Hollivuddakı əfsanəvi sevgi, xəyanət və intihar

Hollivuddakı əfsanəvi sevgi, xəyanət və intihar
23 dekabr 2013
# 08:45

Hollivudun almaz kimi bərq vuran parlaq həyatının içində unudulmaz eşq hekayələri hər zaman olub və indi də yaşanmaqdadır. XX əsrin əvvəllərindən kino sahəsinin sürətli inkişafı bu həyatı daha gözəgəlimli və cəlbedici hala gətirdi. Dünyanın hər yerindən aktyor və aktrisalar "arı pətəyə yığışan kimi" Hollivuda can atmağa başladılar. Belə yerdə deyərlər... "Ehh Hollivud, Hollivud... Nələr gördün, nələr yaşadın, kim bilir..." Bilinənlər və göz qabağında olanlar, hər kəsi maraqdan çatladan eşq hekayələri vardı, əlbəttə. Sevgiləri ilə çoxlarına misal olan belə cütlüklər sırasında Natali Vud və Robert Vaqnerin xüsusi yeri olduğunu vurğulamasaq, ədalətsizlik etmiş olarıq...

Gənclər görüşdülər, sevdilər və evləndilər. Onlar ən ideal cütlük idilər. Tək ailədə yox, həm də filmlərdə. On il ayrılıqdan sonra onlar yenidən bir-birini dəlicəsinə sevməyə başladılar. Bu dəfə birliklərinin həmişəlik olmasına söz verdilər. Amma həyat onlara ağır günlər vəd edirdi...

Robert Vaqner 1930-cu il fevralın 10-da Miçiqan ştatının Detroyd şəhərində sənayeçi ailəsində doğulub. 1937-ci ildə Vaqnerin ailəsi Los-Ancelosa gedir. Onların evinin yaxınlığında şəhərin məşhur klubu "Bel Air" yerləşirdi. Adətən bura qolf oynamaq, əylənmək üçün gəlirdilər. Klubun daimi müştəriləri demək olar ki, tanınmış, elit təbəqənin adamları olurdu. Hətta onlar öyünürdülər ki, bizim klubun ulduzları göydəki ulduzlardan çoxdur. Elə Robertin də bəxti burda gətirir. O, məşhur aktyor Klark Geyblın məsləhəti ilə "Xoşbəxt illər" filminə dəvət alır. Başlanğıc Roberti Hollivudun ulduzuna çevirmək üçün yetərli təkan idi.

Lakin bu filmlər hələ uğurun göstəricisi deyildi. Müharibə mövzusunda çəkilmiş filmlərdə bir neçə rolda oynayan Robert arzuladığı obrazı canlandırmağı gözləyirdi. 1952-ci il deyəsən elə onun həsrətlə gözlədiyi il idi. Çünki, "Ürəyimdəki mahnı ilə" filmi aktyora böyük uğur gətirməklə yanaşı, böyük pərəstişkar ordusu qazandırdı. Hətta onun heyranları 250 min nəfərlik fan-klub yaradaraq hər ay "Vaqnerin dünyası" adlı bülletenlər buraxmağa başladılar. Onun yanında tez-tez gənc qızlar görünürdü. Aktrisa Debbi Reynoldsla münasibəti deyəsən daha ciddi idi. Ancaq bu birlik hər kəsin düşündüyü kimi uzun ömürlü olmadı.

Natali Vud 1938-ci il 20 iyulunda San- Fransiskoda rus əsilli ailədə doğulub. İlk epizodik rola çəkiləndə Natalinin cəmi dörd yaşı vardı. Filmin rejissoru balaca qızcığazın oyununu necə bəyənirsə, onu ikinci filmə dəvət edir. Çəkiliş məkanı Hollivud olmalı idi. Ancaq atasını razı salmaq o qədər də asan olmadı. Anası onu dilə tutaraq onsuz da Natalinin bu rolda oynamaq şansının az olduğunu dedi: "Əzizim, bu Hollivudu görmək üçün sadəcə bəhanədir. Getsək yaxşıdır..." Ancaq valideyninin ağlına gəlməzdi ki, bu bəhanə onların həyatını tamamilə dəyişəcək...

Demək olar ki, Natalinin bəxtinə böyük və məşhur aktyorların qızı rolunda çəkilmək düşürdü. Təbii ki, bu da aktrisaya həm peşəkar təcrübə qazanmaq, həm də tanınmaq imkanı yaradırdı. Böyüdükcə daha da gözəlləşən aktrisanı görməmək mümkün deyildi. Bu neçə illər ərzində onun əsas köməkçisi anası idi.

İlk öpüşdüyü aktyor Ceyms Din oldu...

Natali özünü televiziyada sınmaq qərarına gəldi. Üstəlik Ronald Reyqanın rəhbərlik etdiyi teatrda rollar oynamağa başladı. O, artıq yetkin xanım idi. Rejissorların fikrincə Natali bir az da açıq-saçıq səhnələrə çəkilmək yaşına çatmışdı. Beləcə, ekranda ilk öpüşü Ceyms Dinlə baş tutdu. Onlar 1955-ci ildə "İdealsız üsyançı" filmində yenidən bir araya gəldilər. Ancaq filmdəki rolu valideyninə qarşı çıxan dəlisov, üsyankar qız obrazı idi. Ailəsi Natalinin bu roldan imtina etməsini tələb edirdi. Lakin o, qəti şəkildə narazılığını bildirərək anasını hətta lazım gəlsə evdən qaçacağı ilə qorxutdu. Elə həmin il "Oskar" mükafatına layiq görülən Natali gələcək böyük rollar üçün ümidverici aktrisaya çevrildi. O, həm də qadın kimi kişilərin xəyallarının gözəlçəsinə çevrildi....

Robert Vaqner və Natali Vud cütlüyü ilk dəfə "Dağlar" filminin premyerasında tanış oldular. Aktyor vaxt itirmək, Natalini əlindən qaçırmaq istəmirdi. Premyeradan cəmi bir neçə ay keçəndən sonra cütlük artıq sevgi münasibətlərinin olduğunu gizlətmirdi. 1957-ci ilin dekabrında Robert Nataliyə evlilik təklif etdi. Toy mərasimi Arizona ştatında yalnız yaxınların əhatəsində baş tutdu. Beləcə, onlar qarşıdan gələn yeni ili evli cütlük kimi qarşıladılar. Dövrün məşhur jurnalisti Hedda Hopper onların evliliyi barədə yazırdı: "Natali və Robertin üzündəki xoşbəxtlik o qədər parlaqdır ki, sanki projektorun yanında dayanmısan..."

Yeni evlilər bal ayını Katalina adasında, Robertin "Mənim ledim" adlı yaxtasında keçirirlər. Onların ağlına da gəlməzdi ki, 20 il sonra sevimli cütlüyün həyatını məhv edəcək hadisə məhz bu sularda baş verəcək....

Ofisiant qızla sevişən Bitti...

Natali və Robertin kino sahəsində uğurları demək olar ki, eyni axarla davam edirdi. Aktrisa boş vaxtlarında ərinin çəkilişlərinə də qatılırdı. Hətta "Müharibə və sevgi" filmində aktrisa Şerri Nordla sevgi səhnələri lentə alınanda Natali "göstərişlərini" verməkdən çəkinmirdi. Çəkilişlərin birində Nord hövsələdən çıxaraq çəkilişi dayandırır. Əsəbi halda: "Narahat olma, Natali. Evimdə özümünkü də var".

Natali Vudun 1961-ci ildə çəkildiyi "Otluqdakı əzəmət" filmindən sonra tərəfdaşı, hələ heç kəs tərəfindən tanınmayan aktyor Uorron Bitti ilə eşq dedi-qoduları ayaq tutub yeriməyə başlayır. Təbii ki, bu şayiələr özünü doğruldanda Robert üçüncü olmağı həzm edə bilməzdi. Ona görə də hamı tərəfindən gözlənilən ayrılıq baş verir. Robert bu ayrılığın depressiyasını bir müddət canından çıxara bilmir. Natali və Bitti artıq aşkar şəkildə hər yerdə görünməyə başlayırlar. Lakin bu sevgi macərası Bittin "Çasen" restoranında bağlı qapı arxasında ofisiant qızla sevişdiyi vaxt Natalinin ora gəlməsi ilə bitir.

Natali peşman olmuşdu. Ancaq bu peşmançılığını Robertə necə izah edəcək, bunu bilmirdi. Həmin ərəfədə Stiv Makkuinlə birgə oynadığı, həyatı ilə səsləşən "Yad adamla sevgi" filminə çəkilir.

Depressiyadan çıxmağa çalışan Robert "Fox" kinostudiyası ilə çoxdan imzaladığı müqaviləyə görə Romaya "Altonanın məhkumları" filminə çəkilməyə yollanır. Yöndaşı dövrünün məşhur aktrisası Sofi Loren idi. Filmin çəkilişlərindən sonra Robert yenidən Hollivuda qayıdır. Burda bir neçə filmdə rol alır.

Bu müddətdə Robert keçmiş aktrisa Merion Marşall, Natali isə prodüser Riçard Qreqsonla eşq yaşayırdı. Hətta Natali Riçardla ailə qurur və onların Nataşa adlı qızı doğulur. Ancaq tale Natali və Robertin yenidən bir araya gətirmək uğurunda çarpışırdı, sanki. Belə də olur. Onların hər ikisinin həyatında eyni vaxta ayrılıq baş verir. Beləcə, Natali və Robert sevgi münasibətlərinə qaldıqları yerdən davam etməyə, bir də ayrılığın yaşanmayacağına söz verirlər.

Robert sevincini gizlədə bilmirdi: "Xoşbəxtəm ki, biz yenidən birlikdəyik. Bu mənim həyatımın ən gözəl hadisəsidir."

Natali də: "Mən düşünürəm ki, bu taleyin özüdür. Biz bu neçə ildən sonra təsadüfən gecə ziyafətində qarşılaşdıq. Ağlımıza da gətirməzdik ki, yenidən birlikdə ola bilərik. Axı, bizim yollarımız tamamilə ayrılmışdı..."

Onların ikinci toyu yığcam mərasim formasında baş tutdu. İki ildən sonra cütlüyün qızı dünyaya gəlir. Beləcə, Natali və Robert yenidən birlikdə ailə xoşbəxtliyinə qovuşdular.

Aktrisa həyatında olduğu kimi yaradıcılığında da əvvəlki uğurları geri qaytarmağı arzulayırdı. 1983-cü ildə aktyor Xristofer Uokenlə birgə yaradıcılığının və həyatının sonuncu "Beyin hücumu" adlı fantastik filminə çəkilir. Bu aktyorun adı bir də Natali ilə çəkiləcəkdi. Ancaq aktrisanın sirli və faciəli ölüm günündə...

29 noyabr 1981-ci il... Natali və Robert ilk evliliklərinin bal ayını keçirdikləri Katalina adasına istirahətə yollanırlar. Ancaq bu dəfə onlarla birgə Xristofer Uoken də vardı. Gecə Uolken və Robert dəniz kənarında yerləşən restoranda şam yeməyinə gedirlər. Onlar yaxtaya gələndə içkili idilər. Yaxtada da içməyə davam edirlər. Natali yatmağa gedir. Səhər yuxudan oyananda Natalini yaxtada görməyib təəccüblənirlər. Günorta saatlarında balıqçılar Natalinin meyitini tapırlar.

Təbii ki, bu, onların söylədiyi versiya idi. Bu hadisədən sonra çalxalanan Hollivud mətbuatı müxtəlif "ölüm hekayələri" uydurmağa başladı. Hətta Uolkenlə Natalinin gizli eşq yaşadığını, bu münasibətdən Robertin xəbəri olduğunu yazanlar oldu. Çətin vəziyyətdə qalan Natalinin intihar etdiyini, təsadüfən ayağının sürüşdüyünü deyənlər də tapıldı. Ancaq hamını düşündürən bir sual da vardı. Əgər doğurdan da Natalinin ayağı sürüşmüşdüsə, o, köməyə adam çağırmalı, heç olmasa boğulana qədər qışqırmalı idi. Bəs necə oldu ki, onun səsini eşidən olmamışdı? Bütün bu suallar hələ də cavabını tapmayıb...

Natalinin anım günüdə Robert sevimlisi haqda deyirdi: "Natali əsrarəngiz qadın idi. O, həm kino, həm də bizim üçün hər şey etdi..."

# 6799 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #