Süni intellektlə sevişdim - Həmid Herisçinin yeni şeirləri

Süni intellektlə sevişdim - Həmid Herisçinin yeni şeirləri
13 iyun 2024
# 12:00

Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.

“Şiircə” silsiləsindən


KÖLGƏLƏR İTƏNDƏ

Kafenin içalatından
bir hayqırtı qopdu qəfil:
"Dur burdan!
Liftçiyimin üstündə oturubsan!".

Siqaretsiz gecəyə nifrət etdi küncdəki müştəri.
Papağımı yan qoydum ki, özümə oxşamayım.

Bir də gördüm, kimsə mənim kölgəmlə danışır.

Kölgəm boşanmışdı sanki məndən.

Öz kölgə həyatı ilə yaşayırdı.
Mənsizdi
və tam mənasızdı bu küçələrarası qaranlıq otellərdə.

QORDİ DÜYÜNÜ

Süfrəni dəyiş bircə əl hərəkətinlə.
Sevgini də təzələ bircə ürək döyüntünlə.
Yaxanın bircə düyməsini, bircə cümləsini aç sonra.
Qordi düyünü yaxamızdakı elə həmin o düymədəydi, biləsən.
Dükan vitrinlərindəki manikenlərədir son umudum.
Sevgi əzablarını görüb də diriləcəklər mütləq.
Yaxalarındakı düyməni də özləri açacaqlar.
Bizsiz.

FİNAL

Yüksək gərginlikli elektrik xətləri altında dayanmışam.
Ana həyət qapısından ayrılmadan, öz uşağına "Final!" nidasını göndərdi.
Özü də təkcə bir dəfə demədi bu qorxunc sözü.
Dəfələrlə təkrarladı.
Özü də, hər dəfə ucalan, yüksələn bir səslə təkrarladı bu məşhər məzmunlu sözü.
Axırda bəlli oldu, məsələ bir o qədər də faciəli deyil burda mənimçün.
Elə bu anadan ötrü də.
O, sadəcə, oğluna 'Final" yağı almağı tapşırırmış.
Səmadan qaranquş fəğanı gəlirdi.
Günəş də batırdı.
Elə bil uzaqlarda deyil də
Lap yaxınlığımda.
Qaranquş fəğanını bir daha dünyanın ən güclü nəğməsi bildim.
Dünyanın finalına hələ çox qalırdı, deyəsən.

SÖYÜŞ

Qəfil ağzımdan üçmərtəbəli söyüşlər qopdu.
Kimi söyürdüm mən?
Fatalistlər kimi qoca zəmanənimi söyürdüm, bəlkə?
Yoxsa qapıbir qonşumdan bezib...
Bəlkə, səbəbkar siyasi qüvvələrdir?
Qapımıza yapışdırılmış növbəti kommunal ödəniş qəbzidir?
"Bolt" taksilərinin nazlanmasıdır müştəriləri qarşısında?
Yox...
Söyüşümün bircə ünvanı var, deyəsən...
Deyəsən, artıq özümü söyməyə başlamışam.

MODERN SEVDA

Süni intelektlə sevişdim, ancaq nə adını dedi mənə, nə çöhrəsini göstərdi.
Ən qaranlıq küçə səkilərindən gəldi səsi.
Kölgəsi "İnterbellum" dükanına girdi-çıxdı.
Mənə öz hədiyyəsini paketlədi bir bahalı ünvanda.
Qapımı çox musiqili cırıldatdı.
Baletdəki hərəkətlərlə hüzuruma tələsdi.
Dematereallaşdı əlimi sıxınca.
Mənlə çəkdirdiyi fotoları anında sıfırladı.
Gedincə çarpayımın altına baxdım.
Masama təzə üzqırxan buraxıb getmişdi.
Yazmışdı: "Sifətin tüklüdü. Üzümü qızartdın".
Etirafını, iradını qəbul edincə, yenidən pərdəarxasından, bütün qacetlərdən göz vurdu mənə.
Musiqimizi özü bəstələdi.
Qəhvəni təkcə özü bildiyi bir üsulla dəmlədi.
Kölgəsi hələ də evimdədi.
Özü isə Azdrama pərdələri arxasında itdi.

TÜSTÜLÜ ÜNVANLARDAN...

İtirdiyin gözəli çoxxx...çox sonralar bir bahalı dükanın geyim kataloqunda tapdınsa...
Həyat davam edir.
Qəhvəni xahiş et tünd dəmləsinlər.
Get otur bir tüstülü uzaq ünvanda.
Gələcəyə ordan bir yol axtar.
Geriyə boylanma bir daha.
Öz kölgənə salam ver.
Cavab salamı eşitsən, diksinmə.

BƏXTSİZ BLOQQER

"Qəşəng hava var.
Əsl odun sobasında kartof dilimi havasıdır.
Sən dilimləyəsən, yar duzlaya.."
Harda, hansı xarabada, hansı internet küncündə eşitdim bu şeri?
Barmağımdakı gümüş üzüklə taqqıldatdım yazı masamı da, yaddaşımı da.
Bəxtsiz bir boloqqer düşdü yadıma.
Bağımızın açarını istəmişdi bir gün məndən.
SMS-lədi bu xatirə məni.
Əl telefonumun musiqisi də
çox uyğun idi
bu isti nəfəsli xatirəmə.

ANAMDAN SONRA

Pensiya fondundan evimizə gəldilər.
Yoxlamaydı.
Anamı yoxlayırdılar.
Diridi hələ?
Yoxsa çoxdan ölüb?
Təqaüdünü özümü alır, yoxsa başqası?
Anam qışqırdı sifətlərinə: Sağam. Hələ ölməmişəm ki!
Bildilər, hə... anam hələ sağdı.
Tərs baxdılar biz tərəfə.
Çayımızı içmədən durdular süfrə arxasından.
Divara vurduğum paslı mismara öz bahalı plaşlarını etibar etmədilər.
Elə üst geyimlərində qaldılar.
Az sonra anam öldü.
Anama bax, beləcə, öldürdülər.
Vallah.



SEÇİM

Dayanmışam bir gözəl ağac budağı qarşısında.
Seçimim ağırdır. Pencəyimi asım budaqdan?
Yoxsa özümü?
Məsləhətinizə ehtiyacım var.
Quşlardan o tərəfdə göy var.
Qoy o tərəfdən gəlsin
Doğru-dürüst cavabım.

XƏYANƏTKAR TATU

Arıqlamış bir şoubiznes gözəli girib yuxuma.
Tatusu dirildi.
Başqa həyət... başqasını seçdi qəfil.
Başqa bədənə keçdi.
Çox amansız idi bu seçim.
Çox ciddi xəyanət idi.
Ancaq çox adiydi oralarda...

XARI BÜLBÜL

Xarı bülbül indi daha münbit bir ərazidə -
məmur kostyumlarının yaxasında bitir.
Çicəkləyir.
İkisindən birini seçəcək gec-tez.
Ən uzaqlardakı bir avtomobilin iti gözləri tamaşaçısız qoymayacaq bu dramatizmi.
Bu seçmimizi işıqlandıracaq
gözlərimizi qamaşdıraraq.

YOL GÖSTƏRİCİSİ

Gün batdıqca buludların da rəngi dəyişir.
Mənim də daxilimdə nələrsə dəyişir eyni vaxtda.
Avtomobilimin yan güzgüsünü bacardıqca təmizlədim.
Sildim.
Yolum uzaqdı.
Təbrizsizəm.
Və ümidsiz.
Əyilmiş elektrik dirəyi,
dünyanın ən qəliz yerini tam dəqiqliyiynən işarələyib göstərdi mənə.
Yolum uzaqdı.
Elə o tərəflərədi.



RAUF DENKTAŞ

İngilislərə, Britaniyaya daha bağlıydı.
Nəinki Türkiyəyə.
Uilyam Çörçili xatırladırdı. Yamsılayırdı?
Eyni çəkili, eyni sifətli gördüm ikisini də.
Mənlə danışarkən,
üzdə çox mehribandı.
"İnsanlarla münasibətim nə qədər uzanırsa, köpəklərə sevdam bir o qədər də artır" ifadəsi,
məncə, ona da tam doğmaydı.
Köpəyi, Çörçil nəslindəndi.
Qorxuram, mənlə söhbətindən sonra köpəklərə sevdası bir az da artsın.

QARA PİŞİKLƏR ALƏMİNDƏ

Bu küçədə qara pişiklər
insanlara tam biganəydilər.
Ciddiyə almırdılar insanları.
Ancaq məni duyunca, görüncə
qəflətdən ayrıldılar, ayıldılar elə bil.
Bir ağızdan miyoldadılar.
Elə bil bizimcə də danışdılar bir ağız.
Bir azacıq.
Mən tam anlayırdım bu gün pişikləri.
Quşları.
Xüsusən, göyləri saran qaranquş fəqanlarını.

"Sekond cup" barında başım çox aşağıydı.
Yalnız şüşələrdəki əksimi görüncə özümə inandım.
Özümə qayıtdım.
Özümə inandım.
Ayrıldım qara pişiklər aləmindən.

Xüsusən, şampan qədəhindəki əksim,
mənlə söhbətləşməkdən doymaq bilmirdi.

Özümə ilk dəfə salam verməyə tələsdim.
Qorxdum, qaçırdaram bu kölgəmi.

NOVRUZ

Novruzu tərsinə oxusan,
“Zervan”, yəni əbədiyyət tanrısının
adını eşidərsən.
Deşifrəni düz vaxtında,
düz bayram ərəfəsində azad edilmiş ərazilərdə eşitdim.
Çocuq Mərcanlı məktəbinin "novruz" lövhəsini
bu cür oxuyub bərk həyəcanlandım.
Ağlıma gətirəmməzdim qədim zərdüşt tanrısı Zervan,
mənlə görüşünü Qarabağda, xarabalıqlar arasında təyin edəcək.
Nə vəd edir mənə bu görüş?
Yaxşi sualdı.
Azərbaycanda son 2000 min ildə
kimsə Zervanla bu cür görüşməmişdi.

Tonqal ətrafında, paxlava-filan yeyəndə həəə...görüşdüm
bu qədim kölgələrlə.
Ancaq çox gücsüzdü,
uduzmuşdu bu qədim tanrı.

AYA SƏYAHƏT

Əhənglə ağardılmış əyri-üyrü divara
taxta pilləkan dirəmişdilər.
Yuxarısında ay ağarırdı.
Elə bil kimsə bu pilləkənlə həmin o aya dırmaşmaq istəmişdi.
İstədim, mən də bu pilləkəndə öz bəxtimi sınayım.

Görüm, o bəxt varmı məndə?

LAKRAMOZA, YAXUD QARA GÖZ YAŞLARI

Zarafat-zad deyil, Bakının, özüm görmüşəm,
qap-qara göz yaşları var...
Söhbət köhnə evlərin damından yavaş-yavaş əriyib
aşağı tökülən, süzülən, divar boyu izlərini qoyan qara qır ləkələrindən gedir...
Budur Bakının qara göz yaşları...

Divarları ağdı, qapıları göy, göz yaşları qap-qaradır Bakının.

Bu üç rəngin vəhdətində böyümüşəm.
Rəngləri, bu mənzərədən tanımışam.

Mosart “Rekviyem”indəki “Lakramoza” hissəsi
“Qara göz” yaşları deməkdi.

Bakının o qara göz yaşlarınamı bəstələnib
bu əsər?
Sualımı musiqi kimi eşidin.
Xahiş edirəm.


TƏBRİZDƏ

Təbrizdə yeddi bibimlə ilk görüşümüzdü.
Bibiblərim təbrizlilər demiş, "əmmələrim"
məni əvvəlcə, naməhrəm bildilər.
Yaşmaqlandılar.
Üzüdivara mənlə danışmağa başladılar.
Güllü çadralarını çənələri altında ikiəlli bərk sıxmışdılar.
Sonra danışığımız uzandıqca,
isinişdikcə bir-birimizə
Sifətləri tədricən, yavaşcana
soyuq divarlardan ayrılırdı.
Dikilirdi düz sifətimə.
Divarlar uduzurdu bax, beləcənə, mənə.
Divarlara qalib gəlirdim.
Qəfil qapı dəstəyi aşağı əyildi laldinməz.
Bibilərim mənzərəni axıracan izləyib
bir ağızdan: "Əqdəsddi. Zinətin kiçik qızı.
O da səni görmək istəyir" dedilər.
Qapı arxasındakıları da, həəə...
görürdü,
seçirdi qocaman gözləri.
Sonra lap axırmacalda birisi girdi içəri.
Bibilərim yenə bir ağızdan dilləndilər:
"Tanıdınmı? Tanıdın?"
Xalça naxışlarında azmadı gözlərim.
Bildilər
təbrizliyəm.
Özümüzküyəm...

# 4610 dəfə oxunub

Müəllifin son yazıları

# # #