Ayı pəncəsi - Həmid Herisçinin yeni hekayəsi

Ayı pəncəsi - Həmid Herisçinin yeni hekayəsi
18 mart 2024
# 10:48

Kulis.az Həmid Herisçinin "Ayı pəncəsi" adlı yeni hekayəsini təqdim edir.

Telesöhbətimizin ən şirin yerində, “mənəm-mənəm” deməkdən yorulmayan tamahkar bir ektrasens qonağımız qəfil hamının, studiyadakı hər iki telekameranın diqqət mərkəzinə düşdü.

Gözlərini məndən ayırmadan:
- Əgər ayı pəncəsinin soldan üçüncü barmağını kəsib boynunuzdan assanız, şər-xatadan həmişəlik qurtarar, ruzi-bərəkət qazanarsız, eləmi, Həmid bəy? – deyib, hamını, ilk növbədə elə məni təəccübləndirdi yaman.

Əvvəlcə azca karıxdım, düzü.

Sonra birtəhər özümü ələ aldım:
- Əlbəttə. Düz buyurursuz. Tamamilə haqlısız. Ayı pəncəsinin soldan üçüncü barmağını...
- Nə danışırsız! Bu xurafata qarşı qəti etirazımı bildirirəm! – qonaqlarımızdan bir başqasının bu dar məqamda sir-sifəti dəyişdi. Çənəsi əsdi. Nəfəsinin sabit ahəngi pozuldu. Hər iki telekameramız öz oxu ətrafında 180 dərəcə dönüş edərək gəlib tez bu maarifçinin solğun çöhrəsinə sancıldı.

Qulaqlıqlarımıza pərdəarxasından xəbərlər gəldi:
- Əladı... Mövzunu inkişaf etməyi bacaracaqsızsa, verilişin musiqi dramatizmini bir pillə artıraq.
Efir rejissorumuzun narahatlığı başa düşünülən idi. İndi gərək qonağımızın buraxdığı quşdan lazımı dərəcədə faydalanmağı bacaraydıq. Mövzunu absurda qədər inkişaf elətdirib, axırda gözlənilməz həllini, cavabını gərək verəydik bütün bu həngamənin.

Verilişimizin musiqi tərtibatı bu andan başlayaraq öz gərginliyini artırdı. Suallar arasındakı pauzanı, sükut fasiləsini axıradək uzadaraq qəfil fəndə əl atdım. Sualı başqa qonağımıza ötürdüm:
- Sizcə, belə deyil? Ayı barmağının şəfası barədə əlavə bir fikir söyləmək indi düşür sizin boynunuza.
- Bizim yəhudi qonşumuzda, xatırlayıram, belə bir vəhşi ayı pəncəsi vardı. Evindəki baş güzgünün üstündən asılı qalmışdı nə vaxtdı.

İşləri yaxşı gedərdi həmişə, bəli. Sonbala “Mersedes” aldılar, yadımdadı, uşaqlarını İsrailə göndərdilər. Bəxtləri, həə... gözlənilmədən açıldı. Deyirəm bu o vəhşi barmağın təsiriydi bəlkə. – növbəti ekspertimiz, şou-biznes çeşməsindən su içənlərdəndi. Mübahisəli, şit mövzuları sevirdi.

Hə, mövzu, deyəsən, ikinci həyat qazandı özünə. Müzakirələr qızışdı yaman. Sifətlər tərlədi.

Qarşımızdakı qara masa üzərindəki kölgələrimiz, siluetlərimiz də tam fəallaşdı. Oturacaqlar, kreslolar başladı cırıldamağa.

Bir başqası başladı əsəbi barmaqlarını masa üzərində taqqıldatmağa.
-Həmid bəy, sizi savadlı ziyalılarımızdan bilərdim. Deyəsən, qənaətlərimdə yamanca yanılmışam. Qulaqlarıma inana bilmirəm. Necə yəni “ayının barmağı şəfalıdır”... qurtarın bu cəfəngiyyatı. – tanınmış bir arxeloq, başını bulayaraq dartınıb yerindən qalxmaq, müzakirəni tərk etmək istədi. Lakin döşəməni ilan-çayan kimi basmış elektrik naqillərinə ilişmək təhlükəsi onu anında ayıltdı.

Yerindəcə qaxılıb qaldı.

İştirakçıları sakitləşdirmək əvəzinə mövzunu bir az da qızışdırdım:
- Nə danışırsız? Ayı barmağını götürüb asın boynunuza, görün arzularınız bir-bir necə çin olur. Oğlunuz əsgərlikdən....
“Oxu atıb, yayını gizlətmək” fəndi canlı efirdə çox təsirlidir. Cümlənin əvvəlini sözlə deyib, ardını sükuta burax, yaxud sükut pauzasını bir müddət havada saxla...həəə, gör necə öz tamaşaçı kütləni riqqətə gətirirsən. Bu sınanılmış fəndə növbəti müraciətim, tamaşaçılarımızı lap təsirləndirdi.

Canlı efirə telefon bağlantılarının sayı artdı:
- Bizdə də ayı pəncəsi var...Atam deyərdi ki....Səksən yaşlı arvadı diriltdi bu barmaq. - zənglərdən yadımda qalan qısa cümlələr təxminən belə bayağı məzmunluydu.

Zəng vuranlardan biri, qara toyuq, qara xoruz mövzusunda əsl peşakardı sanki. Sən demə, cadu-pitidə, qara toyuq, az qala ən həlledici məqammış. Zəng edənlərdən digəri kino sənətindən nümunələr gətirdi. Dedi ki, “Kölgələr günorta itir” filmində baş qəhrəman Qırmızı Marya tayqada ayını öldürüncə ölkədə, daha doğrusu filmdə inqilab baş verir, səfillər, ac-yalavaclar ağ günə çıxırlar.

Rusiya tarixi yeni abzas açır özünə.

Bu vaxt bayaqdan gözlərini yumaraq kürəyini kresloya söykəmiş arxeoloq, cəld irəli, Turqut Ozalın masası üzərinə əyildi:
- Həmid bəy, doğrudanmı siz buna inanırsız?

Sifətimin bircə əzələsi yerindən tərpənmədi bu vaxt. Səsimin təsdiqləyici hökmü artdı:
- Bəli.

***

Telelayihəmizin rəhbəri Etibar Babayev həmişə deyərdi ki, bəs bu uzun qara masa, mərhum Türkiyə prezidenti Turqut Ozalın ona şəxsi hədiyyəsidir. Bəs gərək həmişə bu masadan muğayat olaq. Neon işıqlarının bu qara masa üzərindəki zəif əksi verilişimizə xüsusi effekt verərdi həmişə. Qonaqlarımızın zəif siluetləri də bəzən bu masanın qara dünyasında təkrarlanar, ekrana qəribə görüntü effektləri paylayardı. Son nəticədə aldadıcı ikinci gizli ekran görüntüsü yaradardı tamaşaçılarımızda.

İki kamera tərəfindən lentə alınan qonaqlarımızı, - rejissorumuz Mirsadığın adətiydi, - əvvəlcə tam göstərərdik ekranda. Sonra başlardıq bu görüntüləri xırda-xırda detallara parçalamağa. Barmaqların titrəməsinə, çiyinlərin əyilib düzəlməsinə, gözlərin parlamasına qarşı hər iki telekameralarımız, yadımdadı, çox diqqətliydi.

Senzura üzərindən adlamağın çəmini tapmışdıq. Rəssam Mirseymurun bir heykəli vardı-saxsıdan tökülmüş monolit məmur kostyumu.

Balaca, cıqqılı bir baş, bu kostyumun boğazından qorxa-qorxa çıxaraq ətrafına boylanır...

Məmurlar az danışanda, sualdan qaçanda telekameramız başlardı bu heykəli xırdalayıb sərgiləməyə.

Başqa saxsı heykəl, biri digərinin başı üzərindən yuxarı-boş vəzifə stulu səmtə dartınan məmur ordusunu əks edirdi. Qonağımız yalan danışmağa başlayarkən həmin vəzifə stulunu, tamaşaçılarımızın diqqətinə çatdırmağı unutmazdıq. Yadımdadır, növbəti müzakirəmizə şou-biznes nümayəndələrini, ekstrasensləri, alimləri dəvət etmişdik. Qonaqlarımızı uzun qara masa arxasında üzbəüz, üzbəsurət otuzdurmuşduq.

***

Bayaqdan gözlərini yumaraq kürəyini kresloya söykəmiş arxeoloq, cəld irəli Turqut Ozalın masası üzərinə əyildi:
- Həmid bəy, doğrudanmı siz buna inanırsız?

Sifətimin bircə əzələsi yerindən tərpənmədi bu vaxt. Səsimin təsdiqləyici hökmü artdı:
- Bəli.

Həmkarım İlhamiyyə xanımın AzTV eynəyi, yerində laxladı həmin an. Sürüşdü, - kənardan görürdüm, - azca aşağı. Burnunun ucunda birtəhər özünü saxladı.

İlhamiyyənin narahatlığı artıq pik nöqtəsinə çatmışdı. Eynəyinin şüşələri tərləyirdi. Oyunu bitirməyin tam vaxtıydı indi.
- Bəli. Bir də təkrarlayıram eşitməyənlər üçün. Ayının barmağı şəfalıdı. Bəli! Ancaq gərək...

İlhamiyyə fürsəti qaçırmadı. Sözlərimi təkrarlayıb əvvəlcə mənə baxdı. Sonra üzünü tutdu tamaşaçılara. Cümləmin ahəngini dəyişdi:
- Ancaq gərək...

***

Lerik dağlarının vahiməli meşələri içində qərar tutmuş “Ayı piri”nə gedən dolanbac yolu yaxın kəndlərdə kimsə tanımırdı. Bəlkə də tanıyırdılar eyyyy...ancaq ora qalxmaqdan, vallah, bərk qorxub çəkinirdilər. Təklif etdiyim pullara tamahla baxıb, tərəddüd hissləri keçirirdilər bir an.

Barmaqları titrəyib irəli uzanırdı öz-özünə. Sonra tez də geri çəkilirdi. Dediklərimi axıracan dinləmədən, tezcənə məndən ayrılırdılar.

Bir də qanrılıb arxaya-mən səmtə, gözlərinin ucuyla belə baxmırdılar. Çiyinləri üstə iti dəryazları atıla-atıla kolluqlara girib qeybə çəkilirdilər.

Bilmirdim nə edim.

Bulaqların şırıltısı, səfalı mənzərələr, qarlı dağ zirvələri əsla gözümdə deyildi. Bələdçi axtarırırdım özümə. Onu da nə vaxtı ki, tapa bilmirdim ətrafdakı xaraba, it-bat, ucqar kəndlərdə.

Bu dağlarda qalıb ağlını itirmiş bir rus sərhədçisi axır-axır mənə o pirin yolunu göstərməyə boyun oldu.
- Adım Nikolaydı. Soyadım Klimov. Sərhəd məntəqəsinin komandiri olmuşam vaxtilə. Ətrafları ovcumun içi kimi tanıyıram. Yerli camaatdan ümidinizi birdəfəlik kəsin. Sizi xaraba kənd məscidi tərəfdə gözləyəcəm. Vaxtı qaçırmayın. Belə hallarda hər saniyənin öz ayrıca qiyməti var. Razılaşdıqmı?
- Razılaşdıq... – deyib, köhnə sovet zabitinin qırışlı, əzablı sifətinə bir də diqqətlə baxmağı özümə borc bildim. Yanılmırdım. Zabit ürəyindəki əsas arzusunu deməkdən çəkinirdi, deyəsən. İstəyirdi mən səsləndirim həmin arzusunu.

Əynindəki köhnə zabit geyimi sifəti kimi qırış-qırışdı.

Bu sovet geyimindən ayrılmağa qorxurdu, məncə. Elə bilirdi ayrılsa, həyatıyla da vidalaşmalı olacaq.
- Araq alımmmı sənə? Bunu demək istəyirsən?
- Hə...

Zabitin qısa cavabını başımın bircə hərəkətiylə təsdiqləyib bir an gülümsədim. Sol əlimi qoydum zabitin arıq çiyinləri üstə.
- Əmin ol. Sözümdən dönən deyiləm.

Səhər-səhər xaraba məscid tərəfdə əvvəlcə uzun kölgələrimiz görüşdü. Sonra özümüz.

Qoca zabit gətirdiyi atlardan birinin cilovunu mənə uzatdı.
- Ancaq unutma, ehtiyatlı olaq orda.

Heç nə demədim əvəzinə. Bircə çantamdan görünən araq şüşəsinin başını göstərdim ona.

Atlarımızın kişnərtisi hərdən uçurumlu dərələrdə, dərin kahalarda əks-səda verib hər ikimizi vahimələndirirdi. Hərdən, bilmirəm niyə, öz aramızda danışmaqdan da qorxurduq elə bil. Pıçıltıyla müraciət edirdik bir-birimizə.
- Çatırıq?
- Hələ var.

Artıq hava qaralmağa başlayırdı. Atlarımız qəfil ayaq saxlayıb day durduqları yerdən kənara tərpənmədilər. Qulaqlarını şaxlayıb eyni vəziyyətdə bir xeyli donub qaldılar.

Qoca zabit bu an elə bil olan-qalan ağlını da tam itirdi.

Kəkələyərək öz-özünə nəsə deməyə başladı. Qırıq-qırıq cümlələrdən heç nə anlamaq olmurdu. Bir də baxdım ki, qoca zabit yoxa çıxıb. Cəld tərpənib tezcənə çantama bir də baxdım.

Araq şüşəsi yoxdu yerində...

Bu vaxt burnuma ayı nəcisinin ağır, dözülməz qoxusu vurdu. Hava artıq tam qaralmışdı. Uzaqdan zəif şəkildə ayı nəriltisi eşidilirdi...Onu yaxşı dinləmək xatirinə ovcumu qulağıma tərəf gətirdim.

Nərilti anbaan güclənərək yavaş-yavaş mənə yaxınlaşırdı. Quşlar, yuvalarını tərk edib buralardan sürətlə uzaqlaşırdılar.

Qara yumaq qəfil açılıb nəhəng ayıya çevrildi birdən-birə. Dayandığım yerdə torpağa mıxlanmışdım. Ağzımı belə aça bilmirdim.

Günəşin ilk şüaları daha çox yuxarıdakı piri işıqlandırırdı.

Nəinki vəhşi ayıyla mən yazığı. Biz belə deyək, aldadıcı qatı zülmətin tam əhatəsindəydik.

Ayını bütöv görmürdüm. Ancaq alovlu gözlərini görürdüm hələ ki.

Bir-iki dəqiqə sükut çökdü aramıza. Ayının nəfəsi kəsildi. Gözləri də söndü elə bil. Ay da qoşuldu buna. Səmadan bir an silindi. Girdi qara buludların arxasına.

Günəş şüaları bir tərəfdən...ayın nuru digər səmtdən vurub məni lap çaşdırmışdı. Reallıq zəifdi burda.

Nurlu ay bulud arxasından çıxanda vəziyyət tam dəyişdi amma. Ayı nərildəyib üzərimə cumdu. Bilmirəm niyə, hansı səbəbə bundan qorxmadım. Sakitliyimi itirmədən ayı üzərinə yeridim.

Bir an ay işığında üzbəüz dayandıq. Nə mən ona yol vermək istəyirdim, nə o mənə. Sərt baxışlarımız ay işığında görüşdü. Ayının isti nəfəsini bir an öz üzərimdə hiss etdim hətta. Bir də gördüm ayı nərildəyib, qarşımdan geri döndü. Gedib girdi Talış dağlarının vahiməli bağrına. Day bir də gözümə dəymədi.

Hiss etdim ki, bərk tərləmişəm. Əynimdəkilər yamyaşdı. Bir yad qüvvə bu vaxt məni öz təsir dairəsinə aldı. Çəkib apardı yuxarıdakı pirin taxta qapısı önünə.

Vallah, bu qapını açıb cırıldatmaq da elə bil adamdan ayı gücü istəyirdi.

Ancaq o qapını da sanki mən yox, bir başqa qüvvə açdı üzümə. İçəri keçincə əvvəlcə ən çox elə öz hərəkətlərimdən qorxurdum.

Qərara gəldim bu pirdə öz bəxtimi sınayıb yuxuya gedim. Yatıb qalım burda səhərəcən. Səhərsə Allah özü mənə kərəm olsun.

Səhərlə gecəni qarışdırmışdım azca.

Səhər çağı hava işıqlananda divardan asılmış ovçu qənimətləri diqqətimi özünə çəkdi. Bir də ayılıb gördüm ki, bunların əksəri kəsilmiş ayı pəncələridir. Bir sırada asılıb öz növbəti qurbanlarını gözləyirlər.

***

İllərlə yaddaşımda qalıb paslanan həmin xatirələrimi axır qeyrətə gəlib o gün öz qonaqlarımıza, tamaşaçılarımıza danışdım. Dedim, bəli, özüm sınamışam, ayı pəncəsi şəfalıdır.

İlhamiyyə kinayəli cavabını gecikdirmədi:
- Şəfalıdı, hə?

Fikrimi tamamlamaq, mövzunu bağlamaq, deyəsən, düşürdü mənim üzərimə:
- Ancaq gərək ayını özün öldürəsən. Pəncəsini özün kəsəsən. Sonra, hə, mütləq şəfa tapacaqsan.

Qonaqlarımızın hamısı bu an bir ağızdan gülməyə başladılar. Hamı gülürdü.

Bir özümdən başqa.

Xatirələrimdə, yuxularımda o ayı ilə hələ də görüşürəm. Möcüzə bilərəm həmişə o görüşümüzü.

***

Vaxtilə salnamələrə inansaq əgər...

Şah İsmayıl da oxşar ayı məcarası yaşayıb hardasa doqquz, on yaşında. Görüb-dağdan yumalanan ayının qorxusundan ətrafında bir nəfər belə qalmayıb.

Qorxmayıb hamı kimi ayıdan amma. “Yallah!” deyib ancaq. Qılıncını siyirərək o ayını şaqqalayıb ikiyə bölüb.

Bəxtı, Qordi düyünü o gündən açılıb. Səfəviyyə imperiyasını yaradıb sonra. 14 ilə 14 vilayətə yiyələnib.

***
Rəhmətlik o teleşirkəti hərdən öz xatirələrimdə bir dəqiqəlik sükutla anaram.

Şirkət Zoologiya İnstitutunun çoxillik kirayənişiniydi. Bir nəhəng divarını köhnə, sovetdənqalma zooloji təsvirlər bəzəyirdi, digər üzbəüz divarını isə...

Müasir dövrün mənfi-müsbət, ağ-qara qəhrəmanları.

Bu cütləri nərd daşları kimi qoşa tutmaq, müqayisəyə gətirmək hərdən çox maraqlı olardı. Özü də tək mənim üçün yox. Elə başqaları üçün də.

Zooloqlar bu binada öz kasıblığı ilə hamıdan seçilərdilər. Əllərində öz sabunları hərdən dəhlizlərdə ani kölgə kimi görünərdilər.

Vaxtaşırı ləng addımlarla axırdakı məlum qapıya doğru öz Marafon yürüşlərinə çıxardılar. Sonra gözdən də, yaddaşdan da, elə bil həyatın özündən də birdəfəlik, ömürlük silinərdilər.

Tam demateriallaşardılar.

Qəribə yer idi ora.

Divardakı ayı təsviri xüsusən yadımdadı. Pirdəki ayını tam xatırladırdı. Özüydü bəlkə də.

Hə...ayı pəncəsi şəfalıdı.

Ancaq bircə şərtlə.

Ayını gərək özün öldürüb doğrayasan.

# 2977 dəfə oxunub

Müəllifin son yazıları

# # #