Tərpənək? - İlqar Cəfərov

İlqar Cəfərov

İlqar Cəfərov

4 dekabr 2022
# 12:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən İlqar Cəfərovun "Tərpənək?" hekayəsini təqdim edir.

– Xoş gəlmisən.
– Xoş gördük, necəsən?
– Şükür, a bala, keç içəri.
– Nənə də evdədir?
– Hə, mətbəxdədir. Qışa mürəbbə hazırlığı görür.
– Deyirəm axı, məhəlləni bürüyən qoxu tanış gəlir.
– Əl-üzünü yu, hərəmizə bir stəkan çay süz, gəl, söhbətləşək.
– Oldu, cənab polkovnik!
– Yaxşı ki, əsgərliyə gedib müraciət qaydalarını öyrəndin, yoxsa necə zarafat edəcəkdin?
– Nənə, nənə, can nənə. Mən sənə qurban nənə.
– A bala, elə demə, mən sənə qurban olum.
– Necəsən, nənəcan? Yenə qonşuları məst eləmisən mürəbbənin qoxusu ilə. Nərgiz xalanı gördüm gələndə, əlində boşqab axtarırdı mürəbbənin mənbəyini.
– Axtarmaz Nəzgiz. Onsuz birinci ona aparacam.
– Zarafat edirəm də, nənə. Gör sənə nə almışam.
– Ay da nə gözəldir bu. Özü də butalıdır. Çox sağ ol, a bala.
– İçərişəhərdən keçəndə gördüm. Dedim ki, xoşuna gələr sənin kəlağayı. Amma söz ver mənə ki, hansısa şənlik mərasimini gözləməyəcəksən istifadə etmək üçün. Gündəlik taxacaqsan.
– Mənim gözüm üstə.
– Var olasan, nənəcan. Çay qızmış olar. Tez süzüm aparım, yoxsa polkovnik mənə intizam cəzası verəcək. Çayınız hazırdır, cənab polkovnik, süvari alayı sizə çatdırmaq üzrə yola çıxdı artıq (yüksək səslə deyir)!
– Gəl, sənin atını 3 gedişə götürüm, ondan sonra bəlkə zarafat etməzsən.
– Onu uşaq olanda rahat edirdin, indi mən səni 7 gedişə mat edirəm. Son oyunu xatırladaram sənə.
– Çayları gətir, mən də şahmatı çıxarım şkafdan. Görək kim kimi mat edir.
– Yadımdan çıxmamış sənin hədiyyəni də verim.
– Bu nədi, a bala, qutuda özü də.
– Aç bax. Elə daha maraqlı olur.
– Aaa. Əsrimizin Siyavuşu. Yeni nəşrdir deyəsən. Nə qəşəng dizaynı var.
– Hə, baba, çoxdandır gözləyirdim nəşrdən çıxmasını. Birini də sənə aldım. Bildim ki, bəyənəcəksən. Kitabxananın bir küncündə özünə yer tapar yəqin.
– Əlbəttə. Mən o vaxtı oxumuşdum bu kitabı. Köhnə nəşri olmalıdır məndə. Amma bir də oxuyaram.
– Var səndə köhnə nəşri. Mən də oxumuşdum uşaq olanda. Bəyənməyinə sevindim. Amma sənə pis xəbərim var.
– Nəsə olub?
– Bir azdan şahmatda nəvənə uduzmağın kədərini yaşayacaqsan.
– Bir müəllim üçün tələbəsinə uduzmaq kədər yox, sevinc mənbəyi olar ancaq.
– Yaxşı görək, uduzmağına don geyindirirsən?
– Sənin qızına don geyindirən yaşındı. Mən heç kəsə don geyindirəsi deyiləm bundan sonra. Yadıma düşmüşkən. Nə vaxt tərpənirsən?
– Söhbət bu istiqamətdə gedəcəksə, elə indi tərpənirəm küçə istiqamətinə.
– Yaxşı, otur oyunumuzu oynayaq.
– Deyirəm, nətər də bağladın ee söhbəti evlilik məsələsinə.
– A bala, baban düz deyir də. Universiteti bitirmisən, işləyirsən, əsgərliyə gedib-gəlmisən. Day nə qaldı ki? Bir qız tap evlən də.
– Hərdən düşünürəm ki, mən evdən çıxıb sizə gələnə kimi anam və atam zəng edib sizə evlilik barədə söhbət salmaq üçün bəhanələr deyirlər ki, mən gələndə hazır olasız.
– Həm də, a bala, biz sənin xoşbəxtliyini istəyirik də. Başqa bir şey demirik ki.
– Düşüncəniz üçün çox sağ olun ee. Mən bilirəm ki, siz mənim yaxşılığımı istəyirsiz. Amma əksər azərbaycanlılarda olduğu kimi sizdə də səhv bir düşüncə var.
– Nədir ki o?
– Sizə görə xoşbəxt olmaq üçün mütləq şəkildə ailə həyatı qurmaq lazımdır. Amma elə deyil axı.
– Tam izah elə görək fikrini.
– Sənin bu xasiyyətini çox bəyənirəm də, baba. İnsanı dinləməyi bacarırsan. Oğlun da sənə oxşasaydı bir az. Onunla söhbət etmək qəti mümkün deyil. Heç dinləmək istəmir qarşısındakını.
– Əslində, mən ona da eyni qaydada rəftar etmişəm. Onun tərbiyəsində maksimum iştirak etməyə çalışmışam, yəni iş şəraitim imkan verdiyi qədər. Amma sənin atan səbrsiz insandır sadəcə olaraq. Həmçinin, sizi də kifayət qədər yaxşı tərbiyə edib valideynləriniz. Məncə, şikayətlənməli deyilsən.
– Yox, şikayət etmirəm. Amma həmişə dinlənilmək istəyir insan. Xüsusilə uşaq yaşlarında Azərbaycan cəmiyyətində çox az olur belə hallar. Mən də həmişə sənin timsalında “dinləməyi bacaran insan” görmüşəm. Yəqin elə ona görədir ki, uşaq olanda səni ideal kimi görürdüm.
– İdeal məsələsində səninlə tam razılaşmayacam. Məncə ideal ola biləcək insan yoxdur.
– Əsas söhbətdən uzaqlaşırıq bir az. Amma maraqlı gəldi sonuncu fikrin. Bir az izah edərsənmi?
– İdeal, buna bəzən kumir də deyirlər. Həmin möhvumları nəzərdə tutursan da?
– Aha.
– İdeal sözü mükəmməl anlamına da gəlir. Mükəmməl insanın olmaması ilə razılaşarsan yəqin ki.
– Əlbəttə.
– İdeal insan deyəndə, hər şeyi mükəmməl olan, heç bir səhv etməyən insan başa düşülməlidir. Kiməsə görə ideal olan insan isə, həmin şəxs üçün bütün davranışları mükəmməl olan şəxsdir. Amma, mənə görə, hər iki hala təcrübədə rast gəlinməyib. Ola bilməz ki, kimsə hansısa şəxsin bütün hərəkətlərini, davranışlarını, xasiyyətlərini tanısın və bəyənsin. Mütləq ki, bəyənmədiyi nələrsə olacaq.
– Yəni, ideal anlayışını tamamilə yanlış hesab edirsən?
– İdeal anlayışını yox, ideal insan anlayışını. Biz insanları yox, onların hansısa xüsusiyyətlərini bəyənirik və onu ideal hesab edirik. Həmin bəyəndiyimiz cəhət ilə elə zənn edirik ki, həmin insan da möhtəşəmdir. Əgər həmin insanı bir az dərindən tanısaq, kifayət qədər bəyənmədiyimiz xüsusiyyətini aşkarlaya bilərik. Elə sən də mənim dinləməyi bacarmağımı bəyənirsən. Amma bir qədər öncə evlilik ilə bağlı məsələdə fikir ayrılığı yaşadıq.
– Yəni, demək istəyirsən ki, ideal insanlar yox, davranışlar?
– Elədir ki, var.
– Anladım. Maraqlı yanaşmadır. İcazənlə, mən də öz fikrimi izah edim ki, oyunumuza davam edək.
– Buyur, buyur.
– İnsan evlənsə xoşbəxt olacaq anlayışı düzgün deyil. Bəlkə elə ailə həyatı uğursuz olacaq və xoşəxtliyi dada bilməyəcək həmin insan. Biz Azərbaycan cəmiyyəti olaraq evlilik üçün çox tələsirik və evlilik məsələsinə dırnaqarası baxırıq. Daha doğrusu məsuliyyətini dərk etmirik ailə həyatının. Elə ona görə də gənclər tez evlənib, tez də boşanırlar. Əvvəllər boşanmalar az olub. Ancaq bu o demək deyil ki, əksəriyyət evlənib və xoşbəxt olub. Sadəcə, camaatın heç nə deməməsi üçün, uşaqlara görə yaxud başqa səbəblərdən boşanmalar olmayıb. Amma düşünülməyib ki, xoşbəxt olmayan ailədə böyüyən uşaq da mənfi enerji ilə böyüyür. Ailə daxili mübahisələr də ən azı valideynlərin ayrılması qədər təsir edir uşaqlara. Bu səbəblərdən dolayı, məncə, ailə həyatı qurmaq vacib deyil.
– Yaxşı bəs sən necə, ailə məsuliyyətini dərk edirsən?
– Bəli.
– Bəs, səncə, sənin kimi bu məsuliyyəti dərk edənlərin ailə həyatı qurmağı daha məqsədəuyğun olmazmı? Daha yaxşı cəmiyyətin formalaşması və gələcək üçün faydalı insanlar yetişdirmək üçün.
– Haqlısan. Amma, açığı, mən qorxuram. Uşağı düzgün tərbiyə edə bilməməkdən, ailədəki rolumu düzgün ifa edə bilməməkdən, yetişdirəcəyim uşağın gələcək üçün faydalı ola bilməməsindən. Ona görə də heç girmək istəmirəm bu məsuliyyətin altına.
– Dediklərin arasında təzad var ee. Həm məsuliyyəti dərk edirsən, həm risklərini qiymətləndirə bilirsən, həm də məsuliyyət altına girməkdən qaçırsan. Özü də mən tanıdığım qədərilə məsuliyyətdən qaçan adam deyilsən. Qəribədir vallah.
– Ağır gəlir də bu məsuliyyət mənə. Neyləyim.
– Sənin qərarındır, bala. Amma onu da unutma ki, biz də görümüşük həmin çətinlikləri. Bizim də aramızda mübahisələr olub, fikir ayrlıqları yaranıb. Amma biz öhdəsindən gəlmişik. Bilirsən necə?
– Necə?
– Ya mübahisələr zamanı bir tərəf kompromisə gedib, ya da mübahisələrdən sonra, ara sakitləşəndə bir tərəf sakit başla etdiklərimizi müzakirə etməyi təklif edib. Həmişə də həll yolu tapmışıq. Demək istədiyim odur ki, düzgün adamı tapsan, hər çətinliyin öhdəsindən gələ bilərsiz.
– Sən bir tərəfi izah elədin qismən. Razılaşıram fikirlərinlə. Amma ailə həyatının ancaq bundan ibarət olmadığını sən də bilirsən.
– Bilirəm. Onu da bilirəm ki, sən mənə oxşamısan. Nə qədər üstünə getsək, tərs damarın bir o qədər qabaracaq. Ona görə, ən yaxşısı piyada f3.
– Piyada c5...


# 2253 dəfə oxunub

Müəllifin son yazıları

# # #