Həmid Herisçi: "60-cıların girdiyi kol deyil..." - Ulucay Akifin hekayəsi haqqında

Həmid Herisçi:  "60-cıların girdiyi kol deyil..." - Ulucay Akifin hekayəsi haqqında
12 dekabr 2023
# 14:40

Kulis.az Həmid Herisçinin yazıçı Ulucay Akifin yeni - "Cin dərəsi" adlı hekayəsi haqqında yazısını təqdim edir.

Ədəbiyyatın sıçrayışlı inkişafı həm də üç nidalı "MƏN!!!" qışqırığıyla bağlıdır.

Razılaşaq.

Bu Koroğlu nərəsinə, bu 7778-ci dəliyə ədəbiyyatımızda ciddi tələbat yaranıb. Həmin bu dəli Çənlibelimizə gəlməsə, heç, ədəbiyyatımızın gələcəyi sual altındadır. Nəhayət, belə bir nərə ədəbiyyatımızda səsləndi. Nərəni Ulucay Akif çəkdi.

Sözümün Mustafası var. Söhbət müəllifin yenicə yayımlanmış “İncə dərəsi” hekayəsindən gedir.

Magik realizm üslubu bu hekayənin təkcə süjetində deyil. Həm də ən vacibi, məhz adındadır. Adı da, magikdir.

“İncə dərəsi” ilə “Cin dərəsi” eyni hərifli şifrəqramlardı. Ədəbiyyatşünaslıqda belə şifrəli sözlərə “anaqramma” da deyilir. Maqiyada şərtdi - duanı, sözləri gərək mütləq tərsinə oxuyasan. Ulucay da bu maqik fəndi ədəbi fəndə çevirməyi bacarıb. Oxşar fənd, tərs dua Qəbələdəki Nic kəndini də qoruyur - adını tərsinə oxu, “cin” kəlməsini eşidəcəksən.

Əslində, “İncə dərəsi” anaqrammasını da tərsinə oxusan “Cin dərəsi” kəlməsini, hekayənin adını, ana mövzusunu eşidəcəksən.

Magik realizm üslubu təkcə mücərrəd annaqramma, məxfi şifrə, tərs dualar, tərs adlar çərçivəsində reallaşmır. Burda magiya+realizm vəhdətindən bədii mətn yaranmalıdır.

Magiyanı buraxıb, keçək realizmə. Azərbaycanda İsa, Məhəmməd, Musa adlı kişilər hər kənddə doqqaz başında söhbətləşib salamlaşırlar. Hə, məişətimiz çoxdan İsa, Məhmməd, Musaları mehribanlaşdırıb. Hər halda “İncə dərəsi”ndə, “Cin dərəsi”ndə dinlərarası dialoq getməsə də, burda Məhəmməd, İsa, Musalar qonşudurlar. Şeyx Sənan mirası bu bölgələrdə güclüdür. “Dədə Qorqud”da Aruz məhz burda “Abxaz keşişləri” ilə şərab içir. Tərsa qızına vurulur.

“Cin dərəsi”nin bu incə söhbətinə, dinlərarası dialoquna bu dəfə Ulucay girişdi.

“Stol arxasındakılar öz söhbətlərində idilər. Musa kişi ilə Məhəmməd bir müddət susdular. Göy üzü irili-xırdalı ulduzlarla dolu idi, elə bil onları vedrə ilə tökmüşdülər lacivərd səmaya.

– İsanı gördüm. – Məhəmməd ancaq Musa kişinin eşidəcəyi səslə dedi.

– Körpünün üstdə? – Musa kişi qaşlarını çatıb soruşdu. Sualından narahatlıq hiss olundu.

Məhəmməd təəccübünü gizlədə bilmədi. Axı Musa kişi hardan bilmişdi ki, o, İsanı körpünün üstdə görüb?”.

Bax burda adi məişət görüşü bitir. Yuxu başlayır. Əsl ədəbiyyat başlayır.

Məhz bu nöqtədə Ulucay o qayanın üstünə haqlı sıçrayaraq nərə çəkir: “Mən!”.

Hekayənin təhkiyəsi gözəl və mükəmməldi. Üç qəhrəman - Məhəmməd, İsa, Musa yuxuda görüşüblər. Yuxuda Qordi düyününü həll ediblər. Ancaq reallıqda bunu təkrarlaya bilmirlər. O vahid yuxularını indi unudublar.

Qeyd edim ki, eyni yuxu görmək fenomeni dahilərə məxsusdu. Nəcməddin Kübra öz müəllimi Əmmar Bitlisi ilə təkcə eyni reallığı deyil, həm də eyni yuxuları bölüşərmiş. Şəms də o cümlədən, belə yuxuları Cəlaləddin Rumi ilə bölüşüb.

Hə... bir var eyni reallığı görmək, bir də var eyni yuxuları görmək. Şəms, gördüyümüz kimi, hər iki aləmə girməyi bacarırmış. Elmdə bu cür eyni yuxulara "qipogen yuxular" deyilir. Bu fenomeni son dəfə öyrənən şəxs ABŞ parapsixoloqu Devid Uilkokdu.

Mən “Solaxay” romanımda bu fenomenin kəşfiyyatdakı sınaqlarından geniş bəhs etmişəm.

Ulucay Akif də hekayəsində məhz bu mövzuya toxunub:

“İsa üzünü Məhəmmədə tərəf çevirdi. Məhəmməd gördüyü mənzərədən qorxduğu üçünmü, yoxsa İsa ilə göz-gözə gəlməyə çəkindiyindən tez geri döndü, sürətli addımlarla evinə tələsdi. Ürəyi ağzına gəlmişdi. Heç geri baxmadan uzaqlaşdı ordan.

Həmin gecə yuxuya gedənə kimi gördüklərini düşündü. Ürəyində dua elədi ki, bu başına gələn nə sirri-xudadırsa, elə yuxuda da ona əyan olsun.

Amma olmadı...

O gecə yuxusunda heç nə görmədi.

Səhər oyanan kimi dünəni xatırladı. Özünü inandırmağa çalışdı ki, gördüyü yuxu idi. Körpünün üstündə qollarını açıb uçan İsanı yuxusunda görmüşdü”.

Ancaq Ulucayda bu ümumi, eyni “gipogen yuxular” unudulub. Yuxu birləşdirmir daha bu üç müdrük qocanı. Fərqli şəhərlərdə təhsil almaqları da vəhdətə yox, növbəti parçalanmaya gətirib çıxarır. Növbəti dəfə Cin dərəsində görüşən üç müdrikə burda söz verək:

“Məhəmməd hiss elədi ki, araya girən illər onları başqa-başqa adamlara çevirib. Təkcə Musa kişi dəyişməyib, bir az qocalıb, amma həmənki adamdı. Demək olar, heç danışmırdı. Məhəmmədlə İsaya qulaq asıb hərdənbir gülümsəyirdi:

– Hə, Məhəmməd, indi neynəmək fikrin var? – Musa kişi soruşdu.

– Kəndin məscidində işləyəcəm, yəqin orda mənə bir iş tapılar, – Məhəmməd dilləndi”.

Sonra toy baş tutur. Məhəmməd Musanın qızı Leylaya qovuşur. Amma, aradı çat, uçurum bu toydan sonra da böyüyür ancaq:

“Elə nə oldusa, toydan sonra oldu.

Toyun səhəri Məhəmməd başqa adama çevrilmişdi. Daşa dönmüşdü üzü, eləcə susurdu. Bıçaq vursan, qanı axmazdı. Heç kim bilmədi nə olub. Soruşmağa ürək də etmədilər. Təkcə İsa nə olduğunu öyrənməyə can atırdı. Uşaq deyildi, hiss edirdi ki, Məhəmməd onunla görüşdən, söhbətdən qaçır”.

Və məhz bundan sonra Ulucay Akif Koroğlu qayası üstə sıçrayır. Gözəl bir fəndlə hekayəni daha da dramatikləşdirir.

“Məhəmməd “Sən Leylaya inanırsan, amma mən heç birinizə inanmıram!” – deyib, belindən çıxartdığı bıçağı İsanın böyrünə soxdu.

Məhəmməd dostunun gözlərinin düz içinə baxırdı. İsanın gözlərində zərrə qorxu yox idi. Gözlərində, sadəcə, heyrət var idi. Məhəmməd bıçağı İsanın böyründən çıxarıb yerə tulladı, heç nə demədən üzünü çevirib getdi.

Kənddə heç kim xəbər tutmadı bu hadisədən. Cin dərəsində yerdə bir damcı qan görən olmadı səhəri gün. Bıçaq da qeybə çəkildi, İsa da... Onu bir də kənddə görən olmadı”.

Sonra Məhəmmədlə İsa Bakıda görüşürlər. Sonra o bıçaq yenə hekayəyə qayıdır:

"Bu an havada par-par parıldayan bıçağı gördü. Bu, on il qabaq İsanı vurduğu, Cin dərəsindən yoxa çıxan bıçaq idi."

İsa bıçağı Təkgöz Rüfətin düz ürəyinə sapladı. Qan fontan kimi fışqırdı Cin dərəsində. Təkgöz Rüfət nərə çəkdi, yavaş-yavaş balacalaşıb tamam yoxa çıxdı”.

Və hekayənin sonunda o itmiş, unudulmuş yuxu bərpa olur. Yuxu qələbə çalır:

“Hardayam mən? Nolub? – Musa kişinin həyətindəki taxtda gözlərini açan Məhəmməd heysiz-heysiz soruşdu.

Başının üstündə dayanan İsa ona baxıb gülümsəyirdi”.

Gözəl sonluqdu.

Bəyənilsin!

Əladı!

Bu cür hekayəyə çoxdan təşnəydik. Susamışdıq. Şükür, oxuduq.

60-cıların girdiyi kol deyil...

# 6892 dəfə oxunub

Müəllifin son yazıları

# # #