“Adil İsgəndərovun yerinə getməməli idim” - Mehdi Məmmədov

 “Adil İsgəndərovun yerinə getməməli idim” - <span style="color:red;">Mehdi Məmmədov
13 oktyabr 2017
# 17:40

Kulis.az İlham Rəhimlinin “Bitməyən söhbətlər” silsiləsindən dördüncü yazını təqdim edir.

Üçüncü hissə

Tanınmış rejissor, Xalq artisti Ələsgər Şərifov 1982-ci il sentyabrın 28-də vəfat etdi. Yas mərasimindən çıxanda Mehdi müəllim əl işarəsi ilə məni çağırdı. Yaxınlaşdım.

– Gedək bizə, səndən bir təvəqqəm olacaq.

Mehdi müəllimin yaşadığı bina rəhmətliyin evi ilə yanaşı idi. Gəldik onlara.

– Sən əyləş, mən o biri otaqdan kağızı gətirim.

Mənə vaxtilə mətbuatda çap olunmuş iki məqaləsinin tarixləri yazılmış kiçik vərəqi verib dedi:

– Bu qəzetlər Axundov kitabxanasında olacaq. Redaksiyanızın fotoqrafından xahiş elə həmin yazıların üzünü çıxartsın... Sənə çətin olmaz ki?

– Yox, mütləq çıxartdıraram.

Həmi dövrdə surət çıxaran aparat yox idi.

Məqam düşdüyü üçün yerimdən qalxmadım. Mehdi müəllim də həmişə oturduğu kresloda əyləşdi.

Həmin axşamdan qeydlərim bunlardır.

– Komediyadan söhbət düşəndə hamının çöhrəsinə təbəssüm qonur. Anacaq teatrlarımızın repertuarlarında elə komediyalar var ki, baxanda sifətlər turşuyur, lap adamın ruhu sarsılır. Musiqili Komediya Teatrında belə primitiv komediyalar daha çoxdur. Bunun səbəbi nədir?

– Mənim fikrimcə, komediya həm teatra, həm də tamaşaçılara faciə və dramlardan daha çox lazımdır.

– Axırıncı dəfə komediya janrında Mirzə İbrahimovun “Kəndçi qızı” komediyasına quruluş vermisiniz. 1962-ci ildə. İndi 1982-ci ildir. Aradan 20 il keçib. Niyə hansısa bir komediyanı tamaşaya hazırlamamısınız?

– Ürəyimə yatan müasir komediya olsa bu barədə düşünərəm.

– Klassik Azərbaycan dramaturgiyasında ürəyinizə yatan komediya yoxdur?

– Niyə yoxdur, var.

– Bəs niyə tamaşaya qoymursunuz.?

– Vaxtilə “Hacı Qənbər”i hazırlamışam.

– Mirzə Fətəli Axundzadənin dramaturgiyası barədə daha çox və maraqlı nəzəri-estetik fikir söyləyənlərdən, yazanlardan biri də sizsiniz. Lakin 42 illik rejissorluq fəaliyyətinizdə onun bir komediyasını da tamaşaya qoymamısınız.

– Məni ittiham edirsən?

– Allah eləməsin. Faktlara əsaslanıb deyirəm.

– Haradan oxumusan o faktları?

– Cəfər Cəfərovun sizin haqqınızda yazdığı “Rejissor sənəti” kitabından.

(Təbəssümlə, zarafatyana) Yaxşı ki, hərdən kitab da oxuyursan.

– Deməli, Axundzadənin komediyasına indiyənədək müraciət etməmisiniz də, elədi?

– Fakt faktdır... Amma... (fikrə gedir)

– Amma deyib susdunuz.

– Mən daha çox az oynanılan əsərlərə maraq göstərirəm.

– Məgər “Hacı Qənbər” akademik teatrda az oynanıb?

– Tarixə nəzər salsaq görərik ki, bu komediya axırıncı dəfə, səhv etmirəmsə, 1922-ci ildə oynanılıb. Mən bu əsərə 35 il sonra müraciət etmişəm.

– Mirzə Fətəlinin “Mürafiə vəkilləri” komediyası sovet dövründə akademik teatrda bir dəfə də oynanılmayıb. Buna nə deyirsiniz?

(Şakəri üzrə alnını ovuşdurur) İctimai-siyasi mahiyyətinə görə nadir əsərlərdəndi... Bu barədə düşünməyə dəyər...

***

Həmkarım Əfqan Əsgərov (həmin vaxt artıq mən də şöbə müdiri işləyirdim) bir gün mənə dedi ki, Mehdi Məmmədovla görüşüb və özünün “Məhəbbət ətirli qərənfilim” povesti barədə onunla danışıb. O da deyb ki, əsəri ver oxuyum, ruhuma uyğun gəlsə səhnələşdirilməsi barədə danışarıq. Vaxtilə həmin povestin çap olunduğu “Ulduz” jurnalını mənə verib xahiş etdi ki, instituta dərsə gedəndə Mehdi müəllimə çatdırım. Səhv eləmirəmsə may ayının ortaları idi. Çünki ondan bir neçə gün əvvəl, mayın 6-da Mehdi müəllimlə “Şərqli diş həkimi” tamaşasının ictimai baxışında görüşmüşdük.

Mən instituta çatanda zəngin içəri vurulmağına bir neçə dəqiqə vardı. Rejissorluq kafedrasının laborantı dedi ki, Mehdi müəllimin iki qoşa saat dərsi var. Üçüncü mərtəbədə məşqdədir. Mən də dərsə getdim və onunla zəngdən sonra görüşdük. Jurnalı verdim. Soruşdu:

Oxumusan?

Cavab verdim:

Bəli, oxumuşam.

Xoşuna gəlib?

Maraqlı əsərdi.

Belə... Baxaram.

Laborant Mehdi müəllimə çay süzdü. Başa düşdüm ki, vaxtı var, söhbət eləmək olar.

– Teatrlar gileylənirlər ki, Azərbaycanda sırf dramaturgiya ilə məşğul olan qələm sahibləri azdır. Bu, faktdır, öz yerində. Həmin dramaturqların da hansısa soruşa bilər: bəs ortalıqda olan pyeslərdən necə istifadə olunur? Məncə, bu məsələdə sual doğuracaq qaranlıq tərəflər çoxdur.

– Hər bir rejissor onu dərindən düşündürən orijinal mövzulu, mürəkkəb ictimai-sosial konfliktli, güclü xarakterləri olan dram axtarır. İnanmıram ki, güclü pyesə hansısa rejissor biganə qalsın.

– Ancaq bəzən olur ki, məşhur şairin və ya nasirin orta səviyyəli pyesinə tanınmayan müəllifin yaxşı əsərindən daha çox maraq göstərilir.

– Təəssüf ki, o da var.

– Rejissorlar pyes qıtlığından gileylənirlər. Pyes yazanlar da repertuar zəifliyini istedadlı rejissorların azlığında görürlər.

– Əslində, iki tərəf də haqlıdır...

– Bəs onda nə etmək lazımdır?

– Fikrimcə, rejissorlarla müəlliflərin birlikdə peşəkarcasına işləmək vərdişlərində nöqsanlar var.

– Fikrinizi bir qədər aça bilərsiniz?

– Hardan başlayım?

– Teatrların dövlət təsisatına keçdikləri dövrdən üzü bəri. Peşəkar rejissuramızda yeni inkişaf mərhələsinin başladığı dövrdən.

– “Od gəlini” və “Sevil” dramlarının ilk uğurlu qələbəsi rejissor Aleksandar Tuqanovla dramaturq Cəfər Cabbarlının ciddi yaradıcılıq ünsiyyətinin məhsuludur. Milli səhnəmizin ilk daha güclü romantik-monumental nümunəsi sayılan “Səyavuş” faciəsinin möhtəşəmliyi İsmayıl Hidayətzadə ilə Hüseyn Cavidin yorulmadan çalışmaları, əsərin səhnə ekvivalentini dəqiq müəyyənləşdirmələri ilə bağlıdır. Ədil İsgəndərov şair-dramaturq Səməd Vurğunla birlikdə əzmlə çalışaraq ərsəyə “Vaqif” və “Fərhad və Şirin” tamaşalarını gətirdilər. Ədilin Mehdi Hüseynlə, Ənvər Məmmədxanlıyla həmfikir olması, zövq yaxınlığı “Cavanşir” və “Şərqin səhəri” dramlarını səhnədə yaşatdı. Tofiq Kazımovla İlyas Əfəndiyevin iş birliyi “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” kimi kamil tamaşalarla repertuarı bəzədi... Siyahını uzatmaq da olar, amma məsələ bu yaradıcılıq münasibətinin estetik mahiyyətindədir. Məncə, mahiyyətlə bağlı fikrim aydındır.

– Siz də bir neçə çağdaş dramaturqla işləmisiniz. Təcrübənizdə belə qarşılıqlı yaradıcılıq işi kimi hansı tamaşanı qeyd edə bilərsiniz?

– Sabit Rəhmanla “Əliqulu evlənir”, Mehdi Hüseynlə “Alov”, Mirzə İbrahimovla “Kəndçi qızı” əsərləri üzərində birgə işimizin nəticələrindən razı qalmışam.

– Onun da ikisi komediyadır.

– Söhbət janrdan getmir, rejissor və dramaturqun yaradıcılıq ünsiyyətinin bəhrəsindən gedir.

– Bu gün həmin ənənəni yaşatmağa və daha da inkişaf etdirməyə mane olan nədir?

– İnkişaf etdirmək özlərinə qalsın, elə yaşatsalar bəsdir.

– Yaxşı, bəs bunun üçün nə çatmır?

– Yaradıcılıq ehtirası, sənət yanğısı, yüksək zövq, həssas səhnə duyğusu, üstəgəl səbr, dözüm, bir-birinə qarşılıqlı ehtiram və inam.

– Belə bir çağdaş dramaturq varmı ki, onunla işləmək istəyərdiniz?

– Sualına cavabı repertuardan tapa bilərsən.

– 1962-ci ildən sonra heç vaxt çağdaş dramaturqla işləməmisiniz.

– Özün dolayısı ilə öz sualına cavab verdin.

– Bəs bunun səbəbi nədir?

– Səbəblərini əvvəlki cavablarımda dedim...

– Rusiyada yüzlərlə dramaturq var. Ancaq teatrlar vaxtaşırı öz klassiklərinin nəsr əsərlərini səhnələşdirib tamaşaya qoyurlar. Məsələn, Lev Tolstoyun “Anna Karenina”, Fyodor Dostoyevskinin “Əbləh” (“İdiot”), “Karamazovlar qardaşları”, İvan Turgenevin “Atalar və oğullar”... Siyahını uzada da bilərəm. Bəs bizim rejissorlar niyə bu istəkdə olmurlar?

– Onların nəsr ənənəsi bir-iki əsr əvvəldən başlayır. Nasir klassikləri də çoxdur.

– Cəlil Məmmədquluzadədən üzü bəri bizim də kifayət qədər maraqlı nəsr əsərlərimiz yaranıb. Vaxtilə Səməd Vurğunun “Komsomol poeması”, Mir Cəlalın “Bir gəncin manifesti”, Əbülhəsənin “Tamaşa qarının nəvələri”, Mehdi Hüseynin “Komissar”, Məmməd Səid Ordubadinuin “Qılınc və qələm” əsərləri səhnələşdirilib. Ruslardakı kimi çox olmasa da, Yusif Vəsir Çəmənzəminlinin “Qan içində”, “Qızlar bulağı”, İsmayıl Şıxlının “Dəli Kür”, İsa Muğannanın “Kollu koxa”, “Məhşər”, Sabir Əhmədovun “Toğana”, “Yasamal gölündə qayıqlar üzür” kimi nəsr incilərimiz var. Nə üçün pyes qıtlığından gileylənən rejissorlarımız nəsrimizə müraciət etmirlər?

– Sən məni ittiham edirsən, yoxsa sual verirsən?

– Sual verirəm.

– İndicə mənə bir əsər verdin. Macal ver onu oxuyum, sonra danışarıq.

***

Respublikada Hüseyn Cavidin anadan olmasının 100 illiyini təntənə ilə keçirmək üçün böyük hazırlıq işləri gedirdi. Bəzi teatrlar da öz repertuarlarına ədibin irsindən nümunələr daxil etmişdilər. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 1982-ci il iyun ayının 23-də Hüseyn Cavidin “Afət” faciəsini tamaşaya hazırlamışdı. Tamaşaya quruluşu rejissor Oruc Qurbanov vermişdi. Əsas rolları Hicran Mehbalıyeva (Afət), Rövşən Almuradlı (Özdəmir), Kazım Avdullayev (Ərtoğrul), Əlibala Nurzadə (Qaratay) və Səmayə Sadıqova (Altunsaç) oynayırdılar. Tamaşa uğurlu alınmışdı və buna görə bir dəfə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, iki dəfə də Respublika sarayında göstərildi.

Tamaşa 1983-cü ilin may ayında “Muzkomediya”da oynanılanda mən də getmişdim. Dəhlizdə Orucla rastlaşdım və ondan dramaturqun qızı Turan Cavidi soruşdum. Dedi ki, yuxarıda direktorun otağındadır. Mən otağa daxil olanda direktor Bala Qasımov, Turan Cavid, yazıçı-dramaturq Ənvər Məmmədxanlı və Mehdi Məmmədov çay içirdilər. Qəzet üçün Turan xanımdan kiçik müsahibə aldım.

Mehdi müəllim arada ayağa qalxıb otaqda vargəl etdi. Sonra pəncərəyə yaxın əyləşdi. Keçib onun yanında oturdum. Ümumi girişdən sonra söhbətimiz mən istəyən kimi alındı. Oxuculara da məni qane edən sual-cavabı çatdırmaq istəyirəm.

– Sizin üçün baş rejissorluq yaxşıdır, yoxsa adi quruluşçu rejissor olmaq?

– Heç hansı. Azad sənətkar olmaq gözəldir.

– Bəs onda nə üçün Ədil İsgəndərovu haqsız yerə vəzifəsindən çıxarıb teatrdan uzaqlaşdıranda onun yerinə keçməyə razı oldunuz?

– Səni tapa bilsəydim məsləhətləşərdim…

– Üç ilə yaxın Akademik Milli Dram Teatrının baş rejissoru oldunuz. Heç olmasa bir dəfə Ədil İsgəndərova müraciət etdinizmi ki, gəlib teatrda bir tamaşa hazırlasın?

– Ədil teatrdan küsmüşdü… Möhkəm incimişdi… Yəqin, gəlməzdi.

– Yəqin, yoxsa müraciət etdiniz, amma o gəlmədi?

– Dedim ki, gəlməzdi…

– Ancaq gərək siz öz dəvətinizi edəydiniz. Bu, teatr tariximizdə hadisə olardı… Bəlkə də sözünüzdən çıxmazdı.

(Ani fikrə getdi) Bəlkə də…

– Tofiq Kazımov 1980-ci ilin yayında Göy göl yolunda avtomobil qəzasında həlak oldu. Atıq üçüncü ildir teatr baş rejissorsuzdur. Siz də Rus Dram Teatrından çıxmısınız. Nə üçün akademik teatra rəhbərliyi öhdənizə götürmürsünüz?

– Məncə, Tofiq Kazımovun teatrda illər boyu cilalayıb yaratdığı estetik prinsipləri dağıdıb yenisini formalaşdırmaq çox çətin olar.

– Siz də onun yaratdığını davam etdirin.

– Bu mümkün deyil. Çünki bizim teatr düşüncəmiz bir-birindən çox fərqlidir. Tofiqin yaratdıqlarını dağıtmaq isə insafsızlıqdı.

– Oğlunuz Elçin mənə bir söz deyib. Nə vaxtsa demisiniz ki, gərək mən Ədil İsgəndəriovun yerinə getməyəydim.

(Köks ötürür) Demişəm… Getdim… İşlədim… Və əmin oldum ki, mən Ədil İsgəndərovun yaratdığı teatr estetikasını dağıdıb özümünkünü təqdim etməkdə acizəm.

– Özünüzü rejissor kimi gücsüz sayırsınız?

– Rejissor kimi gücsüz saymıram. Ədilin yaratdığı, formalaşdırdığı teatr estetikası ilə mübarizə aparmaqda baş rejissor kimi gücsüz olduğumu hiss etdim.

– Mənim fikrimcə, sizə də, Tofiq Kazımova da müstəqil teatr verilməli idi…

(Kinayə ilə) Verilməli idi… Kim verəcəkdi onu?.. Unutma, biz Gürcüstanda yaşamırıq.

– “Dəli yığıncağı” və “İblis” tamaşasında özünüz nə üçün oynamadınız? Axı bunlardan əvvəlki üç quruluşunuzun üçündə də rol ifa etmisiniz.

– Hansı rolu oynamalıydım ki?

– “Dəli Yığıncağı”nda Molla Abbas, Fazil Küleyni olmasa da, Hacı Mədinəni və ya Nəcəfül Əşrəfi oynaya bilərdiniz. “İblis” faciəsində İxtiyar psixoloji-fəlsəfi mahiyyətinə görə sizin roldur.

– Bu sənin fikrindi... Amma mən o əsərlərdə özümə rol görmədim.

– Bəs “Meşşanlar”da Terenti Teterovu nə üçün oynadınız?

– Səncə pis oynadım?

– Hər halda sizə uğur gətirmədi…

– Mən elə düşünmürəm…

***

Mehdi müəllimin Hüseyn Cavidin yaradıcılığı haqqında elmi-nəzəri düşüncələri kiçik formatlı kitabda çap olunmuşdu. Adını “Acı fəryadlar, şirin arzular” qoymuşdu. Onu birnəfəsə oxudum. Səhəri kitab barədə redaksiyada Mehdi müəllimin yaradıcılığının pərəstişkarları olan teatr tənqidçisi Alp Ağamirova və tərcüməçi, alovlu teatr vurğunu Cəlil Xəlilova danışdım. Alp müəllim ərklə dedi:

– Çoxdandı Mehdi müəllimlə görüşmürəm, kitab üçün zəng vurmağa utanıram. O kitabdan birini də mənim üçün gətir. Elə et ki, aftoqraf da yazsın.

Söz verdim.

Cəlil Xəlilov da təbəssümlə müraciət etdi:

– İlham, imkan olsa məni də yaddan çıxartma. Sən yaxşı bilirsən ki, mənim ona necə böyük rəğbət və ehtiramım var.

Ona da söz verdim.

Öz otağıma gələndə Mehdi müəllimin evinə zəng vurdum. Cavab verən olmadı. Bir neçə dəfə cəhd etdim, dəstəyi qaldıran olmadı. Yalnız axşam saat 5 radələrində telefona cavab verdi. Kitab barədə ürək sözlərimi söylədim.

Minnətdarlıq etdim, sonra da iş yoldaşlarımın istəklərini söylədim. Dərindən nəfəs aldı.

– Sənin deməyindən belə çıxır ki, Alp təzədən teatrla maraqlanır?

1950 – 1960-cı illərdə mətbuatda kəskin və sanballı resenziyalarla çıxış edən Ağamirov 1970-ci ildən üzü bəri məqalə yazmırdı. Heç teatra da getmirdi. Yalnız bir dəfə “Xəyyam” tamaşasına baxmışdı Təbii ki, onun teatra getməməsinin səbəbi vardı və yəqin nə vaxtsa o barədə də yazacam...

Dedim:

– Maraqlanmasaydı istəməzdi.

Bir qədər pauza verdi.

– Evdəyəm... Vaxtın varsa gəl kitabları apar.

1983-cü il oktyabrın 14-ü idi. Axşam saat 7-yə işləmiş Mehdi müəllimgildəydim. Bir az kitabdan danışdım. Mehdi müəllim sakitcə qulaq asırdı. Sonra ona suallar verməyə başladım. Həmin söhbətdən bir məqam.

– “İblisin intiqamı” pyesi heç vaxt tamaşaya qoyulmayıb. “Xəyyam” kimi bəlkə bu dramın da ilk rejissoru siz olasınız?

(Guya təəccüblənir) Sən işini nə vaxtdan Mədəniyyət Nazirliyinə dəyişmisən?

– Başa düşmədim, niyə bu sualı verdiniz?

– Nazirliyin repertuar redaksiyasının işçiləri kimi göstəriş verirsən.

(Bir az pərt oldum) Mehdi müəllim, sizə göstəriş verməyə səlahiyyətim çatmır. Ürəyimdən həmişə keçib ki, teatrda Mirzə Fətəli Axundzadənin altı komediyasını hazırlasınlar. Həftənin hər günündə bir tamaşanın premyerası oynanılsın. Bazar ertəsi də teatrın istirahət günüdür.

(İstehza ilə) Gərək rejissor olub özün bu fövqəladə (xüsusi vurğu ilə dedi) ideyanı həyata keçirəydin... Heyif...

– Siz istehza edirsiniz, ancaq mən səmimi deyirəm.

(Gülümsəyir) Başqa hansı orijinal təklifin var? Varsa buyur, eşidirəm.

– Ədil İsgəndərov dörd ildə Səməd Vurğunun “Vaqif”, “Xanlar”, “Fərhad və Şirin” dramlarını tamaşaya qoydu. Üçü də böyük uğur qazandı. Ürəyimdən keçir ki, Mehdi Məmmədov da “İblis”dən sonra “İblisin intiqamı”nı, “Topal Teymur”u, “Peyğəmbər”i, “Afət”i tamaşaya qoysun.

– “Afət” də, “Topal Teymur” da vaxtilə akademik teatrda oynanılıb.

– Elədir, biri 1922-ci, o biri 1926-cı illərdə tamaşaya qoyulub, ancaq quruluşları uğurlu alınmayıb. “İblis” də dəfələrlə oynanılıb.

– Orası elədir. Sənin fikrincə, Akademik Teatrda Topal Teymuru, İldırım Bəyazidi, Afəti oynayacaq aktyorlar varmı? Bu barədə də düşünmüsənmi?

– Niyə yoxdu. Afət obrazı Şəfiqə Məmmədovanın boyuna biçilib. Həsən Turabov İldırım Bəyazidi oynayar. Əmir Teymur roluna da Yusif Vəliyevi dəvət edərsiniz.

(Alnını qaşıyır) Şəfiqə teatrdan çıxıb axı.

– Analıq məzuniyyəti qurtarıb. Siz çağırsanız qayıdar.

– Onun yeni ailəsi var.

– Bilirəm, rejissor kimi sizə ehtiramı və inamı çox böyükdür.

(Qayğılı) Sən Yusif Vəliyev dedin... Yusif “Nəsimi” filmində Teymurləngi oynayıb... Təkrar çıxmazmı?

(Sevincək) Əlbəttə çıxmaz. Filmdə Əmir Teymur epizoddu, amma Cavidin əsərində əsas obrazdı.

(Nəzərlərini harasa zilləyib xeyli baxdı) Xəyalabənzər söhbətdi, edirik. Birdən Yusif Vəliyev özü, yaxud, nazirlik razılıq vermədilər, onda necə olsun?

– Teatrda Məlik Dadaşov var, Səməndər Rzayev var, Hamlet Xanızadə var.

(Bir qədər pauza verəndən sonra gülə-gülə) Rolları böldün, qaldı məşqlərə başlamağın...

– Mehdi müəllim, bayaqdan təklifimə ciddi yanaşırdınız, nə oldu yenə atmacayla danışırsınız?

– Sözdü dedim... Ürəyinə salma... Yəqin bilirsən ki, teatr romantik xəyallarla yox, real yaradıcılıq işləri ilə yaşayır.

(Qətiyyətlə) Romantikanı siz reallaşdırın.

Bir xeyli susdu. Dərindən nəfəs alıb, asta-asta ayağa qalxdı. Bu o demək idi ki, söhbətimiz bitdi. Mən də qalxdım. Qayğılı-qayğılı əlini çiynimə qoydu.

– Əmin ola bilərsən, səbrimlə həvəsim, istəyimlə gücüm üst-üstə düşəndə dediklərin barədə fikirləşərəm. Amma səmimi sözümdü, deyəsən, fikirləşməyə dəyər...

***

Nəriman Həsənzadənin “Atabəylər” dramını akademik teatrda Mərahim Fərzəlibəyov hazırlamışdı. Hər ictimai baxışdan sonrakı müzakirədə ciddi mübahisələr düşmüşdü. Ancaq tamaşanın məsləhətçisi, akademik Ziya Bünyadov qətiyyətlə əsəri müdafiə etdi. 1983-cü il dekabr ayının 24-də “Atabəylər”in ilk tamaşası göstərilirdi. Nəriman müəllim bir gün əvvəl redaksiyaya zəng vurub xahiş etmişdi ki, premyeraya fotoqraf göndərim. Onu da dedi ki, çoxlu qonaqlar dəvət olunub. Çağırılan qonaqları sadlayanda Mehdi Məmmədovun da adını çəkdi.

Belə vaxtlarda teatra gələn Mehdi müəllim tamaşa başlanmazdan əvvəl truppa müdirinin yanında oturur, ya da dördüncü mətrəbədəki kiçik otağına qalxırdı. Söhbətimiz həmin otaqda oldu. Mən oxuculara ancaq söhbətimizin yaradıcılıqla bağlı məqamlarını təqdim edirəm.

– Hökümə Qurbanova haqqında yazdığınız “Onun sənət ulduzu” kitabınızı oxudum. Milli səhnə sənətimizin iftixarı olan bu aktrisamızın yaradıcılığının gözəlliyini ehtiram və məhəbbətlə, əsl sənət xiridarı kimi təhlil etmisiniz...

(Sözümü kəsir, təbəssümlə) Tərifli sözlərin üçün sağ ol.

– Vallah səmimi ürək sözlərimdi. Ancaq bir məsələ barədə rahatsıszlığım var. Onu soruşmaq istəyirəm.

– Buyur, soruş. Bildim ki, bu tərifin axırı xeyir olmayacaq (ani gülür).

– Mehdi müəllim, kitabda Hökümə xanımla müsahibələriniz var. Ona çox maraqlı suallar vermisiniz. Ancaq Hökümə xanımın cavabları da sizin danışıq tərzinizdə, üslubunuzdadır. Aktrisanın cavablarını onun özünün danışığına uyğun vermək olmazdımı?

– Onu düz deyirsən. Bu iradı Hökümə xanım özü də mənə bildirdi. Məsələ burasındadır ki, mən həmin sualları aktrisaya bir gündə verməmişəm. Ayrı-ayrı görüşlərimizdəki söhbətləri evdə qələmə almşam. Heç özü bilməyib. Fikir, elmi qənaət Hökümə Qurbanovanındır. Amma onun yazıda ifadə tərzi mənim üslubumdur... Mən burda sənin kimi qəbahət görmürəm.

– Heç mən də qəbahət görmürəm. Sadəcə maraq üçün soruşdum. Dediklərinizlə tam razıyam.

(Bir az kinayə ilə) Sevinirəm ki, dediklərimlə razısan...

– Bir daha təkrar edirəm ki, Hökümə xanımın sənətinə böyük qiymət vermisiniz və onun ecazkar yaradıcılığına dərin rəğbətinizi də gizlətməmisiniz. İndi 1984-cü ildir. Akademik teatra 1946-cı ildə gəlmisiniz. Bu eləyir 38 il. Elədir?

– Yəqin riyaziyyatı yaxşı bilirsən.

– Hesabı bilirəm, ancaq riyaziyyatı o qədər də yox... Hökümə xanımı dünya səviyyəli aktrisa kimi dəyərləndirmisiniz...

– Buna sənin şübhən var?

– Qətiyyən yox.

– Bəs onda nə demək istəyirsən?

– Dediyim 38 ildə Hökümə Qurbanovaya Vilyam Şekspirin “On ikinci gecə”sində Oliviya, Aıeksandr Fadeyevin “Gənc qvardiya”sında Valya Bors, Məmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular”ında Nərgiz, Mirzə İbrahimovun “Kəndçi qızı”nda Bənövşə, Səməd Vurğunun “İnsan”ında Səhər rollarını tapşırmısınız. Eləyir 5 rol. Bu rollardan Yalnız Oliviya və Bənövşə aktrisanın yaradıcılığında uğur kimi dəyərləndirilib. Ancaq 16 ildə Tofiq Kazımovun quruluşunda aktrisa Janniana (“Məzəli hadisə”, Karlo Qoldoni), Lətafət (“Atayevlər ailəsi”, İlyas Əfəndiyev), Mariya Tüdor (“Mariya Tüdor”, Viktor Hüqo), Kleopatra (“Antoni və Kleopatra”, Uilyam Şekspir), Sevinc (“Sənsiz”, Şıxəli Qurbanov) kimi möhtəşəm rollar oynayıb. Bunun səbəbi nədir?

– Dediklərində həqiqət var. Şəxsən mən Hökümə xanımın yaradıcılıq imkanlarından layiqincə istifadə edə bilməmişəm. Buna ürəkdən təəssüflənirəm.

– Halbuki sizin Bakıya gəlişinizin ilk 20 ilində Hökümə Qurbanova Evripidin Medeyasını, Sofoklun Elektrasını, Şekspirin Ledi Maqbetini, Jan Rasinin Fedrasını, Bertolt Brextin Kuraj anasını, Henrik İbsenin Norasını, Bernard Şounun Milyonçu Epifaniyasını, Mirzə Cəlilin Zəhra bəyimini oynaya bilərdi.

– Yəqin bunları mən də başa düşürəm. Ancaq teatrda bütün istəkləri reallaşdırmaq həmişə mümkün olmur.

– Səbəbi?

– Səbəb çoxdur. Bunun üstündən keçsək yaxşıdır...

# 1984 dəfə oxunub

Müəllifin son yazıları

# # #