Həmid Herisçi: "Anar dövlət sirrini açmamaq haqqında vədini pozdu"

Həmid Herisçi:  "Anar dövlət sirrini açmamaq haqqında vədini pozdu"
16 noyabr 2023
# 17:00

Kulis.az Həmid Herisçinin Xalq yazıçısı Anarın "Balaca Fuad"ın son xahişi" adlı yeni hekayəsi haqqında yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatında, qəbristanlıqlarında, küçələrində üzbəsurət, qarşı-qarşıya durmuş xeyli fiqurlar, heykəllər, imzalar mövcuddu.

Nigar Rəfibəyli, Rəsul Rza küçələri Nizami və Xaqani küçələrini kəsib doğrayır, misal üçün.
Ədəbi əsərlərin adındakı “Gizli Bakı”, zarafatsız, görünür, real coğrafi müstəvidə, tərəzidə də mövcuddu. Belə olmasaydı, Rusiya imperiyasına qulluq etmiş ilk azərbaycanlı Abbasqulu ağa Bakıxanov adına küçədə indi rus səfirliyi yerləşməzdi.

Bəli. “Gizli Bakı” coğrafiyası var. Mövcuddu. Şüuraltıdan şüurumuzu planlaşdırır. İdarə edir. Beynalxalq reyestr kitabçalarında, məxfi xəritələrdə, taksi sürücülərinin naviqator proqramlarında bu gizli kodlar, razılaşın, xüsusi ahənglə, vurğu işarəsi ilə də seçilir, deyərdim.

“Soft power” yəni “yumşaq zərbə” deyirlər bu cür psisilahlara.

Xalq yazıçısı Anarın son hekayəsindəki “son xahiş” ifadəsi də sanki oxucunu əvvəlcədən proqramlaşdırır. Oxucunu kövrəldir, vallah.

Hekayədə “son xahiş”dən bəhs edilir.

Köhnə partokratlar indi öz köhnə sürücülərinə, katibələrinə - Qasım kişi ilə Nelliyə həsəd aparırlar.

“Rumiyyə köksünü ötürdü: - Gör nə günə qalmışıq, Qasımın minnətçiliyinə ehtiyacımız var.

Fuad dinmədi.

Qasım haçansa - Nuh əyyamında - Şövqünün, ondan sonra da Fuadın sürücüsü olub. Rumiyyə onun gözləri qarşısında böyüyüb. İndi də bu, yaşı ötmüş, amma peşəsindən əl çəkməyən kişi Oqtayın sürücüsüydü. Bütün səylərinə baxmayaraq, heç cür Oqtayla rabitə yarada bilməyən Fuad axır, Qasımın vasitəsiylə xahişini ona çatdırdı”.

Zaman dəyişir, Xalq Cəbhəsi prezident sarayına əliavtomatlı soxularaq köhnə kadrları - Fuadla Oqtayı və habelə digərlərini yerindən dəbərtsə də...
Katibə Nelli, sürücü Qasım hələ də funksionaldırlar. Sanki bayaq o dediyim “Gizli Bakı” proqramının iştirakçılarıdırlar. Rusiya səfirliyi ilə Aparat arasındakı gizli şəhər coğrafiyasına, məxfi trafikə, internet əlaqəsinə birbaşa, maneəsiz, ani girişləri mövcuddu.

Əsərdə iki dəfə xüsusi vurğuyla çəkilən “kimin əvvəli, kimin axırı” ifadəsinin bu əbədi katibə ilə əbədi sürücüyə bir milçək vızıltısı qədər də dəxli yoxdur. O ifadə yazıq, miskin Fuada aiddi, bir də zavallı “Liza” - Əsmərə. Habelə hekayənin digər ikinci dərəcəli şahmat fiqurlarına. Aldanmayın hekəyənin, heykəllərin üst qatına qızıl suyla həkk edilmiş Fuad Qurbanoviç Mehdiyev, Qafur Əhmədli kimi adlara.
Fəxri məzarlıqdakı Fuad Salahlı və Şövqü Şəfizadənin üzbəüz qranit heykəllərinə.

Yox... Səməd Vurğunun dediyi ”zamanın bayraqdarı”, Məmmədəminin vurğuladığı “Zəmanəmizin Səyavuşu” nə bu memardı, nədə ki partokratlar.
Zamanı yenmiş şəxslərin biri bax bu sürücü Qasımdı, bir də katibə Nelli. Sovet vaxtı da əlləri sükan, makina üzərində olub, elə indi də düyməni belələri basır.

Yad zurnalara yaylıq sallayıb yallı gedirlər.

Hə... Anar son hekayəsində bunu qəşəng göstərib. Üzdə, hə... guya Qafur Əhmədli - köhnə cəbhəçi, indiki dini partiya sədri qarşı kabinetə yiyələnib.

Yox... əbədi qəhrəman, qalib o deyil. Əbədi məhz sürücü ilə katibədir.

Məmur tayfasının, partiya sirlərinin gözəl bilicisi Anar nəhayət ki, dilləndi.

Dövlət sirrini açmamaq haqda vədini pozdu. Əsl casusları ifşa etdi: sürücü Qasım, katibə Nelli.

“Balaca Fuadın son xahişi” hekayəsinin yazıldığı ədəbi janr, Amerikada “Spin Off” adlanır. Bu janr çərçivəsində yazar öz köhnə qəhrəmanlarını yeni əsərlərində dirildə də bilər. Köhnə fiqurların tozunu silib, yeni kastyum biçər yeni bədən ölçülərinə. Arıqlayıb, kökəldiklərini nəzərə alıb, yeni qeydlər apara bilər öz cib dəftərçəsində.

Hekayəki “katibə+sürücü” casus cütlüyü, mənimçün daha maraqlı və məzmunludur. Sentimental “Fuad və Əsmər” dastanı isə mənlik deyil.

Zərrəbinim bu sətirlər üzərindən tez sürüşüb Nelli ilə sürücünün üzərində xeyli dayanacaq. Geri çəkiləcək bir xeyli o sətirlərdən, gah azca irəli gələcək.

Axır, öz düzgün məsafəsini tapacaq sətirlərlə özü arasında. Sonra o sürücünün, Nellinin dəqiq sifət cizgiləri böyüyəcək zərrəbin şüşəsində.

Şəkillər lazımı qovluğa tikiləcək.

Qələmim Anarın işarələdiyi bax, bu süjeti güdəcək. Nəinki üzdəki aldadıcı “Fuad və Əsmər” spin-off süjet xəttini.

# 9122 dəfə oxunub

Müəllifin son yazıları

# # #