Sənan Şəfizadə: “İt ətindən yeməyə çalışdım...”

Sənan Şəfizadə: “İt ətindən yeməyə çalışdım...”
12 oktyabr 2015
# 08:00

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı tanınmış idman aparıcısı Sənan Şəfizadədir. Sənan bəylə Elmlər Akademiyası metro stansiyasının çıxışı ilə üzbəüz olan “Künefe Evi”ndə görüşüb, söhbətləşdik.

- Yeməklə aranız necədir?

- Axır vaxtlar bir az çəkim artıb. Yeməklə aram həddindən artıq yaxşılaşıb. Bunun da səbəbi dostlarla son zamanlar birgə qeyd etdiyimiz məclislərdir.

- Yemək proqramınız necədir?

- Adətən səhər çay içirəm və çalışıram ki, yemək yeməyim. Günortayla axşamın arasında fövqəladə hallarda yemək yeyirəm. Yəni bir dost hansısa restorana dəvət edəndə yemək yeyirəm. Axşam isə saat 9-10 dan sonra çalışıram ki, yeməyim. Amma bir neçə gün əvvəl dostumun övladı dünyaya gəldi və o məclisdə xeyli yedim. Adətən süfrədə olan təamların qarşısında aciz qalıram. Bəzən gün ərzində işin çoxluğundan elə olur ki, heç yemək yemirəm.

- Spirtli içki ilə aranız necədir?

- 2007-ci ilə qədər spirtli içki ilə aram heç yox idi. Sonradan müəyyən səfərlərdə və dost məclislərində içki içməyə başladım. Spirtli içkini ancaq məclislərdə içirəm və xətti keçmirəm. 2007-ci ildə Almaniyada bir dostumla səfərdə oldum. Orda məni məşhur bir şirkətin pivəsinə qonaq elədilər. Hər pivə öz bakalında gəlirdi. Bu istər-istəməz diqqətimi cəlb elədi.

- Sənan bəy, siz idman muxbirisiz və əsas sahəniz futboldur. Futbolçularla səfərdə olanda yadda qalan hansısa hadisələr olub?

- Adətən millinin və klubların futbolçuları jurnalistlərə bir oteldə qalmırlar. Çalışırıq ki, az-az görüşək. Çünki onlara həm qidalanmada, həm də təlim məşqlərində mane ola bilərik. Mən bilirəm ki, Olimpiya çempionumuz Elnur Məmmədli yeməyi çox sevir. Futbolçularımızın qida rasionu çox zəngindir. Məsələn, onlar gündə 4 dəfə qidalanır.

Yeməklə bağlı mənim başıma maraqlı hadisə gəlib. Almaniyanın Drezden şəhərində şahmat olimpiadasına ezam olunmuşdum. Mən orda ərzaq mağazalarının axşam saat 9-da bağlanmağını bilmirdim. Oyunlar bitdi və mən materialı yazıb televiziyaya göndərdim. Sonra mənə dəhşətli aclıq gəldi. Otelə qayıtdığım zaman saat 21:45 idi. Artıq restoranlar da bağlanmışdı. Mənim qaldığım otelin yanında olan yanacaqdolduma məntəqəsində yerləşən ərzaq mağazası hələ açıq idi. Ora içəri girmək istəyəndə qapını bağladılar və iş saatının bitdiyini dedilər. Mən həmin gün ac qaldım.

- Sizə nəyisə xatırladacaq yemək var?

- Yemək yox, amma restoran var. Texniki universitetin yanında bir restoran var idi. Yoldaşımla ilk dəfə həmin restoran yemək yemişəm.

Mən adətən ailəmlə birgə “İçərişəhər” də yerləşən restoranların birində yemək yeyirəm. Çünki orda Bakı mətbəxinin yeməkləri verilir. Bizim evdə Bakı mətbəxinin xüsusi yeri var. Məsələn, dovğa həftədə bir dəfə, dolma həftədə iki dəfə bişməlidir. Mənim anam və həyat yoldaşım çox gözəl yemək bişirir. Bu yeməklərdən əlavə mən ət qutabını da sevirəm.

- Kiminsə yeməyi üçün darıxırsan?

- Bu günə qədər dadlı yeməklər çox yemişəm. Amma mən nənələrimin bişirdiyi yeməklər üçün darıxıram. Hər ikisi dünyasını dəyişib. Münəvvər xanım və Tahirə nənə. Tahirə nənəm baxça müdiri olub. Buna baxmayaraq evdə məclis olanda bütün yeməkləri özü bişirərdi. Nənəmin süfrəsində həmişə peraşki və balıq yeməyi olmalıydı. Peraşkinin birinə 5 qəpiklik qoyurdu və deyirdi ki, görüm kimin bəxti var. Həmin peraşki həmişə atamın bəxtinə düşürdü.

Münəvər xanım isə mənə həmişə ət qutabı bişirirdi. O insanların özləri və yeməkləri üçün həqiqətən çox darıxıram.

- Dieta ilə aranız necədir?

- Dieta ilə aram əvvəllər yaxşı idi. Məşqlərə gedirdim, pəhriz saxlayırdım. Hətta dostlarla oturan da belə yeməklərdən imtina edirdim. Çəkim 75 kiloqrama çatmışdı. Amma sonralar tədbirlər artdı. Tədbirdən sonra təşkilatçılar yaradıcı heyətə çox yüksək səviyyədə qonaqlıq verirdilər. Açığı deyim ki, günah özümdədir. Amma həyat yoldaşım dieta saxlayır. Nə qədər şirniyyat və digər yeməklər alsam belə yemirlər. Dietaya məğlub oluram. Amma özümə söz vermişəm ki, gələn aydan dietaya başlayım. Bu ay bir az çətin oldu. Şahmat üzrə dünya kubokunda çalışdım. Çəkimi ən azı bir 7-10 kiloqram azaltmağımı planlaşdırıram.

- Tələbəlik illərinizdə hansı kafelərdə yeyib-içirdiz?

- Mən Rəssamlıq Akademiyasını bitirmişəm. Ötən il fəlsəfə üzrə sənətşünaslıq doktoru dərəcəsi aldım. Hacıqabul rayonundan Samir Sadıqov adlı qrup yoldaşım var idi. O, Biləcəridə tək qalırdı, onun evinə yığışırdıq. O, bizi gözəl yemək bişirmək qabiliyəti ilə şoka salırdı. Samir toyuqdan, ətdən çox gözəl yeməklər hazırlayırdı. Amma adətən mən çalışırdım ki, evdə yeyim. Tələbəlik illərində ən çox yadımda qalan kolbasa-çörək və peraşki olub. O vaxt mən universitetin nəzdində fəaliyyət göstərən şən və hazırcavablar komandasının üzvü idim. Biz axşam 8-ə kimi məşq edirdik. Məşqdən sonra pul yığıb gedib ya kolbasa-çörək ya da peraşki alırdıq. Çörəyi çox alırdıq ki, doyumlu olsun. Çünki başqa şey almağa pulumuz yox idi. O bizim üçün ən “bərkgedən” yemək idi.

- Xarici ölkələrdə sizi təəccübləndirən yemək olub?

- Məni xaricdə təəccübləndirən yeməklər çox olub. Ən çox yemək cəhətdən valeh olduğum ölkə İtaliya və Fransa olub. Fransada yediyim toyuq supunə heç vaxt unutmuram. İtaliyada isə pizza əla idi.

Amma Çində biz Şahmat üzrə Dünya Çempionatında olduğumuz zaman bütün nümayəndə heyəti əzab çəkdi. Otelimiz beş ulduzlu idi. Həqiqətən əla idi. Orda “Facebook”, “Youtube” işləmirdi. Özlərinin nəsə bir sosial şəbəkəsi var idi.

Mətbəxə düşəndə qızardılmış ilan əti, it əti, tısbağa gördüm. Bu saydığım ətlərin hisə verilmiş variantı da var idi. Mən qətiyyən yemədim. 3 gün ancaq dondurma yedim. Onların özünə məxsus ədviyyatı var idi. Çox pis qoxu gəlirdi. İt ətindən yeməyə çalışdım, amma bacarmadım. Biz sonra toyuq əti yemək istədik. Amma o qədər ədviyyat vurulmuşdu ki, onu da yeyə bilmədik. Çinlilərin bir sözü var. Onlar deyir ki, biz üzən gəmidən, uçan təyyarədən və qaçan maşından başqa hər şeyi yeyirik.

Çinin musiqiləri də xoşuma gəlmədi. Bütün musiqilər eyni melodiya üzərində idi.

Bakıya qayıdan kimi dostum restorana apardı və o ki, var yeyib-içdim.

- Sənan bəy, həmişə deyirik ki, Azərbaycan mətbəxi zəngindir. Amma əksər restoranlarda bizə kabab, dolma və bozbaşdan başqa heç nə təklif etmirlər. Sizcə bizim mətbəx digər ölkələrin mətbəxindən kasıb görünmür?

- Çox yaralı yerə toxunduz. Bizim mətbəx zəif deyil, amma zəif şəkildə təqdim olunur. Mən Türkiyədə olanda Galatasaray futbol klubunun kapitanı Bülənt Korkmazla görüşdüm. O dedi ki, Türkiyədə adi lokantada 64 növ şirniyyat, 16 növ kabab, 24 növ səbzi və dolmaları olur. Bizdə isə restoranların 90%-də kabablar və dolma olur. Biz mətbəximizi camaata çatdıra bilmirik. Bizdə aşın 40-a yaxın, dolmanın 8-ə yaxın növü var. Amma biz Bakıda qonaqlara xarici ölkələrin mətbəxini təqdim edirik.

- Siz idman aparıcısı olmaqla yanası toylarda da aparıcılıq edirsiz. Bu gün bizdə toy mədəniyyəti, qidalanma sizcə hansı səviyyədədir?

- Mən əsas idman tədbirlərində oluram. Futbol, güləş, cüdo, Qarabağ və digər futbol klublarında diktorluq edirəm. Toylara gəldikdə isə bu kütləvi deyil. İlk dəfə 2009-cu ildə məni çox yaxın bir dostum toya aparıcı kimi dəvət elədi. Mən əvvəl bir az tərəddüd elədim. Son illərdə 3 -4 dənə tanımadığım insanlar məni toya aparıcı kimi dəvət edib. Mənim üçün boks yarışlarında aparıcı olmaq toyda aparıcı olmaqdan asandır. Toyda çalışmalısan ki, qız evinə, oğlan evi səndən razı qalsın. Mən tamadalığı bacarmıram. İndi adətən toylarda az adam çıxış edir.

Fuad bəy, unutmayaq ki, bu tədbirlər bizi maddi mənada təmin edir.

Mən idman tədbirlərində iştirak eləməyi sevirəm. Zabit Səmədov kimi boksçunun döyüşündə aparıcılıq etmək mənim üçün çox xoşdur.

Toylarda qidalanmaya gəldikdə isə, mən öz toyumda da çalışdım ki, süfrə bol olsun. Xaricilər bizim toyu həmişə tərifləyir. Amma musiqi bir az yüksək səslə ifa olunur. Bu gün toyda yemək sayının azaldılması məncə mümkünsüzdür.

Biz evdə yeyəndə bir növ yeməklə kifayətlənirik. Amma qonaq gələn zaman süfrəni elə doldururuq ki, barmaq basmağa yer olmur. Mən İtaliyada, İspaniyada, Türkiyədə evlərdə qonaq olmuşam. Amma inanın mənə Azərbaycan kimisi yoxdur. Biz yeyib içən xalqıq. Bakıya gələn idmançılar mənə deyir ki, ay Sənan, biz Bakıya normal çəki ilə gəlirik, amma gedəndə 2-3 kiloqram çəkimiz artır.

- Sənan bəy, amma bir məsələ də var ki, bizim öz süfrəmizi zəngin göstərmək istəyimiz qonaqların sağlamlığına da təsir edir. Məsələn, məclisə gecə saaat 10-da aşın gəlməyi nə dərəcədə doğrudur?

- Menyu cəhətdən sizinlə razıyam. Plov çox ağır yeməkdir. Plov yeyəndə minimum 3-4 saat gərək mədəyə başqa qida daxil olmasın. İnsanlar da gərək özü bu şeyləri nəzər almalıdır. Plovu əvvəl verəndə kabab da qalır.

- Tədbirlərə aparıcı kimi neçəyə gedirsiz?

- Qiymət müxtəlifdir. Mən heç vaxt heç kimə qiymət demirəm. Mən ilk tədbirlərimdə pul almırdım. Razılaşma əsasında qiyməti həll edirik. Amma sponsorlu olan layihələrdə orda bir az qiymət yüksək olur.

- Sonda nə demək istədiz?

- Azarkeşlərə təşəkkür edirəm. Futbolun gözəlliyi azarkeş və qoldur. Bu gün Azərbaycan azarkeşlərindən razıyam. “Qarabağ”ın oyunlarına 30 min azarkeş gəlir.

# 2189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #