Azyaşlı xanımlara aşiq olan dahi

Azyaşlı xanımlara aşiq olan dahi
12 may 2016
# 08:30

O, 1920-ci illərin sonlarında Amerika istehsalı olan səssiz filmlərdə oynadığı komik obrazı ilə dünyada məşhurluq qazanıb. 1914-cü ildə çəkildiyi ilk filmdən 2 il sonra Amerikanın ən tanınmış şəxslərindən biri oldu.

1920-ci illərin əvvəllərində xeyli miqdarda pul qazanan sənətçi çəkildiyi filmlərə görə, istədiyi pulu ala bilirdi. Bundan əlavə, onun şərtlərindən biri də çəkiləcəyi filmin rejissorluğunu özünün etməsi idi. 1920-ci illərin sonunda səsli film istehsalına başlanandan sonra yalnız bir neçə filmdə rol almasına baxmayaraq, ilk dövrdə çəkildiyi klassik kinoları qiymətləndirilərək şöhrətini itirməyib. Çarli Çaplin “The Kid”, “The Gold Rush,” “City Lights”, “Modern Times” və “The Great Dictator” uzun metrajlı böyük yumor filmlərində yer alıb.

Aktyorun uşaqlığı

Məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı Çarli Çaplin (əsl adı Çarlz Spenser Çaplin) 1889-cu il aprelin 19-da Londonda dünyaya gəlib.

İnsanları gülüşə qərq edən Çarlz və Hanna Çaplinin övladı olan Çarli Çaplinin uşaqlıq dövrü acınacaqlı keçib. Çarli dünyaya gələndən qısa müddət sonra valideynləri ayrılıb. Hər iki valideyni musiqiçi olan Çaplin uşaq yaşlarından mahnı oxumağı və rəqs eləməyi öyrənib. O, ilk dəfə 8 yaşında rəqs müsabiqəsində səhnəyə çıxıb. Atası Çarlz 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna isə hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkirdi, tez-tez ruhi əsəb dispanserinə yerləşdirilirdi. Beləliklə, onda ömür boyu itirmək qorxusu yaranıb. Balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olub.

Çaplin öz karyerasına 5 yaşında İngiltərədə tetrada başlayır. Burada o, küçə uşağı rolunu uğurla oynayır. O, 1913-cü ildə ABŞ-a səfəri zamanı “Keystoun” film studiyası tərəfindən aktyor kimi film çəkilişində iştirak edir. Əvvəlcə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazanır. O, Ford Sterlinqdən (aktyor) bir cüt ayaqqabı, Arbrukledən bir şalvar, balaca bir pencək və Mark Svendən yalançı bığ götürür. Bu stil onun rollarına uyğun gəlməsə də, sonra ona studiyada bu paltarda çəkilməyə icazə verilir.

Çaplin yumru şlyapa, frak pencəyi, enli şalvarı, böyük ayaqqabıları, bığ və çəlikdən ibarət olan məşhur görünüşü ilə “Venesiyada uşaqların avtomobil yarışı” ikinci filmini yaradır. Amma onun bu obrazı hələ tam başa düşülmürdü. Bir müddət sonra Çaplinin rejissor kimi fəaliyyət göstərməyinə icazə verilir və xeyli pul qazanmağa başlayır.

1915-ci ildə “Essenay” şirkətindən həftədə 1250 dollar, 1916-cı ildə “Matual” şirkətindən həftəyə 10 min dollar və əlavə olaraq müqaviləyə görə, 150 min dollar, 1917-ci ildə başqa bir şirkətdən 8 film üçün 1 milyon dollar qazandı. İki il sonra, "First National" studiyasında müqaviləsi başa çatdıqdan sonra o, dövrünün məşhur ulduzları Mari Pikford, Duqlas Feyrbenks və məşhur rejissor Qriffiti ilə, “United Artists” şirkətini qurub. Çaplinin həmkarları ilə birlikdə "United Artists" film studiyasını yaradır.

Çaplinin uğurları, onun qoyduğu mövzularından əlavə məşhur obrazları da filmə gətirməsi ilə bağlı idi. Öz filmlərində həm aktyoru, həm rejissoru, həm də ssenaristi olduğu üçün obrazlarını bənzərsiz yaradırdı. Tənqidçilər onu "varlıların dünyagörüşü ilə çəkilmiş yoxsul tip" adlandırırdı.

Şəxsi həyatı

Çaplin 4 dəfə ailə həyatı qurub. Bunlarda üçü filmlərinin baş rol ifaçısı olub. O, daha çox azyaşlı xanımlarla münasibət qurmağa üstünlük verirdi.

1918-ci ildə 28 yaşlı Çaplin 16 yaşlı aktrisa Mildred Harris ilə evlənir. Onların 1919-cu ildə anadan olan oğulları az sonra vəfat edir. 13 noyabr 1920-ci ildə onlar ayrılır. 1924-cü ildə Çaplin "Qızıl hərisliyi" filminin çəkilişi zamanı tərəf müqabili olan 16 yaşlı Lita Qreyə vurulur. Lita Qreyin 1926-cı ildə ondan bir uşağı olur. Ancaq ikinci nikah da Çaplin üçün uğursuz olur. Onlar 1927-ci ildə aralarında baş vermiş münaqişəyə görə ayrılır. 1936-cı ildə Çaplinin "Yeni zamanlar" adlı filmi işıq üzü görür. Bu filmdə Çaplin zəmanənin inkişafını hər şey üçün səbəbkar sayır. Bu film Amerikada ciddi tənqidlərə məruz qalır. O sistem və kapitalizm əleyhinə bir film kimi pislənir. Həmin il Çaplin aktrisa Polett Qoddar ilə evlənib.

1940-cı ildə Çarli Çaplin "Böyük diktator" filmini ekranlaşdırıb. Bu film Hitlerin hakimiyyətini pisləsə də, əvvəlcə Amerika senzurasından keçmir. Bunun səbəbi isə o idi ki, Hitlerin fəaliyyətinin əvvəlində Amerika konservatorları onun Avropada "bolşevizmə" və "kommunizmə" qarşı hərbi güc toplamasını alqışlayırdılar. Onlar Hitleri böyük siyasətçi adlandırırdılar.

Filmdən sonra nasional sosialistlər ona yəhudi damğası vururlar. 1942-ci ildə onun nikahı Polett Qoddar ilə də sona çatır. Bir az sonra Çaplin dramaturq Yucin ONilin qızı Una ONil ilə tanış olur və onu sevir. Çaplin onunla öz xoşbəxtliyini tapmış olur. Onlar 16 iyun 1943-cü ildə evlənirlər. Cütlüyün səkkiz uşağı olub.

Qeyd edək ki, Çarli Çaplin haqqında hazırlanan bioqrafik yazılardan birində onun seks aludəçisi olduğu bildirilib. Məlumata görə, iki minə qədər qadınla münasibətdə olduğu, xüsusilə də kiçik yaşlı xanımları seçən Çaplinin həmin qadınlara qarşı kobud və zorakı davrandığı deyilir.

4 dəfə evlənən aktyorun şəxsi həyatı daima qalmaqallarla dolu olub. Psixoloqlar uşaqlıq illərində Çarli Çaplinin yaşadığı psixoloji problemləri uşaqlıq zədələri ilə izah ediblər.

Aktyorun ölümü

Amerikanın kəşfiyyat idarəsinin rəhbəri (FBİ) C.Edqar Huver Çaplinin əleyhdarlarından biri idi. O, Çaplini Amerikada yaşamaq hüququndan məhrum etmək istəyirdi. 1947-ci ildə Çaplin həftəlik ingilis qəzetində "Mən Hollivuda müharibə elan edirəm!" adlı məqaləsini çap etdirir. Böyük nailiyyətlərinə Amerikada çatmasına baxmayaraq, Britaniya vətəndaşlığını saxlayır. O, özünü dünya vətəndaşı adlandırırdı.

18 sentyabr 1952-ci ildə Çarli Çaplin ABŞ-ı tərk edərək İngiltərəyə qısa səfərə çıxır. Məqsədi təzə çəkdiyi filmi nümayiş etdirmək idi. Huver bundan xəbər tutan kimi Çarli Çaplinin Amerikaya qayıdışının qarşısını alır. Çaplin Avropada qalmaq qərarına gəlir.

1952-ci ildə o İsveçrəyə köçür və Cenevrə gölü ətrafında Manoir de Banda yaşamağa başlayır.

1957-ci ildə Çaplin ABŞ ilə arasında olan problemləri satirik şəkildə çəkdiyi "Nyu-Yorkda bir şah" filmində ifşa edir. 1967-ci ildə Çaplin "Honkonqlu qrafinya" adlı filmi çəkir. Bu filmdə o, ikinci rolda çıxış edir. Çəkiliş zamanı onun səhhəti ilə bağlı tez-tez problemlər üzə çıxır. Onun səhhətində keçirdiyi stresslər nəticəsində problemlər yaşanırdı.

1972-ci ildə o, "Fəxri Oskar" mükafatını almaq üçün bir dəfə də ABŞ-a gedir.

25 dekabr 1977-ci ildə isə Çarli Çaplin 88 yaşında Veve şəhərində (İsveçrə) vəfat edir.

Aktyorun məşhur ifadələri

- Qadın istənilən milyarder kişini milyonçu edə bilər

- Günün sonunda eləmədiklərinlə deyil, elədiklərinlə mühakimə edilirsən

- İnsanlar öləcəklərini bildiyi müddətdə azadlıq olmayacaq

- Həyatda məni kədərləndirəcək hadisə, lüks həyata alışmaqdır

- Həyat dar sahədə tragediyadır, geniş bucaqda isə komediyadır

- Bir nəfəri öldürürsənsə qatil, milyonlarla adamı öldürürsənsə qəhrəmansan

- Məni anladıqları, səni anlamadıqları üçün alqışlayırlar (Albert Eynşteynə söylədiyi söz)

- Mənim həyatımdakı ən böyük düşmən zamandır

- Həyatın bizə çəkdiyi yol, sərbəstlik və gözəlliklərlə dolu ola bilər, amma biz bu yolu itirdik

- Kim ki, heç vaxt uşaq olmayıb, heç vaxt böyük də olmayacaq

- Dünya hər kəsə yetəcək qədər böyükdür. Onun üçün, başqasının yerini zəbt etməkdənsə, öz yerinizi tapın

- Mənim həyatımdakı ən böyük düşmən zamandır

- Güzgü mənim ən yaxın dostumdur. Çünki, mən ağlayanda, o, heç vaxt gülməz.

- Din, dil, milli ayrı-seçkiliyi olmayan bir dünya quraq

- Həyat məşq edilməyən teatr tamaşasıdır. Alqışı olmayan teatrın pərdəsi bağlanmadan gülün, mahnı oxuyun, rəqs edin, aşiq olun... Həyatınızın hər anını dəyərləndirin.

- Zaman ən yaxşı yazardır. Hər zaman mükəmməl sonluq yazar

# 1164 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #