Babamın boz eşşəyi - Elşad Barat

Elşad Barat

Elşad Barat

15 dekabr 2022
# 15:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Elşad Baratın "Babamın boz eşşəyi" hekayəsini təqdim edir.

Babamın eşşəyi çoxdan qocalmış, eşşəkliyindən əsər-əlamət qalmamışdı. Bir də baxırdın ki, qocaman eşşəyin gözləri yol çəkir, uzaqlarda hardasa bir yerə baxır. Sanki kimisə gözləyir.

Kəndimizdə babamın eşşəyi qədər zəhmətkeş eşşək olmamışdı. O boyda kənddə yeganə eşşək idi ki, ömrü boyu bir kişi eşşəyə yaxınlıq verməmiş, heç vaxt ana olmaq iddiasına düşməmiş, özünü həmişə kişi kimi aparmışdı. Onun rəngində də kənddə eşşək görən yox idi.

Bir də baxırdın ki, babamla boz eşşək söhbət edir. Bilmirəm, babam eşşək dilində danışırdı, yoxsa eşşək babamın dilində. Amma bir-birini çox yaxşı başa düşür, şirin-şirin söhbət edirdilər.

Boz eşşək gənc vaxtlarından bütün eşşəklərə nümunə olmuşdu. Babam o eşşəklə gedib meşədən illik odunumuzu yığır, mal-heyvanın qış azuqəsini toplayır, dəyirmana buğda aparıb un gətirirdi. Bir sözlə boz eşşək evin bütün işlərini görürdü. Eşşək kimi işləməsinə baxmayaraq heç kim ona eşşəkdən çox hörmət qoymurdu. Babam inəklərə ot verir, inəklərin qarşısında qalan niş-xortu ona atırdı. Boz eşşək etiraz eləmir, bircə dəfə də demirdi ki, bu otu mən gətirmişəm, niyə mənə onun-bunun əl-artığını verirsən? Bir az da qürurlu eşşək idi.

O vaxtlar hələ indi yediyimiz bəzi məhsullar icad olunmamışdı. Ya da sahibkarlar bu qədər istedadlı deyildi. Ona görə də kəndimizdə at-eşşək qocalanda, iş görmə qabiliyyətini itirəndə onu dağa buraxırdılar. Qalan ömrünü çöllərdə yaşayır, çox vaxt da qurd-quşa yem olurdu.

Bir gün babam meşədən odunsuz gəldi. Daha doğrusu babam odun toplamış, eşşək gətirə bilməmişdi. Ağır yükə dözməyib tez-tez yerə çökürmüş. Babam da ona çox əziyyət verməyib, odunu yerə atıb gəlmişdi. Bu xəbər bütün kəndə yayıldı. Hamı boz eşşəyin qocaldığından danışırdı. Həmişə atlara, eşşəklərə nümunə olmuş boz eşşək indi camaatın gülüş hədəfinə çevrilmişdi.

Böyük qardaşım etirazlı baxışları ilə babamın yanına gəldi və dedi ki, eşşəyi dağa buraxaq, daha qocalıb, yerinə at alaq, kənddə hamının atı var, biz isə bir qoca eşşəyin ümidinə qalmışıq. Babam susdu. Həmin günü heç nə demədi.

Aylar keçdikcə boz eşşək daha çox geri gedirdi, milçəyini qovmağa belə quyruğu qalxmırdı. Son vaxtlar gözlərindən də yaş gəlməyə başlamışdı.

Qulaqlarını sallayıb adam kimi ağlayırdı. Elə bil öz taleyinə acıyırdı, heç vaxt ana ola bilmədiyinə kədərləndirdi, sanki at kimi işləyib eşşək kimi yaşadığına peşman idi. Bəlkə də qardaşımın babama dediyi sözləri eşitmişdi. Bilmirəm. Amma boz eşşəyi ömründə belə kədərli görməmişdim.

Qış düşmüşdü. Heyvanatı çölə buraxmırdıq. Otunu, suyunu verirdik. Bütün günü tövlədə qalırdılar. Boz eşşək də tövlənin bir küncündə öz qocalığını yaşayırdı. O qədər qocalmışdı ki, ağzını açıb anqıra da bilmirdi. Bəzən anqırmağa cəhd edir, sanki nəfəsi çatmırdı.

Adətən tövlə işlərinə qardaşım baxırdı. Mal-qaraya yem verib altını təmizləyirdi. Hər dəfə tövlədən əsəbi gəlir, boz eşşəyin qocaldığından danışır, heç bir faydası olmadığını, boşuna ot yediyini deyirdi. Hər dəfə də babam susurdu.

Bazar günü idi. Qardaşımın dığdığına dözməyən atam eşşək almağa getmişdi. Həm də boz eşşək qocaldığı üçün ev işlərini görə bilmirdi deyə təcili gənc bir eşşəyə ehtiyac var idi. Günorta vaxtı bir də baxdıq ki, babam evdə yoxdu. Gedib tövləyə baxdıq, orda da yox idi. Təsadüfən gördük ki, boz eşşək də yoxdur. Qəribə idi, babamla boz eşşək harada ola bilərdi? Kənd-kəsək, el-oba, hər yeri axtardıq, eşşəklə babamı tapa bilmədik.

Axşama yaxın atam bazardan gəldi, yanında da yanıbalalı bir eşşək. Anam qorxa-qorxa boz eşşəklə babamın yoxa çıxdığını atama dedi. Atam yerindəcə diksindi. Sorğu-sual edib kəndin içinə tərəf getdi. Qardaşım təzə eşşəyi balası ilə birlikdə tövləyə apardı, boz eşşəyin axurunda bağladı.

Qaşovlayıb ot verdi, həm də inəklərin artığını yox, təzə ot.

Bir az keçmişdi ki, atam gəldi. Öyrənmişdi ki, babam eşşəklə bərabər dağa çıxıb. Düşündü ki, yəqin babam darıxıb, ya da eşşəyi gəzdirir. Qardaşımı babamın dalınca göndərdi ki, soyuqdu, get, denən evə gəlsin.

Qardaşım az sonra tək qayıtdı. Babam gəlməmişdi. Sonra babamın dalıyca anam getdi, yenə gəlmədi. Atam təəccüblə əsəbiləşdi. Qardaşım qorxusundan irəli çıxdı və dedi, ata, babam mənə dedi ki..

Qardaşım susdu.

Atam: nə dedi?

Yenə susdu, kəkələdi, susdu. Atam bu dəfə cinə dəmir göstərilmiş kimi qışqırdı, gözlərini bərəldib qardaşıma tərəf yeridi.

– Ayə, a köpəyoğlu, sənə demirəm, baban nə dedi?

Qardaşım ağlaya-ağlaya "babam dedi ki, eşşəyi qocaldığı üçün dağa buraxmaq istəyirsən? Mən də dedim, hə.

Atam gözlərini daha çox bərəldim soruşdu:

– Sonra nə dedi, niyə gəlmədi?

Qardaşım bu saat ağacdan qopacaq payız yarpağı kimi titrəyirdi. Gözlərini və burnunu tez-tez qoluna silir, qorxusundan danışa bilmirdi.

Atam yenə qışqırdı. Bu dəfə qardaşım titrək səsi ilə cavab verdi:

– Babam dedi, yaxşı, mən də qocalmışam, məni də dağa burax, get.

Bu sözlər qardaşımın ağzında qaldı, atam onun boynunun kökünə elə şapalaq vurdu ki, ağzı üstə yerə sərələndi. Onsuz da qardaşımın boz eşşəyi dağa buraxmaq israrları onun əvvəldən xoşuna gəlmirdi.

Atam kürkünü əyninə geyinə-geyinə dağa tələsdi. Anam qardaşımı yerdən qaldırıb "sənə bu da azdır" dedi.

Az sonra boz eşşək, babam və atam evə qayıtdılar. Babam soyuqdan göyərmişdi. Boz eşşək isə xoşbəxt görünürdü. Qardaşım onu tövləyə apardı. Boz eşşək tövlədəki eşşəyi və balasını görüb diksindi. Qısa bir ara qulaqlarını şəkləyib onlara baxdı. Sonra yaxınlaşıb ona diqqətlə baxan bala eşşəyi qoxuladı. Sanki nəfəsi ilə qoduğu ciyərlərinə çəkdi. Daha sonra başını qaldırıb gözlərini pəncərədən uzaqlarda bir yerə zillədi.

Həmin günün sabahı evə hay düşdü ki, boz eşşək ölüb. Böyüklü-kiçikli hamı tövləyə qaçdı. Boz eşşək elə gözəl ölmüşdü ki...

Babam boz eşşəyin yerdəki cansız bədəninin yanında çökdü. Sağ əlini xəfifcə onun boynuna toxunurdu. Babamın yanaqlarından sürüşən göz yaşları boz eşşəyin gözlərinin bulağına düşürdü. Bilmədim, eşşək babamın gözü ilə ağlayır, yoxsa babam eşşəyin.


# 2602 dəfə oxunub

Müəllifin son yazıları

# # #