Saat görəndə huşunu itirən məşhur müğənni-VİDEO

Saat görəndə huşunu itirən məşhur müğənni-VİDEO
2 sentyabr 2013
# 07:00

Adriano Çelentano sarışın qadınlardan qorxurdu

Yaraşıqlı deyildi, amma xarizmatik görkəmi ilə hamını heyran etməyi bacarırdı. Kənardan kobud xasiyyətli insan təsəvvürü yaradırdı, amma olduqca mehriban və səmimi idi. Dinamik, şən, səmimi, peşəkar, istedadlı. Adriana Çelentanoya səhnəyə sığmayan adam da demək olar bəlkə.

Adriano Çelentano 6 yanvar 1938-ci il Milanda anadan olub. O, ailənin beşinci uşağı idi. Müharibə illərindən sonra Çelentanonun ailəsi Proqloda yaşamağa qərar verir. Ailənin maddi durumunun ağır olması ilə bağlı Çelentano təhsilini yarımçıq qoyur. Ailəsinə yardım etmək üçün saatsaz emalatxanasında işə düzəlir.

Lakin günlərin bir günü maraqlı hadisə yaşanır. Özü də Adriananın həyatı boyu təsirindən çıxmayacağı hadisə. Belə ki, çox cazibədar, sarışın bir xanım saatını təmir etmək üçün emalatxanaya gəlir. Qadın saatı verib gedir. Ancaq onun götürmək üçün heç vaxt qayıtmır. Bu hadisə hər gecə Adriananın yuxularında peyda olmağa başlayır. Sarışın qadın gəlir, onun çarpayısında oturur, saatı ona uzadır, yox olur. Sonralar demək olar ki, həmişə üstündə gəzdirəcəyi saat onun üçün beləcə doğma əşyaya çevrilir.

Elvis Presli xəstəliyi

Günlərin bir günü Adriano lazımsız əşyaların atıldığı yerə gəlir. Və orada demək olar ki, tamamilə yararsız avtomat val oxudan görür. Əlləşib - vuruşandan sonra onu təmir edir. Val oxudanın içində yalnız Elvis Preslinin mahnılarından ibarət val tapır. Onu dinləyən Adrinana demək olar ki, musiqi xəstəliyinə məhz bundan sonra yoluxur.

O, Elvis Preslini özünün kumiri sayır. Bütün hərəkətlərini, musiqilərini, özünü ona bənzətməyə çalışır. Beləliklə, Adriana 1957-ci ildə rok festivalına qatılmağa qərar verir. Lakin 1961-ci ildə iştirak etdiyi San - Remo musiqi festivalı ona daha çox uğur gətirir. Məhz bu gündən bütün İtaliya ondan - bu qara, yöndəmsiz, amma çox istedadlı gəncin uğurundan ağızdolusu danışmağa başlayır.

Bundan sonra musiqi aləminə baş vuran Adriano ən yaxın və bacarıqlı musiqiçi, şair, bəstəkar dostlarını da başına yığıb səsyazma studiyası açır. Lakin ilk vaxtlar onun işləri yaxşı getmir. Maddi cəhətdən çətinlik çəkir. Banklardan, ətrafındakılardan aldığı kreditləri, borcları ödəyə bilmir. Məhz bu səbəbdən azadlıqdan məhrum olunur. Lakin azadlığına qovuşandan sonra Adriano yenidən dostlarını başına yığıb maraqlı və dinamik klip hazırlayırlar. Bu dostlarının içində gələcəyin məşhur müğənnisi, sonralar Çelenetanonun ən yaxın sirdaşı olacaq Al Bano da vardı.

Mən bu meymunla öpüşməliyəm?

1963- cü ildə məşhur rejissor Federiko Fellini Adrianonu "Şirin həyat" filmində çəkilməyə dəvət edir. Çəkiliş günlərinin birində qrim otağında Adrianoya elə gəlir ki, yuxularının sarışın qadını indi qabağında dayanıb saatı ona uzadır. Adriano şok keçirir. Və çəkilişləri yarıda qoyub məkanı tərk edir. O filmdən yalnız mahnı ifa etdiyi kadrlar qalır.

Ancaq filmdən sonra onun səsi - sorağı yayılmağa başladı. Xüsusən də qadınların arasında ona qarşı olan maraq Adrianonun haqqında dillərə dastan olacaq eşq macəralarının yayılmasına səbəb olurdu. Amma

günlərin bir günü. Hə, günlərin lap gözəl bir günündə, böyük çəkiliş məkanında Adrianonun başını gicəlləndirən gözəllik ilahəsi onun qarşısında dayanır. O, Klaudio Mori idi .

Aktrisa onu görəndə əsəbindən gözləri böyüyür. Rejissora acıqlanır. "Necə? Mən bu meymunla öpüşməliyəm?" Amma bu meymun necə olur olsun aktrisanı ələ almalı idi. Bu cəhdi çox uğurlu alınır. Hətta bu öpüş onların xoşbəxt ailə həyatının təməlini qoyur. Çəkilişdən cəmi bir həftə sonra artıq hamı məşhur cütlüyün sevgisindən danışırdı.

Evlilikdən sonra Klaudio Adrianoya təkcə həyat yoldaşı yox, həm də onun fəal köməkçisi olur. Hətta Parisin məşhur Olimpiya sarayında Adrianonun möhtəşəm konsertini təşkil edir. Lakin onlar təyyarəyə minərkən divardan asılmış saatlar Adriaonun gözünə sataşır. Onun halı pisləşir. Müğənnini xəstəxanaya aparmalı olurlar. Hamı heyrət içində idi. Heç kəs, hətta həyat yoldaşı Klaudio da nə baş verdiyini anlamırdı.

Adriano özünə gələndə saatla bağlı hadisəni, neçə illərdir onun yuxularını məşğul edən, ən böyük həyəcanı və qorxusu haqqında Klaudioya danışmağa məcbur olur. Bu söhbətlər

Klaudio üçün mənasız görünür. "Adriano bütün bu olanları ağlından çıxart. İndi yalnız mən varam"

Adriano və Klaudio cütlüyünün fırıldağı

Bundan sonra cütlük gələcək haqqında qərar verməli idi. Klaudio Adriananın gələcək on il ərzində özünü yalnız kinoya həsr etməyini məsləhət gördü. Amma kino aləmini, insanları cəlb etmək lazım idi. Necə?

Klaudio gecə - gündüz baş sındırmalı oldu. Nəhayət hiylə, kələklə dolu ssenari cızdı. Guya Adriano aralarında yaranan ailə münaqişələri səbəbindən intihar etməyə hazırlaşır. İntihar yeri üçün dəmiryolu stansiyası seçilmişdi. Adriano relslərin arasında uzanmışdı. Səhnənin daha maraqlı və məzəli olması üçün əynində alt paltarı, başının altında isə balınc vardı. Ölkənin ən məşhur mətbuat jurnalistləri, fotoqraflar bu səhnəni qaçıra bilməzdilər.

Hamı qatarın gələcəyi anı həyəcanla gözləyirdi. Budur, uzaqdan qatarın fiti eşidilir. Kaludio var gücüylə qışqırır, Adrianonu intihardan vaz keçməyə çağırır. Qatarın yaxınlaşmağına az qalmış Adriano özünü Kladuionun qollarının arasına atır.

Səhnə çox bayağı, gülünc alınmışdı. Səhəri gün bütün ölkə bu hadisədən kinayə ilə danışırdı. Ancaq əsas o idi ki, cütlüyün kələyi baş tutmuşdu. Ölkə mətbuatının diqqətini cəlb edə bilmişdilər.

Bu hadisədən Adrianodan çox, italyan kinosu qazanclı çıxdı desək, yəqin ki, daha ədalətli səslənər. Bu çılğın adamın edə bilməyəcəyi, öhdəsindən gələ bilməyəcəyi rol yox idi. Onun filmləri kino tarixi üçün əməlli başlı hadisə, partlayış idi. Sanki, italyan kinosu Çelentano dövrünə qədəm qoymuşdu. Amma onun haqqında dövrünün ən məşhur aktrisaları ilə olan eşq macəraları, söz - söhbətlərin ardı arası kəsilmirdi.

Klaudio isə bu söhbətlərdən haqlı olaraq qısqanclıqdan özünə yer tapa bilmirdi. Amma Adriano onu inandırmağa çalışırdı ki, bu söhbətlər şayiələrdən başqa bir şey deyil, heç bir əsası yoxdur. Klaudionun isə

onu əfv etməkdən başqa çarəsi qalmırdı. Həm də onların üç övladı vardı. Bəlkə də bu yerdə Klaudio məcbur fədakar qadın və ana olmağa məcbur idi. Dəfələrlə onların arasında narazılıq yaşansa da, ayrılıq xəbərləri çıxsa da cütlük işləri ilə hər kəsə bunun əskini sübut edirdilər. Adriano deyirdi. "Mən nə vaxt görürəm ki, mənim həyat yoldaşım gülür, o zaman dünyanın ən xoşbəxt adamı oluram".

Adriano Çelentano siyasətə qarşı da biganə olmayıb. Atom əleyhinə çıxışlar edir, ekologiyanın müdafiəsinə, heyvanların qorunmasına çalışırdı. Hətta o, rejissor dostlarından biri ilə söhbətində etiraf etmişdi ki, öz partiyasını yaratmaq və İtaliya prezidenti olmaq fikri var. Dostu onun sözünü ciddi qəbul etməmişdi. Rejissor müsahibələrinin birində Adriano haqda demişdi. "Ən gülməlisi o olardı ki, Adriano prezident seçilərdi".

Çelentano uğur sözünün içinə nə sığdırmaq olarsa bu günə qədər demək olar ki, hamısını elədi. Sənət adamı hansı sərhəddə qədər sevilərsə o sevgini gördü. Və nəinki italyan musiqisində, hətta dünyada öz musiqi imperiyasını qurmağı bacardı.

"Sarışın qızlardan qorxuram"- VİDEO

# 4467 dəfə oxunub

Müəllifin son yazıları

# # #