Orda eyni ağılda uşaqlar işləyir – Kulisi tənqid etdilər

Firidun Ağazadə, tərcüməçi

Firidun Ağazadə, tərcüməçi

17 may 2022
# 10:30

Kulis.az Firidun Ağazadənin “Kulis.az” saytının yubileyinə sözardı” yazısını təqdim edir.

Cəlil Məmmədquluzadə yazırdı: “Molla Nəsrəddin”i zəmanə yaratdı”. “Kulis”i də zəmanə yaratdı. İki minilliyin ortasına, iki əsrin qovşağına, iki biri-birinə zidd ictimai formasiyanın təlatümlərinə düşən ədəbi fikir və düşüncəmiz də axsamağa başladı... ədəbi orqanlar zamanla ayaqlaşmadı... Bax, onda – 2011-ci ildə Kulis.az mədəniyyət portalı yarandı. O geniş mənada, əsl ədəbiyyat və mədəniyyət layihəsi oldu. Portal Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.

Oxuyanlar bilir, neçə illərdi ki, “Kulis” ədəbi düşüncənin lokomotividir. Ədəbiyyatımızın ünlü isimləri də oraya üz tutur: “Kulis.az”da çap olunmaq prestijdir, qiymətdir. Yazar üçün çap olunmaq, oxunmaq ehtiyacdır, stimuldur. Bədii, ədəbi-tənqidi düşüncə münəvvərliyini itirmişdi, sovet ədəbi orqanlarına inanmırdılar, nəinki Yazıçılar İttifaqına üzv olmaq istəyirdilər, əksinə, İttifaqın üzvlüyündən çıxırdılar. “Kulis.az ” alternativ yanaşma, fərqli ədəbi-bədii düşüncə məkanı kimi çıxdı ortaya. Ortaya çıxmaq asan deyil. Ortaya çıxanlar “Kulis”i yaratdılar. Yaradanlarına eşq olsun!

“Kulis.az” saytı nə iş görür, məramı nədir, deyək: “Saytda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, müsahibələr, videomateriallar təqdim edilir”.

Çox istedadlı, zəhmətkeş uşaqlar işləyib orda. Hamının adını çəkə bilmərəm... Amma ordan özümə daimi bir müəllif tapdım: Şərif Ağ ismində. Həm də saytın baş redaktoru idi. Hər gün neçə sayta hökmən baxmalı oluram. “Kulis” birincidir, bu saytı neçə illərdi, oxuyuram... İndi də “Kulis”də çox istedadlı... hərdən ərklə və zarafatla dediyim kimi, “eyni ağılda olan” uşaqlar işləyir... İndi baş redaktor Ulucay Akifdir. Bildiyim qədər, onlar 6 nəfərdir, simvolik, amma daimi bir oxucunu da əlavə etsək, 7 nəfər olurlar. 7 oğulun (biri xanım olsa da) bacarmadığı iş yoxdur! Uğur olsun!

# 2458 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #