“Mənə gey deyənlərə...” – Tarkanın həyat hekayəti

“Mənə gey deyənlərə...” – <span style="color:red;">Tarkanın həyat hekayəti
28 noyabr 2016
# 08:30

O, Türkiyənin ən məşhur ifaçılarından biri, bütün dünyanın mahnılarını sevə-sevə izlədiyi meqastar.

Uşaqlığı və kryerası

Tarkan Tevetoğlu 17 oktyabr 1972-ci ildə Almaniyanın Frankfurt şəhərinin yaxınlığında yerləşən Alzey qəsəbəsində dünyaya gəlib. O, altı uşaqlı ailənin beşinci övladıdır. Tarkanın Hakan və Handan adında iki doğma qardaşı və bacısı, Gülay adında Antalyada, Nuray və Adnan adlı Almaniyada yaşayan iki ögey bacısı və qardaşı var.

Tarkanın qardaşı ona “xüsusi uşaq” deyir: “O çox sakit, çalışqan uşaq idi. Uşaqlığımız Almaniyada keçib. Bir gün buğda yüklənmiş bir at arabasının arxasından tutub gedirdim. O da “qardaş” deyərək arxamca gəlirdi. At qəflətən dayandı və Tarkan at arabasının altında qaldı. Bədənində bircə cızıq da yox idi. O vaxt Allahın ona bir şey olmasını istəmədiyini başa düşdüm. Möcüzəvi hadisə idi.”

Tarkan əslən Rizəlidir. O, 15 yaşına qədər təhsilini Almaniyada alıb. Daha sonra ailənin Türkiyəyə köçməsi səbəbindən təhsilini orada davam etdirib. Tarkan 13 yaşından Klassik Türk Musiqi təhsili almağa başlayıb. Təhsilini “Karamürsəl Liseyin”də davam etdirən ifaçı 1990-cı ildə oranı bitirib.

O, təhsilini 1990-1992-ci illər arasında “Üsküdar musiqi Cəmiyyəti”ndə davam etdirib. 1993-cü ildə prodüser Mehmet Sögütoğlu ilə tanış olduqdan sonra “İstanbul Plak” şirkəti ilə müqavilə bağlayıb. İlk albomu “Yenə Sənsiz” 1992-ci ildə satışa çıxarılıb. Bu alboma daxil olan “Kıl oldum, abi” adlı mahnısı onu məşhurlaşdırıb. Albom 900 min satılıb. Bununla da Tarkan şou verilişlərində xeyli məşhurluq qazanıb.

Tarkan 1994-cü ildə “Aa Acayipsin” albomunda Sezen Aksu ilə işləməyə başlayıb. O, Sezen Aksuya ona göstərdiyi köməyə görə, “Kraliçam” deyə müraciət edir. Bu albomla Tarkan, türk pop musiqisinin ən məşhur adamlarından biri olub. Albomdan sonra Türkiyə və Avropada 24 konsert verib. Keçirilən konsertlərin 25-cisində Türkiyənin müxtəlif bölgələrindən gələn 10 min tamaşaçı iştirak etmişdi. Sənətçinin karyerasında dönüş nöqtəsi olan bu albom 2,5 milyon satılıb.

1995-ci ildə Tarkan Nyu-Yorka gedib. İfaçı Nyu-Yorkda albom işləri ilə bərabər, həm də “Nyu-York Baruch Universiteti”ndə dil təhsili alıb. O, dövrün ən məşhur menecerlərindən olan Ahmet Sanla müqavilə imzaladıqdan sonra İsveçrə, Hollandiya, İngiltərə və Almaniyada konsertlər verib.

1995-ci ildə Nyu-Yorkda verdiyi konsert Türkiyədə canlı yayımlanıb. Tarkan 1997-ci ildə “Ölürüm sana” adlı üçüncü albomunu çıxarıb. Bu albom da 2,5 milyon satılıb.

1998-ci ildə “Walt Disney”in 35-ci uzun metrajlı cizgi filminə “Herkül”ün baş rolunu türkcə və filmin “Yolumdayım” adlı musiqilərindən birini səsləndirib.

Bu albomda yer alan “Şımarık” adlı mahnı tez bir zamanda onu dünyada tanıdıb. Bu mahnı daha sonra xarici müğənnilər tərəfindən başqa-başqa dillərdə səsləndirilib. Tarkan meneceri Əhməd Ertegün ilə aralarında olan problemdən sonra Nyu-Yorkdan Türkiyəyə qayıdaraq hərbi xidmətə yollanıb. Onun əsgərliyi cəmi 28 gün olub.

O, 2001-ci ildə “Kuzu-kuzu” adlı mahnısı ilə yenidən sənətinə qayıdıb.

2003-cü ildə ”Dudu” adlı yeni albomun işlərini bitirib. Məşhur müğənni Nazan Öncəl ilə işlədiyi bu albom Rusiyada 1 milyon satılıb.

O, Rusiyada “ən yaxşı xarici müğənni” mükafatına layiq görülüb. Reklam filmlərində rol alan ifaçı, 2001-ci ildə məşhur markaların reklamlarında çəkilib. 2005-ci ildə “Come Closer” adlı ingiliscə albom buraxan ifaçının bu albomu Türkiyədə və Avropada satışa çıxarılıb.

Musiqiyə qısa müddət ara verdikdən sonra 2007-ci ildə “Metamorfoz” adlı 6-cı albomunu çıxarıb. Türk Dil Qurumu Tarkanın “Metamorfoz” adlı albomunda işlətdiyi atalar sözləri və məsəllərə görə, ona təşəkkür edib. Albom Tarkanın tərzinə uyğun olmasa da sevənləri onu tək buraxmayıb. Bu albom mənfi qarşılansa da, iki ayda 500 min satılıb.

2016-cı ildə Tarkan “Əhdə vəfa” adlı növbəti albomunu çıxarıb. Tarkanın albomları bu günə qədər 15 milyon satılıb.

Şəxsi həyatı

Zaman-zaman Tarkanın mavi olmağı ilə bağlı fikirlər yayılıb. Bu onun hələ evlənməmiş Bilgə ilə sevgili olduğu vaxtlarda da davam edib. Bununla bağlı Tarkan Türkiyənin məşhur jurnalisti Ayşə Armana Bilgə ilə sevgili olduğu vaxt müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- “Sevgisi həqiqi deyil, onun əslində kişi sevgilisi var” - sözlərini necə qarşılayırsız?

- Gülürəm. Bu ölkə məndən gey düzəldəndən sonra rahat olacaq. Altı ildir Bilgəylə bir yerdə yaşayıram. Bir yalan altı il davam edə bilərmi?

- Sevgiliniz sadə bir qızdır. Siz Tarkansız, daha gözəl birini seçə bilərdiz. Siz səhnələrin seks simvolusuz.

- Mən səhnədə eləyəm. Səhnədən yerə düşəndə adi adam oluram. Bilgəylə xoşbəxtik. Onun sadəliyini sevirəm. Çətin bir həyatımız var. Sağa-sola rahat gedə bilmirik.

- Siz xaricdə olanda o nə edir?

- Bəzən mənimlə gedir. Darıxmaq ikimiz üçün də yaxşıdır. Amma çox vaxt səfərlərə bir yerdə gedirik.

- O da müsahibə vermir. Bir-iki dəfə zəng elədim. Mədəni şəkildə məndən uzaqlaşdı.

- Bu cür işlər onu maraqlandırmır.

- Bu qadın “Allahım, mən Tarkanla sevgiliyəm. Sevişdiyim adam Tarkandır” - demir?

- İlk vaxtlar bəlkə bir az hisslərə qapıldı. Amma medianın üzərinə getməsindən narahat oldu. “Tarkanın sevgilisi olmaq necə bir şeydir demək” - həvəsinə düşmədi

- Amma bacısı daha fərqlidi.

- Bərna? Dəlidir o. Amma şirin dəlidir. Onlar üç bacıdır. Üçü də fərqlidir. Bilgə ağır təbiətlidir, ixtisası vəkildir. Göz önündə olmağı sevmir. O xasiyyətini sevirəm.

- Amerikada küçədə gəzəndə sizi tanıyırlar?

- Los-Ancelesdə, Mayamidə tanıyırlar. Orada venesuealılar, braziliyalılar tanıyır. Amma amerikalılar tanımır. Bu xoşuma gəlir.

- Qorxduğunuz şeylər dəyişib?

- Səhhətimlə bağlı qorxularım var.

- Necə yəni? Ölüm qorxusu?

- Yox, ölməkdən qorxmuram. Tez getməkdə fayda var. Bu dünya çox yaşanılası dünya deyil. Son zamanlar pessimistəm. Bir yandan da genetik mirasımdan şübhələnirəm. Atam gənc yaşında ürək arğısından ölüb, xolestrolu yüksək idi. Anamın da illərdir problemləri var. Bəzən şəkər xəstəsi olacam, yoxsa ürək xəstəsi deyə qorxuram. Müayinələrə gedirəm. Allaha şükür, dizim xaricində hər şey qaydasındadır. Etmək istədiyim çox şey var. Buna vaxtım çatacaqmı deyə fikirləşirəm.

- Məsələn nə?

- Özümdən çox başqalarına faydalı olmaq istəyirəm. Nümunə götürdüyüm insanlar Bono və Ancelina Colidir. Ancelina Coli Hollivudun yalan olduğunu bilib oranı tərk etdi.

- Bu Ancelina Colinin piar fəaliyyəti ola bilməz?

- Olsa nə dəyişəcək? Qadının yardıma ehtiyacı olanlara faydası var. Həm də onun səmimi olduğuna inanıram.

- Siz niyə edə bilmirsiz?

- İstəyirəm, amma olmur. Bir dəfə elədik. Dəstək vermirlər.

Tarkan Bilgə ilə bir müddət sevgili olsa da daha sonra onlar ayrılıb.

Meqastar Pınar Dilək adlı xanımla ailə həyatı qurub. Nikah mərasimi Tarkanın Tarabyadakı villasında baş tutub.

Pınar 1986-cı ildə Almaniyanın Duisburg şəhərində anadan olub. 30 yaşında olan Diləyin anası elazığlı, atası şanlıurfalıdır. Balaca yaşlarından Tarkanın heyranı olan Dilək onunla beş il qabaq Almaniyada verdiyi konsertdə tanış olub.

1992-ci ildən 2002-ci ilə qədər Tarkanın mühafizəçisi olan Talat Ditaban ilk dəfə açıqlama verib. Tarkanın qadınlara münasibəti barədə bunları deyib: “Tarkan qadının ruhuna necə xitab ediləcəyini çox yaxşı bilirdi. Onunla bir yerdə olub daha sonra ayrılmaq çox çətindir. Tarkanın qadınlar üzərində belə bir gücü var idi. Onun qadın mövzusunda bir çox kişidən daha yaxşı olduğuna inanıram.”

Ditaban Tarkanın həddən artıq şorgöz olduğunu deyib: “Səmimi deyirəm. Biz uzun zaman onunla bir yerdə işlədik. Eyni evdə qaldığımız vaxtlarda onun otağından gələn səslərə görə yuxusuz qalırdım. Sarışın, əsmər və ya qumral onun üçün fərq etmirdi. Xüsusilə böyük qadınlardan xoşu gəlirdi. Aslan kimi adamdır Tarkan. Tarkanın sənət aləmində heç bir dostu yox idi. Geniş bir ailəsinin olmasını istəyirdi”.

Ditaban həmçinin qeyd edib ki, onu qoruduğu 10 il ərzində bəzi insanlar tərəfindən ölümlə təhdid edilib. Amma o, bu təhdidin kim tərəfindən edildiyini açıqlamayıb.

Qeyd edək ki, Tarkanın həyatından bəhs edən kitab nəşr edilib. Jurnalist Əli Eyüpoğlunun yazdığı, 16 illik vəkilinin də yer aldığı kitabda ifaçının İstanbula gəlişi və dünyada tanınmasından bəhs edilir.

# 1996 dəfə oxunub

Müəllifin son yazıları

# # #