Aləmi bürüyən ədəbiyyat ətri

Aləmi bürüyən ədəbiyyat ətri
16 iyun 2021
# 11:30

Kulis.az İlham Əzizin "Saturasiya" və ya yorğun hekayə" yazısını təqdim edir.

Dünən Sərdar Aminlə həmişəki kafedə oturub çay içirdik. Samirə Əşrəfin hekayəsinin tərsin, avandın çevirir, yazıçılığın verdiyi impulsdan danışırdıq. Söhbətin şirin yerində uşaq üzlü, ancaq cüssəli gənc xanım stolumuza yaxınlaşdı. Kafe-kafe, adam-adam gəzməkdən üz-gözü tər içində, əlində ətir dəstəsi… Yaxınlaşan kimi aləmi ətir qoxusu götürdü, xanımın təri, səliqəsiz geyimi yaddan çıxdı. Hiss etdim ki, kafedə ətir alan olmayıb. Əl atıb birini seçdim, alıb Sərdara bağışladım. Qız o qədər yorğun idi, kiminsə ətir alıb-almaması artıq ona maraqlı deyildi…

***

Əvvəla onu deyim ki, pandemiya başlanandan bəri bəzi sözlər bizə ölümü xatırladır. “Saturasiya”, “kt”, “ intubasiya” və s.

Hekayənin adını görəndə anladım ki, Samirə anasının ölümünə hekayə yazıb. Özlüyümdə düşündüm ki, belə hekayələr adamın özü üçün dəyərli olsa da, oxucuya bioqrafik, məişət təsiri bağışlayır. Ürəyimdə bu qorxu ilə hekayəni oxumağa başladım. Amma elə ilk abzasda yanıldığımı hiss etdim.

Hekayə, anası bu səhər ölmüş bir qadının yerlə-göylə əlləşməsi, ölümün verdiyi ani reflekslərdən, acıdan, kədərdən, eyni zamanda dünyanın da heç nə olmamış tərzdə davamından bəhs edir. Detalların təsbeh misalında düzülüb zikr olunması, həm də fərqli detalların hekayə içində ümumi atmosferə uyumu məni valeh etdi.

Ekzistensial külək hekayə boyu Bakı küləyinə qarışıb əsir, doğmalıqla, yadlığın incə sərhədlərini tez-tez silkələyir. Anasının ölümü üstüörtülü olsa da, onu böyüdür, dünyaya, təbiətə baxışını yeniləyir. Hekayə boyu həyat yoldaşını “o” kimi işarələməsi, mətnə başqa sehr, sirr pərdəsi çəkir.

Xəbəri alıb balkona çıxan qadın aşağıda süpürgəçinin əynində bir neçə gün öncə itən köynəyini görüb dinməməsi, hətta köynəyin süpürgəçi qadına daha yaxşı yaraşmasını fikirləşməsi, insan özünə yadlığının və bəzən özündən intiqam alma istəyinin nəticəsidir. Müəllif hadisəni şəxsi faciə müstəvisindən, bəşəri müstəviyə keçirə bilib.

Təsvirlərə gen-bol yer vermədən, mətləbin heç özünə də xidmət etmədən, tamamilə ədəbiyyatın cövlan etdiyi əsər hətta yeni janr kimi qarşımıza çıxır. Samirənin mətnlərinin yorğa, monoton, amma, birdən sürət götürüb hədəfə çatması kimi xarakterik səciyyəsi vardır.

Əsasən hekayələri oxuyanda adama elə gəlir, kimsə sənə hadisə nəql edir, bu hekayədə isə hiss edirəm ki, müəllif hadisəni özünə danışır, özünü mühasibə edir. İnsan həyatında kədərin, ironiya, sarkazmla birgə addımladığı bəllidir. Bu mətndə də qəbiristanda şəxsin bu faciənin kulminasiyasında xalası ərinin burnundakı ziyilin diqqətini cəlb etməsi, insanın mürəkkəb, idarəolunmaz təfəkkürlü varlığının bədii həllidir.

Hər bir ədəbiyyat nümunəsi ilahi xatırlamanın nəticəsi olduğu üçün, əsərdə müəllif anası ilə bağlı keçmişdə üstü kül, altı köz olan kiçik bir hadisəni qurcalayır, onu ədəbiyyatın küləyinə verib alışdırır:

“Axı çoxdan olmuşdu bu, lap çoxdan. Onda uşaq idim. On altı yaşım yenicə tamam olmuşdu. O qadın, anam ağır çantalarla məndən xəbərsiz mənə tərəf gələndə, mən bakılı qrup yoldaşlarımla deyə-gülə evə gedirdim. Anamın əlindəki çantalar, onun bazara mal aparması mənim şəstimə toxunacaqdı. Alverçi qızı olduğumu bilməməliydilər. Onu görən kimi dərhal qızlarla sağollaşıb az qala qaçaraq uzaqlaşmışdım. Marşruta minib bir dayancaq gedəndən sonra gözlərim dolmuşdu. Mən bilirdim, anam o çantaları nə üçün daşıyır, qaçqınlıqdan sonra hansı məhrumiyyətlərə dözür? Marşrutun növbəti dayanacağa çatmasına dözməyib yarı yolda düşmüşdüm. Anamı qoyub qaçdığım yerə gəlmişdim. Hər tərəfi, bütün yol ayrıcını ələk-vələk eləmişdim. Hətta, mal verdiyi alverçilərin yanına getmişdim. Ancaq o, heç yerdə yox idi. Yoxa çıxmışdı. Evə gələndə, onu sobanın yanında çay dəmləyən gördüm. Məndən əvvəl çatmışdı evə. Əlindəki çantalar qapının ağzında idi. Amma vallah, bu çoxdan olmuşdu, lap çoxdan. İndi hardan gəlib düşürdü yadımda. Hətta gözümə görünürdü”.

Əslində hadisə öz özlüyündə sadədir. Amma yazıçı onu elə yerdə, elə zamanda danışır ki, ümumi atmosfer qatılaşır, ağırlaşır. Bütün bunlar sənətkarlığın əvvəlcədən, planlamadan verdiyi məhsuldur. Elə bilirəm ədəbiyyatşünaslar bu əsərə daha elmi diaqnoz qoyub, təhlil verəcəklər. Mənim yazım da Samirənin bu hekayəsinə heyranlıq hədiyyəsi olsun!

***

Hə, onu deyirdim axı, ətiri aldım, Sərdar da boyun boğazına vurdu, iri cüssəli, üz gözü tər, uşaq üzlü qız da dua etdi, hekayəni də oxuduq, aləmi ədəbiyyatın ətri bürüdü.

# 3197 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #