Nurcayın ölümündə günahkar kimdir?

Nurcayın ölümündə günahkar kimdir?
3 iyul 2023
# 15:50

Kulis.az İlkin Özün yeni yazısını təqdim edir.

Deməli, balaxanılı kişi beş yaşlı qızının gözləri önündə arvadını döyür. Ana-bala qorxub qaçmağa başlayır, ancaq yolu keçəndə onları maşın vurur. Ana yüngül xəsarət alır, beş yaşlı Nurcayı, təəssüf ki, xilas etmək mümükün olmur...

Bu mövzulara dəfələrlə müraciət olunsa da, bir faydası yoxdur. Yenə ailə şiddəti, yenə zorakılıq və beş yaşlı uşağın yarımçıq qalan həyatı...

Bu mövzuyla bağlı bəzi suallar məni olduqca narahat edir.

Axı kişilər niyə həyat yoldaşlarını heyvan kimi döyürlər?

Bəlkə, öz kişiliklərini bu yolla sübut etməyə çalışırlar? Bu nə cahillikdir? Bu nə axmaqlıqdır? Niyə kimsə bu sərsəm təfəkkürün paslı buxovlarını qırmağa cəhd etmir. Əlbəttə, səbəb iyrənc mentalitetdir: "Qızını döyməyən, dizini döyər", "arvadını döyməsən, başına çıxar". Bu iylənmiş düşüncə nə vaxt dəyişəcək?

Əvvəla, o qadın kişidən 28 yaş kiçikdir. Azərbaycanlıların ən böyük faciəsi elə budur. Qadın azadsızlığı, qadın hüquqsuzluğu! Qadınlara bir çox əyalətlərimizdə, təəssüf ki, elə Bakının özündə də əşya kimi, mal kimi yanaşılır, bu, şübhəsiz, bizi məhvə aparır.

Dahi şairimiz Hüseyn Cavid yazırdı:

"Sürüklənən bəşəriyyət qadınla yüksələcək".

Görün şair qadınlara necə böyük dəyər verir.

İkincisi, doğmasını itirmiş valideyn elə sərbəst, elə rahat danışır ki, sanki maşın övladını yox, bir toyuğu vurub.

Açığı, ananın üzündəki ifadədən aydın olur ki, həyat yoldaşından çəkindiyi üçün hadisələri malalayır. Üçüncüsü, işsizlik...

Əgər müasir dövrdə, texnologiya əsrində hələ də insanlar "təhkim"lidirsə, bu, həqiqətən, faciədir.

Yoxsul bir ailə təsəvvür edin. Ana dolanışıqçun zibilliklərdə eşələnir, energetik içki qutularını yığıb satır. Fəqət tipik azərbaycanlı kişisi bunu qeyrətinə sığışdırmır. Arvadını döyür, söyür, onun üstünə qışqırır ki, mən kişiyəm. Yaxşı kişinin arvadı zibillikdə eşələnməz.

Səbəb, əlbəttə, cəhalətdir. Nurcay da cəhalətin qurbanıdır…

Təhsilli adam heç vaxt öz qızını atası yaşında adama ərə verməz, arvadını uşağını döyməz, təhqir etməz. Dərd o ki, hamı susur.

Hüseyn Arifin misralarını xatırladım:

Asta tərpət ayağını, əlini,
Yaxşı susur, yaman susur, sən də sus!
Vaxtlı, vaxtsız işə salma dilini,
Qanmaz susur, qanan susur, sən də sus!

Düzdür, indən belə nə etsək, Nurcayı geri qaytara bilmərik, amma bu cür hadisələrin bir daha təkrarlanmaması üçün iş yerləri artırılmalı, insanlar elmə-təhsilə cəlb edilməlidir. Hərçənd, təhsil olmasa, iş yerlərinin artırılması da bir fayda verməyəcək...

Elə adam var, işi-gücü, imkanı yerində olsa da, cahildir. Arvadını döyür, uşaqlarına əziyyət verir.

Gələcəyimiz uşaqlardan aslıdır. Gəlin, onlara daha həssas yanaşaq, qayğıkeş olaq.

Gələcəyimizi təhlükəyə atmayaq!

# 2834 dəfə oxunub

Müəllifin son yazıları

# # #