Kamal Doğulu: “Bibim oğluna dedim yer süpürüm”

Kamal Doğulu: “Bibim oğluna dedim yer süpürüm”
23 mart 2015
# 09:30

Pop ifaçı, fotoqraf, saç və makyaj ustası, model, stilist Kamal Doğulu 1979-cu il 14 oktyabrda Mərsində dünyaya göz açıb. Ailənin 5 övladından ən böyüyüdür. O, məşhur aktyor Kadir Doğulunun qardaşıdır. Kamal Doğulu hazırda Türkiyədəki ən reytinqli moda proqramlarından olan, Azərbaycanda da maraqla izlənən “İşte benim stilim” yarışmasının diqqət çəkən münsifidir.

Kamal Doğulu 2006-cı ildə tanış olduğu Hande Yenərin “Hande Max” adlı maksi sinqlında məşhur müğənninin fotoqraflığını və imicmekerliyini öz üzərinə götürdükdən sonra aralarında səmimi dostluqları yaranıb. Bundan sonra o, müğənninin digər albomlarının fotoqraflığını, kliplərinin rejissorluğunu edib.

Onun müğənniliyə başlamağı isə təsadüf nəticəsində baş verib. Bir gün Hande Yenərin vokalisti gəlmir və Kamal Doğulu onu əvəz etməli olur. Bundan sonra Hande Yenər və onun albomlarını hazırlayan bəstəkar-prodüsser Erol Temizəl Kamal Doğulunu çox bəyənir, ona birlikdə layihə hazırlamağı təklif edirlər.

2008-ci ilin yanvarında o, “1 Yerdə” adını verdiyi elektron musiqi tərzindəki maksi sinqlını çıxarıb. Maksi sinqlın ilk klipi isə albomla eyni adı daşıyan “1 Yerdə” adlı mahnıya çəkilib. Fevralın əvvəllərində MTV Türkiyədə yayımlanmağa başlayan klip martın əvvəlində MTV-nin bütün dünyada yayımlanan kanalında göstərilməyə başlayır. Qısa müddət sonra World Chart Exskpress (World Top 10) siyahısında yer alır və aprelin əvvəlində 1-ci sıraya qalxaraq 4 həftə ard-arda liderlikdə qalır. Maksi sinqlın 2-ci klipi isə “Nədənsə, Nədənsə?” adlı mahnıya çəkilib.

Bu mahnılardan sonra o, “2-ci Kamal Doğulu” adlı yeni sinql hazırlayır. Sinqlın fotolarını Handə Yanər çəkir və üz qapağının şəkli ilk dəfə Doğulunun rəsmi saytında nümayiş olunur. Onun sinqldakı “Kosmosda eşq var” adlı mahnısının klipinə Hande Yenər və bir çox məşhurlar çəkilib. Klipin rejissorluğunu isə Kadir Doğulu öz üzərinə götürür. O, 2-ci sinqlın uğurundan sonra yeni albom hazırlamağa başlayır və albomuna “Tərs Künc” adını verir. Albomun prodüserliyini Hande Yenər və Alper Narman edir. Onlar həm də Kamal Doğulu üçün söz və musiqilər də yazırlar. Müğənni daha sonra “4-cü Kamal” və “Eşq qəbul edərsə” adlı albomlarını da çıxarıb.

Kamal Doğulu bu yaxınlarda Türkiyə mediasına həyatı ilə bağlı müsahibə verib. Müsahibədən bəzi məqamları sizinlə paylaşırıq:

- Sənətə saç ustası kimi başlamısız. Bunu qazanc üçün, yoxsa sevdiyinizə görə edirdiz?

- Uşaqlıqdan bəri içimdə saç ustası olmaq istəyi var idi. Bacım Asuman dünyaya gəldikdən sonra (aramızda 11-12 yaş fərq var) onun saçları ilə oynayırdım. O vaxt mənim 14 yaşım var idi. Mərsində bibim oğlunun saç salonu var idi. Onun yanında çalışmaq istəyirdim, amma o, icazə vermədi. Bu sahədə heç təcrübəm yox idi. Mənə “əlində fen belə tuta bilməzsən” dedi. Mən “Yer süpürüm” deyəndə qəbul etmədi, məni işə götürmədi. Bibimə dedim ki, məni işə götürsün. Pul da istəmirəm, yer süpürüm, tükləri süpürüb təmizləyim, müştərilərə çay, qəhvə aparım. Bibim bu barədə oğluna deyəndən sonra işə götürüldüm. Bacımın saçını hörə-hörə professionallaşmışdım.

Bir gün salonda çalışan manikür ustasının saçını hördüm. O vaxt dəbdə olan hörük var idi – bütün saç incə-incə geriyə doğru hörülür. Manikür ustasının saçını hördüyüm günün səhəri camaat sıraya düzülmüşdü. Uşaq vaxtımdan istədiyim hər şeyi etmişəm. Anam da çox inadcıl olduğumu bilir. Bir şeyi çox istəyəndə mütləq edirəm, mənim üçün başqa yolu yoxdu.

- Bildiyimizə görə, dini məktəbdə xütbə oxumağı öyrənmisiz. Bu doğrudur?

- Biz varlı ailə deyildik, hətta çox kasıb idik. Mənim şıltaqlıq etmək şansım yox idi. Atam evdə olmurdu, gəmidə çalışırdı. 10 il müddətində evdə olmadı. Evdə kişi yox idi. Atam çalışdığı yerdən göndərə bildiyi qədər pul göndərirdi. O pul isə bizə çatmırdı. Ailədə beş uşaq idik, hamımız məktəbdə oxuyurduq. Uşaqsan, çox şey istəyirsən, məsələn, kola içmək istəyirsən, amma ananın kola almağa pulu yoxdu. Nə edə bilərdim? “Mənə pul ver” deyəcək qədər də tərbiyəsiz uşaq olmamışam heç vaxt. Heç birimiz elə olmamışıq. Biz də çalışmağa başladıq...

- Saç ustası ilk işinizdir?

- Yox, mən mağazada, velosiped düzəldən ustanın yanında, dərzidə, şirniyyat mağazasında və s. çox yerdə çalışmışam. Həmişə saç ustası olmaq istəyirdim, arzuma çatana qədər də çox yerdə çalışdım. İbtidai sinfi bitirdiyim vaxt atam yenə yanımızda yox idi. Həmin yay əmim Almaniyadan tətilə gəldi. Dedi ki, “Kamalı xütbə öyrənməyə göndərəcəm”. Altı yaşımda məktəbə getmişəm, ibtidai sinfi bitirəndə 11 yaşım vardı. Atama zəng vurub “bütün xərcləri öz üzərimə götürüb oğlunu xütbə oxumağı öyrənməyə göndərəcəm” dedi. Atam da razı oldu.

- Bu haqda danışmaq sizi narahat edir?

- Yox, yox. Orada oxumağın mənə pis təsiri olmadı. Qurani-Kərimi oxuyub öyrəndim. Bütün duaları əzbər bilirəm, ərəb dilini öyrəndim. Bizim ailədə nənəm, bibilərim də ərəb dilində danışır. Həmişə Allaha inanıram. Oxuduqca Allaha inamım daha da artdı.

- “İşte benim stilim” proqramının bu qədər reytinq qazanacağını, bu qədər seviləcəyini heç düşünürdünüzmü?

- Verilişin yaradıcıları Haluk və Canər bəy mənimlə bu haqda danışanda bunun çox böyük layihə olacağını bilirdilər. Veriliş haqqında da çox böyük həvəslə danışırdılar. Amma son zamanlar televiziya layihələrinin necə nəticələnəcəyini tam müəyyən etmək olmur. Hər şey riskli idi.

- Bəs bu işə niyə “hə” dediniz?

- İlk olaraq işimi tam mənasıyla edə bacardığım və tənqid edə biləcəyim sahədir. Ən əsası buna görə qəbul etdim. Daha əvvəl gələn televiziya verilişi təkliflərii işimlə bu qədər bağlı deyildi. 36 yaşım var, 17 yaşımdan bu işin içindəyəm. Təxminən 20 ilə yaxın. Türkiyədəki bütün ulduzlarla çalışdım, stilisti oldum, fotolarını çəkdim, kliplərini çəkdim, saçlarını, makyajlarını etdim. Professional olduğum bir sahədə fikir bəyan etmək xoşuma gəlir.

# 1118 dəfə oxunub

Müəllifin son yazıları

# # #