Demək dodağımda sübhədək yanan; Ərli bir arvadın öpüşləriydi! - GÜNÜN ŞEİRİ   

Demək dodağımda sübhədək yanan; Ərli bir arvadın öpüşləriydi! - <span style="color:red;">GÜNÜN ŞEİRİ   
23 iyun 2016
# 10:59

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Əliağa Kürçaylı: “Macəra”

O çıxdı qarşıma gülümsəyərək

Gözəl, yaraşıqlı, boylu buxunlu

Məsumdu Sikstin madonnasıtək,

Dedim, mən axtaran elə budur, bu...

Bizim ilk tanışlıq mərasimimiz

Çox uzun çəkmədi. (Nəyə gərəkdir.

Dedim, əbədilik dost oluruq biz,

Zaman hər bir şeyi göstərəcəkdir.)

Bəli, bu tanışlıq çox asan oldu,

Sandım ki, tapmışam gözəl bir inci.

İlk görüş yerimiz restoran oldu,

O təklif elədi bunu birinci.

Gecəyarıyadək oturduq qoşa,

Mənim göz qapağım artıq enirdi,

Şampan şərabları hey daşa-daşa

Büllur badələrdə köpüklənirdi.

Hər şeyin öz vaxtı, öz vədəsi var,

Gərəkdir hər şeyin qədəri olsun.

Bəli, şərabın da öz nəşəsi var,

Ancaq ağlın bundan xəbəri olsun.

Çıxıb restorandan biz yola düşdük,

Xoş bahar gecəsi artıq yarıydı.

Sakit küçələrdə yüz yol öpüşdük,

Şahid göy səmanın ulduzlarıydı.

(Şair, süzmə məni gözlərində kin,

Məni salacaqsan şeirə sal, nə qəm.

“Müsbət qəhrəmanın deyiləm sənin

Ki, öpüş bilməyəm, şərab bilməyəm.)

Biz onun evinə gəldik birbaşa

Oturduq, danışdıq, güldük doyunca

Baxdım yorulmadan o gözə, qaşa

Baxdım gözlərimə yuxu qonunca

Mən heç soruşmadım o qız təkmidir

Nəyi var qardaşdan, ata-anadan?

Bu evə bir kimsə gələcəkmidir,

Yoxsa o özüdür burda hökmran?

Hisslər ağlımıza üstün gələndə

Hər şey unudulur, deyim səmimi.

Ömrümdə ilk dəfə özümü mən də

Apardım onunla kişilər kimi...

Nəşələr içində açdıq səhəri,

Günəş boylananda oyandıq biz də.

Dünənki o gözəl xatirələri

Yenə canlandırdıq ürəyimizdə.

Elə bilirdim ki, mənimdir aləm,

Mənimdir o gözəl boy, buxun, bədən...

Qapının zəngini çaldılar bu dəm,

O təlaş içində qalxdı yerindən.

Baxdı gözlərimə, baxışlarımdan

Mən aydın bildim ki, gələn əriydi.

Demək dodağımda sübhədək yanan

Ərli bir arvadın öpüşləriydi!

O açdı qapını gülümsəyərək

Sarıldı ərinə bərk-bərk bir anda...

Məsumdu Sikstin madonnasıtək,

Yox! Yüzqat məsumdu madonnadan da!

# 1566 dəfə oxunub

Müəllifin son yazıları

# # #