İtim, pişiyim, tutuquşum

İtim, pişiyim, tutuquşum
14 may 2014
# 14:27

Pişiyim, tutuquşum və itim... Bunlardan başqa heç bir sevənim yoxdu...

Bir gözüm bağlıdı. Anadangəlmə. Heç qapağı da yoxdu. Hərdən istəyirəm ordan deşik açım. Bəlkə içindən göz çıxar deyə. Hələ də ümidim var inanırsınız?!

Uşaqlıqda indi dediyimi etməyə çalışırdım. Vallah əməlli-başlı çalışırdım ey... Bıçağı bir balaca dirəyən kimi qan açılmışdı. Nənəm də üstəlik məni kötəkləmişdi.

Əlimin biri dirsəkdən o tərəfə uzanmayıb. Onu da çox dartmışam. Uşaqlar qışda qarbaba düzəldəndə ağac qoyurdular əl yerinə. Yox, yenə səhv dedim, şaxtababa. Bu kişinin adı heç yadımda qalmır ki. Hə, onu deyirdim axı.

Deməli, mən də onlara baxıb qoluma ağac bağlamışdım bir dəfə. Uşaqlar dartıb çıxartdılar. Uzağa atıb məndən it kimi dalınca qaçmağımı istədilər. İlk dəfə deyəsən onda ağlamışdım. Yəni mənim yadımda qalan ağlamağım odur.

Sonralar heç ağlamadım. İncidən olmadı, səbəbim olmadı.

Onlar gizlənqaç oynayanda da məni yanlarına qoymurdular. Hələ o, gombul Elyar yoxuydu. Yağlı çörəyi əlindən düşmürdü allahvurmuşun. Mənə lağ edirdi. Deyirdi o biri gözünü də bağla biz gizlənək. Day əziyyət çəkib divara yapışma. Sonra da hırıldaşırdılar sırtıqlar. Hərə bir dəlmə-deşiyə soxulurdu gizlənmək üçün.

Yadımdadır, bir dəfə Aynurla Elşadı Kamazın altında öpüşən görmüşdüm. Guya gizlənmək üçün girmişdilər ora. Onlar məni görmüşdülər. Amma məni adam yerinə qoyan kimiydi ki. Xoşuma gəlmişdi amma. Evə qaçıb güzgüdə özümlə öpüşmüşdüm. Amma soyuq şüşə dadından başqa heç nə hiss etmədim. Görəsən onlarda da belə dadsız olub?...

Mənim dodağım qəşəngdi. Yəni sonralar bildim ki, qəşəngdi. Hə, qalın dodaqların qəşəng olduğunu deyirlər. Amma nolsun. Heç kəs məni öpməyəcək heç vaxt.

Anamgil məni atanda ağıllı - başlı adamlarmış. Neynirlərmiş guya. İki sağlam uşaqdan sonra doğulmuşam. Nənəm də mənə baxdı, qocaldı, yoruldu öldü...

İnsanlar yaşamaqdan yorulanda ölürlər... Qəza filan boş şeydi. Yorulurlar, ölürlər. Alın yazısı, qismət filan deyirlər haa. Bilmirəm, varmı belə şeylər. Düzü bu haqda mənə danışan olmayıb.

Heç kəs heç vaxt heç nəyə inandırmağa cəhd etməyib məni. Ümumiyyətlə kiminsə buna ehtiyacı olmayıb. Niyə də olsun ki...

Qonşular mənə "Dınqı" deyirlər. Təkcə nənəm Dərya çağırardı. Yəni öz adımla. Qarğış edəndə - dəryalar yusun meyitini - deyərdi. İndi adımı da deyən yoxdu. Keşkə qarğış edənim olaydı...

Məni səsləyən, ehtiyacı olan insanlar da var. Vallah var... İnanın mənə. Dürdanənin uşağının pampersini, yeməyini mən alıram. Qonşuların zibillərini də mən atıram. Hərdən yemək, hərdən pul verirlər.

Amma bir az uzaq olur bura gəlib, insan içinə qarışmaq. Nənəm öləndən sonra xalamgil, dayımgil məni kəndin qırağındakı bu daxmaya gətirdilər. Hərdən yemək-içmək göndərirlər. Kəndin mərkəzinə axşamtərəfi gedirəm. Gəlinlər, qaynanalar günbatandan sonra küçəyə tökülürlər. Gəlinlərin söhbəti lap maraqlıdır. Ərləri ilə yatmaqdan danışırlar ancaq. Ər üzünə həsrət qalan gəlinlərsə o birilərinə paxıllıq edir, tez-tez araya söz qatırlar.

Gəlininin cehizinə, uşağa qalmaq dərdinə, hamiləliyinə qədər sicilləmə danışan qayınanaların söhbətləri daha da basırıq edirdi yayın bürkülü havasını.

Gəlinlər məni yanlarından qovdular bir dəfə. İndi onlara da yaxın getmirəm. Eləcə insan görmək üçün gəlirəm bura. İnsan ey...

Heç insan sevgim olmadı ki... Sevməyə insanım olmadı əslində...

Amma heyvanları sevirəm. Guya başqa çarəm var ki. Kimisə, nəyisə sevməliyəm ya yox?!

Pişiyi arxın qırağında tapmışdım. Mənə oxşayırdı. Bir gözü yoxdu. Anası qorxub atmışdı deyəsən mənim anam kimi... İtim yeni gələn qonaqla didəşirdi əvvəllər. Sonralar inadı qırıldı. Çünki onun da bizdən başqa sevməyə kimsəsi yoxdu. Tutuquşum da arvad kimi deyinirdi onlar mırıldaşanda.

İtim də mənə oxşayır. Bir əli gödəkdir. Amma onu maşın vurub. Şükür, tutuquşum sağlamdı. Onu dayım gətirib. Dayıoğlu ona aman vermirmiş. Tüklərini yolurmuş. Başından vurub söyüş öyrədirmiş.

Siz heç kloun görmüsünüz?

Qonşunun hasarından sallanıb pəncərədən televizora baxırdım hərdən. Televizorda görmüşdüm bu məzəli adamları. Amma yayda. Qışda zəhrimara qalmış qar, soyuq imkan vermirdi.

İndi dostlarımla kloun-kloun oyunu oynayıram. Saçlarımı yundan düzəltmişəm. Burnum da var. Əladı ki. Dostlarım da mənimlə oynayır. Biz gülürük, əylənirik. Başımızı qatırıq.

Bilirsiniz, bütün klounlar bədbəxtdirlər əslində. Onlar çılpaq sifətləriylə heç kəsi güldürə bilmirlər. Amma mən kloun olmağı sevirəm. Çünki yalnız kloun olanda gülürəm mən. Elə heyvanlarım da.

İtim, pişiyim, tutuquşum...

Bakı 13.05. 2014

# 4897 dəfə oxunub

Müəllifin son yazıları

# # #