Fəna yeli - Əfsanə Zaman

Əfsanə Zaman

Əfsanə Zaman

29 noyabr 2022
# 16:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əfsanə Zamanın "Fəna yeli" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Fəna yeli

Payızın gəlişindən xəbər verən son yay günlərinin birində onun ürəyində qəribə sıxıntı yarandı. Çalışdı bir anlam yükləməsin, amma bacarmadı. Bütün günü ofisdə qapılıb, sənədlərlə əlləşməkdən çox yorulmuşdu. Artıq günəşin üfüqə tərəf yol alan vaxtı idi. Şirkətin eyvanına çıxdı. Boy-boy sıra ilə düzülmüş dibçəklərdə kaktus və ağ zanbaq güllərinin arasında qərar tutdu. Böyük həyətin ön bağçasında yerləşən, şırıl-şırıl axan kəhriz suyunun səsini dinlədi. Beləcə düşüncəyə dalıb gözünü axan suya dikdi. Elə bil ki, bütün dünyadan əl-ayağı üzülübdür. Səhərdən axşama, çox vaxt da axşamdan-səhərə kimi işləyirdi.

Uzun və yorucu iş aylarından sonra bir həftəlik məzuniyyət götürüb, havasını dəyişmək üçün dədə-baba yurdu olan qədim Xınalığa getməyə qərar vermişdi. Son dəfə ordan altı yaşı olanda çıxmışdı. O vaxtdan düz otuz il keçib, buna baxmayaraq o, hər dəfə Xınalığı xatirinə gətirəndə qəlbində qəribə titrəyiş hiss edirdi. Bu gün sonuncu iş günü idi. Qolundakı saata nəzər saldı, hələ çıxmağına qırx beş dəqiqə qalırdı.

Demək olar ki, bütün həyatı vaxt üzərində qurulmuşdu. İşləri çox yaxşı gedirdi. İşinin ehtirası onu tamam əsir etmişdi, canfəşanlıqla usanmadan, bezmədən hər işini uğurla başa vururdu. Nəhayət saat 19:00 göstərdi. Qarşısındakı kompüteri bağlayıb mənzilinin və maşının açarlarını götürdü. Tələm-tələsik liftə doğru addımladı. Şirkətin qapısından çıxıb dərindən nəfəs alıb havanı acgözlüklə ciyərlərinə doldurdu. Görəsən onun həyatında bu dəqiqələrdən də xoşbəxt anları olubmu? Bilmirəm. Bütün gün şirkət divarları arasında ancaq iş, pul, gələcək düşünən, bu gün isə günəş şüalarının axşamçağı son şəfəq seli altında məst olmuş bu gənc adamı yalnızlığı az qorxutmamışdı. Hərdən səhərlər oyananda yatağında onu elə qəribə bir vahimə bürüyürdü ki, gözlərini açmağa belə qorxurdu. Lakin zamanın gücü hər şeyə qadirdir.

Çoxlu pul qazanmaq, varlanmaq hissi isə qəribədir, coşqunluğu çoxaldır, ruhuna mənəvi qida qatır, xoşbəxtlik hormonlarını daima oyaq tutur, səbəbsiz gülüşlərə bais olur. Hər şey sənə bir qədər rəngli, şəffaf görünür və hisslərini dərindən oxşayır, yavaş-yavaş sarsıntılardan xilas olursan. Bir sözlə tənha olsan belə onun verə biləcəyi xoşbəxtlik artıq yolunun üstündədir. İki dəqiqə keçməmiş gözətçi son model “Cip” markalı avtomobilini düz onun qarşısında saxlayır. Tələm-tələsik maşına oturur və kəmərini bağlayıb mənzilinə yollanır. Xadimə ona evdə olmadığı müddətdə bir nəfərin gəldiyini, beş-on dəqiqə gözlədikdən sonra kiçik not qoyaraq çıxıb getdiyini söylədi. İş otağına keçib əlində kiçik bir vərəqlə qayıdan xadimə qadın, əlindəki kağızı ona uzatdı. O, kağıza ani nəzər salıb üstünü tənbəl-tənbəl oxudu.

Tanımadığı xətlə səliqəsiz şəkildə yazılmışdı. Xadimə çay gətirdi, o, masaya yaslanaraq yerini rahatladı, bir siqaret alışdırıb oxumağa başladı. Bu, tanış olmayan, səliqəsiz, əsəbi halda yazılmış, təqribən beş-on cümləlik bir yazı idi. Üzərində nə ad, nə də ünvan vardı. Qəribədir, - deyə düşündü. Yuxarıda müraciət, başlıq kimi bu sözlər yazılmışdı: “Sənə yazıram, ey məni tanımayan insan, sənə!” Sözlər sanki üzünə şillə kimi dəydi, təəccübdən duruxdu. Görəsən, bu adam kim idi? Bu sözlər həqiqətəndəmi Ucal’a ünvanlanmışdı, yoxsa uydurulmuş hər hansısa bir şəxsə? Birdən-birə onda bu kiçik nota qarşı maraq oyandı və oxumağa başladı:

“Dünən gecə anamız öldü – altı ay idi ki, bu müqəddəs həyatı xilas edə bilmək üçün mübarizə aparırdım, onun şiddətli ağrılarını azca azaltmaqdan ötrü dəridən-qabıqdan çıxdım, amma xeyri olmadı. Səhər saat iki də dəfn mərasimimiz var. Səndən ilk və həm də son xahişimdir. Anamızı heç vaxt qayıtmayacağı yola birlikdə uğurlayaq”.

Onun əlləri əsirdi, məktubu titrəyən əllərindən yerə qoydu. Sonra dərin fikrə daldı. Başında xatirələr dolaşdı… altı yaşlı özü, köhnə baba evi, atasının çopur sifəti bir də qucağında körpəsi ilə atasının ayaqlarına qapanıb yalvaran göyçək simalı gənc qadın.

Durmadan hey: “Bağışla məni. İcazə ver evimə geri qayıdım” deyib, yalvararaq ağlayan o, gözəl, məsum üzlü gənc qadın haqqında xatirələr dolaşdı, lakin bu xatirələr keçmişdən qalmış köhnə, nimdaş xatirələrdi. Onun duyğularında nə isə bir iz vardı, lakin dəqiq xatırlaya bilmirdi. Evdən necə çıxdığını özü də anlamadı. Ayağını qazın pedalına var gücü ilə basmışdı, hələ üstəlik fikirli olduğundan şoseyə əks istiqamətdən daxil olmuşdu.

Qarşıdan onun üstünə gələn maşınların siqnal səslərini də eşitmirdi. Özü də bilmədən ayağını var gücü ilə əyləcə sıxdı, amma artıq gec idi, qarşıdan gələn 07 markalı avtomobillə toqquşmuşdu. Hava yastıqları açılıb üzünə dəyəndə yuxudan oyanmış kimi cəld kəmərini açıb özünü maşından kənara atdı. Asfaltın üzərində oturub əlləri ilə dizlərini qucaqladı.

Ağlında dəli suallar: – Axı necə ola bilərdi? Onun anası Ucalın iki yaşı olanda uçurumdan düşməmişdimi? Nəşini belə tapmamışdılar.

Iki dəqiqə keçməmiş dörd bir tərəfini insanlar əhatəyə aldı. Polis maşınları, təcili tibbi yardım maşınları haray çəkirmiş kimi aləmə səs salan srenalarını yandırıb gəldilər. Polis zabiti Ucala yaxınlaşıb:

– Ayağa qalxın, yoldaş Ağazadə!
– Məni rahat buraxın! – deyə bağırıb özündən çıxdı.

Polis zabiti başı ilə yanındakı iki serjanta işarə ilə: “Qaldırın yerdən” deyirmişcəsinə işarə verdi. Serjantlar cəld Ucala tərəf addımlayıb hər iki qolundan yapışdılar. O, özündən xəbəri olmadan, ətrafındakı polislərə məhəl qoymadan var qüvvəsi ilə dartındı və ayağa qalxdı. Hamı ona baxır, pıçıldaşır, onu göstərir, hətta maşınlarını saxlayıb bu mərəkəyə tamaşa edənlər də var idi.

Ona elə gəlirdi ki, əynindən paltarlarını dartıb çıxarıblar və o lüt-üryan insanların həris baxışları qarşısında qalıb.

– Hə, nə var, meymun oynadırlar? – deyə, Ucal ucadan və amiranə tərzdə dilləndi və üzünü polisə çevirib:
– Hə gedirik, yoxsa hələ bir az da gözləməliyəm? İş adamı olduğu üçün demək olar ki, şəhərdə onu hər kəs yaxşı tanıyırdı. Necə alicənab şəxs olduğunu da hamı bilirdi.

– Yəqin ki, çox böyük sıxıntı içindədir, deyə, polis zabiti ürəyində düşündü. Yoxsa belə bir hörmətli adam niyə axı özünü belə aparsın ki?!

– Yoldaş Ağazadə siz azadsız, hara gedəcəysizsə, sizi müşayət edə bilərik. İdarədə protokol tutular işinizi yoluna qoyduqdan sonra müyyən prosedurları icra etməkdən ötrü sizi şöbəyə dəvət edərik. Ucal zabitin üzünə ani nəzər salıb, minnətdar qalmış adamlar kimi cüzi gülümsəmə ilə:

– Anlayış üçün təşəkkür edirəm. Mən özüm başımın çarəsinə baxaram, deyib, qarşı yoldan keçən taksini əlinin bir işarəsi ilə saxladı.

– Hara?
– Avtovağzala, amma bir az tələsin zəhmət olmasa.

“Baş üstə” deyib, şofer maşını yerindən tərpətdi. On beş dəqiqə sonra artıq vağzala çatmışdı. Maşından düşüb ətrafına baxmadan avtobuslara tərəf götürüldü. Soruşdu ki,
Xınalığa tezliklə hansı avtobus, neçədə gedəcək?

– Saat on birdə – deyə növbətçi Ucala cavab verdi. Bilet alıb keçib yerində əyləşdi. Nəhayət saat on biri göstərəndə yolçuluq başladı. Saatlar sonra avtobus, Quba rayonunun bir-birindən gözəl, bir-birinə bənzəməyən dağ kəndlərinin sərt yoxuşlarını, divar kimi dik yamaclarını keçərək Xınalığa çatdı.

Xınalıq Qafqız ən hündür dağ kəndlərindən biridir. Baba dağının sinəsində yerləşir. Kənd alınmaz qala kimi tikilib. Xınalığa uzaqdan baxanda dağın başına qoyulmuş dəmir papağa bənzəyir. Bu an qəlbində doğma həm də qəribə hisslər pərvaz edir. Otuz il bir igidin ömrü idi. Burdan gedəndə hələ həyatı dərk etmirdi. Həmin gündən o dağlar onun yaddaşına kəklikotu qoxusu ilə, biçənək qoxusu ilə, ağ dumanlı ağ qayaları ilə köçüb həkk olunmuşdu.

Bakıya köçdükdən sonra atası üç ayın içində evlənib Ucala yeni ana gətirmişdi, ilk başlarda analığından istilik görən Ucal, aylar keçib yeni anasının qarnı şişdikcə onda qəribə davranışlar sezirdi. Günlər keçdikcə bu vəziyyət daha da çirkin hal almağa başladı. Qardaşı doğulduqdan sonra isə ümumiyyətlə bu evdə yaşamaq Ucal üçün işgəncəyə çevrildi. Balaca qardaşının bir addım yaxınlığına getməyə belə ixtiyarı yox idi.

Hər səhər işə gedib gecənin bir aləmi arğın-yorğun evə gələn atası demək olar ki, böyük oğlu ilə heç maraqlanmırdı da. Bütün öhdəlikləri öz üzərinə alan analığı da göz verib işıq vermirdi. Balaca uşaq qəlbi ilə bütün bu olanları göz ardı etmək istəsə də heç cür rahatlıq tapa bilmirdi. Meylini salmışdı dərslərinə. Sinifdə birincilik əldə etmişdi. Bütün müəllimlərin göz bəbəyi olmuşdu. Nəhayət bir gün məktəbdə elan vuruldu. Biliyi çox olan on beş uşaq, qonşu ölkəyə təhsillərini daha geniş şəkildə davam etdirmək üçün seçildi. Onların içində Ucal da vardı. Hər gün deyinən, evdə heç nədən söz-söhbət salan bu təzə “ana” axır ki, arzusuna çatdı. Ucal oxumaq üçün xaricə yollandı. Elə orda da böyüdü. Çox çalışdı vuruşdu.

İllər sonra atası geri qayıtmağını istəsə də qayıtmadı. Ömrünün iyirmi ilini xaricdə keçirdi. Ayağını avtobusdan çölə qoyan Ucal yan yörəsinə nəzər salıb ətrafı gözdən keçirdi. Bakının nəfəs almaq mümkün olmayan sentyabr bürküsündən sonra belə sərinliyə inana bilmir. Sonra yavaş-yavaş üşüməyə başladı. Evdən tələsik çıxdığından özü ilə isti paltar götürmədiyinə görə ovqatı təlx oldu. Qarşıda işıq gələn balaca bir dükan var, addımlarını yeyinlədib dükana girir. Çöhrəsindən sağlamlıq yağan ortaboylu bir kişi qapıdan içəri girən bu gənc adamı görüb, oturduğu stuldan ayağa qalxıb salamlayır.


Ucal bu xoşxasiyyət kişi ilə tanış olur. Adı Əlövsətdir. Əlövsət kişi Ucalı gecənin bir vədəsində bu yerlərə hansı qüvvənin atdığını düşünürdü ki, Ucal bunu hiss edib, əhvalatı olduğu kimi danışdı. Əlövsət kişi bir anlıq təəccüb dolu baxışlarla Ucalı süzüb:

– İnana bilmirəm, sən Gülsümlə Cəlilin oğlu Ucalsan? Ucal asta səslə: - Gülsümü tanımıram, amma hə, Cəlilin oğluyam, – dedi.

Əlövsət kişi buraların hörmətli adamlarından idi. Uzun illər baytar işləmişdi. Indi ahıl yaşında kəndin girəcəyində kiçik bir yer icarəyə götürüb baytarlığa aid olan dərmanlar satırdı. Adətən axşamüstü saat altı olan kimi dükanı bağlayıb evinə gedərdi. Bu gün də adəti üzrə elə etdi, dükanı saat altıda bağlayıb kənd çayxanasına getdi, bir iki saat vaxt öldürüb evə tərəf yollandı. Elə həyət qapısından içəri ayağını qoymuşdu ki, bircə qızı olan Məryəm qaça-qaça qabağına gəlib:

– Ata Ceyran (inəyinin adı) bu gün ot yeməyib, ayaqlarını da yerə vurur, sanki sancısı var – deməsi ilə Əlövsət kişinin evdən çıxıb dükana üz tutması bir oldu. Çox güman ki, inək zəhərli ot yemişdi, lazım olan iynə dərmanları götürüb evə qayıtdı.

Qızının köməyi ilə inəyə sistem qoşdular, bir müddət sonra Ceyran yaxşılaşıb ot yeməyə başladı. Birdən Əlövsət kişinin yadına düşür ki, dükanın qapısını bağlamadan çıxıb. Kor peşman yenidən qapını bağlamaq üçün geri qayıdır və Ucalla rastlaşır. Gənc adamın səsindəki iztirabı hiss edən Əlövsət kişi:

– Oğul, gecənin bir aləmidir, dur gedək bizə, dincəl, gecənin xeyrindən səhərin şəri yaxşıdır, deyib, əlini Ucalın çiyninə qoyur. Razılaşmaqdan başqa çarəsi olmayan Ucal yorğun-yorğun ayağa qalxaraq:

– Yaxşı, Əlövsət əmi, deyib, getmək üçün ayağa qalxdı. Gecənin zülmətində kəndin əyri-üyrü küçələrinin bir neçəsini keçəndən sonra balaca hasarı olan bir evin qapısı önündə dayandılar. Əlövsət kişi yumruğu ilə qapıya iki kərə vurdu. Həyətin ortasında ucalan dirəyin üstündəki çıraq yandı. Külək onu oynatdıqca həyətin gah bu başına, gah da o başına işıq düşürdü. Soyuqdan üşüyən Ucal qapının açılmasını səbirsizliklə gözləyirdi. Nəhayət taxta qapı cırıldayaraq açıldı. Ay çıxmış, aləm gümüş rənginə boyanmışdı. Bir də onu gördü ki, qucağında körpə tutmuş bir qız təngnəfəs xəbər aldı:
– Atacan, harda qaldın bu vaxtadək?

– Qonağımız var qızım, keç hazırlıq gör. O, qonağı görüb bir anlıq özünü itirdi. Başını aşağı salaraq, – xoş gəlmisiz, – dedi.

Yarıqaranlıqda siması aydın görünməsə də qızın səsindəki hüzur, Ucalın qəlbini oxşadı.

– Xoş gördük.

Üstünü üzüm tənəyi örtən kiçik həyətdən keçib, taxta pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxıb şüşəbəndə daxil oldular. Ev köhnə olsa da səliqəsi göz oxşayırdı. Rəflər və taxçalar çini qablarla, badyalarla və çıraqlarla dolu idi. Yerə bir neçə xalı da döşənmişdi. Əlövsət kişi oturması üçün Ucala yer göstərdi. Otaqda stol və stul qoyulsa da, Ucal keçib isti sobanın yanında durdu. Gözü evin ortasında qoyulmuş əl işləməsi olan körpə beşiyinə sataşdı.

Əlövsət kişi:

Nəvəmindir, Məhin balamın. Özüm öz əllərimlə hazırlamışam.

– Böyük qız olsun. Fəxriniz olsun Əlövsət əmi.

– Çox sağ ol bala, sənə də qismət olsun. Sonra nə isə xatırlamış kimi cəld ayağa qalxdı. –Mən tövləyə keçib Ceyrana baxıb gəlirəm, sən otur, indi Məryəm çay gətirər bir çay içərik qarşılıqlı.

Əlövsət dayı çıxdıqdan iki dəqiqə sonra Məryəm qucağında yatmış körpəsi ilə otağa girdi. Ucal ayağa qalxıb qızın qabağına yeridi, dərhal uşağı götürüb incə əl işləməli beşiyə qoydu.

– Əziyyət çəkməyin. Yenidən o məlahətli səsi eşidən Ucal dönüb Məryəmin üzünə baxdı. Onun uzun qaşları, xoş təsir bağışlayan qırmızı dodaqları, iri qara gözləri, əlləri, ayaqları çox zərif və qəşəng idi. Qız qonağın ona zilləndiyini görüb özünü lap itirdi və bir göz qırpımında otaqdan çıxdı. Ucal etdiyi hərəkətdən çox utansa da artıq iş-işdən keçmişdi. Məryəm bir əlində çaydan, bir əlində də sini yenidən qayıtdı, əlindəkiləri gətirib stolun üstünə qoydu, stəkanlara çay süzüb getdi. Bütün axşam qız fikrindən çıxmadı, bir-iki kərə iki-üç dəqiqəlik görməyinə rəğmən onun haqqında uzun-uzadı düşünməli oldu.

Necə gözəl, necə qədd-qamətli və necə də zərif idi. Və qəribə deyilmi; elə bu ilk andan onda Ucalı heyrətləndirən nə vardısa hamısını gördü. Hamı kimi olmasa da bir çoxları kimi Ucalın da daxilində iki şəxsiyyət yaşayırdı: coşqun, gözəl qadınlardan vaz keçməyən, bir də tənha həyat keçirən, vəzifəsinə vicdanla yanaşan, çox oxumuş və savadlı adam. Öz dünyasında, iş həyatında məşhur olub ad çıxarmış, insanların hörmət və ehtiram göstərdiyi bir şəxs birdən-birə gənc, biçimli, zərif bir kənd qadınına valeh olmuşdu. Həm də qəlbinin ən dərin yerində hiss edirdi ki, bu qadın onun yol yoldaşı olacaq. Səhəri əməlli-başlı açılmağa qoymadılar. Həyətdə səs-səsə qarışmışdı. Kimsə yüksək səslə qoyun quzunu haylayırdı. Bu gün sentyabrın 15 dir. Səhər hələ tam açılmayıb. O gözlərini açıb Yerində dikəldi, diqqətlə ətrafına baxdı, çöldən gələn hay-həşiri dinləməyə çalışdı.

Yad adam səsi:

– Eşşək eşşəkliyinən öz yerini bilir, bəzi adamlar isə özlərini dartıb qoyur dağın başına, burda mənəm, Bağdadda kor xəlifə.

Sonra Əlövsət kişinin səsi eşidilir:

– A bala, di bəsdirin, yekə adamlarsız. Başqa bir səs:

– Şeytanın barmağı var, ey! Day hər dəfə mərəkə qurmağın nə anlamı var?

– Aə, düdüg, mənə Şeytan deyirsən? – sonra bir boğuşma səsləri yüksəlir ki gəl görəsən.

Ucal cəld əynini geyinib bayıra çıxır. Həyətdə nə üstündə dalaşdıqlarını bilməyən iki adamın arasına girir. Havada uçuşan yumruqlardan biri Ucalın üzünə dəyir. Yenidən Əlövsət kişinin səsi eşidilir:

– A bala, bəsdirin, ayıbdır, şəhərdən gəlib qonağımız. Hər iki adamı da bir-birindən ayırıb, hərəsini bir tərəfə atan Ucal, həyətin ortasında durub çənəsinin çıxıb çıxmadığını yoxlamaq üçün ağzını o tərəf bu tərəfə edərək tam əmin olmaq istəyir. Xoşbəxtlikdən hər şey qaydasındadır.

Gülümsəyərək:

– Nə alıb verə bilmirsiz qardaşlar?

Əlövsət dayı hər iki nəfərə də qəzəbli baxıb başını bulayır.

– Qardaş oğlu, bunlar yırtıcı quzğunlardır, Hər həftə qoyun növbəsi bunlara çatanda bir-birilərini parçalayıb dağıtmayınca əl çəkməzlər. Tutduqları işdən peşman olmuş bu iki nəfər:

– Xoş gəlmişsiz! Bağışlayın biz cahıl-cuhulun qəbahətini, – deyərək azca boyda o birisindən hündür olan cavan dilləndi.
– Gərək aramıza girməyəydiz – Eybi yoxdur, elə bilərəm mənə bir qonaq olaraq “xoş gəldin” deməyə gəlmisiz. Yaxşı deyin görüm məni vuran hansınız idi? – deyib, Ucal özünü saxlaya bilməyib güldü.

– Deyəsən mən idim, – nisbətən boyda balaca olan oğlan dilləndi.

– Amma sizi vurmaq niyyətində deyildim...Araçı arada gedər. Bacarırsız bağışlayın. – Yaxşı, bu səfərlik bağışladım. Amma yaman ağır əlin var imiş, deyib Ucal yenidən gülümsəyərək, zərbə dəyən yeri əli ilə ovxaladı.

– Hə bitirdiz, indi götürün çomaqlarınızı gedin, qoyunlar örüş yerinə çoxdan varmış olarlar, – deyə Əlövsət kişi dedi. Oğlanlar utanırmışcasına cəld üst-başlarını səliqəyə salıb, bir tərəfə düşüb qalmış sopalarını götürüb getdilər.

– Çayın vaxtı keçir, qonağı süfrəyə dəvət elə, – deyə Əlövsət kişi qızına xəbərdarlıq etdi. Özü isə kürək götürüb tövləyə keçdi. Əlövsət kişi gedən kimi Ucal dönüb Məryəmə baxdı. Bu dəfə Məryəm gözünü onun üzünə zilləmişdi, həm baxır, həm də gülümsəyirdi. Dayana bilmədi.

– Niyə gülürsünüz, Məryəm xanım? – dedi – döyülənə gülərlərmi? Qız gül kimi açıldı: – Aha, bizdə təsadüfən döyülənə gülürlər.

– Nə üçün?

– Elə belə.

– Hm… çox məntiqlidir.

– Ola bilər – deyib yenidən gülümsədi.

– Amma yenə də gülməli deyildiz, – deyib Ucal da gülümsədi.

On dəqiqə sonra Əlövsət dayı gəldi. Hər üçü də səhər yeməyi üçün masaya əyləşdilər. İyirmi dəqiqəlik səhər yeməyi əsnasında Ucal hər şeyi yenidən Əlövsət kişiyə nəql elədi.

Söhbəti təmkinlə dinləyən Əlövsət: – Bax oğlum, bilirəm, sənin heç nədən xəbərin yoxdur. Istəyirəm səni məsələdən hali edim. Gülsüm bu yerlərin ən gözəl qızı idi. Çoban Kərəmlə bir-birilərinə dəli kimi aşiq idilər. Atan bunu bilə-bilə Gülsümə göz qoymuşdu. Çox ağır dərdə mübtəla olmuşdu. Əsəbləri tamam yerindən oynamışdı. Kəndin sayılıb seçilən, savadlı oğullarından idi. Bakıda tibb universitetini bitirib Moskvada böyük təcrübə keçmişdi. İstəsə min qız hə deyərdi ona, amma o, Gülsümü göz altı etmişdi. Nəhayət bir gün hisslərinə yenilmiş və bir axşamçağı bulaqdan qayıdan ananı zorla atın tərkinə alıb qonşu kənddəki əmisinin evinə qaçırmışdı. Bu yerləri bilməzsən. Qaçırılan qızlar geri qaytarılmazlar.

Bu işdə ən çox sevinən Gülsümün ata-anası oldu. Çünki Çoban Kərəmi heç sevməzdilər kasıb olduğu üçün. Nə başını ağrıdım. Evləndilər. Sən gəldin dünyaya, gün günü qovdu, il ilin üstündən keçdi, Cəlilin məhəbbətindən dəli divanə olduğu qadın bircə gün belə gülmədi, sevinmədi, xoşbəxt olmadı. Atan ananı gözündən qırağa qoymazdı, yarım gün belə ayrı qalmağa dözümü olmazdı. Çoban Kərəm bir tərəfdə, Gülsüm də bir tərəfdə iztirab çəkirdilər. Kərəmin mağmın görünüşü, küskünlüyü bütün Xınalıq camaatına sirayət eləmişdi. Bu illər ərzində evlənməmiş, arabir uzaqdan uzağa Gülsümə tamaşa etməklə qaranlıqda qalmış dünyasına məşəl yandırmışdı.

Dostlar, tanışlar, qohumlar məsləhət gördülər ki, bu kənddən bir müddət uzaqlaşsın.

– Bu gedişlə sən özünü bədbəxt edəcəksən, Kərəm, – dedilər. Amma o, burdan uzaqlaşmadı. Kərəmi yoxluqdan var edən əsl mətləb bu idi ki, onu qarşılıqlı, atəşin məhəbbətlə sevən Gülsümün ona olan məhəbbəti hələ də bitməmişdi. Bu fikir Kərəmi ovundururdu, qəmdən-qüssədən xeyli aralı tuturdu. Günlərin bir günü atan qonşu kəndlərdən birində yaşayan dostunun evinə qonaq gedir. İşləri, gələcək nəaliyyətləri barədə danışmaq, məsləhət almaq lazım olmuşdu. Birlikdə nə isə iş qurmağı planlaşdırırdılar. Olanlarda elə həmin gecə baş verdi. Bu izdivacın ömrü gödək, səadəti də qısa oldu.

Gülsüm Çoban Kərəmə qoşulub qaçdı. Cəlil uzun illər özünə gələ bilmədi. Amma dərin yanıq yarası vaxt ötdükcə qaysaq bağlayan kimi, onun könül yarası da qaysaqlanmağa başladı. Siqareti siqaretə calayan Ucal Əlövsət kişinin tərif etdiyi yolla yenidən avtobusdan düşdüyü yerə gəldi. Artıq o, həqiqəti bilirdi. Demək bu üzdən atası anasını “öldü”yə çıxarmışdı. Amma heç atası da düzgün iş tutmamışdı. Hələ üstəlik Ucalın da həyatını məhv etmişdi. Artıq beşinci siqareti çıxarıb alışdırmaq istəyirdi ki, elə bu an kimsə arxadan əlini çiyninə qoydu. Geri qanrıldı.

Özü boyda, özü yaşda gənc kişi idi. – Yubanmadım ki, qardaş? Ucal çaşqın bir az da titrək səslə:

– Xeyr, – dedi, – di ardımca gəl! Kəndin içərisinə irəlilədikcə bir-birinin çiynindən tikilən daş evlərin pəncərələrinə səhər günəşinin şüaları düşüb onu təkrarı, bənzəri olmayan bir nağıl dünyasına bənzədirdi. Kənd qala kimi elə tikilib ki, düşmən gəlsə ala bilməz.

Kəndin əsas qapısından daş döşəməli, əyri-üyrü yollar sanki onu min ilin o üzünə düşürdü. Onu qarşılamağa gələn adamın susduğunu görərək dedi:

– Məktub qoyub gedən sən idin? Əslində arxaya çönmədən irəliləməyə davam edən və Ucala qardaş deyən adamın kim olduğunu Ucal artıq qəlbinin dərinliklərinin bir yerində bilirdi ki, onlar qardaşdılar. Həm kənardan baxan kim olsa onların bir-birinə necə də bənzədiklərini bir baxışda anlayardı.

– Adın nədir?
– Qüdrət
– Şad oldum. Mən də Ucal. Ayaq saxladı.

Geri çevrilib: – Bilirəm, – dedi.

– Çoxdan?
– Hə.
– Bəs niyə indi? Qüdrət qardaşını süzərək acı-acı gülümsünərək:

– Çünkü anamız belə istədi.

– Anamız?

– Hə, anamız! Ucal bir müddət yerindən tərpənmədi, adamsız bir yerə çəkilib oturdu. Onun sualları bilməməzlikdən doğmurdu, onun eşitdikləri ona yabançı idi. O uzun illər öncə anasının öldüyünü bildiyi halda, bu gün onun dəfninə gəldiyi üçün heyrətə gəlmişdi.

– Yaxşı niyə bəs sən gizlində olsa xəbər yollamadın?

– Səfehlikdən.

– İnanmıram.

– Yaxşı gedək. Burda danışmağın yeri yoxdur. Yenidən yola davam etdilər. İyirmi dəqiqə keçməmiş evə çatdılar. Həyətdə iri çadır qurulmuşdu. Hərə bir tərəfə qaçırdı. Kimisi samovar qaynadır, kimisi də gələn qonaqları çadıra aparıb əyləşməsi üçün yer göstərirdi. Ucalla Qüdrəti görən bir neçə yaşlı kişi onların qabağına gələrək:

– Xoş gəlib səfa gətiribsiz. Axır qəminiz olsun. Allah rəhmət etsin.

– Ölənlərinizə rəhmət, – deyib Ucal tək-tək ağsaqqallara əl verib görüşdü. Qüdrət qardaşını anasının nəşi qoyulmuş otağa ötürdü və cibindən dörd hissəyə qatlanmış bir məktub çıxarıb ovcuna basdı. Sonra da otaqdan çıxdı. Bir xeyli həm məktuba həm də üstünə göy örtük salınmış cansız qadına baxdı. Asta-asta yaxınlaşıb örtüyü çəkdi. Amma kəfənləndiyi üçün simasını görə bilmədi. Bəlkə də elə belə olmağı yaxşı idi. Heç vaxt görmədiyini bu son vəda anında da görməməsi məsləhət imiş elə. Örtüyü qapayıb məktubu açdı.

“Əziz balam!... – Əziz balam? – deyə acı-acı gülümsədi və davam etdi, – Fikrimi cəm eləyib sənə məktub yazıram. Son zamanlar ağrılarım çox artıb. Amma və lakin heç bir ağrı sənsizlik qədər acıtmadı. Bilirəm nə desəm də boş gələcək sənə. Ötən-keçəni bildikdə məni heç vaxt bağışlamayacaqsan, bunu da bilirəm. Amma mən sənə görə qayıtdım. Övlad sevgisi heç bir sevgiyə tən deyildi, anladım. Qarşında çox günahkaram. Elə çarəsiz bir dərddir ki, ömrümün son saatında belə səni çağırmaqdan çəkinirəm. Adımı bilmədən, məni üzdən tanımadan bu dünyadan köçürəm. Çox sakit və asanlıqla köçürəm bu dünyadan, çünkü sən çox uzaqdasan və heç nə bilmir, heç nə hiss etmirsən. Daha yaza bilmirəm Bağışla məni oğlum. .. bağışla bu çarəsiz ananı” O, məktubu titrəyən əllərindən yerə qoydu. Elə bu an Qüdrət içəri daxil oldu. Ucalın rənginin avazıdığını görsə də özünü tox tutdu və:

– Artıq vaxtdır. Biz onu aparmalıyıq, – dedi. Gülsümün hüzrünə kəndin dörd bir tərəfindən, hətta qonşu kəndlərdən də xeyli adam gəlmişdi. Tabutun baş ucunda durmuş Ucal aydınlaşmış, çöhrəsi açılmış üfüqlərə baxıb köksünü ötürdü. Nəzərlərini üfüqdən enirib tabutun üzərində saxladı, uşaqlığını xatırladı, gözlərinin dolduğunu büruzə verməmək üçün üzünü çevirib kirpiklərini astaca döydü. Qəribə hisslər vardı bu an qəlbində. Sanki indicə aydın elədi ki, onun da bir anası var idi. Nəzərlərini tabutdan çəkməyən Ucal öz-özünə danışırmış kimi pıçıldadı:

– Qəribədir, heç yaşıllıqda yoxdur. Bu yerlərin camaatı niyə ağac əkmir? Qüdrət başını qaldırıb qardaşının üzünə baxdı.

– İstəyirsən get üzünə su vur. Özünə gəl. Ağac olan yerlərimizdə var, – dedi.

Yas mərasimi bitdi, ağlaşma səsləri kəsildi, hərə asta-asta bir səmtə doğru addımladı, qəbiristanlığa səssizlik çökdü. Xınalığın payıza oxşayan yay günündə, çiskinli axşamı asta-asta kəndin üzərinə yeriyirdi. Buludlar gah çəkilir, gah da seyrəlir, sonra isə təzə buludlarla qoşalaşıb ağır-ağır, bir qədər də nazlı-nazlı ötüb dağların qoynunda qəmli xəyal kimi tutqunlaşırdı. Ucal eyvanda dayanıb Xınalığın göylərini seyr eləyir, göylərə, buludlara, ordan-burdan ara-sıra görünən ulduzlara heyranlıqla baxır, fəna yelinə verdiyi illərin ağırlığını bir-bir içindən atırdı.

# 2521 dəfə oxunub

Müəllifin son yazıları

# # #