Əgər yaşasa, heç vaxt gəzə bilməyəcək... - Tərs köpəkoğlunun əhvalatı

Əgər yaşasa, heç vaxt gəzə bilməyəcək... - Tərs köpəkoğlunun əhvalatı
24 sentyabr 2024
# 16:15

Məşhur amerikan şair, yazıçı Çarlz Bukovskinin pişik sevgisi çoxlarına məlumdur. O, pişiklər haqqında bir neçə şeirin müəllifidir. "Kapitan nahara çıxdı, matroslar gəmini ələ keçirtdi" gündəlik qeydlərində isə evdə doqquz dənə pişik saxladığını qeyd edib.

Kulis.az onun "Tərs köpəkoğlunun əhvalatı" şeirini Həmid Piriyevin tərcüməsində təqdim edir.

Bir axşam mənim qapıma gəldi – yaş, arıq, döyülmüş,

qorxudulmuş, ağ, quyruqsuz və çəpgöz pişik.

Onu evə buraxıb yemək verdim.

Və o yanımda qaldı.

Mənə etibar etməyi öyrəndi.

Amma bir dəfə dostum bizə gələndə maşınla onun üstündən keçdi.

Mən ondan nə qalmışdısa, yığıb baytara apardım.

Baytar dedi: “Şansı azdır. Bu həbləri içizdirin.

Onurğası sınıb, amma o bir dəfə də sınmışdı və

necəsə bitişmişdi. Əgər yaşasa, heç vaxt gəzə bilməyəcək.

Rentgen kağızına baxın: onu bir dəfə güllə ilə vurublar,

qəlpə hələ də bədənindədir. Üstəlik,

haçansa quyruğu da var idi, kəsiblər”.

Pişiyi evə apardım.

İsti yay günü idi. Bir neçə onillik idi ki, belə isti yay olmamışdı.

Onu hamamın döşəməsinə qoydum.

Su və həb verdim.

Amma o nə suya baxdı, nə də yeməyə.

Barmaqlarımı suya batırıb onun dodaqlarını islatdım

və onu dilə tutmağa çalışdım.

Yanından heç yerə getmirdim, onunla danışırdım,

tumarlayırdım, o isə cavabında solğun, göy, çəp gözlərini üzümə dikmişdi.

Günlər keçirdi.

Axır ki, o, yerindən tərpəndi.

Qabaq ayaqları ilə süründü

(dal ayaqları işləmirdi).

Yeşiyinə çatıb içinə girdi.

Mən hamamda çalınıb

bütün şəhərə yaxınlaşan qələbədən xəbər verən

truba səslərini eşitdim.

Pişiyin dərdinə ortaq idim, ona baxanda canım ağrıyırdı.

Mən də həyatda əzab çəkmişdim, bu pişik qədər olmasa da,

hər halda, çəkmişdim.

Bir gün səhər o ayağa durdu, özünü saxlaya bilməyib

yıxıldı və sual dolu baxışlarla üzümə baxdı.

- Sən bacararsan, - dedim.

O təkrar-təkrar yoxladı, durdu, yıxıldı,

durdu, yıxıldı, nəhayət, on addım gedə bildi.

Sərxoş kimi yellənirdi, dal ayaqları heç cür tərpənmək istəmirdi.

O yenə yıxıldı, dincini alıb yenə ayağa durdu.

Qalanını bilirsiniz: indi o, yaxşıdır.

Gözləri çəpdir, dişlərinin, demək olar ki, hamısı tökülüb.

Amma pişik hissiyyatı qayıdıb,

gözlərinin ifadəsi də dəyişməyib.

Hərdən məndən müsahibə alanda

həyat və ədəbiyyat haqqında soruşurlar, içirəm

və çəpgöz, üstündən maşın keçmiş, güllələnmiş,

quyruğu kəsilmiş pişiyi göstərirəm:

- Baxın.

Onlar heç nə başa düşməyib soruşurlar:

- Demək istəyirsiniz ki, sizə Selinin prozası təsir edib?

- Yox! – Pişiyi yuxarı qaldırıram.

– Mənə baş verən hadisələr təsir edir! Məsələn, bax, bu!

Bu, bu! Bax, bu!

Pişiyi silkələyib yuxarı qaldırıram

siqaret və içki qoxulu otağın içində.

O, sakit dayanır, başa düşür...

Bununla da müsahibə yekunlaşır.

Amma jurnallardakı şəklimizi görəndə qürur duyuram:

bu mənəm, bu isə mənim pişiyimdir, şəklimizi bir yerdə çəkiblər.

O da bunun cəfəngiyyat olduğunu bilir,

amma bu, hər halda, hərdən bir az kömək edir.

# 1385 dəfə oxunub

Müəllifin son yazıları

# # #