mənim meyarımdır. Ola bilər ki, başqası üçün meyar olmasın.


– Gənc yazıçılara məsləhətin nədir?

– Mən də gəncəm. Başqasının məsləhəti insana, əsasən, ziyan vurur. Heç bir məsləhətə-zada ehtiyac yoxdur, oxumaq və yazmaq lazımdır.

# 4218 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #