İçki düşkünü “Mahmut hoca” – HƏYAT HEKAYƏTİ

İçki düşkünü “Mahmut hoca” – <span style="color:red;">HƏYAT HEKAYƏTİ
4 aprel 2017
# 09:00

O, ən çox “Hababam sınıfı”ndakı Mahmut hoca obrazı ilə tanınır. Bir neçə dəfə ölüm xəbəri yayılsa da, ailəsi hər dəfə bunun yalan olduğunu bildirib. 91 yaşlı aktyor hazırda ağır xəstəlikdən əziyyət çəkir.

Həyatı

Məşhur aktyor Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində köhnə Osmanlı paşalarından birinin nəvəsi olaraq dünyaya gəlib. Kiçik yaşlarından teatra maraq göstərən Özkul İstanbulda Oğlanlar liseyində təhsil alıb. Təhsil aldıqdan sonra aktyor olmağı qarşısına məqsəd qoyan Münir diqqətini səhnəyə yönəldib.

Image result for münir özkul

Karyerası

Münir ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacarırdı. O zamana qədər həyatını davam etdirdiyi və çox sevdiyi Bakırköydəki “Halkevi”ndə aktyor olmaq üçün ilk addımını atıb. İlk həvəskar səhnə təcrübələrini burada qazanan Özkul daha sonra İstanbul Dövlət Teatrında oynayıb.

Bir müddət burada çalışdıqdan sonra Ankara Dövlət Teatrına keçib. Daha sonra İstanbul Şəhər Teatrında karyerasına davam edən aktyor artıq özəl sektora keçərək Səs Teatrında nümayiş olunan tamaşalarda rol almağa başlayıb. Ancaq burdakı işi çox davam etməyib və ardından başqa özəl teatr olan Kiçik səhnəyə keçib.

Kiçik Səhnə gənc aktyorun karyerasında yüksəlmək üçün dönüş nöqtəsi olub. Çünki ilk dəfə burda vacib rollardan birində oynamaq şansı yaranıb. O, Sadri Alışık, Nevin Akkaya, Şükran Güngör ve Cahit Irgat kimi professional aktyorlarla birgə rejissorluğunu Muhsin Ertuğrulun etdiyi Steynbekin eyni adlı romanı əsasında hazırlanan “Siçanlar və adamlar”da rol alıb. İstedadı ilə Muhsin Ertuğrulun diqqətini çəkən Özkul daha sonra Kiçik səhnədə “Yarış”, “On ikinci gecə”, “Aşağıdan yuxarı” və “Qarışıq iş” kimi uğurlu tamaşalarda da oynayıb.

Teatr səhnələrindən filmə keçidi isə 40-cı illərin sonuna təsadüf edir. Əsgərlikdən məzuniyyətə gəldiyi günlərdə “Vətən və Namiq Kamal” filmində rejissor assistenti olan dostu Sirri Gültəkini görməyə gedir.

Yeşilçama getdiyi gün dostu ondan bir filmdə epizodik rolu canlandırmağı xahiş edir. Dostunun xahişini yerinə yetirən Özkul həm də gülməli bir xatirə olsun deyə kamera qarşısına keçir. Bununla da aktyorun 400-ə yaxın filmdə rol aldığı, Türk kinosuna damğasını vuran əhəmiyyətli obrazları canlandırdığı karyerası başlayıb.

Aktyor 1950-ci illərin əvvəlində bir çox ağ-qara filmlərdə kiçik rollarda oynayıb. İlk dəfə 1950-ci ildə “İpək filmlər”in istehsalı olan, ssenarisi İhsan Koza ilə Nazım Hikmət tərəfindən yazılan və Vedat Arın rejissorluğunda çəkilən “Üçüncü Səlimin gözdəsi” adlı kinoda rol alıb.

Daha sonra, 1951-ci ildə yenə “İpək filmlər”in istehsalı olan “Yavuz Sultan Səlim və Yeniçəri Həsən” ilə “Lalə dövrü”ndə köməkçi oyunçu kimi rol alıb. Özkul həmin il Muhsin Ərtoğrulun rejissorluğu ilə çəkilən “Evlimi, subaymı” və Baha Gelenbevinin rejissoru olduğu “Barbaros Heyrəddin paşa” filmlərində baş rolda oynayıb. Kinoya çəkildiyi ilk illərdə “İpək filmlər”in istehsalı olan filmlərdə rol alan aktyor daha çox komik rollarda oynayırdı. Mimikası, səmimi danışığı xalq tərəfindən sevilən Münir Özkulun adı artıq tanınmağa başlamışdı. Ancaq Özkul əsas uğurlarını “Arzu film”in istehsalı olan filmlərlə qazanıb.

1953-cü ildə Muhsin Ərtoğrulun rejissoru olduğu “Xalçaçı qız” filmində rol alan aktyorun karyerasındakı uğurlar daha da artıb. Aktyor həmin il fantastik komediya olan və ssenarisi yenə İhsan İpəkçi ilə Nazım Hikmət tərəfindən yazılan “Balıqçı Gözəli - 1002. Gecə” və 1956-cı ildə çəkilən “Ürəyimin mahnısı” adlı romantik filmlərdə rol alan aktyor xarakterik rollarda oynamağa başlayıb. Özkul “Miras uğrunda” və Zəki Mürənin baş rolunu oynadığı “Qızıl qəfəs” filmində aktyorluq gücünü ortaya qoyaraq dram, romantika, komediya kimi fərqli janrlarda olan bütün filmlərdə oynamaq gücünü təsdiq edib.

Image result for münir özkul

Film çəkilişləri ilə bərabər teatr səhnəsindən də uzaqlaşmayan Özkul 1957-ci ildə Dövlət Teatrlarının rejissorluğunu etməyə başlayıb. Aktyor Kiçik səhnəni tərk etmək məcburiyyətində qalıb. Bununla da sənətçinin aktyorluğa addım atdığı Kiçik səhnə ən professional aktyorunu itirməsi səbəbilə çox davam edə bilməyib və dağılıb.

Aktyor 1960-70-ci illərdə 40-dan çox filmdə rol alıb. Türk kinosunun ən məhsuldar dövrlərindən olan 70-ci illərdə Özkul böyük aktyor heyətinə sahib olan ailə filmlərində rol almağa başlayıb. Özkul xüsusilə məşhur aktrisa Adilə Naşitlə uğurlu ikili yaradıb və bu ikili xalq tərəfindən də çox sevilib.

Yaraşıqlı olmayan, hətta çirkin üzə, uzun və incə bədənə sahib olan aktyor heç vaxt mənfi rollara layiq görülməyib. Özkul xüsusilə həmin illərdə türk kinosunun klişe mövzularından olan “kasıb, amma qürurlu”, yaxşı ürəkli xarakterləri canlandırıb.

Image result for münir özkul

Münir Özkul 1972-ci ildə baş rollarını Hülya Koçyiğit ilə Tarık Akanın oynadığı “Sev, qardaşım” adlı filmdə müvəffəqiyyətli performansı ilə Antalya Qızıl Portağal Film Festivalında "Ən yaxşı kişi aktyor" mükafatına layiq görülüb.

70-ci illərdə Ertem Əyilməzin filmlərində unudulmaz rollara həyat verən, ağladan romantik replikaları təsirli səsi ilə səsləndirən Özkul Türk tamaşaçısının yaddaşında yer tutmağı bacarıb. Özkul “Şən günlər”, “Mavi muncuq”, “Ailə şərəfi”, “Gırgıriye”, “Gülən gözlər” və “Bizim ailə” kimi filmlərlə xarakterik rolları ilə böyük istedadını professionallıqla nümayiş etdirib. Sənətçinin unudulmaz rolları arasında zirvədə yer alan isə “Hababam sınıfı” adlı ardıcıl filmlərdə canlandırdığı, intizamlı, ancaq kövrək ürəkli müəllim “Keçəl Mahmut” xarakteri olub. Bu rolları o qədər uğurlu olub ki, tamaşaçılar hətta aktyoru öz adı ilə deyil, Mahmut hoca adıyla xatırlayıblar.

80-ci illərdə durğunluq dövrü yaşayan Yeşilçamdan video filmlərinə yönələn Özkul bu dövrdə keyfiyyəti aşağı olan bəzi kino və video filmlərdə rol alıb. Daha sonra televiziyalarda serialların məşhurluq qazanması ilə 1987-ci ildə TRT istehsalı olan “Uzaylı Zəkiyyə”də kamera qarşısına keçib. Bu serialdan sonra daha bir neçə filmdə rol alan aktyor içkiyə aludə olduğuna görə səhhətində problemlər yaşamağa başlayıb. Bununla da aktyor xüsusi layihələr xaricində heç bir işlə məşğul olmayıb.

Aktyor 1995-ci ildə Kamal Sunalla birgə “Şaban ilə Şirin” adlı filmdə rol alıb. Bu dövrdə artıq Yeşilçam filmlərinə maraq tamamilə azalıb və seriallar məşhurluq qazanıb.

Image result for münir özkul

1996-cı ildə Özkul tamaşaçıların böyük marağına səbəb olan, ssenarisi Kandemir Konduk tərəfindən yazılan “Ana quzusu” adlı serialda Perihan Savaş və Ayşən Gruda ilə birgə rol alıb.

Həmin il İstanbul Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən yubiley mərasimində aktyor teatr səhnəsi ilə vidalaşıb. Həyatı boyunca bir çox teatr və kinolarda oynasa da tez-tez maddi sıxıntı çəkib. Buna görə həmin gecədən əldə edilən pulla Özkula ev alınıb.

1996-cı ildə Vəli Poladın rejissorluğu ilə çəkilən “Ay İşığında saklıdır” filmində Aydan Şener və Torpaq Sergenlə birgə rol alıb.

Daha sonra 1998-ci ildə Həmdi Alkanın "Reytinq Hamdi" adlı əyləncəli televiziya proqramında qısa müddətlik Yarmagül obrazının babası rolunu canlandırıb. Məşhur aktyorun sonuncu çəkildiyi film 2000-ci il istehsalı olan, Serdar Akar tərəfindən çəkilən "Dar yerdə qısa paslaşmalar" olub.

Karyerası boyu 400-ə yaxın filmdə və sayını özünün belə tam olaraq bilmədiyi teatr tamaşalarında rol alan Münir Özkulun şərəfinə 26 mart 2005-ci ildə “İstanbul Beylikdüzü Academia Center”in içərisində “Münir Özkul Səhnəsi” açılıb.

Image result for münir özkul

Şəxsi həyatı

İçki düşkünlüyü ilə tanınan aktyorun şəxsi həyatı da uğursuz olub; 4 dəfə evlənib, 3 uşağı olub.

Aktyor ilk evliliyini Şadan Xanımla gerçəkləşdirib. Qısa davam edən evlilik ayrılıqla nəticələnib. Suna Selenlə ailə həyatı quran cütlüyün Güner adlı qızı olub.

Qızları 8 yaşında olanda cütlük ayrılmaq qərarına gəlib. Güner Özkul aktrisa və aparıcıdır. Daha sonra Tophaneli Hörümçək Yaşar ləqəbiylə xatırlanan Yaşar xanımla üçüncü evliliyini reallaşdıran Özkulun bu evliliyi də qısa müddətlik olub.

Son olaraq 1986-cı ildə hələ də birgə yaşadığı Ümman Özkulla ailə həyatı qurub.

Image result for münir özkul

Həyatının böyük hissəsində içki ilə mübarizə aparan aktyor 1990-cı illərin ortalarında pis vərdişdən tamamilə uzaqlaşa bilib.

Demans xəstəliyindən əziyyət çəkən Özkul 2003-cü ildən bu yana evindən çölə çıxmır və heç kimlə görüşmək istəmir. Yataq xəstəsi olan aktyor ciddi nəzarətdə saxlanılır, ailəsi və həkimindən başqa heç kim yanına buraxılmır.

Xəstəliyinə görə keçmişə aid çox şeyi xatırlamır və Kamal Sunal, Adilə Naşit kimi bir çox ölən dostlarının yaşadığını zənn edir. Aktyorun bir neçə dəfə ölüm xəbəri yayılıb.

# 2908 dəfə oxunub

Müəllifin son yazıları

# # #