İlkin Həsəni: “Deyirlər krantdan süd axır“

İlkin Həsəni: “Deyirlər krantdan süd axır“
9 aprel 2013
# 12:07

Kulis.az-da yeni başladığımız müsahibələr silsiləsi məhz məşhurlar və texnologiya mövzusunda olacaq. İlk müsahibimizi müəyyən etmək üçün saytımızın Facebook səhifəsində sorğu keçirdik. Sizcə, Azərbaycanda məşhur simalar arasında ən maraqlı internet istifadəçisi kimdir? Müxtəlif cavablar gəldi. Ən çox adı çəkilən isə aparıcı İlkin Həsəni oldu.

İlkin Həsəni sosial şəbəkələrdən aktiv və səliqəli istifadəsi ilə seçilən şəxslərdən biridir. Onun Facebookda 26 mindən çox abunəçisi, Twitterdə 20 minə yaxın, Instagramda isə 4700 izləyicisi var. Youtube kanalında izləyici sayı 752-dir.

- İlk dəfə internetdən istifadə etdiyiniz günü xatırlayırsınızmı? Hansı sayta girmişdiniz? Və həmin zamanlarda hansısa şəbəkələrdən istifadə edirdinizmi? Çata girirdinizmi?

- Deyəsən, 1996-cı il idi, Montində kompüter kurslarına yazılmışdım. Qrupda 5-6 nəfər idik. Kursun axırında məndən başqa hamı sertifikat aldı. İlk daxil olduğum sayt isə Maykl Ceksonun saytı idi.

- İnternetdən istifadə etmək sizin üçün nə qədər vacibdir?

- Bu yaxınlarda atamla yol gedirdik. Tıxac olduğundan telefon əlimdən yerə düşmürdü. Kişi qayıtdı ki, telefonla çox oynayırsan yolda, bəyəm internet bu qədər maraqlıdır, sən telefonu gecə-gündüz əlindən yerə qoymursan? Dedim, işlərimin böyük qismini internet və bu telefon vasitəsi ilə həyata keçirirəm. Hətta bəzən aparacağım verilişin ssenarisini belə elektron poçtla yollayırlar mənə. Hər şeydən xəbərdar oluram, lazımi informasiya, ünvan, telefon, hansısa ölkə, məkan, məşhurlar haqda nə varsa, hamısı internetdədir.

- İnternetə bu qədər bağlısınızsa, onda belə bir sual verək. İnternetdən nə qədər uzaq qala bilərsiniz?

- Ətrafımda maraqlı insanlar olanda, inanın, internetə heç ehtiyac görmürəm. Nəsə vacib bir iş olsa, o zaman istifadə edə bilərəm.

- Ən çox hansı saytlara baxırsınız? Daima baxdığınız saytlar varmı?

- İnternetə kompüter vasitəsilə daxil olanda öncə xəbər portallarına nəzər yetirirəm. Onlardan bəziləri hər şeyin yaxşı olduğunu, ölkədə heç bir problemin olmadığını, loru dillə desək, “krantdan içməli su əvəzinə südün gəldiyini” yazırlar (gülür). Bəziləri də ənənəvi olaraq “müharibə başlayır, cəbhə xəttində döyüş hazırlığı gedir” başlıqları ilə diqqəti cəlb edirlər. Amma təbii ki, hər şeyi olduğu kimi yazan xəbər portallarımız da az deyil. Yerli saytlardan musavat.com, lent.az, 1news.az, day.az, apa.az, azadliq.org-a, kefim olmayanda isə azxeber.com-a nəzər yetirirəm.

- Gələk sosial şəbəkələrə. Sosial şəbəkələrə nə vaxtdan qoşulmusunuz?

- Səhv etmirəmsə, 98-ci il idi. Rusların tanışlıq portallarına (flirt.ru,omen.ru ve s) daxil olmağa başladım. Daha sonra vaxtı ilə çox dəbdə olan MIRC-dən istifadə etməyə başladım. Zəmanə ilə ayaqlaşırdım. _1LK1N_” niki ilə günlərimi internet klublarda keçirirdim. Facebooka isə 2007-ci ilin sentyabrın 3-dən qoşulmuşam. Twitterə 4-5 ilə olar girirəm.

- Facebookda istifadəçiləri hansı prinsiplə dostluğunuza qəbul edirsiniz?

- Sözün düzü, hazırda dostluq limitim dolub. Yalnız abunə olmaq mümkündür. Dostluğa qəbul edəndə əvvəlcə profil fotosuna, adına, soyadına diqqət yetirirdim. Özünü gizli saxlayanlarla, saxta profillərlə ümumiyyətlə ünsiyyət qurmuram. Tezliklə dostluğumdakı saxta profilləri siləcəm.

- Bəs Twitterdə kimləri follow edirsiniz?

- Twitterdə izlədiyim istifadəçilərin sayı 140-a çatır. Onlar arasında siyasətçilər, gənc aktivistlər, bəzi yerli müğənnilər və digər maraqlı insanlar var. Siyahını genişləndirəcəyəm, çünki Twitterdən normal istifadə etməyi bacaranların sayı artır.

- Sosial şəbəkələrdə paylaşımlarınızın altında sizin haqda yazılmış neqativ fikirlərə, tənqidlərə reaksiyanız necədir? Silirsinizmi?

- Əgər bu tənqiddirsə, silmirəm. Yox, əgər bu hansısa tərbiyəsizin təhqiridirsə, silirəm.

- Sosial şəbəkələrdəki izləyicilərinizlə görüşürsünüzmü?

- İndividual şəkildə yox, çox vaxt görüşlərimiz universitetlərin seminarlarında olur. Amma fikrim var ki, görüşlər keçirək, sağlam müzakirələr edək.

- İnternetə ən çox hansı cihazlarla daxil olursunuz?

- Ən çox mobil telefonumla. Sonra isə iPad və kompüterlə.

- Hansı telefonu işlədirsiniz?

- Hal-hazırda 2 telefonum var: iPhone 5 ve BlackBerry 9980. Bu arada qeyd edim ki, BBM-i ümumiyyətlə silmişəm telefonumdan.

- Bəs, ilk telefonunuz hansı olub?

- Əvvəl peycerim olub. “Philips” markalı bu peyceri 1998-ci ildə almışdım. Şalvarımın kəmərindən ən görünən yerə taxıb dərsə gedirdim (gülür). Ayda 10 dollar abunə haqqı ödəyirdim. Hətta bir dəfə imtahan suallarını ərinib köçürtməmişdim, sinif yoldaşıma demişdim ki, sualları mənim peycerimə göndərərsən. Axşam sualları bir-bir aldıqca, mobil texnologiyanı sevməyə başladım. Elə o vaxtdan bizim qarşılıqlı məhəbbətimiz davam edir (gülür).

- Neçə vaxtdan bir dəyişirsiniz telefonunuzu, yaxud digər texnoloji vasitələrinizi?

- Telefon özünü təsdiq etdisə, uzun zaman ayrılmıram ondan. Hətta köhnəlsə və ya zədə alsa belə eyni modelin yenisini alıram. Misal üçün, əvvəl bu model BlackBerry idisə, indi onu iPhone əvəzlədi.

- Planşet kompüterdən daha çox nə üçün istifadə edirsiniz?

- iPaddan ən çox verilişlərimdə istifadə edirəm. Lazımı informasiyanı və ssenarini planşetə köçürüb canlı yayımda istifadə edirəm. Arada gecələr oyun da oynayıram.

- İnternetdən alış-veriş edirsinizmi?

- Desəm ki, “eBay”da hələ bu həftə qeydiyyatdan keçmişəm, inanmazsınız. Sadəcə Bakıda axtardığım bir şeyi “eBay”da gördüm deyə qeydiyyatdan keçdim, sifarişim vaxtında gəlib çıxsa, mütəmadi olaraq istifadə edəcəm.

- E-kitablar oxuyursunuzmu?

- Bəli, hazırda iPad-da Erika Jamesin “Fifty shades of grey”(Bozun 50 çaları-red.) romanını oxuyuram.

- Kompüterdə oyun oynayırsınızmı?

- Əvvəllər bunu yaşla əlaqələndirirdilər. “Sənin neçə yaşın var, sənin oyun oynayan vaxtın deyil” deyənlər çox idi. Amma indi PlayStation pultu arxasında 50 yaşlı kişilərin futbol oynadığını görüb bu nəticəyə gəlirəm ki, əyləncənin yaşı yoxdur. Bəli, oynayıram. Sevimli oyunlarım: : “Need For Speed”, “Call of Duty”, “PES 2012-13”, “Angry Birds” və s.

- Cihazlarda problem yaranarsa, onu özünüz həll etməyə çalışırsınız, yoxsa mütəxəssisə göstərirsiniz?

- Əvvəllər, 12-13 yaşım olanda qonşuluqdakı bütün xarab maqnitofonların təmiri işinə mən baxırdım. Bir “payalnikim” var idi, xırda detal dəyişikliyi olanda özüm düzəldirdim. Hətta bir dəfə bu haqda eşidib qonşu məhəllədən müraciət edən də olmuşdu ki, bizim maqnitofon xarab olub, düzəldə bilərsən? Amma indi elə bir dövrdür ki, hər şey kiçilib, mobil olub. Ona görə də mütəxəssisə müraciət edirəm. Daha doğrusu, zəmanət kitabçası ilə haqqımı tələb edirəm.

- Fotoaparatınız, videokameranız varmı?

- Ötən il ad günümə professional fotoaparat hədiyyə etdilər. Hazırda Canon Mark III fotoaparatım və Sony Full HD videokameram var. Amma Canon sağ olsun, həm video, həm də foto işinin öhdəsindən layiqincə gəlir.

- Parollarınızı sizdən başqa bilən varmı?

- Xeyr. Keçən il baş vermiş hücumdan sonra profillərimi daha da möhkəmlətdim və hazırda parollarımı heç kim bilmir.

- Televizora çox baxırsınız, yoxsa internetdə daha çox vaxt keçirirsiniz?

- TV-yə də internetdən baxıram, ya online, ya da Youtube-da. TV-yə ancaq evdə yemək yeyəndə baxıram, o da öz kanalımıza, görüm nələr baş verir, hansı nöqsanlar ola bilər.

- Sizcə, internet televiziyanı sıxışdırıb çıxaracaqmı?

- Bəli, bu elədir. Hazırda internetə axın olduqca böyükdür və günü-gündən də çoxalır. Həqiqəti bilmək istəyənlər internetə üz tutur, bu reallıqdır. O ki qaldı 10 ildən sonra yerli televiziyalarımızın vəziyyətinə, bu templə gedəcəklərsə, o zaman vəziyyət çox pis olacaq.

- Demək olar ki, bütün sosial şəbəkələrdə varsınız. Hamısını, daima izləmək çətin deyilmi? Gələcəkdə köməkçi tutmaq fikriniz yoxdur ki?

- Yox, qətiyyən. Bütün sosial şəbəkələrdə olsam da, bəzilərinə çox, bəzilərinə isə az diqqət yetirirəm. Misal üçün, gündəlik istifadə etdiyim 2 şəbəkə var: Twitter və Facebook. Qalanlarını isə həftədə 1-2 dəfə yoxlayıram.

- Nəyi son yüz ilin kəşfi adlandırardınız?

- İnterneti.

- Sizcə, texnologiya insanları bir-birindən uzaqlaşdırır, yoxsa sosiallaşdırır?

- Deyərdim ki, bir tərəfdən sosiallaşdırır, o biri tərəfdən də uzaqlaşdırır. Amma psixoloqlarımız da bunu dəfələrlə təsdiq ediblər ki, real ünsiyyətin yeri tam başqadır. Real ünsiyyət tərəfdarıyam.

- Sosial şəbəkələrdə sevdiyiniz istifadəçilərdən kimlərin adın çəkə bilərsiniz?

- Azərbaycanda maraqlı şəbəkə istifadəçiləri var. Bugünkü gündə pisə pis, yaxşıya yaxşı deməyi bacaran, bunu açıq şəkildə yaza bilən hər bir internet istifadəçisi maraqlıdır.

- İnternetdən qazandığınız və hazırda görüşdüyünüz dostlarınız varmı?

- Bəli, internetdən çox dost qazanmışam. Hətta çoxunun toyunda da iştirak etmişəm. Ailələrini yaxından tanıyıram və axşamlar vaxt olanda görüşürük.

# 3605 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #