Allahı qoruyan şair

Ramiz Rövşən, Fəxri Uğurlu

Ramiz Rövşən, Fəxri Uğurlu

7 fevral 2023
# 17:00

Kulis.az Fəxri Uğurlunun “Ramiz Rövşənin “Çərpələng uçuran bir uşaq kimi” şeiri ətrafında gəzişmə” adlı yazısını təqdim edir.

Bu şeir azadlıq haqqında, daha doğrusu, azadlıqla Allahın vəhdəti haqqındadır. Allah dediyimiz insan idealının zirvəsi, azadlığın pik nöqtəsi, ruhun ən uca məqamıdır. Şair o məqama can atır. Əslində, Ramiz Rövşənin bu qəbildən bir sıra əsərində (“Ay işığı”, “İlan balası”, “Göy üzü daş saxlamaz”, “Ayrılıq”, “Lal”, “Nəfəs”, “Toz”, “Mən küsüb gedirəm”, “Süd dişinin ağrısı”, “Canavar ovu”…) olduğu kimi bu şeirdə ortaya qoyduğu missiya da şairlik yox, peyğəmbərlik missiyasıdır.

Dörd yanın bomboşdu ağ varaq kimi,
özündən savayı kimin var daha?..

Azadlığın rəngi ağdır, dümağdır, ağappaqdır. Onu başqa rəngdə təsəvvürə gətirmək çox çətindir. Əslində, ağdan başqa bir rəng də yoxdur, ağ rəng ruhumuzun simvoludur. Azadlıq ruhun başlıca xassəsidir. Bu cəhət olmasaydı, insan təbiət sakinlərindən qat-qat aşağı dərəcəli, aşağı rütbəli bir məxluq olardı, çünki heyvanların, quşların, böcəklərin fiziki-bioloji göstəriciləri, instinktləri (görmə, eşitmə, qoxubilmə, törəmə…) insanınkından qat-qat üstün, qat-qat güclü, qat-qat da mükəmməldir. İnsanı varlığın əşrəfinə çevirən məhz onun mənəvi potensialı, canında Tanrının bir nüsxəsi kimi gəzdirdiyi ruhudur.

Ruh azaddır, həm də yalnız ruh azaddır. Cismimizin dünya dolusu doğması, qohum-əqrəbası var, ancaq ruhumuz təkdir, onun varlığı ucu-bucağı görünməyən ağ varağa bənzəyir, o varağın üstünə bir toz belə qona bilməz, onun özündən başqa kimsəsi yoxdur. Quranda deyildiyi kimi, doğmayıb, doğulmayıb, əbədən olub, əbədən olacaq. Ruh dediyin o dərəcədə təkdir ki, bəqa bəzmində ata oğulu, oğul atanı tanımır.

İnsan cismən dünyaya yüz min kəndirlə, zəncirlə bağlıdır. Bizi fiziki varlıq kimi formalaşdıran amillərə, ötəri də olsa, bir nəzər salaq:

a) coğrafi-bioloji-antropoloji;

b) dini-milli-kulturoloji;

c) ictimai-siyasi-psixoloji.

İnsan ruhu mütləq azadlığa yetişmək üçün bütün bu çəpərləri aşmalı, bütün bu zəncirləri qıra bilməlidir. Söhbət gerçəklikdən qaçmaqdan getmir, gerçəkliyin buxovlarını mənəvi təkamülün hesabına qırmaqdan gedir. Başqa heç bir halda biz bu tordan, bu qəfəsdən çıxa bilmərik. Real dünyayla bağları qırmaq yalnız o dünyaya qalib gəlmək hesabına, ideal dünyanın qüdrəti sayəsində baş tuta bilər. Bir ayrı şeirində şair belə deyir:

Dünya ucuz saydı, ya baha bildi,
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni…

Real dünyaya cismimiz zəncirlərlə bağlanırsa, ideal dünyaya ruhumuzu bağlamağa bir incə sap da yetər:

Çərpələng uçuran bir uşaq kimi
bağla ümidini göydə Allaha…

Ruhun Tanrıya dartınması elə öz varlığının ucalığına, öz potensialının zirvəsinə can atmasıdır. Ruh-Tanrı, Yaradan-yaradılan ikiləşməsi Allah haqqında dolğun, bitkin, mükəmməl təsəvvür yaratmır. Ruh bölünə, parçalana, zərrələrə dağıla bilməz, olsa-olsa, nüsxələnə bilər. Əgər birhüceyrəli amöb belə ölməmişdən öz nüsxəsini yarada bilirsə, ruh dediyimiz, Tanrı dediyimiz bir qüdrətin əlində bu, nəmənədir? Quran Allahın adından demirmi ki, mən sizə şah damarınızdan da yaxınam? Nə deməkdir şah damarından yaxın – yəni mən sənin ruhunam, mən elə sənin ÖZünəm. Allaha can atan Şair elə özünə can atır, onun ruhu mükəmməlliyin zirvəsinə çatanda Tanrı olacaq. Hələliksə o yalnız xəyalının yetişə bildiyi gerçək MƏNinin dərgahına üz tutub ona səcdə eləyir, qulağına qulluq halqası taxıb özünü bir bəndə kimi, kölə kimi öz idealının sərəncamına verir.

Ümid sapdan nazik… Soruşma, kimdi
bu sapla Allaha səni bağlayan?
Bəlkə, Allahın da sənsən ümidi,
sənsən göy üzündə onu saxlayan.

Burada klassik idealist məntiq tərsinə çevrilir, Allah insanı yer üzündə otarmalıykən, insan Allahı çiyinlərində saxlayır. İnsan Allahdan yox, Allah insandan asılıymış! Bəlkə də, bu asılılıq qarşılıqlıdır.

İnsan cismən bəndə, ruhən Tanrıdır, bəndənin Allaha təslim olması elə bədənin ruha tabe olmasıdır. İslam sözünün gerçək açması da, zənnimcə, elə budur. Merac ruhun bədəni bütünlüklə, son hüceyrəsinə qədər zəbt eləyib bütün varlığıyla kosmosa açılmasıdır. Bu məqama çatan ruh dünyaya Tanrı gözüylə, Tanrı eşqiylə baxır, anlayır ki, bütün yaradılanlar ondan gedib, ona da qayıdacaq. “Allahdan başqa heç kəs qüdrət və əzəmət sahibi deyil” ayəsi məhz belə bir vəcd anında nazil ola bilərdi.

“Tanrı eşqi” ifadəsinin “Yaradanın xatirinə yaradılanları sevmək” şəklində yozumu, məncə, mükəmməl yozum deyil, burada Yaradana insandan kənar qüvvə, ikinci şəxs kimi baxmaq var. Tanrı eşqi dünyaya Tanrı gözüylə, Ata gözüylə baxan uca ruhun övladlarına, törəmələrinə bəslədiyi ilahi sevgiyə verilmiş addır.

Uzaqdan uzanır şeytan barmağı,
uzanır o sapı qırmaqdan ötrü.
Allahın qulusan, qoru Allahı,
qoru özünü də Allahdan ötrü.

Böyük alman filosofu Şellinq deyirdi ki, Şeytan təbiətin ağasıdır. Cismimizi bu dünyaya, təbiətə hörükləyən, insanları doğmalara-yadlara böldürən instinktlər Şeytanın canımıza vurduğu zəncirlərdir. O zəncirlər nə qədər möhkəm olsa da, ruhumuzu göyə dartan sapdan kövrəkdir. Əllərin o sapdan üzülməsin, Allahdan aşağı özünü də qoru, çünki əgər sən olmasan, Allah da olmayacaq. “Nəfəs” şeirinin sonunda deyildiyi kimi:

Son şair boğulub öləndə göydən
ölü Allah düşəcək…

Haqqın, doğrunun bir variantı var, nahaqqın, yalanın variantları sonsuzdur. “Lailahəilləllah”ın məntiqi də elə budur – Allahdan başqa Allah, haqdan başqa haqq yoxdur. Allaha aparan yol həm zərurət, həm də azadlıq yoludur (hərçənd filosoflar zərurət anlayışını azadlığa qarşı qoyub determinizm – səbəb-nəticə asılılığıyla eyniləşdirirlər, məncə, determinizm elə təsadüfün bir ayrı adıdır, zəruri olansa azadlıqdır, yaxud da belə: azadlıq zərurətdir, vacibdir, qaçılmazdır), qalan yollar insanı Allahdan aparır – dibsiz boşluğa, əbədi qaranlığa, soyuq yoxluğa aparır. Bu yolun yolçuları təsadüflərin aramsız atəşi altında başlarını dürtməyə yer axtararlar, səbəb-nəticə zəncirinin yedəyində gecə-gündüz sürünərlər, İblisin hördüyü can qəfəsində əbədi dustaqlıq çəkər, Şeytanın içimizdə qaladığı tonqalda yanıb-yanıb külə çıxarlar.

Haqqa inam ilk növbədə tibbi məsələ, psixoloji terapiyadır. Haqqı danan Allaha güllə atır, haqqın keşikçisini daşa basan Allahın özünü daşlayır. Yalana, şərə könül verən kəsin psixikası sağlam olmaz, beləsi heç vaxt heç yerdə rahatlıq tapmaz. Fələyin əlində girinc qalmamağın tək yolu Allaha pənah aparmaqdır. Quran deyir: “Şeytanın şərindən, vəsvəsəsindən dan üzünü ağardan Allaha sığınıram”.

Deyirsən, neyləyim, azalıb gücüm,
nə çoxdu Allaha qəbir qazanlar.
İlahi, nə çoxdu sənə and içib
məni söyə-söyə daşa basanlar.

Çərpələngini göy üzünə elçi göndərən Şair dünya adlı bu qocaman zindandan çıxış yolu axtarır, göyün pərdəsini yırtıb azadlığına qovuşmağa can atır.

Bir qarış tərtəmiz göyün qalmayıb,
ha göyə baxıram, görmürəm səni.
Daha yorulmuşam, heyim qalmayıb,
neyləyim, saxlaya bilmirəm səni.

Allahı saxlaya bilmir. Cümlə bəşər Allahdan özünün, doğmalarının, mal-mülkünün qorunmasını təmənna eləyəndə dərviş, peyğəmbər xislətli Şair özü Allahın müdafiəsinə qalxır, çün bilir ki, onun gerçək varlığı idealının varlığından asılıdır. Sən Allahı qorusan, Allah da səni qoruyar – burada mən-sən ayrılığı, ikilik yoxdur, bunlar bir həqiqətin iki başı, iki qütbüdür.

Allahın insanı qorumasının ruhun bədəni qorumasından başqa mexanizmi yoxdur. İşlək ruh insanın beynində, cəmi cismində nə qədər böyük hakimiyyət yiyəsi olarsa, insanı bir o qədər zərurət yoluna, yəni Allah yoluna çəkər, onu təsadüfün, yəni Şeytanın durmadan, usanmadan sağa-sola səpələdiyi güllələrdən bir o qədər qoruyar.

Birini qarğıyanda “Allah onu öldürsün” deyirik, ancaq Tanrı öldürmək işinə baxmır, bu işə zalım təbiət, amansız fələk özü əncam çəkir. Allahın bəndəni, ruhun bədəni öldürməsi yalnız birincinin ikincini zəbt eləməsi hesabına mümkündür, bu da insanın həm ruh, həm də bədən kimi xoşbəxtliyi, kamilliyi, dincliyidir. Paradoksal görünsə də, ruhun bədəni öldürməsi İblisin içimizdə qaladığı cəhənnəm tonqallarının üstünə Allahın öz nurundan su səpməsi deməkdir, yəni Şeytan laboratoriyası cismimizi Tanrının qorumasıyla öldürməsi eyni anlama gəlir, bunlar bir gerçəyin iki fərqli ifadəsidir. Odur ki:

Qollarım keyiyir, quruyur, Allah,
əllərim üzülür bu çərpələngdən.
Bu sapı boynuma dolayım, Allah,
qoy asım özümü bu çərpələngdən

– deyən Şairin bu aksiyası intihar aktı deyil, tam tərsinə, haqqa təşnə canını təpədən-dırnağa Allahla doldurub, gecə-gündüz şər istehsal eləyən instinktləri susdurmaq, şeytani mühərriki söndürmək cəhdidir. Bu, müdam əzab çəkən, ölümüylə baş-başa yatan fani cismin Tanrı iksiriylə ehyası, dirilişidir. Yalnız bundan sonra bəndənin Allahla rabitəsi yaranır:

Küsmərəm ölüm də olsa qismətim,
qulun haqqı nədi payından küsə?
Bəs bu sap əlimdə niyə titrədi,
ilahi, eşitdin məni bəlkə sən?!.

Artıq qəlbin aynası təmizlənib, tanrılıqla bəndəlik, Allahla Şair arasından bənd götürülüb. İndi bədən ruhun əlində puça çıxmasından, Allahın coşqun həmləsiylə susdurulmasından, öldürülməsindən misilsiz bir zövq alır, çünki bu, onun diriliyə çıxması, onu müdam qılıncının altında saxlayan ölümün zəhmindən qurtuluşudur. Öz ağırlığından, öz yükündən azad olan can bir quru yarpaq kimi, bir quş lələyi kimi, lap elə çərpələng kimi fəzaya yüksəlir. Bulud dağılır, göy açılır, gün çıxır. Şair günəşi Tanrının gözünə bənzədir. Ruhunun ucalığına dartınan hər insanla birlikdə Tanrı özü də ucalır. Hegel dialektikasında olduğu kimi, Ramiz Rövşən poeziyasında da kamilliyin həddi-hüdudu yoxdur.

Nə yaxşı gün çıxdı, açıldı baxtım,
gördün öz qulunu gözünlə, Allah.
Bir boy da ucaldın, bir boy da qalxdın,
məni də qaldırdın özünlə, Allah.

Dünyanın bütün sirləri, hələ kəşf olunmamış bilikləri belə kodlaşdırılmış, şifrələnmiş şəkildə bizim ruhumuzda yatır. “Şübhəsiz, Allah hər şeyi biləndir” deyir Quran. Biz gerçəkdən hər şeyi bilirik, insan ruhunun biliyə ehtiyacı yoxdur, bilmək ağlımızın ehtiyacıdır. İnstinktlərimiz canımıza ezam olunmuş təbiətin danışan dilidirsə, intuisiyamız da ruhumuzun dili, Tanrının şifrələridir; əgər bu kodlar, şifrələr olmasa, ağlımız kəsik başdan seçilməz. Özünü allahına – bədənini ruhuna təslim eləyən Şairin daha düşünmək, seçmək, qorunmaq qayğısı yoxdur. O öz azadlığının sonsuz ağ səmasında rahatca qanad çalır. O özüylə tapışıb, gerçək məninə qovuşub, Allahla arasından pərdəni götürüb, dünyadan aldığı bütün yükləri üstündən atıb. O özünü azadlığa məhkum eləyib. Allah da, ruh da onun azadlığının başqa-başqa adlarıdır. İnsan mütləq azadlığı yalnız Allahda tapa bilər, Tanrı gerçək qurtuluşun rəmzidir. Belə bir azadlığa çatmaq üçün insan oğlu hələ çox-çox çərpələnglər uçurmalı, neçə-neçə boy da ucalmalıdır. Ki, dünyanın sonuncu uçuşunda belə bir mətni müqəddəs kitabların ayələritək sidq-ürəkdən, canü-könüldən zikr eləyə bilsin:

Uçuruq, göy üzü yenə tərtəmiz,
dünyaya “əlvida” deyib gedirik.
Gedirik, ilahi, bu dünyanı biz
Allahsız, Şairsiz qoyub gedirik…

"yeniazerbaycan.com"

# 2583 dəfə oxunub

Müəllifin son yazıları

# # #