Dindarlar azalır, ateistlər artır - ARAŞDIRMA

Dindarlar azalır, ateistlər artır - <span style="color:red;">ARAŞDIRMA
30 yanvar 2015
# 08:00

Dünyada milyonlarla insan həyatın ölümlə bitəcəyinə, ölümdən sonra həyatın və Tanrının olmadığına inanır. Bəzi ölkələrdə ateizm bugünkü qədər aktual olmayıb.

Kaliforniyanın Pitzer kollecinin sosiologiya professoru Fil Zukerman deyir ki, bu gün ümumi say baxımdan, həm də faiz olaraq ateistlərin sayı daha çoxdur.

“Gallup” şirkətinin 57 ölkədə 50 min nəfər arasında keçirdiyi sorğuya görə 2005-2011-ci illər arasında özünü dindar hesab edənlər 77 faizdən 68-ə düşüb. Ateist olduğunu deyənlər isə 3 faiz artaraq 13 faizə çatıb. Ateistlər çoxluqda olmasa da, bu göstəricilər gələcək meyllərdən xəbər verirmi? Dünyada bu tendensiyanın davam etdiyini əsas götürərək, dinlərin bir gün yox olacağını deyə bilərikmi?

Gələcək haqqında dəqiq proqnoz vermək mümkün olmasa da, dinlərin ilk dəfə necə meydana gəldiyini, insanların dinə niyə inandığını, niyə inanmadığını bilirik və bu, bizə gələcəklə bağlı müəyyən ipucları verə bilər.

Elm adamları hələ də fərdləri və cəmiyyətləri ateizmə istiqamətləndirən mürəkkəb amilləri dəqiq müəyyən etməsələr də, bəzi ortaq cəhətlərin olduğunu deyə bilərik.

Dinin cəlbedici tərəflərindən biri qeyri-müəyyənliklərlə dolu dünyada insana təminat verməsidir. Buna görə də vətəndaşları üçün nisbətən daha yaxşı iqtisadi və siyasi sabitlik təmin edən ölkələrdə ateist tendensiyaların güclü olması təəccüblü deyil. Zukerman "Cəmiyyətdə güvənin təmin olunması dini inancların azalmasına səbəb olur" - deyir. Kapitalizm, texnoloji inkişaf və təhsilin də bəzi cəmiyyətlərdə dini inancların azalmasına gətirib çıxardığını bildirir.

Yaponiya, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Hollandiya, Çexiya, Estoniya, Almaniya, Fransa və Uruqvay (əhalinin əksəriyyəti Avropa mənşəlidir) yüz il əvvəl dinin mövqeyi güclü olan ölkələr idi, bu gün dini inancların ən zəif olduğu ölkələr arasında yer alır. Digərlərinə nisbətən zəngin olan bu ölkələrdə təhsil və sosial ədalət güclüdür. Okland Universitetindən psixoloq Quentin Atkinson bu vəziyyəti, "insanlar başına gələcək hadisələrdən qorxmurlar" şəklində ifadə edir.

Braziliya, Yamayka və İrlandiya kimi dinin güclü olduğu ölkələrdə də dini inancların zəifləməsi tendensiyası müşahidə olunur. "40-50 il öncə müqayisədə bu gün tamamilə dinə sığınanlar demək olar ki, yoxdur. Yeganə istisna İran ola bilər. Amma oradakı vəziyyəti də aydın görmək mümkün deyil" - deyir Zukerman.

ABŞ isə istisnalardan birini təşkil edir. Dünyanın ən zəngin ölkələri arasında yer almasına baxmayaraq, dinin hələ də güclü olduğu ölkədir. Amma bu yaxınlarda keçirilmiş sorğuda maraqlı nəticə qeydə alınıb: 2007-ci ildə bu ölkədə insanların 1,6 faizi ateist idisə, 2012-ci ildə bu göstərici 2,5 faiz olub.

Amma Vankouverdəki Britiş Kolumbiya Universitetinin sosioloqu Ara Norenzayan, bunun dini inancların ortadan qalxması mənasına gəlmədiyini, insanlarda varlıqları ilə bağlı təhlükəsizlik hissinin çox güclü olduğunu bildirir: "İnsanlar əzab çəkmək istəmir. Amma bu məsələdə əllərindən bir şey gəlmirsə, hadisələrdə bir məna tapmaq istəyirlər. Dinin insanların əzab-əziyyətinə məna verməsi çox işə yarayır. Dünyəvi inanc və ideyalarda belə deyil”.

2011-ci ildə Yeni Zelandiyanın Kristçörç əyalətində baş verən zəlzələdən sonra, tamamilə dünyəvi xarakterə malik bölgə əhalisinin dini inanclarında ani bir dəyişiklik baş vermişdi.

Amma bunun əski də baş verib. Məsələn, 2-ci Dünya Müharibəsindən sonra Yaponiyada inanclı insanlar azalmışdı. Zukerman Kristçörç nümunəsinin əsas olduğunu deyir. "İnsanın başına pis hadisələr gələndə hər kəs ateizmə üz tutsaydı, hamımız ateist olardıq".

Dünyadakı bütün problemlər möcüzəvi bir şəkildə həll edilsəydi, insanlar sülh və bərabərliyin hakim olduğu cəmiyyətdə yaşasaydı belə bəlkə də din hələ də varlığını davam etdirərdi. Sanki insanın beynində Tanrı ideyasının doldurduğu bir boşluq var.

İnsanın beynini iki yerə bölmək olar. Birincisini şərti olaraq Sistem 1, ikincisini isə Sistem 2 adlandıraq. Sistem 1 avtomatikdir, refleksivdir. İnsanın harada doğulduğundan asılı olmayaraq bu, hamıdakı özəllikdir. İnsanın həyatda qalmasını təmin edən mexanizmdir. Məsələn, iylənmiş ətdən diksinməyimizi, düşünmədən ana dilimizdə danışmağımızı, canlı və cansızları ayırmağımızı və s. təmin edir.

Alimlər düşünür ki, ətrafımızdakı təhlükələri dərk etməkdə, həyat yoldaşı tapmaqda bizə kömək edən Sistem 1 həm də dinləri yaradıb. Məsələn, bu sistem getdiyimiz hər yerdə, görməsək də onun ətrafımızda olduğunu hiss edirik.

Ateistlər bu mədəni və bəşəri təcrübəyə qarşı dayanmaq məcburiyyətindədirlər. İnsanlar daha böyük bir şeyin parçası olduqlarına, həyatın boşuna olmadığına inanmaq istəyirlər. Beynimiz bir məqsədin və izahın dalınca qaçır. Norenzayana görə təhsil, elm və tənqidi düşüncə yolu ilə insanlar daxildən gələn səsə inanmaya bilərlər, amma bu səs həmişə var.

Bir tərəfdən də ateistlərin də dünyanı dərk etmək üçün üz tutduqları elm də asan başadüşülən deyil.

ABŞ-ın Emory Universitetindən Robert Makkauley deyir ki, elm beynin təbii yolla dərk etdiyi bir şey deyil, çətindir, din isə əsasən öyrənilməsi gərəkən bir şey deyil, onsuz da onu bilirik.

Kaliforniyanın Fuller Teologiya məktəbindən olan Castin Barretə görə dindən xilas olmaq üçün insanda köklü dəyişikliklər baş verməlidir.

Dünyada Allaha inanmadığını dediyi halda batil inancları olan, məsələn kabuslara, astrologiyaya, telepatiyaya, ya da reinkarnasiyaya inanan bir çox insan var. Bundan başqa bəzi insanların həyatında azarkeşlik etdiyi idman komandaları, hansısa kollektivlər, təbiətə sitayiş etmək və s. hallar bir növ dini əvəz edir. Amerikada cadugərlik, İngiltərədə paqanizm da geniş yayılıb.

Antropoloq Ryan Hornbek "World of Warcraft" (WoW) internet oyununun Çində mənəvi bir dəyər qazandığını, hətta müəyyən əxlaqi qaydaların da yarandığını deyir: "Belə görünür ki, WoW - müasir cəmiyyətin vermədiyi müəyyən əxlaqi xüsusiyyətləri yaratma imkanı verir. İnsanların beynində sanki inanclar üçün bir sahə var və bu sahə dinlə doldurulmursa, başqa heyrətamiz formada doldurulur".

Dindarların sayca çox olmasının riyazi tərəfi də var. Dini inancların güclü olduğu yerlərdə insanlar daha çox uşaq dünyaya gətirir. Beləliklə də, onların uşaqları da böyüyüb valideynləri kimi dinə meylli olurlar.

Bütün bu psixoloji, tarixi, mədəni və məntiqi səbəblərdən dolayı mütəxəssislər dinin yox olmayacağını təxmin edirlər. İstər qorxu, istərsə də sevgi motivli olsun, din öz varlığını davam etdirəcək.

Hətta Xristianlıq, İslam, Hinduizm kimi böyük dinləri bir kənara qoysaq belə, batil inanclar öz varlığı davam etdirəcək.

“İnsanlar əzablar qarşısında təsəlliyə ehtiyac duyur. İnsanların çoxu ölümdən sonra da həyatın davam edəcəyi, görünməz bir varlıq tərəfindən sevildiklərinə inanmaq istəyir”- deyir Zukerman – “hər zaman inanan insanlar olacaq, onlar çoxluqda qalmağa davam etsələr də təəccüblənmərəm”.

Mənbə: BBC türkcə

# 4470 dəfə oxunub

Müəllifin son yazıları

# # #